Omerta qanunu- “Sus, yoxsa öləcəksən”
Bizi izləyin

Digər

Omerta qanunu- “Sus, yoxsa öləcəksən”

10 fevral 1986-cı ildə Polermoda başlayan, İtaliya tarixində ən uzun və gərgin məhkəmə prosesi nəhayət ki, 16 dekabr 1987-ci ildə başa çatdı. 21 ay 35 gün çəkən məhkəmə prosesi zamanı ölkədə siyasi böhran yarandı, üç hökumət dəyişdi. Proses zamanı çoxsaylı qətllərdə, narkotik maddə alverində ittiham olunan 474 mafioz qanun qarşısında cavab verdi. Dövlət ittihamçılarına nitq söyləmək üçün 12 məhkəmə iclası və 50 saatdan çox vaxt lazım oldu.

İtaliyada bundan da çox uzanan, vaxt aparan məhkəmə prosesləri olmuşdu. Və mafiya başçıları birinci dəfə deyildilər ki, onun qarşısında cavab verirdilər. Lakin ilk dəfə idi ki, sənəd və dəlillərlə "Koza Nostra" adlı mafiya sindikatının həqiqətən olması sübuta yetirilirdi. İlk dəfə idi ki, 28 mafiya başçısı ən ağır cəzaya - ömürlük həbs cəzasına məhkum edildi. Qalan 383 nəfər ümumilikdə 4675 il həbs cəzası aldılar.

“KOSKA”

Mafiyanı çox zaman hörümçək toruna bənzədirlər. Lakin bu bənzətmə həyatın bütün sahələrinə öz caynağını ilişdirmiş mafiya haqda tam təsəvvür yaratmır.

Cinayətkar sindikat nə qədər güclü olsa da dövlətlə müqayisə də çox zəif olmalı idi. Lakin nədənsə İtaliya mafiyası artıq 100 ildir ki, fəaliyyətdədir. Özü də ildən-ilə daha da güclənir. Səbəb isə... Səbəb isə Siciliyanın özünəməxsus həyat tərzi, yaşayışı ilə bağlıdır. Mafiya haqda kitablar yazmaqla məşhurlaşmış macar Qabor Hellert yazır: "Mafiozların metodları dövlət qanunları ilə uzlaşmır. Lakin kiçik qəsəbə, kənd və şəhər əhli bu metodları qanuni sayır, onlara əməl edirlər".

"Onereta Soçeta" italyancadan tərcümədə "ədalətli cəmiyyət" deməkdir. Mafiya üzvləri öz münasibətlərini məhz "Onereta Soçeta"nın prinsipləri üzərində qururlar. Mafioz ailəsi "Koska" adlanır. Adətən "ailə" yaxın qohumlardan və yaxınlardan ibarət olur. Qanunları pozan "ailə" üzvünü çox ciddi bir cəza gözləyə bilər. Ən ağır cəza isə "lupura"dır. "Lupura" karteçlə atəş açan qısa tüfəngdir. Düzdür "lupura"nı artıq çoxdandır ki, müasir avtomatlar, partlayıcılar əvəz edib. Lakin "lupura" mafiyanın indiyədək rəmzi simvoludur.

Bəzən böyük bir ərazi mafioz "ailə"nin təsiri altına düşür. Maraqlar üst-üstə düşdükdə bir neçə "ailə" birləşərək "klan" yaradırlar. Çox zaman müəyyən ərazi üstündə klanlar arasında toqquşmalar baş verir.

“KUPOL”

İtaliya mətbuatı "Koza Nostra"nı dünyanın və zamanın ən güclü cinayətkar sindikatı adlandırır. "Koza Nostra" italiyancadan tərcümədə "bizim iş" mənasını verir. Özündə 24 "ailə"ni birləşdirən bu sindikatda bir neçə min cinayətkar var. Sindikatın illik gəliri bəzən varlı Avropa dövlətlərinin illik gəlirindən belə çox olur. Kiçik firmaların mühafizəsi, daşınmaz əmlak bazarında möhtəkirlik, faizlə kredit ayırmaq, sənaye, kommersiya kompaniyalarında iş görməklə yanaşı sindikat əsas gəliri narkotik maddələrin istehsalı və daşınmasından qazanır. "Koza Nostra"nın İtaliya-Amerika və Siciliya klanlarının narkotikdən əldə etdiyi gəlir illik 30-50 milyard dollar təşkil edir. II dünya müharibəsi qurtaranadək siciliyalılar narkotikaya maraq göstərmirdilər. Müharibə qurtardıqdan sonra Nyu-Yorkdakı "ailə"lər öz keçmiş həmyerlilərini yola gətirə bildilər. Siciliya Amerikadakı ailələr üçün narkotiklərin daşınma bazası kimi vacib idi. 12 sentyabr 1957-ci ildə Palermoda klanlar "tarixi görüş" keçirdilər.

Amerikalı mafioz "boss Bananas" ləqəbli Co Bananno "Kupol" yaratmağı təklif etdi. Zaman keçdikcə "Kupol" "Koza Nostra"nın hökumətinə və tribunalına çevrildi. "Kupol"un idarə heyəti komissiya adlanır. Komissiyada mafioz-yaşlı aristokrat, böyük torpaq sahələri olan Mikelle Qreko, həm də cavan, əslən Karleonedən olan Luçano Lidji təmsil olunmuşdu. Lidji müasir mafiozlardan idi. O, ilk dəfə cinayət məsuliyyətinə 19 yaşında ikən, qətl hadisəsi törətdiyi zaman, 1944-cü ildə cəlb olunmuşdu. Lakin 11 il keçdikdən sonra Polermo məhkəməsi Lidjiyə sübutların olmaması ucbatından bəraət verdi. 1963-cü ilin noyabrında 7 korobinyer (poils) qətlə yetirildi. Polis mafiyaya qarşı amansız represiyalara başladı. 1964-cü ilin mayında Lidti və onun 63 tərəfdarı tutuldular. Lakin yenə də bossun cinayətini sübuta yetirmək mümkün olmadı. Şahidlər susmağa üstünlük verdilər. Tutulanlar isə əvvəllər istintaqa verdikləri ifadələri məhkəmə zamanı dəyişdilər. Lidji yenə də bəraət aldı. Lidji 1970-cı ilin mayında amerikalı bosslar Qaetano Badalamenti, Cerelando Buşetto ilə birgə "oğru cəmiyyət"i yaradır. "Cəmiyyət"in məqsədi iri sənayeçiləri oğurlayıb böyük pullar müqabilində azadlığa buraxmaq idi. Ancaq cinayətkarlar bu dəfə çox təhlükəli yola əl atdıqlarını başa düşmədilər. 1974-cü ildə Lidji həbs olundu. Və bu dəfə ömürlük həbs cəzasına məhkum edildi. Lidji həbsxanada olsa da, öz etibarlı adamını "Totto" ləqəbli Salvatore Riyni vasitəsilə Karleone klanına rəhbərlik edirdi.

“ETİRAFÇI”LAR

"Koza Nostra"nın iş mexanizminin sirrlərini ilk dəfə Tomazzo Buşetto açdı. "Don Mazino" ləqəbli bu adam "komissiya"ya rəhbərlik edənlərdən biri idi. Sonradan "Don Mazino"nun klanı Karleone klanı tərəfindən ağır məğlubiyyətə uğradı. Lidjinin tərəfinə keçməyənlərin aqibəti ölüm oldu. Buşetto Amerikaya qaçdı. Tezliklə Birləşmiş Ştatlar onu tutub İtaliyaya təhvil verdi. Qeyd edək ki, öz cinayətlərini etiraf etmiş canilərin problemi ilə bağlı İtaliyada çoxsaylı diskussiyalar keçirilirdi. Nəhayət 1970-ci ildə İtaliya qanunvericiliyində müəyyən dəyişikliklər edildi. Cinayətlərini səmimi etiraf edənlərin izahatları əsasında bir sıra məhkəmə prosesləri keçirildi. "Qırmızı briqada" adlanan terrorçu qruplaşmanın üzvləri, o cümlədən çoxlu sayda cinayətkar ünsürlər həbs edilərək mühakimə olundular. 13 iyul 1984-cü ildə "etiraf"çı mafioz Tomazzo Buşetto İtaliyaya gətirildi. Mafiya tərəfindən "Don Mazino"ya yönəlmiş qəsdin qarşısını almaq üçün hökumət ciddi təhlükəsizlik tədbirləri gördü. Məhkəmənin keçirilməsi üçün Palermoda dəmir bunker tikildi. Amfiteatra oxşayan məhkəmə zalı ilə müttəhimlərin arasında güllə keçirməz şüşə salındı. Bunkerin ətrafında qalın dəmirlərdən sədd çəkildi. Bütün bunlara 40 milyard lir xərcləndi. Məhkəmə başlayan zaman bunkeri yerdə zirehli maşın, göydə hərbi vertolyat və çoxsaylı korobinyer qoruyurdu. İçəriyə, məhkəmə zalına ancaq vəkillər, hakim, müttəhimlərin, zərərçəkənlərin qohumları və bir neçə jurnalist buraxıldı.

Buşettonun verdiyi ifadələr bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Cinayətkar sindikat 78 qətl hadisəsində günahlandırıldı. "Koza Nostra"nın "komissiya" üzvləri Mikello Qreko başda olmaqla ömürlük həbs cəzası aldılar. Tomazzo Buşetto ifadə verməklə yaxasını ömürlük həbs cəzasından qurtardı. Məhkəmə ona cəmi 3 il həbs cəzası verdi. Tezliklə keçmiş mafioz ailəsi ilə birgə, təhlükəsizliyini qorumaq məqsədilə ABŞ-a təhvil verildi. Hətta Federal Təhqiqatlar Bürosunun Narkotiklərə qarşı mübarizə şöbəsində Buşettoya məsləhətçi vəzifəsi də verildi.

“TRİBUNAL”IN HÖKMÜ

İtaliya cəmiyyəti Palermo məhkəməsinin qərarını razılıqla qarşıladı. Ancaq çoxları qeyd edirdilər ki, mafiyanın ancaq bir neçə strukturuna zərbə dəyib. Əsas sindikat isə fəaliyyətdədir. Məhkəmə keçirilən 21 ay 35 gün ərzində Palermoda da vəziyyət həqiqətən çox sakit idi. Lakin məhkəmə qurtarandan 16 gün sonra "lupura" yenə işə düşdü. Şəhərin mərkəzində 3 uşağı və çoxsaylı şahidlərin gözü qarşısında məhkəmənin bəraət verdiyi keçmiş cinayətkar Antonio Çulla avtomatla deşik-deşik edildi. Mafiya "tribunal"ı öz hökmünü vermişdi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm