“Bunu bilsə, biabır olaram” - Video, Foto
Bizi izləyin

Digər

“Bunu bilsə, biabır olaram” - Video, Foto

Həmsöhbətim muğam ustadı, xanəndə Sabir Abdullayevdir. Əvvəl-əvvəl uşaqlıq xatirələrini paylaşmağa həvəs göstərməsə də, sonradan açıldı. Olduqca dəcəl, sözgötürməyən uşaq olduğunu dedi, qız üstə düşən davalarından danışdı. Hər sözün başında “bax bunu yazma ha!”- deməyindən də qalmadı. “Ay Sabir müəllim olmadı ki, onu yazma, bunu yazma, bəs mən nə yazım”- deyib özümü incikliyə vurandan sonra, birtəhər razılaşdıq. Amma bəzi məqamlarda saqqızını oğurlaya bilmədim ki, bilmədim. Arvaddan qorxduğunu boynuna alan Sabir müəllim, sonradan, xanımının bu yazını oxuyacağı təqdirdə yarızarafat-yarıgerçək, başının ağrıyacağını da gizlətmədi.

“5-6 qızı birdən sevirdim”

Uşaqlığım Ağdamın Zəngişalı-Mahrızlı kəndində keçib. Mən doğulanda atamın Lenin ordenli dostu Ələsgər dayı məsləhət görüb ki, mənə babam Zülfüqarın adını qoysunlar. Amma nədənsə atam razı olmayıb və adımı Sabir qoyub. Çox dəcəl, sözgötürməyən, dalaşqan oğlan olmuşam. Heç kim qabağımda söz deyə bilməzdi, amma yersiz dava salmazdım. Həmişə də döymüşəm, mənə çırtma belə vura bilməzdilər. Təbii ki, atamdan başqa. Atam çox zabitəli adam idi, qarşısında tir-tir əsərdik. Amma kişi məni o biri uşaqlardan çox istəyərdi. Gərək nə həddə çatdıraydım ki, mənə bir-iki şapalaq çəkəydi.

Məktəbimizin direktoru vardı Qulam Ağayev, həmişə mənim günahlarımdan keçərdi. Çünki davakar olmağıma baxmayaraq həmişə məktəbin idman yarışlarında başını uca edərdim. Hə, həm də idmançıydım deyə, qabağımda heç kim dayana bilməzdi. Daha çox qız üstə davalarımız düşərdi. Özü də bizim vaxtımızda qıza aşkar şəkildə yaxınlaşıb, eşq elan eləmək söhbəti yox idi. Elə uzaqdan-uzağa xəbər göndərərdik, məktub yazardıq. Yalan olmasın, məktəbdə oxuyanda 5-6 qızı birdən sevirdim. Sinfimizdə 17 oğlan vardı, 5 qız. Bu qızların da hamısı gözəgəlimliydi deyə, başqa kəndin oğlanları gəlib onların dalınca düşərdilər. Bir dəfə sinfin oğlanları yığışıb pusqu qurduq, qonşu kəndin oğlanlarını əzişdirib, ağzının-burnunun qanını bir yerə qatıb evlərinə yolladıq. O-bu, bir də sinfimizin qızlarının arxasınca gələn olmadı.

“O hadisə gözümün önündən getmir”

Özümün də vardı istədiyim qızlar, amma sən Allah, bunları yazma ha, arvad oxusa, biabır olaram (zarafat). Amma insan yaşa dolandan sonra baxıb görür ki, o sevgilər hamısı yalanmış. Əsil sevgi sonradan gəlir. Həyat yoldaşımla Bakıda tanış olmuşuq. Çermetdə yaşayırdı onlar, özü də indiki Slavyan Universitetində oxuyurdu. Çox gedib-gəldim dalınca, razılıq vermirdi. Amma axırda əzəiyyətim səmərə verdi. Bir yana baxanda elə naz eləməyi yaxşıydı, çünki maraqsız olardı. Evləndik.

Uşaq vaxtı tez-tez Şuşaya düşərgəyə gedərdik. 1970-ci ildə düşərgədə idik, xəbər gəldi ki, bəs Xan əmi gəlib Şuşadadır. Xəlvəti getdik onu görməyə. Onun qaldığı mehmanxanının qarşısındakı parka yığışıb ağacların arasından ona baxırdıq. Gümüşü papaq başında, əlində də qəlyan-Xan əmini ilk də onda gördüm. Bu hadisə indi də mənim gözümün qabağından getmir.

Həmin ili Neftçi-Araratın yarışı keçirilirdi, bizimkilər ermənilərin qapısına üç top vurmuşdular. Bu xəbəri eşidəndə bizim uşaqlar qışqıra-qışqıra “urra” deyib küçəyə çıxdılar. Bir erməni yaxınlaşıb, uşaqlardan birinin qarnına təpiklə vurub yerə sərdi. Vaqif adında ağdamlı vardı, yerlimiz, gedib ona xəbər verdik ki, bəs belə-belə, erməni oğlanı qarnından vurub. Həmin adam o ermənini tutub o ki var döymüşdü.

“Qaranlıqda üstümə atılan heyvanı belə məhv etdim”

Atam çoxlu göyərçin saxlayırdı. Özü də hamısı nadir növ göyərçinlər idi. Mən də atamdan xəlvət o göyərçinləri başqa kəndlərdən gələn adamlara satırdım. Deməli, neynirdim, o göyrəçinləri beş manata satırdım. Satdığım adamlara da deyirdim ki, bu göyrəçinləri aparıb həyətdə yemləyərsiniz, örtülü yerdə saxlamazsınız. Bir saatdan sonra həmin göyərçinlər qayıdıb evimizə gələrdilər. Həmin adamlar gəlib hay-həşir salırdılar ki, göyərçinlər uçub bura gəlib, onları qaytar. Vermirdim, deyirdim ki, mən satmışam sizə, hara uçub gediblər, bu mənlik deyil.

Atamın bir ov tüfəngi vardı, xəlvəti götürüb ova gedərdik. Qardaşım Cabiri də özümlə aparırdım. Bir dəfə bir dovşanın arxasınca meşənin dərinliyinə qədər gedib çıxdıq. Hava da qaralmışdı. Uzaqdan gördüm ki, dovşan dayanıb və qulaqlarını şəkləyib. Nişan alıb dovşanı vurdum, yanına gəlib götürmək istəyəndə gördüm iki dovşan vurmuşammış. Sən demə bir gülləylə iki dovşan ovlamışam. Bir onda gördüm ki, uzaqdan bir dovşan çığıra-çığıra mənə sarı qaçır. Baxdım ki, tüfəngdə güllə qalmayıb. Uşağam də, bərk qorxuya düşdüm, dovşan sanki məni parçalamaq üçün qaçırdı. Var gücümlə qışqıranda dovşan qaçıb yox oldu.

“Kilidi qırdım, atamdan xəlvət bu işi tutdum”

Atamın bir velosipedi vardı, 1948-ci ildən qalmışdı. Onu həyətimizdəki dəyədə gizlədirdi. Özü də velosipedə qıfıl vurmuşdu ki, biz sürə bilməyək. Hətta qardaşım Vahidə belə o velosipedi verməzdi sürməyə. Bir dəfə xəlvəti velosipedin kilidini qırdım və atam evdə olmayanda götürüb sürməyə başladım. Təsəvvür edin, velosipedi gəlin maşını kimi bəzəmişdim, siqnal qoymuşdum. Bütün kəndi gəzib şellənirdim özüm üçün. Axşam da gətirib yavaşca yerinə qoyurdum, kilidi də yalandan keçirdim üstünə. Bir dəfə həyətə girəndə qəfildən qarşımda atamı gördüm. Necə olmuşdusa, vaxtından qabaq evə gəlmişdi. Qorxudan tir-tir əsirdim. Amma atam mənə bir söz demədi. Sən demə, o velosipedi özündən də gözəl saxladığıma görə mənə bir söz deməmişdi.

Yuvadan oğurlanan yumurta və cırılan ayaqqabı...

Mən ayaqqabını tez dağıdırdım. Bütün günü meşədə, ağacların başında gəzirdim, quşların yuvasından yumurtalarını, balalarını götürürdüm. Ayaqqabılarım da ilişib kolluqda, tikanlıqda xarab olurdu. Yaxud da bütün günü futbol oynayıb, ayaqqabılarımın burnunu dağıdırdım. Atama deyəndə ki, mənə ayaqqabı al. Dəli olurdu, o saat məni döyürdü. Bilirdi ki, həftəyə bir ayaqqabını geyinə bilmirəm.

Silah düzəltməyim vardı. Atam sexdə işləyirdi, evdə dəmir, mis borularımız olardı. Mən o borulardan tüfəng düzəldib dostlarıma satırdım. Bir dəfə barıtını artıq elədim. Tüfəngi əminəvəsinə verdim ki, atsın. Tətiyə çəkən kimi uşağın əlini qan apardı. Barmağını dağıtmışdı barıt. Həkimə qaçırdılar və qanının güclə saxladılar.

“Aldadıb, səsini gizlincə yazdım”

Tələbəçilikdə “Vesna” adlı maqnitafonum vardı, onu da götürüb gedirdim Buzovnaya, müəllimim Nəriman Əliyevin yanına ki, məni öyrətsin. O da hər deyəndə oxumurdu axı, gərək təb gələydi. Yalandan deyirdim ki, filan toya getmişdim, biabır oldum. Deyirdi “niyə, noolmuşdu”, yalandan deyirdim ki, bəs Hacıbaba Hüseynovun tələbəsi filan muğamı oxudu, mən qaldım baxa-baxa. Tez həmin muğamı oxuyurdu, mən də səsini yazırdım maqnitafona. O vaxtlar 90 dəqiqəlik kasetlər vardı. Belə-belə, muğamların çoxunu ondan öyrəndim.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm