• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident İlham Əliyev 2 Sərəncam və 3 Fərman imzalayıb

  • Digər
  • 15 May 2014 19:15
  • 2 558 Baxış
Prezident İlham Əliyev 2 Sərəncam və 3 Fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr"in əməkdaşlarına "Əməkdar Mədəniyyət İşçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasında nəşriyyat işi sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr"in əməkdaşlarına - Qasımov Mirqalim Mirabdulla oğlu, Məmmədyarova Elmira Kamil qızı və Mikayılzadə Pikəxanım Qulam qızına "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon (dörd milyon üç yüz min) manatı Yardımlı Rayon İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

***

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılsın.

2. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xərclər smetasını və ştat cədvəlini, işçilərinin say həddini, icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin binasının tikilməsi barədə təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2014-cü il.

***

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun 28.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, müsabiqənin keçirilməsi qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 9.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.6. həmin Qanunun 11.1-ci maddəsinə uyğun olaraq, gəmi agenti haqqında Əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.7. həmin Qanunun 11.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın formasını, qüvvədə olma müddətini, verilmə və ləğv edilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.8. həmin Qanunun 12.4-cü maddəsinə uyğun olaraq, ərazi sularında üzmə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.9. həmin Qanunun 13.1-ci maddəsinə uyğun olaraq, limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.10. həmin Qanunun 13.3-cü maddəsinə uyğun olaraq, limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, limanda xidmətlərin göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.12. həmin Qanunun 20.6-cı maddəsinə uyğun olaraq, dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 4.1-ci maddəsində, 5.1-ci maddəsinin birinci cümləsində, 6.1-ci (ikinci halda), 7.1-ci maddələrində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin ikinci cümləsində, 12.4-cü, 13.1-ci, 13.3-cü, 15.2-ci, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci maddəsinin ikinci cümləsində və 29.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Qanunun 2.2-ci maddəsinin ikinci cümləsində, 3.1.2-ci, 6.1-ci (birinci halda) maddələrində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci cümləsində, 11.2-ci maddəsinin birinci cümləsində, 12.1-ci, 13.2-ci, 13.6.1-ci və 13.6.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası həyata keçirir;

3.4. həmin Qanunun 4.2-ci və 12.2-ci (birinci və ikinci hallarda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
3.5. həmin Qanunun 13.6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası həyata keçirir;

3.6. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.

4. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsində nəzərdə tutulmuş liman xidmətlərinə, liman qurğularının istismarı, yükaşırma və dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə görə tarifləri iki ay müddətində təsdiq etsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 327; 2008, № 8, maddə 720, № 11, maddələr 970, 980; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 678) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.14-cü bənddə “həyata keçirmək” sözləri “həyata keçirilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilsin;

5.2. 8.15-ci bənddə “nəzarət etmək” sözləri “nəzarət edilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilsin;

5.3. 8.17-ci bənddə “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “tabeliyindəki qurum vasitəsilə” sözləri əlavə edilsin;

5.4. 8.23-cü bənddə “tədbirlər görmək” sözləri “tədbirlər görülməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilsin;

5.5. 8.27-ci bənddə “həyata keçirmək” sözləri “həyata keçirilməsini” sözləri ilə, “təşkil etmək” sözləri “təşkil edilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilsin;

5.6. aşağıdakı məzmunda 8.28-1-ci, 8.30-1 – 8.30-8-ci bəndlər əlavə edilsin:

“8.28-1. dəniz yollarını, habelə dəniz yollarında və sahildə naviqasiya avadanlıqlarının quraşdırılması yerlərini müəyyən etmək;

8.30-1. limanların dövlət reyestrinin aparılmasını təmin etmək;

8.30-2. limanların fəaliyyətə başlamasına hazırlıq səviyyəsini yoxlamaq;

8.30-3. limanların müvəqqəti bağlı elan edilməsinə dair qərar qəbul etmək;

8.30-4. limanların bağlı elan edilməsinə dair vəsatətlə çıxış etmək;

8.30-5. gəmi agenti xidməti göstərmək üçün fiziki və hüquqi şəxslərə sertifikatlar vermək;

8.30-6. tabeliyindəki qurum tərəfindən dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin (naviqasiya, bələdçi, kanal, lövbər, mayak, gəmi yığımı və s.) göstərilməsinə görə müəyyən olunmuş tariflərə əsasən yığımların təmin olunmasına nəzarət etmək;

8.30-7. limanlarda dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyat və sağlamlığının, dəniz ətraf mühitinin mühafizəsi ilə əlaqədar icrası məcburi olan göstərişlər vermək;

8.30-8. limanlara “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”də nəzərdə tutulmuş sənədlərin verilməsini təmin etmək;”;

5.7. aşağıdakı məzmunda 15-1-ci bənd əlavə edilsin:

“15-1. Administrasiyanın rəisi öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə tapşıra bilər.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2014-cü il.

***

Azərbaycan Prezidenti İlham Əliyev "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi barədə Fərman imzalayıb.


Fərmanda qeyd olunub ki, "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də nəzərdə tutulan səlahiyyətli orqanı hər bir texnologiyalar parkına münasibətdə Azərbaycan Respublikasının Prezidenti ayrıca müəyyən edir.

Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Rabitə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR