İlham Əliyev: "Biz Qarabağa qayıdacağıq!"
Bizi izləyin

Digər

İlham Əliyev: "Biz Qarabağa qayıdacağıq!"

“Siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdil

“Siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar”.

Bu sözləri Azərbaycanın prezidenti İlham Əliyev Vyetnama səfəri zamanı Hanoyda Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşündə deyib. İlham Əliyev bir gün öz əzəli torpaqlarımıza – Qarabağa, Şuşaya, Xankəndinə qayıdacağımızı, dağıdılmış yerləri bərpa edəcəyimizi, ölkəmizin layiqli gələcəyini təmin edəcəyimizi vurğulayıb.

Bizim ölkəmizdə təhsil alarkən əminəm ki, siz də Azərbaycanda tolerantlıq, dözümlülük mühitinin şahidi olmusunuz. Xalqımız çox qonaqpərvərdir. Azərbaycan çoxmillətli ölkədir. Ölkəmiz Sovet dövründə də belə olub, indi də belədir. Heç vaxt milli və dini zəmində anlaşılmazlıq, qarşıdurma və münaqişələr baş verməyib. Elə o vaxt da, ələlxüsus indi də müstəqil dövlət kimi Azərbaycanda müxtəlif xalqlara və müxtəlif dinlərə mənsub insanlar sülh və əməkdaşlıq şəraitində yaşayır, bir-birini yaxşı başa düşür, hörmət edir və onların hamısı çoxmillətli Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər. Buna görə də siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində çörəyini yedikləri Azərbaycan xalqına qarşı müstəsna naşükürlük göstərdilər. Bu müharibə nəticəsində bizim ərazilərimiz işğal altına düşdü, vətəndaşlarımız öz doğma ocaqlarını tərk etməyə məcbur oldular. Azərbaycanlılar doğma yurdlarından, tarixi torpaqlarından qovuldular. İndi bu torpaqlar işğal altındadır. Ərazilərimizin 20 faizi işğal olunub.

Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal davam edir. Buna görə də mən deyəndə ki, beynəlxalq təşkilatların qərarları kimliyindən asılı olmayaraq, hamı tərəfindən yerinə yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını nəzərdə tuturam. Bəs əslində necə olur? Bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir.

BMT Təhlükəsizlik Şurası dünya birliyinin ali orqanıdır. O, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar yerinə yetirilmir. Ermənistana qarşı da heç bir sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. Münaqişənin indiyədək nizama salınmamasının səbəbi də elə budur. Digər beynəlxalq təşkilatlar da bu münaqişə ilə əlaqədar beynəlxalq hüquqa əsaslanan öz prinsipial mövqelərini bildiriblər, lakin görünür, bu, kifayət deyildir. Amma Azərbaycan öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcəkdir.

Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik. Deməliyəm ki, bu münaqişə ölkəmizin iqtisadiyyatına güclü ziyan vurub. Buna baxmayaraq, müstəqil siyasi xətt aparmaqla və yalnız öz təbii ehtiyatlarımıza güvənərək biz iqtisadiyyatımızı qısa müddət ərzində - son on ildə artım sürətinə görə birinci etmişik. Əsas səbəb milli ideya, yəni məhz müstəqillik ideyası ətrafında cəmiyyətin birliyi oldu. Eləcə də hökumətin əhalinin sosial səviyyəsinin yaxşılaşdırılması üzrə məqsədyönlü siyasəti mühüm rol oynadı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm