• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Vergilər Nazirliyinin müstəntiqi seçim qarşısında – FOTOLAR

  • Digər
  • 4 May 2013 11:31
  • 4 596 Baxış
Vergilər Nazirliyinin müstəntiqi seçim qarşısında – FOTOLAR

“Təkliflər mənə də gəlmişdi. Amma idmanla bağlı olmadığı üçün qəbul etməmişəm”

Fərid Salman oğlu Mansurov 1982-ci il mayın 10-da Gürcüstanın Dmanisi rayonunda anadan olub. Onun çalışdırıcısı Azərbaycan Respublikasının əməkdar məşqçisi Əliqulu Həsənoğludur. Publika.az-ın “II taym” layihəsində bu dəfə XXVIII Yay Oimpiya Oyunlarının qalibi Fərid Mansurovun həyat və karyerası ilə bağlı məlumat verəcəyik.

F.Mansurov 2004-cü ildə, Afinada 66 kq çəki dərəcəsində, yunan-Roma güləşi üzrə olimpiadadan Bakıya qızıl medalla qayıdıb.

Azərbaycan Respublikaı Prezidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalına, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb. İkiqat dünya çempionudur (2007, Bakı, 2009, Danimarka, Herninq ş.). XXIX Yay Olimpiya Oyunlarının iştirakçısıdır (2008, Pekin, Çin ). “Qızıl Qran-pri” turnirində I yerə layiq görülüb (2009, Bakı).

Fərid Mansurov hər qələbəsiylə tarix yazan azərbaycanlı güləşçidir. Müstəqillik qazanan Azərbaycanın ilk olimpiya, ilk dünya çempionluğu yaşamış yunan-roma güləşçisidir. Hətta ona qələbələrinə görə Azərbaycanda güləşin “tarixçisi” də deyilir. İdmançının həyat və karyerası ilə bağlı maraqlı anlarını özündən dinlədik.

Hər bir idmançı professional idmana gəlişlərini fərqli şəkildə izah edir. Bəs sizin idmana gəlişiniz necə oldu? Güləşlə məşğul olmağı kim məsləhət edib?

– Bizim ailədə güləşə həmişə diqqət olub. Qardaşım da güləşçi olub, yeniyetmələrin dünya ikincisidir. Atamın özündə də güləşə maraq olub. Heç güləşə getməyən vaxtlarımızda əmiuşaqları, dayıuşaqları, bibiuşaqları bir yerə yığışan kimi atam bizi güləşdirərdi. Böyüdüyüm Binə qəsəbəsində idmanın bu növü ilə məşğul olmaq üçün klubların birinə yazıldıq. Elə o zaman da məşqə o fikirlə getmişik ki, atam güləşdirəndə uduzmayaq, həm də pərt olmayaq. Sonra da istər-istəməz alınırsa, peşəkarlaşma yaranır. Amma onu da qeyd edim ki, 1992-ci ildə eyni vaxtda həm güləş, həm də ki, taekvando ilə məşğul olurdum. Bu idmanlarla bərabər dərslərimi də yaxşı oxuyurdum. Sonra qarşıma seçim qoydular ki, iki idmanda birini seçim. Mən də güləşi seçdim.

İlk beynəlxalq uğurunuz nə vaxt oldu? Necənci il, hansi çempionatda?

– İlk beynəlxalq dərəcəli uğurum yeniyetmələr arasında olub. Orada dünya çempionatının gümüş medalçısı olmuşam. Sonra gənclər arasında dünya birincisi olmuşam. Böyüklər arasında ilk uğurum isə 2002-ci ildə Moskvada keçirilən dünya çempionatında 2-ci yerə sahib olmağım olub.

Təbii ki, ən böyük uğurum isə Yay Olimpiya Oyunlarında qazandığım qızıl medal olub.

Səhv xatırlamıramsa, 2004-cu ildə Afinada keçirilən olimpiadada sizin ilk rəqibiniz keçmiş olimpiya mükafatçısı idi. İlk çıxdığınız zaman rəqibə qarşı bir qorxu hissiniz olmuşdumu?

– İlk rəqibim ondan əvvəlki olimpiadanın gümüş medalçısı idi. Qorxmağım haqda onu deyə bilərəm ki, bu idmandır. Belə bir söz də var hər şey ilk dəfədən baş verər. Çempion olmaq üçün gərək çempionları udasan ki çempion olasan.

Bir az da tarixə qayıdıb belə bir sual vermək istərdim. Afinada ən güclü rəqibiniz kim olmuşdu?

– Bütün rəqiblər çətin idi. Çünki Olimpiya oyunlarında elə də zəif rəqib olmur. Amma ən çətin qarşılaşmam elə final mərhələsi oldu. Türkiyəli idmançı idi. Ondan öncəki görüşlərdə bir neçə dəfə məni məğlub etmişdi. Olimpiadada da final bir az gərgin keçdi. Amma istədiyim nəticəni ala bildim.

Afina Olimpiadasında qalib olduqdan sonra sizə maraq daha da artdı. Amma siz reklam çarxlarında, şoularda, verilişlərdə demək olar, gözə dəymədiniz. Hətta deyərdim ki, bu bütün dünyada da belədir, qalib gələn kimi reklam ulduzlarına çevrilirlər. Sizə belə təkliflər gəlibmi?

– Bəli, ad çəkməcəyəm, amma belə təkliflər mənə də gəlmişdi. Amma sırf idmanla bağlı olmadığı üçün qəbul etməmişəm.

-Son 20 ilin ən güclü idmançısı kimi, həm sizin, həm Namiq Abdullayevin adı çəkilir. Qələbə qazandığınız vaxtlarda sizə Azərbaycan qəhrəmanları deyilirdi.

– Biz özümüz-özümüzü seçmirik. Düzdür, çempion olmaq üçün çalışırıq. Amma müəyyən adlar var ki, onu bizə xalq verir, seçimi də xalq edir.

“Çempion olmaq üçün çalışırıq. Amma adları bizə xalq verir, seçimi də xalq edir”

2008-ci ildə Çindəki olimpiadada iştirakınız bir o qədər uğurlu alınmadı… Nəyə görə hamının qələbə gözlədiyi Fərid Mansurov məğlub oldu?

– Bunu çoxları bilir, əsas da idmanda olanların əksəriyyəti xəbərdardır. Bildiyiniz kimi, Pekin Olimpiadasında mən milli komandanın kapitanı, bayraqdarı postunda idim. Oradakı hava şəraiti üzündən bərk xəstələnmişdim. Məşqçilər və həkimlər təkid edirdi ki, güləşməyim. Amma mən bütün bunlara baxmayaraq, döşək üzərinə çıxdım, və çox təəssüf ki, məğlub oldum. Amma bu yarışdan 1 il sonra Danimarkada dünya çempionu oldum.

Bir az da istəyərdik idmançı kimi karyeranızı başa vurduğunuz vaxtdan danışasınız. Necə oldu ki, heç kimin gözləmədiyi vaxtda belə bir qərar verdiniz?

– 2010-cu ildə Bakıda keçirilən Avropa Çempionatında özüm idmançı kimi iştirak edirdim. İlk görüşdən sonra çənəmdən ciddi zədə aldı. Həmin görüşdə çənəm iki yerdən sınmışdı.

“Həkimlər yenidən idmana qayıtmağıma 7-8 ay vaxt qoydular”

Buna baxmayaraq, ikinci görüşü də güləşdim və qalib gəldim. Bu görüşdən dərhal sonra məni əməliyyata göndərdilər. Bundan sonra bərpa prosesi də çox çəkdi. Həkimlər yenidən idmana qayıtmağıma 7-8 ay vaxt qoydular. Bu da Olimpiya təsnifat turnirləri və dünya çempionatı ərəfəsində idi. Bir az da evdən valideynlər təkid etdi ki, artıq professional idmanı saxlayım. Ailəm də dedi artıq bəsdir, zədələrin çoxdur. Amma tək çənəm deyildi başqa müəyyən sağlamlıqla bağlı müəyyən problemlim vardı, buna görə də idmançı kimi karyerama son qoydum. Bundan sonra federasiya tərəfindən qərara gəlindi ki, yığma komandaya baş məşqçilik edim.

Hər bir idmançının karyerası boyunca ona maneələr törədən bir idmançı olur. Sizin necə ehtiyat etdiyiniz belə bir rəqibiniz olubmu?

– Ümumiyyətlə, bu, idmançının formada olub olmamasından aslıdır. Mən deməzdim ki, mənim çətin rəqiblərim olmayıb. Təbii ki, olub. Elə görüşlərim olub məğlub olmuşam elə olub ki, qalib gəlmişəm. Amma deyərdim ki, bütün rəqiblərin hamısına eyni gözlə baxmaq lazımdır. Yəni nə zəif, nə güclü deyib dəyərləndirməməlisən. Düşünməliyik ki, rəqibin hamısı güclüdür.

Əvvəldə də qeyd etdiyim kimi, 2004-cü ildə Olimpiadada finalda qarşılaşdığım türkiyəli rəqibim Şərəf Eloğlu həmişə mənə maneə törədirdi. Hər dəfə istəmişəm ki, onunla yarışın əvvəlində yox, heç olmasa, yarımfinalda, ya da finalda görüşək.

Çünki həmin idmançı ilə dörd dəfə görüşümüz olub. 2004-cü il Olimpiadaya qədər üç dəfə qarşılaşmışdıq və o həmin görüşlərin hər birində mənə qalib gəlirdi. Qələbədən ötrü hər işi görürdü. Düzgün güləş aparmadan qalib gəlirdi. Mən isə həmişə onunla təmiz güləşirdim. Lakin 4-cü görüşümüz 2004-cü il Olimpiadanın finalında oldu. Onunla öz güləşdiyi tərzdə yarışdım və qalib gəldim.

İdmançı karyeranız boyu heç əldə edə bilmədiyiniz mükafat, nailiyyət olubmu?

– Bəli, Avropa çempionatı. Dünya çempionatı və olimpiadaya baxanda Avropa çempionatı kiçik səviyyəli yarışdır. İki dəfə dünya, bir dəfə Olimpiya çempionu olsam da, Avropa çempionu olmaq mənə qismət olmayıb.

Bəs heç düşündünüzmü ki, gedib bu uğuru da qazanım, nailiyyətlərim içərisinə bunu da əlavə edim?

– Düzünü desəm, bir ara bu barədə çox fikirləşirdim, istəyirdim gedib oradan da qalib gəlim. Lakin sonra düşündüm ki, idmanın ən ali zirvəsi Olimpiadadır, onu da fəth etmişəm. Bəlkə də sağlamlıq imkan versə idi güləşərdim.

İndi karyeranızı hansı yöndə davam etdirirsiniz?

– Mən qısa müddət yığma komandanın baş məşqçisi kimi fəaliyyət göstərdim. Ölkəmizdə hər yay təşkil olunan Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-Pri” turnirində ilk dəfə olaraq məşqçilik fəaliyyətimə start verdim. Oradan yaxşı nəticə əldə etdik. Sonra sentyabr ayında dünya çempionatına yollandıq. Orada da biri qızıl, və bürünc olmaqla komanda hesabında Azərbaycan yığması üçüncü yerə sahib olduq. 2011-ci il Avropa Çempionatında nəticəmiz daha da yaxşı oldu. Bir qızıl və dörd bürünc medal qazandıq. Həmin il ilk dəfə olaraq komanda şəkilində ikinci yeri tutduq. Daha sonra dünya çempionatında bir az problemlər oldu və komanda yaxşı çıxış edə bilmədi. Təkcə Rövşən Bayramov çempion oldu. Olimpiya yarışlarına iki lisenziya qazandıq. Qarşıda isə üç beynəlxalq təsnifat turniri var idi. Lakin komanda yaxşı güləşmədiyi üçün yarışdan qayıdan kimi öz istefamı verdim. Sonra federasiyanın vitse-prezident təyin olundum. Hazırda Güləş Federasiyasında vitse-prezidentəm.

Səhv etmirəmsə, sizin bundan başqa da işiniz var. Yəni dövlət işi…

– Bəli, Vergilər Nazirliyində işləyirəm. Nazirliyin istintaq idarəsinin müstəntiqiyəm. İdmanla bağlı, yığma komanda ilə yarışlarda olduğum üçün işdən azadam.

Belə bir sualla da müraciət etmək istərdim. Heç olubmu qol gücünə kimisə “başa salasınız”?

– Ümumiyyətlə, mən elə şeylərdən uzaq biriyəm. Ağlı üstündə olan insan elə hərəkətlər etməz. Yəni idmançı belə olsan, qolunun gücünə arxayın olmalı deyilsən. Biz idmançıyıq yetənə yetib, yetmədiyimizə daş atmalı deyilik. Allah Təala hər kəsə şüur verib, şüurla hərəkət etmək lazımdır. İdmanla məşğul olan bu o demək deyil ki, harda gəldi dalaşmalıdır. Həm də şükür Allaha ki, əhatəm elə əhatə deyil, həm də öz xarakterim de elə deyil ki, kiməsə qolumun gücünü göstərim və ya zor tətbiq edim.

2012-ci ildə Azərbaycan olimpiadadan yaxşı nailiyyətlərlə qayıtdı. Əsas da güləşçilərimiz…

– Elədir. Olimpiadada qazandığımız uğurları hər kəsin uğuru sayıram. Hər bir idmançımza yeni qələbələr yeni uğur və can sağlığı arzulayıram.

Oğlunuzun da böyüyüb güləşlə məşğul olmasını, atasının yolunu davam etdirməsini istərdinizmi?

– Təhsil həmişə mühüm amildir. İstənilən uşaq məktəblə paralel idmanla məşğul ola bilər. Özüm doqquzuncu sinfə kimi əlaçı olmuşam. Arzum həkim olmaq idi. Elə oldu ki, 1997-ci ildə Yeniyetmələr arasında Dünya Çempionatında ikinci yerə sahib oldum. Bununla da təhsildən uzaq düşdüm. Şükür olsun ki, idmanda öz yolumu tapdım. Biz müharibə şəraitində yaşayan ölkəyik. İstərdim ki, uşaqlar həm savadlı, həm də fiziki baxımdan sağlam olsunlar. Bu baxımdan uşaqlara az da olsa, idmandan daddırmaq lazımdır. Amma peşəkar idmançı olmasını gələcəkdə görəcəyik, qismət.

Sonda belə bir sual da vermək istərdim: gənc idmançılarımza nə tövsiyə edərdiniz?

– İlk olaraq gənc nəsil idmançılarımıza arzu edirəm ki həmişə möhkəm olsunlar. Heç vaxt ruhdan düşməsinlər. Çünki idman elə bir şeydir ki, burada qələbə də olur, məğlubiyyətdə olur. Məğlub olduqları zaman heç vaxt həvəsdən düşməsinlər. Mübarizliklərini davam etdirməli, səhvlərinin üzərində işləməlidirlər. Eyni zamanda tövsiyə edərdim ki, idmanla bağlı təhsilə də fikir versinlər. İkisi bir yerdə gözəl bir vəhdət təşkil edir. Hər halda idmançının tək qolu tox ağlı da işləməlidir.

Aygün İlqarqızı

Fotolar: Nuron

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR