• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Şamaxı Palace Platinum By Rixos" otelinin açılışı olub - FOTOLAR

  • Digər
  • 14 May 2014 20:45
  • 7 456 Baxış
"Şamaxı Palace Platinum By Rixos" otelinin açılışı olub - FOTOLAR

Mayın 14-də Şamaxı rayonunda "Şamaxı Palace Platinum By Rixos" otel kompleksinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Avropa və Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat, turizm, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırmışdır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycanda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Bu otellərdə müştərilərə yüksək səviyyəli xidmətlər göstərilir.

Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. Bundan başqa, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı da başlıca prioritetlərdəndir. Hazırda ölkəmizdə otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Şamaxı da öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Rayonda tikintisinə 2011-ci ildə başlanmış "Şamaxı Palace Platinum By Rixos" oteli də həmin istiqamətdə atılan addımlardan biridir. Ölkəmizdə bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. "Şamaxı Palace Platinum By Rixos" oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açacaqdır.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

"Rixos" otellər şəbəkəsinin idarə heyətinin sədri Fəttah Tamincə Prezident İlham Əliyevə otel kompleksi barədə məlumat verdi. Bildirildi ki, 43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstəriləcəkdir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur.

Prezidentin diqqətinə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.

Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan 200 nəfərlik konfrans zalı, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaqdır.

Dövlətimizin başçısı otel nömrələri ilə tanış oldu. Məlumat verildi ki, oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə "Şamaxı Palace Platinum By Rixos" otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.

Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılmışdır. Burada uşaqlar üçün müxtəlif əyləncə və idman sahələri qurulmuşdur. Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün bilyard və boulinq zalları da vardır.

Bu oteldə qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Təklif olunan bəzi xidmət sahələri pulsuzdur. Burada quraşdırılan müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır.

Otel kompleksi ilə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.

Kollektiv üzvlərini təbrik edən Prezident İlham Əliyev dedi: "Bu gün Şamaxı rayonunda çox əlamətdar bir gündür. Şamaxıda belə gözəl, möhtəşəm otel açılır, "Şamaxı Palace" oteli. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da "Palace" oteldir, yəni saraydır, saraya oxşayır. Həm xarici görünüşü, daxili dizaynı, rahatlığı, əlbəttə ki, ən yüksək səviyyədədir. Ən yüksək standartlar tətbiq edilib, otaqlar genişdir, rahatdır, istirahət üçün gözəl imkan vardır. "Rixos" kimi dünya miqyaslı şirkət bu oteldə xidmət göstərəcəkdir. Bu, Azərbaycanda artıq üçüncü oteldir ki, "Rixos" şirkəti onu idarə edir. Bundan əvvəl Qubada gözəl otelin açılışında iştirak etmişəm, Naftalan şəhərində "Rixos" fəaliyyət göstərir və indi Şamaxıda. Bu, özlüyündə bir göstəricidir. Çünki bu, Azərbaycanın inkişafına inamın əlamətidir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan inkişaf edir. Hər sahə inkişafdadır, o cümlədən turizm sahəsi. Son illərdə Azərbaycana gələn turistlərin sayının artması və yeni otellərin açılışı ölkəmizin dinamik inkişafını göstərir: "Çünki bundan sonra biz qeyri-neft sektorunun inkişafı ilə daha da ciddi məşğul olacağıq və ölkəmizi hərtərəfli - həm iqtisadi cəhətdən, həm regional baxımdan inkişaf etdirəcəyik. Bildiyiniz kimi, Bakıda son 2-3 il ərzində bir neçə beşulduzlu otel açılmışdır. Bu otellər dünyanın ən yüksək otel şəbəkələrinin otelləridir. "Four Seasons", "Fairmont", "Marriott", "Hilton", "Kempinski" "Jumeirah", "Sheraton", "Hyatt", yəni, dünyanın səkkiz aparıcı otel brendi bir şəhərdədir, özü də Bakı şəhərində. Yəni, biz bunu ancaq dünyanın ən inkişaf etmiş şəhərlərində görə bilərik. Yenə də otellər tikilir. Hazırda Bakıda "İnturist" oteli tikilir. Bu da çox əlamətdar hadisədir. Çünki Bakının vaxtilə - 1950-1960-cı illərdə ən məşhur oteli "İnturist" idi. Sonra "Yeni İnturist" tikildi, bunun adı oldu "Köhnə İnturist". Sonra isə əfsuslar olsun ki, o, sökülmüşdür, yerində başqa bina tikilmişdir. Ancaq bakılıların xatirəsində həmişə "İnturist" oteli yaşayır. Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti bərpa edirik. "İnturist" oteli tikilir. Adı da "İnturist" olacaqdır. Təxminən əvvəlki "İnturist"in yerinə çox yaxın bir yerdə tikilir. Dənizə mənzərəsi açılır və Yeni Bulvarın arxasında yerləşir. Eyni zamanda, Ağ şəhər bulvarında - bulvarın əks istiqamətində yeni böyük otel tikilir. Beləliklə, Bakıda beşulduzlu otellərin sayı ən azı ona çatacaqdır. Yəni, bir neçə il ərzində beşulduzlu on otelin fəaliyyətə başlaması özlüyündə ölkəmizin nə qədər sürətlə inkişaf etdiyini göstərir".

İlham Əliyev bildirib ki, turistlərin sayı, qonaqların sayı artır və hər qonaq, hər halda mənimlə görüşən xarici qonaqlar Bakı haqqında, Azərbaycan haqqında çox yüksək fikirdədirlər. Azərbaycanın inkişafı, Bakının gözəlliyi onları heyran edir. Keçən ay Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə verilmişdir. Bu da dünya miqyasında ən gözəl aerovağzal komplekslərindən biridir. Həm xarici görünüşü, dizayn, interyer, həm də zövq baxımından ən yüksək səviyyədədir: "Ona görə hazırda bax bu turizm və nəqliyyat infrastrukturu bizə imkan verir ki, bu sektoru sürətlə inkişaf etdirək. Məni daha çox sevindirən odur ki, hazırda bölgələrdə ən müasir səviyyədə otellər tikilir. Şimal-qərb zonasında, bax, Şamaxıda artıq ikinci oteldir. Biri də tikilir. Qəbələ şəhəri artıq Azərbaycanın turizm mərkəzinə çevrilmişdir. Beynəlxalq Aeroport və dörd, ya da ki, beş beşulduzlu otel artıq fəaliyyət göstərir. Şəki bizim qədim şəhərimizdir. Orada da otellər tikilib. Şimal istiqamətində "Rixos" artıq Qubada fəaliyyət göstərir. Böyük qolf meydançası da vardır, burada dünya çempionatları keçirmək mümkündür. "Şahdağ" qış-yay turizm mərkəzi. Orada artıq üç otel açılıbdır - "Şahdağ", "Pik Palas", "Zirvə", dördüncüsü də tikilir. Qusar və Qəbələ rayonlarında dağ xizəyi kompleksləri açılmışdır. Bu, Azərbaycanda heç vaxt olmamışdır. Yəni, turizm Azərbaycanda hazırda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bunu beynəlxalq qurumlar da qeyd edirlər. Dünya Turizm Təşkilatının rəhbərliyi Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir".

Prezident vurğulayıb ki, ölkəmiz çox gözəldir, zəngindir. Təbiətimiz, havamız, iqlimimiz böyük sərvətimizdir. Eyni zamanda, Azərbaycanda tarixən müalicə üçün də yerlər olmuşdur: "Onların içində mən Naftalanı qeyd etmək istəyirəm. Orada da "Rixos" fəaliyyət göstərir və biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Sovet vaxtında hər il 50-60 min insan Naftalana müalicə üçün gəlirdi".

Dövlət başçısı qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan erməni işğalına məruz qalmışdır. Məcburi köçkün soydaşlarımız o otellərdə, sanatoriyalarda məskunlaşmışdı: "Biz onlar üçün yeni evlər tikdik, qəsəbələr yaratdıq. Onlar çox gözəl yerlərə köçürüldü. İndi Naftalanda Azərbaycanın müalicə mərkəzi tikilir. "Çinar", "Rixos" otelləri və tikilməkdə olan "Qarabağ" oteli də artıq Naftalanı bir turizm, istirahət, müalicə mərkəzi kimi dünyaya təqdim edəcəkdir. Yəni, ərazisi o qədər də böyük olmayan ölkədə görün, artıq nə qədər turizm mərkəzləri vardır. Bakı dəniz sahilində istirahət üçün imkanlar yaradır. Qusar, Qəbələ dağ xizəyi, Şamaxı, Naftalan. Biz Qalaaltını da buraya əlavə etməliyik. Çünki sovet vaxtında Qalaaltı da ümumittifaq kurortu idi. Burada müalicəvi su da çox keyfiyyətlidir. İndi Qalaaltıda çox gözəl, yeni otel tikilir. Əlbəttə ki, bu, uzunmüddətli strategiyamıza uyğundur. Çünki bu sahəyə qoyulan sərmayə uzun müddətə, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir".

İlham Əliyev deyib ki, əgər investorların inamı olmasaydı, Azərbaycana bir manat da qoymazdılar. Həm yerli, həm xarici investorlar turizm, otel sektorlarına, böyük maraq göstərirlər, investisiyalar qoyurlar və beləliklə, ölkəmiz bu gün dünyada turizm mərkəzi kimi tanınır: "Bizim məqsədimiz məhz bundan ibarət idi. Çünki Azərbaycanı daha çox neftə, qaza görə tanıyırdılar. Amma mən istəyirəm ki, Azərbaycanı gözəlliyə, rahatlığa görə tanısınlar, turizm mərkəzi kimi tanısınlar. Bütün imkanlar vardır - belə təbiət, gözəl hava, istedadlı insanlar, ölkəmizdə hökm sürən sabitlik, təhlükəsizlik. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bakı da ən təhlükəsiz şəhərdir. Əlbəttə ki, nə qədər çox inkişaf getsə, insanlar nə qədər çox zənginləşsələr, varlı olsalar, ölkəmiz də bir o qədər çox inkişaf edəcək və Azərbaycan daim inkişaf yolu ilə gedəcəkdir. Sabitlik, gələcəyə inam və düzgün siyasət bu gün Azərbaycanın inkişafını şərtləndirir. Təsadüfi deyildir ki, son on il ərzində dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Belə gözəl, möhtəşəm otelin Şamaxıda yaradılması əlbəttə ki, çox əlamətdar hadisədir. Şamaxı inkişaf edir. Mən keçən il Şamaxıda olmuşam. Keçən il tariximiz, milli dəyərlərimizin qorunması üçün çox əlamətdar hadisə baş vermişdir. 743-cü ildə tikilmiş, Azərbaycanda və müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı Cümə məscidi əsaslı bərpadan sonra açılmışdır. Bu, bizim tariximizə, dinimizə, adət-ənənələrimizə verdiyimiz töhfədir, mənəvi borcumuzdur".

Azərbaycan Prezidenti bildirib ki, ölkədə milli dəyərlər və müasirlik vəhdət təşkil edir. Bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Dərin mənəvi köklər üzərində müasir dövlət qururuq və belə gözəl otellər görülən işlərin kiçik bir parçasıdır: "Siz burada fəaliyyət göstərəcəksiniz. Mənə verilən məlumata görə, indi buraya gəlmək istəyən qonaqların sayı çoxdur. Müraciətlər edilir. Siz əlbəttə ki, "Rixos" markasını yüksək tutacaqsınız, gözəl xidmət göstərəcəksiniz və ölkəmiz üçün gözəl işlər görəcəksiniz. Sizi təbrik edirəm, sizə uğurlar arzulayıram".

Sonra xatirə şəkli çəkdirildi.

Otelin ərazisində geniş tikinti-quruculuq işləri də həyata keçirilmişdir. Tamaşaların və müxtəlif əyləncə proqramlarının təşkil olunması üçün 200 tamaşaçı yerlik amfiteatr yaradılmışdır. Bundan əlavə, ərazidəki tennis, futbol, basketbol, voleybol, mini qolf meydançalarında hər cür şərait vardır.

"Şamaxı Palace Platinum By Rixos" otelinin təqdim etdiyi xidmətlərə təbiət qoynuna gəzintilərin təşkil olunması, idmanın dağ velosipedi növü üzrə xidmətlərin göstərilməsi də daxildir.

Beləliklə, qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bölgələrdə bununla bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlmişdir və bu proses ardıcıl olaraq davam etdirilir.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR