Azərbaycanlı məşhur: “Qızlar üstümdə saçyolduya çıxırdı” – FOTOLAR
Bizi izləyin

Digər

Azərbaycanlı məşhur: “Qızlar üstümdə saçyolduya çıxırdı” – FOTOLAR

Mənim bu gecəyə çox ümidim var,
Bu gecə ulduzlar çiçəkləyəcək.
Alçalar gül açdı yenə bu bahar
Sevənlər, aşiqlər gerçəkləyəcək.

Mənim bu gecəyə çox ümidim var,
Bu gecə durnalar lələk salacaq.
Bu gecə dağlara qar yağacaq, qar
Bəyaz qar üstündə bir iz qalacaq…

Həmsöhbətim tanınmış alim, şair, professor Elçin İsgəndərzadədir. Uşaqlıq illərinin xatirələrini ipə-sapa düzür. Dediyinə görə, yeniyetmə vaxtlarında o qədər gözəgəlimliymiş ki, qızlar üstündə saçyolduya çıxırmışlar. Allah-Allah! Hələ ona gələn gul-çiçəkli, ətir tökülmüş sevgi məktublarını heç demirəm.

“Bala Lenin...”

“Şuşada doğulmuşam, amma uşaqlığım nənəmin yanında – Ağdamın Əhmədavar kəndində keçib. Atamın anası Qəmər nənə mənim elə atam, anam daxil, bu əlli ildə ən çox sevdiyim insan olub. Allah nəsib elədi, on altı ölkənin prezidenti ilə görüşdüm, müxtəlif ödüllər aldım. Səmimi deyirəm, indiyə qədər nə uğurlarım varsa, nənəmə və onun yanında keçən uşaqlığıma borcluyam. Əslində, uşaqlıqdan danışıram, amma düşünürəm ki, mənim heç uşaqlığım da olmayıb. Nənəm o vaxt sağıcı işləyirdi, məni də fermaya aparırdı. Orada hamıya kömək edirdim. Deyirdilər ki, baytar nə qədər baytardırsa, zootexnik nə qədər zootexnikdirsə bu uşaq da eləcə. Çobanlara qoşulub çobanlıq da etmişəm. Nənəm tək olub deyə mən həm də evin kişisi olmuşam. Mənim varlığım hiss etdirməyib ki, evdə kişi yoxdur. Rəhmətlik Əhəd babam çox qəhrəman kişi olub. 15-18-ci illərdə ermənilərlə dava-dalaşda qəhrəmanlıq edirmiş. Kənddə hamı mənə deyirdi ki, elə bu, rəhmətlik Əhədə oxşayır. Uşaq vaxtı hətta mənə qonşular, qohumlar “bala Lenin” deyirdilər. Niyə? Çox oxuyurdum, çox şeylə maraqlanırdım, ona görə. Mən də əsəbiləşirdim. İstəmirdim mənə Lenin desinlər. Çünki Lenin keçəl idi. Mən də onu o vaxtlar tanımırdım axı. Uşaqlığım elə indiki kimi yazı-pozu ilə keçib”.

“Qızlar mənim üstümdə saçyolduya çıxırdılar”

“Mən kənd məktəbində oxumuşam. Orta məktəbdə ən çox sevilən oğlan mən olmuşam. Qızlar mənim üstümdə saçyolduya çıxırdılar, dəfələrlə bunun şahidi olmuşam. Yadımdadır ki, mən ikinci sinifdə oxuyurdum, səkkizinci sinifdə oxuyan bir qız məni dəlicəsinə sevirdi. Bəlkə, o qız həmin sevgini içində bu gün də saxlayıb. Dördüncü sinifdən isə artıq şeir yazmağa başlamışdım. Beşinci sinifdə bu şeirin ünvanı da vardıçox sevdiyim coğrafiya müəlliməm Nübar Babayeva. Əfsuslar olsun ki, bu şeir də Qarabağda itirdiyim dörd min kitabla birlikdə qalıb. Məni ən çox yandıran həmin o ilk şeirim oldu. Dördüncü sinifə qədər qızlar savadıma, əlaçı olub “bala Lenin” olduğuma görə məni sevirdilər. Bəzən gizlin qalardı bu sevgi. Nübar müəlliməyə şeir yazandan sonra isə qızlar açıq şəkildə hamısı mənə öz sevgisini etiraf edirdi. Sinfimizdə iki bacı var idi, dərslərini oxumazdılar. İkisi də məni sevirdi. Sonra da mən onlardan birini sevdim ...”

“O qədər kütləvi şəkildə sevilmişəm ki, doymuş məhlul kimi idim”

“Onu da deyim ki, özüməməxsus zövqüm vardı. Mən, əsasən, savadlı, dərslərini yaxşı oxuyan qızları bəyənmişəm, zahirən gözəl olmasa da belə. İnanın, o qədər kütləvi şəkildə sevilmişəm ki, doymuş məhlul kimi idim. Mənim ilk sevgim uşaqlarımın anası Afət xanımdan öncə, nənəmin mənə seçdiyi özünün bacısı nəvəsi olub. Mənim özümə gəldikdə isə, ilk məhəbbətim elə xanımım Afət olub. Qardaşım şair Faiq Balabəylinin oğlu Tural Balabəylinin bir şeiri var: “Bütün kişiləri mən biləcəksən”. Mən elə bilmişəm, bu gündə də o əqidədəyəm ki, kiminlə ailə qurursansa sənin elə ilk məhəbbətin də, ilk öpüşün də onunla olmalıdır. Elə sevilməlisən ki, bütün hallarda sən olmalısan. Mən öz balalarıma da elə dərs keçmişəm. Hamının məni sevməsinə baxmayaraq, mənim ilk sevgim xanımım olub”.

“Qızlar məktuba ətir töküb mənə yollayırdı”

“Hə, sevgi məktubları da yazmışam, heç onsuz iş keçərdi? Sevgi məktublarını dördüncü, beşinci sinfə qədər yazmışam. O sevgiyə uşaq yox, çağa sevgisi demək olardı. Amma sonra sevgi məktublarını şeir formasında yazdım. Nənəmin qohumu olan sevdiyim qıza ünvanlı 5-10 şeirim olub. Amma həddindən artıq sevgi məktubu almışam. Qış vaxtı paltomu dərsdən sonra geyinəndə cibimdən hər gün onlarla məktub tapırdım. Səliqə ilə yazıb qıraqlarını gül-çiçək rəsmi ilə bəzəyər, ətir tökərdilər. Qızlar romantik olur axı. Bir dəfə dedim ki, mənim yasəmən gülündən xoşun gəlir, qızların hamısı sabah dərsə əllərində həmin gülü gətirmişdilər...”

Fermadan yumurta oğurluğu

“7-8 uşaq idik, indi də yığışanda onu deyib-gülürük. Gedirdik, fermada İsmayıl kişi vardı, ondan yumurta oğurlayırdıq. O da dəfələrlə qovmuşdu bizi, hətta uşaqlardan birini tutub möhkəm döymüşdü də. Sonra gedib yığdığımız yumurta ilə dava-dava oynayırdıq. Evə qayıdanda üst-başımız sapsarı yumurta olardı. Yumurta iyi verərdik. O dalaşdığımız uşaqlardan bircə mən gəldim ədəbiyyata. Onun biri isə Aqil Abbasın ”Dolu”sunda Drakon” var ha – Azay Kərimov – o idi. Savaş dostlarım müharibədə qəhrəman oldular”.

“Deyirdi ki, Elçin Famil Mehdi olacaq”

“Altı yaşım olanda, İsmayıl vardı, atamın sürücüsü, ona həmişə “İsi qağa” deyirdim, özümə böyük qardaş bilirdim. Onunla həyəti belləyirdim. Bir dəfə məndən soruşdu ki, böyüyəndə kim olacaqsan? Məni danışdırmaq üçün söhbətə tuturdu. Mən də qəfildən qayıdıb dedim ki, professor olacam. Və bu günə kimi biz onu aça bilmirik ki, bizim ailədə, qonşuda, mən oxuduğum-yazdığım yazılarda bir dəfə də olsun “professor” sözü işlənməmişdi. Bəs nədən belə dedim? Bu mənim ömrümün, taleyimin möcüzəsi idi. Bundan sonra hamı "Elçin böyüyüb professor olacaq" deməyə başladı. “Bala Lenin” Allahın möcüzəsi ilə məni çevirdi etdi professor. Elə mənim öz arzum da professor olmaq idi. Bizim kəndin-kəsəyin canlı şairi Famil Mehdi idi. Müəllimlər də mənə deyirdi ki, Elçin Famil Mehdi olacaq. Mənim ilk nitqimə gələn söz isə “professor” sözü olub”.

“Dedim ki, müəllim, mən Puşkin deyiləm, Puşkinin rəqibiyəm”

“Cavanlıqda pırtlaşıq saçlı oğlan olmuşam. Kənd uşağı idim, saçıma elə də fikir vermirdim. Tələbəlik illərində sinifkom idim. Oturmuşdum birinci partada, saçım, saqqalım çox. Cümşüd müəllim içəri girəndə soruşdu ki, sinifkom kimdir? Qalxdım ayağa ki, mənəm. Üzümə baxdı, dedi ki, bu Puşkini haradan gətiriblər bura?! Mən də qayıdıb dedim ki, müəllim, mən Puşkin deyiləm, Puşkinin rəqibiyəm. Uşaqlar yerdən güldü, müəllim də başladı gülməyə. Dedi ki, buna bax e, məni dolayıb, necə yəni Puşkinin rəqibiyəm, bu nə deməkdir. Dedim, müəllim, mən şairəm, Puşkini keçməyi qarşıma məqsəd qoymuşam. Mənə dedi ki, otur aşağı,boş-boş danışma, jurnalı ver yazım, Puşkinimə bax mənim, Puşkini keçmək istəyir. Sonra mənim ən çox sevdiyim müəllimlərdən biri oldu, elə şeirlərimi oxuyanda dedi ki, sən Puşkini də keçəcəksən, Füzulini də”.

“Fikrət Qocaya görə danlandım”

“İnstitut illərimdə ən yaddaqalan ikinci xatirəmsə Fikrət Qoca ilə bağlıdır. 83-cü ildə Fikrət Qocanın, səhv etmirəmsə, “Özümə məktub” kitabı çıxmışdı. Həyatımda bir dəfə, onda da Fikrət Qocaya görə danlanmışam. O zamanlar ən çox Məmməd Arazı, Fikrət Qocanı və Rəsul Rzanı oxuyurdum. Fikrət Qocanın o kitabını alıb dərsə qayıdırdım. Professor Əli Məmmədov leksiya deyir, mən də çatdırmıram, Fikrətin şeirlərini oxuyuram. Bu mənə bir dəfə dedi ki, Elçin kitabı yığışdır, ayıb deyil sənə? Camaat dəli olanda mollanın yanına gedir, bəs molla dəli olanda hara getsin? Bir, iki dəfə təkrarladı, mən də kitabdan gözümü çəkə bilmirəm. Özüm də dərk edirəm ki, düz eləmirəm. Axırda mənə dedi ki, dur o kitabını da götür, get çöldə oxu. Məndə elə etdim, kitabı götürüb getdim çöldə oxumağa”.

Lomonosovu özünə rəqib görən oğlan

“Sovet dövründə oxumuşam deyə elmdə kumir kimi yox, rəqibim kimi Lomonosov olub. Poeziyada da Rəsul Rzanın uşaqlıqdan fanatı olmuşam, çox sevmişəm, çox oxumuşam onu. Mənim kumirim isə əvvəldən Məmməd Arazdır”.

Şeirdən rəsmə…

“Hobbim rəssamlıq olub. Harada olsam, rəssamlıqla bağlı kitablar almışam”.

Həyatımın ən ağır günü…

“Həyatımın ən kədərli xatirəsi, sözsüz ki Şuşanın işğal olunduğu xəbərini eşitməyimdir. Mənim uşaqlığımın, gəncliyimin, bütün ömrümün şəhəri Şuşa...”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm