Evli müğənnin gizlinləri: “Günayla sevgili olmağım xəbəri…”
Bizi izləyin

Digər

Evli müğənnin gizlinləri: “Günayla sevgili olmağım xəbəri…”

“Ulduzlu axşam”ın qonağı müğənni Emil Bədəlovdur. Heç vaxt adı qalmaqallarda hallanmır, maqazin proqramlarında dedi-qodu etdiyinin də şahidi olmamışıq. Amma həmişə gündəmdədir, şou-biznesin üzdə olan müğənnilərindəndir. Bəlkə qaynatası, xalq artisti, ustad tarzən Firuz Əliyevdən ehtiyat edir, ya elə xasiyyəti belədir? Deyə bilmərik. Yeri gəlmişkən, Emil söhbət əsnasında qaynatasından da danışdı. Amma onu da deyim ki, digər həmkarlarından fərqli olaraq Emil çox danışmağı sevmir. Mən deyərdim ki, ondan suallarıma cavabı kəlbətinlə dartıb çıxarmalı oldum.

“Ayda, 200-500 min manat pul qazansaydım…”

- Geyim həyatında nə dərəcədə rol oynayır?

- Deyim ki, geyim mənim həyatımda məxsusi önəm daşıyır, yox, heç də belə deyil. Sadəcə, mənim üçün əsas olan geyimin rahat olmasıdır. Rahat geyimləri çox xoşlayıram. Əgər yan-yana iyirmi mağaza varsa, mən həyatı boyu o mağazaları bir-bir gəzib özümə nəsə almaram. Yəni geyim almaq üçün xüsusi vaxt itirmərəm. Elə bir mağazaya girib özümə lazım olan bütün geyimləri alıb çıxaram.

- Brend sənin üçün önəmlidir?

- Önəmli deyil, bunun da səbəbi var. Brend mənim üçün o halda önəmli olardı ki, mən ayda, 200-500 min manat pul qazanım. Və istədiyim brend geyimi ala bilim. Amma indiki qazancıma uyğun qiymətə geyimlər alıram.

“Ən ucuz göynəyimin qiyməti…”

- Maraq mən güc gəldi, qarderobunda ən ucuz və ən bahalı geyimin hansıdır?

- Ən ucuz qiymətə, yəni 50-60 manatlıq köynəklərim var, ən bahalı geyimim isə 2700 manata aldığım kastyumumdur.

- Qarderobda artıq qalan paltarların aqibəti necə olur. Adam var istifadə etməsə də saxlayır, adam var kiməsə verir, bəs sən?

- Bu məsələylə anam və həyat yoldaşım məşğul olur. Qarderobumda istifadə etmədiyim geyimləri onlar qohumlara paylaşdırır.

“Həyat yoldaşımın zövqünə inanıram”

- Daha çox kimin zövqü ilə hesablaşırsan?

- Həyat yoldaşımın.

- Aranızda yəni heç fikir ayrılığı olmur. Məsələn, sənin bəyəndiyini o bəyənmir, yaxud da əksinə?

- Əlbətə olur.

- Sonuncda kimin sözü keçir?

- Həyat yoldaşımın. Çünki mən xasiyyətcə elə insanam ki, kənardan verilən məsləhətləri dinləməyi sevirəm. Əgər yaxşı məsləhətdirsə, niyə də əməl etməyim. Həm də həyat yoldaşımın zövqünə inanıram.

“Özümə qadağalarım var”

- Emil, tərifləmək olmasın, şou-biznesdə olsan da, hər zaman dedi-qodulardan, şəxsi həyatında gündəmə gəlməkdən uzaq olmusan… Bu bir imicdir, yoxsa?

- Bu xarakterimlə bağlı olan bir şeydir. Mən hələ şou-biznesə gəlmədiyim vaxtlarda belə, özümə söz vermişdim ki, sənətə gəlsəm özümə qadağalarım olacaq. Ən azı ona görə ki, ailəm mənə görə alnıaçıq gəzməlidir. Mənim hansısa hərəkətim, yaxud addımım ailəmin adına xələl gətirməyəcək. Buna görə də şou-biznesdə çox ehtiyatla davranıram və hər zaman qalmaqallardan qaçıram.

“Qaynatamla aramızda pərdə var”

- Qaynatan da tanınmış sənətkardır, ustad tarzən, xalq artisti Firuz Əliyev…

- Bəli, mənim atam da elə sənət aləmində tanınmış adam olub-Namiq Bədəlov…

- Qaynatanın heç sənə qadağaları olur- məsələn, özünü belə apar, qalmaqallara qarışma, dedi-qodu etmə deyə?

- Qətiyyən. Onunla mənim aramda pərdə var, böyük-kiçik kimi. Yəni mənim ona böyük hörmətim var, lazım olanda o mənə nəsihətlər edir.

- Heç indiyə qədər hansısa məsələdə sənə irad tutubmu?

- Şükürlər olsun ki, belə hal baş verməyib. Həmişə razı qalıb məndən.

“Dedilər ki, Günayla sevgili olmuşuq… “

- İndiyə qədər şou-biznesdə hansı şayiə səni əsəbiləşdirib?

- Müğənni həmkarım Günay İbrahimli ilə bağlı şayiə mənə pis təsir etmişdi. Biz onunla bir reklam rolikində çəkilmişdik, bundan sonra hər kəs mənim Günayla güya sevgili olmağımla bağlı şayiələr yaydılar. Əslində isə aramızda belə şey olmamışdı. Biz Günayla sənət dostuyuq və həmkarıq. Arzu edərdim ki, onun tezliklə toyu olsun və mən də bir qardaş kimi gedib toyunda iştirak edim.

- Ailəndə bu xəbər söz-söhbətə rəvac verdimi?

- Həmin rolik çəkiləndə həyat yoldaşım bunu bilirdi. Və o Günayla mənim münasibətlərimdən də xəbərdar idi, bilirdi ki, sənət yoldaşıyıq.

“Təzə-təzə ailəli olduğumuz vaxtlarda telefonumu qurdalayırdı”

- Ümumiyyətlə, xanımın qısqancdır?

- Qısqancdır, amma o mənə inanır. Əsas ortada olan qarşılıqlı inamdır.

- Qısqanclığın nəylə biruzə verir ki?

- Təzə-təzə ailəli olduğumuz vaxtlarda telefonumu qurdalayırdı, nəsə axtarırdı, amma indi yox. Özü də çox vaxt yanımda götürürdü ki, telefonuna baxım. Mən də verirdim baxırdı.

- Sorğu-suala çəkirdi?

- Yox. Çünki buna əsas da olmayıb.

- Ailədə kimin sözü keçərlidir?

- Təbii ki, mənim. Son sözü də mən deyirəm, bu mütləqdir.

“O qızı görən kimi dedim ki…”

- Ailənin davamlı və uzunömürlü olmasının resepti varmı səncə?

- Mütləq qarşılıqlı hörmət, etibar olmalıdır. Ərlə arvad bir-birini başa düşməli və lazım olan məqamda bir-birini yola verməlidir. Yəni gərək, qadın da, kişi də nəyisə ötürməyi bacarsın.

- Eşitdiyimə görə xanımının atası ilə atan uzun illər dostluq edib. Bu evlilik bu dostluğun nəticəsidir. Yəni evdən məsləhət bildilər evləndin, yoxsa?

- Yox, mən o qızı görüb sevəndə heç bilmirdim ki, kimin qızıdır. Meyxanaçı Vüqarın Yaşıl Teatrda konserti vardı, mən də getmişdim. Daha doğrusu, Elton Hüseynəliyevlə mən orda nəğməli qonaq idik. Musiqiçilərin arasında da mənim gələcək qayınlarım Əli ilə Abbas vardı. Mən zalda ilk dəfə qızı görəndə yanımdakı dostuma dedim ki, orda oturan qızı görürsən, o mənim qismətimdir, həyat yoldaşım olacaq. Bax Allaha and olsun urəyimdən keçəni deyirəm ha! Sonradan gördüm ki, Əli ilə Abbas o qıza yaxınlaşdı, onda bildim ki, bu qız onların bacısıdır.

- İlk dəfə qızda nə xoşuna gəldi ki... Yoxsa ilk baxışdan məhəbbət idi bu?

- İnan ki, bilmirəm səbəbini. Sadəcə o an mənim ürəyimə damdı ki, o qız qismətimdir. Qismətə, taleyə inanan adamam.

“Gəlin-qaynana birləşib mənə qarşı plan qururlar”

- Sonra dalınca düşdün, ürəyini açdın?

- Yox, dalınca düşmədim. Onlar konsertdən çıxıb ailəlikcə evlərinə getdilər. Mənsə öz işimi gördüm. Yəni evlilik istiqamətində işə başladım. Bilirdim ki, kamança ustadı, rəhmətlik Ədalət Vəzirov qızın atası, xalq artisti Firuz Əliyevlə yaxın dostdur. Ədalət müəllimin də oğlu mənimlə bir sinifdə oxuyurdu. Mən ona dedim, o da anasına. Beləcə, mənim anam da xəbər tutdu və elçi getdilər, “həri”ni aldılar, nişan qoydular. Amma buna qədər iki ay telefonla danışdıq və öz aramızda qərarımızı verdik.

- Ailədə söz-söhbətlər adətən nə üstə düşür?

- Xırda məişət məsələlərinə görə. Məsələn, mən deyirəm şalvarımı ütülə, onun yadından çıxır, başı uşağa qarışır, mən də qışqır-bağır salıram.

- Qaynana-gəlin münasibətləri necədir, bir yerdə qalırsınız bildiyimə görə?

- Onların münasibəti əladır. Gəlin-qaynana yox, ana-bala kimi davranırlar. Hətta arada birləşib mənə qarşı plan da hazırlayırlar. Sözləri birdir.

“Dost həm yaxşı, həm də pis gündə sənin yanında olmalıdır”

- Ən çox sevdiyin yemək hansıdır?

- Badımcan dolması. O yeməyi anam əla bişirir.

- Şou-biznesdə dostluğa inanırsan, çoxdurmu bu aləmdə dostların?

- Şou-biznesdə mənim bütün müğənnilərlə münasibətim yaxşıdır. Amma ailəvi dostlarım var ki, onlar şou aləmdə deyillər.

- Dostluqda nəyə önəm verirsən?

- Sadiqliyə və diqqətli olmağa. Dost həm yaxşı, həm də pis gündə sənin yanında olmalıdır. Sınaqdan keçməyən dostlara dost demək olmaz.

Cəvahir Səlimqızı

Foto: Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm