Digər
İlham Əliyev erməni xalqına müraciət etdi - FOTOLAR
Prezident İlham Əliyev 28 May – Respublika Günü
münasibətilə rəsmi qəbulda iştirak edib.
Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı –
Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər. Salona toplaşanlar
dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Azərbaycanın dövlət himni səslənib.
Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.
- Hörmətli xanımlar və cənablar.
Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü
münasibətilə ürəkdən təbrik edirəm, bu gözəl bayram ərəfəsində
bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram.
Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk
demokratik respublika məhz Azərbaycanda yaradılmışdır. Azərbaycanın
mütərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Bu, tarixi
hadisə idi. Doxsan altı il bundan əvvəl müsəlman aləmində ilk
demokratik respublikanın yaradılması böyük hadisə idi və ondan
sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılmışdır.
Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti,
uzaqgörənliyi hesabına mümkün olmuşdur. Əfsuslar ki, respublikanın
ömrü uzun olmamışdır. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi
yaşamışdır. Ancaq bu illər ərzində böyük işlər görülmüşdür.
Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının
xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi
həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar
qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara
səsvermə hüququ verilmişdir. Bir sözlə, Azərbaycanın gələcək uğurlu
inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Əgər 1920-ci ildə
müstəqillik əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu gün
Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı.
Əfsuslar olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci ildə
respublika süqut etdi və beləliklə, Azərbaycanın uğurlu inkişafına
son qoyuldu. Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi,
xalqımızın istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə
alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz müstəqil həyat
yaşasaydıq bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək,
Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü yox idi ki, öz
müstəqilliyini qoruya bilsin. Bu, təbiidir və 71 il ərzində biz
Sovet İttifaqı tərkibində yaşamışıq. Əlbəttə, xalqımız o illərdə
inkişaf etmişdir, Azərbaycan da inkişaf etmişdir və deyə bilərəm
ki, sovet dövrünün ən parlaq səhifəsi ulu öndər Heydər Əliyevin
fəaliyyəti ilə bağlıdır. Çünki məhz 70-ci illərdən sonra
Azərbaycanda sürətli inkişaf dövrü başlamışdır. Deyə bilərəm ki,
biz o vaxta qədər müttəfiq respublikalar arasında axırıncı yerdə
idik. Ancaq 70-ci illərin sonlarında artıq birinci yerlərə
çıxmışdıq. İki donor respublika var idisə, onlardan biri də
Azərbaycan idi. Məhz o illərdə sənaye potensialımız yaradılmış,
xüsusilə neft sənayesi inkişaf etmişdir. O potensial bu gün də bizə
böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur
layihələrinin icrası, əlbəttə ki, Azərbaycanın inkişafını təmin
edirdi. Ancaq biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə
deyildi.
İkinci şans bizə 1991-ci ildə nəsib oldu. Sovet İttifaqının
dağılması nəticəsində başqa müttəfiq respublikalarla bərabər biz də
müstəqilliyə qovuşduq. Ancaq o illəri biz hamımız yaxşı
xatırlayırıq. Azərbaycan üçün çox ağır, təhlükəli illər idi.
Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində bu tarixi
şansdan o vaxtkı rəhbərlik istifadə edə bilməmişdir. Ölkədə xaos,
böhran hökm sürürdü - iqtisadi böhran, siyasi böhran. Nəticədə bu,
vəziyyəti hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi
başlamışdı. Yəni, iki ildən sonra demək olar ki, bizim
müstəqilliyimiz yenə də sual altına qoyulurdu. Sanki tarix
təkrarlanırdı, sanki birinci demokratik respublikanın təcrübəsi,
yəni, mənfi mənada o təcrübəsi yenə təkrarlanırdı və təkrarlana da
bilərdi. Biz bunu yaxşı bilirik. Çünki o vaxt iqtisadiyyat tamamilə
çökmüşdü, sənaye istehsalı dayanmışdı, ölkə iflic vəziyyətində idi,
erməni işğalı, daxili çəkişmələr, rəhbərlikdə olan şəxslərin
fəaliyyətsizliyi və xəyanətkarlığı nəticəsində müstəqillik əldən
gedirdi. Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar,
faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar
itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə
vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı.
Biz o illəri yaxşı xatırlayırıq və bu gün qonşuluqda baş verən
hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan
vətəndaşı o illərə qayıdır, o illəri xatırlayır və bir daha əmin
olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki,
xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik
göstərmişdir və Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir.
Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi,
ölkə tamamilə dağıla bilərdi.
Ona görə 1993-cü il əslində real müstəqilliyimizin ilk ili
olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi,
dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır
vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı.
Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə
böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü
ilə yaradılmış və möhkəmləndirilmişdir. Müstəqil Azərbaycanın
Konstitusiyası da Heydər Əliyevin əsəridir. 1995-ci ildə
Konstitusiya qəbul edilmişdir. Siyasi sistem formalaşmışdır. Siyasi
sistemin formalaşmasında da yenə də Ulu Öndərin rolu danılmazdır.
Məhz 1992-ci ildə müxalifət partiyası kimi qurulan Yeni Azərbaycan
Partiyası müasir siyasi sistemin yaradılmasında müstəsna rol
oynamışdır. Azərbaycanda siyasi islahatlar aparılmağa başlanmışdır.
Dünyaya inteqrasiya dövrü başlanmışdır. Azərbaycanı dünyada
tanımağa başlamışlar. Bizə qarşı aparılan müharibə sadəcə olaraq
erməni işğalı ilə bitmirdi. Azərbaycana qarşı informasiya
müharibəsi aparılırdı. Biz informasiya blokadası şəraitində
yaşayırdıq və bu blokadanı aradan götürmək, Azərbaycanı dünyaya
təqdim etmək və Azərbaycanın potensialını nümayiş etdirmək üçün Ulu
Öndər böyük səylər qoymuşdur və bu səylər öz gözəl nəticələrini
vermişdir.
İqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılırdı.
Milli ideologiyamız məhz o illərdə yaradılmışdır, - bu gün də bizim
inkişafımız üçün bu, əsasdır, - dövlətçiliyin əsasları qoyulmuşdur
və əlbəttə ki, ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən
neft kontraktları imzalanmışdır. İndi Azərbaycanın inkişafını neft
sənayesiz təsəvvür etmək mümkün deyildir. Ancaq hamımız yaxşı
bilirik, mütəxəssislər də yaxşı bilirlər ki, Sovet İttifaqı
dağılanda bizim neft sənayemiz artıq dağılmış vəziyyətdə idi. Neft
hasilatı təxminən 10 milyon ton səviyyəsində idi. Bu, heç bizim
gündəlik tələbatımızı ödəmək üçün kifayət etmirdi. Bütün ölkədə
zülmət, qaranlıq müşahidə olunurdu, elektrik enerjisi çatışmazlığı,
elementar infrastruktur layihələrinin olmaması – yəni, bu idi bizim
o vaxtkı vəziyyətimiz. Ona görə neft kontraktlarının, xüsusilə
“Əsrin kontraktı”nın, - o gündən artıq 20 il keçir, - imzalanması
dönüş yaratdı. Həm iqtisadi, həm siyasi sahədə.
1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi
qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən
bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o
illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq,
Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır.
Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və
iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi,
regional dövlət kimi artıq dünyaya təqdim edir.
Son on il ərzindəki nailiyyətlər haqqında çox danışmaq istəmirəm.
Bütün bunlar artıq bəllidir. Bu da tarixdir. Son on ilin təcrübəsi
sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaqdır. Çünki son on
il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə
olmamışdır.
Bütün statistik göstəricilər bunu təsdiqləyir. Bizim gündəlik
həyatımız da bunun əyani sübutudur. Son on il ərzində biz
islahatları dərinləşdirərək, cəmiyyətimizi səfərbər edərək,
Azərbaycan cəmiyyətində həmrəylik hisslərini gücləndirərək böyük və
uğurlu yol keçmişik. Bu yolun təməli 1993-cü ildə qoyulmuşdur.
Müstəqilliyimizin, real müstəqilliyimizin ilk ilində qoyulmuşdur.
Biz bu gün beynəlxalq arenada söz sahibiyik. Bizimlə hesablaşırlar,
bizim mövqeyimiz böyük əhəmiyyət daşıyır. Bizim mövqeyimiz ədalətə,
beynəlxalq hüquqa söykənir. Əminəm ki, prinsipial mövqeyimiz həm
bölgədə, həm dünyada bizə əlavə hörmət qazandırır.
Hər bir məsələ ilə - istər daxili siyasət, istər xarici siyasət ilə
bağlı bizim konkret mövqeyimiz vardır. Biz bunu gizlətmirik, ifadə
edirik. Öz niyyətimizi, siyasətimizi açıq şəkildə bəyan edirik və
bizim addımlarımız da siyasətimizin davamıdır. Sözümüzlə əməlimiz
arasında heç bir fərq yoxdur. Ona görə bizim sözümüz imzamız qədər
dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə
yetiririk. Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı
gözləyirik.
Son on il ərzində iqtisadi sahədə, regionların inkişafı sahəsində,
infrastruktur layihələrin icrası istiqamətində tarixi nailiyyətlər
əldə edilmişdir. Beynəlxalq aləmdə Azərbaycan dünyanın bir nömrəli
qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Böyük
dəstək hesabına, inam hesabına. Biz bu şərəfli missiyanı ləyaqətlə
icra etmişik. Bizə hörmət daha da artmışdır və bu gün biz nəinki
regional məsələlərin həllində, qlobal məsələlərdə də öz sözümüzü
deyirik.
Bu illər ərzində biz güclü enerji potensialı yaratmışıq. Bu gün heç
kimə sirr deyil ki, enerji təhlükəsizliyi ölkələrin milli
təhlükəsizliyini təmin edir. Bəlkə hərbi potensialdan sonra ikinci
yerdə dayanan enerji təhlükəsizliyidir. O ölkələr ki, enerji
təhlükəsizliyini təmin edib, onlar özlərini rahat hiss edə
bilərlər. Biz bunu etmişik. Zəhmətimiz hesabına, aparılan siyasət
nəticəsində. Bu, göydən düşən nemət deyildir. Buna biz özümüz nail
olmuşuq. Buna Azərbaycan xalqı nail olub. Bizim siyasətimiz bu
sahədə də öz səmərəsini bir daha göstərmişdir.
Bu gün Azərbaycan başqa ölkələrin də enerji təhlükəsizliyinə töhfə
verərək həm iqtisadi, həm siyasi maraqlarını tam şəkildə təmin
edir. Bizim maliyyə vəziyyətimiz bütün ölkələr üçün örnək ola
bilər. Yəni, bu sözləri sadəcə olaraq özümüzü tərifləmək üçün
demirəm. Sadəcə olaraq ona görə deyirəm ki, bu, reallıqdır. Bizim
böyük maddi imkanlarımız, maliyyə imkanlarımız vardır. Biz heç bir
beynəlxalq maliyyə qurumunun dəstəyindən asılı deyilik. Bu da bizim
müstəqilliyimizi möhkəmləndirir. Nədir müstəqilliyimizi
şərtləndirən əsas amillər? Müstəqil siyasət, müstəqil xarici
siyasət, güclü ordumuz müstəqilliyimizin dayağıdır, əsasıdır.
İqtisadi müstəqillik, enerji təhlükəsizliyi, nəqliyyat
təhlükəsizliyi, hər bir ölkənin öz coğrafi vəziyyətindən səmərəli
şəkildə istifadə etmək imkanları - bunlardır bugünkü dünyada
müstəqilliyi müəyyən edən amillər. Fəxr edirik ki, biz sözün əsl
mənasında müstəqilik, müstəqillik bizim üçün ən böyük sərvətdir və
ən böyük nailiyyətdir.
Əlbəttə ki, bu gözəl bayram ərəfəsində biz gələcək işlər haqqında
bir daha öz fikirlərimizi ifadə edirik. Əslində bizim gələcək
fəaliyyətimizlə bağlı bütün proqramlar ictimaiyyət üçün açıqdır.
Biz istər xarici siyasətlə, istər daxili siyasətlə, istərsə də
iqtisadi sahə ilə bağlı bunları bəyan etmişik. Sadəcə olaraq bir
neçə istiqamət üzrə fikirlərimi bu gözəl gündə ifadə etmək
istəyirəm.
Daxili siyasətlə bağlı deməliyəm ki, biz Azərbaycanda bundan sonra
da sabitliyi qoruyacağıq. Sabitliyin təmin edilməsinin əsas şərti
xalqla iqtidar arasındakı birlikdir. Bu da vardır. Azərbaycan bu
gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç
bir fikir ayrılığı yoxdur. Əlbəttə ki, islahatların sürəti,
çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun
yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı, xarici
siyasətlə bağlı müxtəlif fikirlər ola bilər. Bu, təbiidir. Ancaq
ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur, o
cümlədən daxili siyasətimizlə bağlı. Ona görə sabitliyin qorunması
Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan
xalqıdır. Azərbaycan dövləti və hökuməti islahatları apararaq daha
da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir. Dünyanın
müxtəlif yerlərində sabitlik pozulduqda təhlil aparılır. Nə üçün
belədir? Hansı səbəblər buna şərait yaradır? Biz görürük
inamsızlıq, idarəetmə qaydalarında kobud səhvlər, iqtisadi və
sosial problemlər – bax, bunlar istənilən yerdə sabitliyi poza
biləcək amillərdir.
Biz isə bütün məsələlərə düşünülmüş şəkildə yanaşırıq. Bizim əsas
məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir,
Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. Biz daxili
siyasətlə bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq.
İslahatlar dərinləşəcəkdir. Demokratiyanın inkişafı, insan
hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində
islahatlarımız davam etdiriləcəkdir. Bu islahatları kiminsə xoşuna
gəlmək üçün deyil, gələcəyimiz üçün edirik, aparırıq və
aparacağıq.
Bu gün Azərbaycan müasir dövlətdir və bu dövlətin çox möhkəm
əsasları vardır. Bu əsaslar bizim milli dəyərlərimizdir, Azərbaycan
dəyərləridir. Bu da çox önəmlidir. Daxili siyasətdə bu amil daim
diqqət mərkəzindədir. Biz bundan sonra da ölkəmizin inkişafı üçün
bütün tədbirləri görəcəyik. Biz bu möhkəm təməli daha da
möhkəmləndirəcəyik.
Şadam ki, gənc nəsil də milli ruhda böyüyür, vətənpərvərlik ruhunda
tərbiyə alır. Vətənpərvərlik ruhunda tərbiyə almaq üçün bütün
imkanlar vardır. Çünki bu gün hər bir vətənpərvər insan fəxr edir
ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. O
dövlətin ki, öz vətəndaşlarını darda qoymur. O dövlətin ki, öz
vətəndaşlarının arxasında dayanır. O dövlətin ki, öz
vətəndaşlarının rifahı üçün əlindən gələni əsirgəmir. Milli
dəyərlərin üzərində müasir dövlətin qurulması, əlbəttə ki, bu gün
bizi fərqləndirən cəhətlərdən biridir.
Daxili siyasətlə bağlı islahatlar davam etdiriləcəkdir. Cəmiyyəti
incidən, narazılıq yaradan xoşagəlməz hallara qarşı mübarizə daha
da ciddi aparılacaqdır. Xüsusilə, korrupsiyaya, rüşvətxorluğa qarşı
mübarizə daha da ciddi aparılmalıdır. Əlbəttə, son illərdə bu
istiqamətdə çox böyük nailiyyətlər, uğurlar vardır. Bu, bizi
sevindirir, daha da ruhlandırır. Cəmiyyəti də ruhlandırır.
Cəmiyyətdə bu işlərin aparılmasına böyük dəstək, inam vardır. Biz
bu yolla gedəcəyik. Çünki Azərbaycanda xoşagəlməz hallar
olmamalıdır. Azərbaycan cəmiyyəti nümunəvi cəmiyyət olmalıdır.
Azad, müstəqil və güclü dayaqları olan cəmiyyət olmalıdır. Biz bu
yolla gedirik və gedəcəyik.
Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz gözəl nəticələr verir.
Biz xarici siyasətdə ikitərəfli formata üstünlük veririk. Mən hesab
edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da
vardır. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən
böyük səmərə verən formatdır. Bütün ölkələrlə bizim yaxşı
münasibətlərimiz vardır. Biz çalışırıq, çalışacağıq ki, ikitərəfli
münasibətləri həm region ölkələri ilə, həm də başqa ölkələrlə
inkişaf etdirək. Buna nail olmaq üçün böyük imkanlar vardır. O
cümlədən bizim artan iqtisadi imkanlarımız və yeni investisiya
siyasətimiz vardır. Biz artıq investisiyaları xarici ölkələrə
yönəldirik. Beləliklə, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə bir
siyasi mərkəz kimi yox, eyni zamanda, bir investisiya mənbəyi kimi
də maraqlıdır.
Əlbəttə ki, ilk növbədə, qonşu ölkələrlə münasibətlər daha da
möhkəm olmalıdır. Burada bizim bütün qonşu ölkələrlə, təbii ki,
Ermənistan istisna olmaqla, fikirlərimiz üst-üstə düşür. Bütün
qonşularla münasibətlər bərabər hüquqlu, qarşılıqlı hörmət,
bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qurulmuşdur.
Gələcəkdə qonşu ölkələrlə əməkdaşlıq bizim xarici siyasətimiz üçün
prioritet olaraq qalacaqdır. Böyük imkanlar vardır. Həm iqtisadi
sahədə, həm də regional əməkdaşlıq sahəsində. Biz ikitərəfli
formatdan maksimum dərəcədə fayda götürməliyik. Eyni zamanda,
Azərbaycanın təşəbbüsü ilə artıq bir neçə üçtərəfli format da
yaradılmışdır. Dünən Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan
xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilmişdir.
Biz buna böyük əhəmiyyət veririk. Bundan əvvəlki dövrdə
Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran üçtərəfli
formatları olmuşdur. Artıq bu formatlar fəaliyyət göstərir. Əlbəttə
ki, hər üç formatda Azərbaycan öz yerini tutur. Beləliklə, regional
təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın
təminatı üçün bu formatlar çox böyük məna daşıyır. Biz gələcəkdə bu
üçtərəfli görüşləri əlbəttə ki, davam etdirəcəyik. Bu, artıq
mütəmadi xarakter alıbdır.
Biz beynəlxalq təşkilatlarda da fəal iştirak edirik və edəcəyik.
Mən BMT-ni xüsusi vurğulamaq istəyirəm. Qeyd etmək istəyirəm ki,
BMT dünyanın bir nömrəli təşkilatıdır, bütün dünyanı əhatə edir.
BMT-də bizim mövqelərimiz kifayət qədər möhkəmdir və 155 ölkənin
dəstəyi ilə Təhlükəsizlik Şurasına seçilməyimiz də bunu göstərir.
Bundan sonra da öz fəaliyyətimizi davam etdirəcəyik. Biz digər
təşkilatlarda da fəal iştirak edirik. Qoşulmama Hərəkatı BMT-dən
sonra üzvlərinin sayına görə ikinci böyük təşkilatdır. Orada da
bizim mövqeyimiz kifayət qədər möhkəmdir. Biz bu təşkilata üzv
olandan dərhal sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən
qətnamə də qəbul edilmişdir. İslam Əməkdaşlıq Təşkilatında biz çox
fəal rol oynayırıq. Bakıda çoxsaylı tədbirlər, nazirlər
səviyyəsində tədbirlər keçirilir. Əlbəttə ki, İslam Əməkdaşlıq
Təşkilatında bizim fəaliyyətimiz bundan sonra da uğurla davam
etdiriləcəkdir. Çünki biz İslam aləminin bir parçasıyıq. Bizim
milli dəyərlərimizin təməlində İslam dəyərləri dayanır. Eyni
zamanda, Avropa Şurası ilə bağlı əməkdaşlıq üçün yaxşı imkanlar,
perspektivlər vardır. Biz artıq Avropa Şurasına da sədrlik edirik.
Əlbəttə ki, bu sədrlik növbəlilik əsasında olan sədrlikdir. Ona
görə hesab etmirəm ki, biz bundan, necə deyərlər, xüsusi bir qürur
hissi ilə danışmalıyıq. Sadəcə olaraq, növbəmiz gəlib çatıb. Ancaq
hər halda biz də bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik.
Avropada demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsi, islamofobiyaya qarşı mübarizəmiz daha da təsirli
olacaqdır.
Əlbəttə ki, müxtəlif beynəlxalq təşkilatlarda üzvlüyümüz bizim
siyasi maraqlarımıza xidmət göstərir. Biz bütün bu təşkilatlarda
fəaliyyətimizi uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi
həmişə ifadə edəcəyik.
Əlbəttə, xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, Minsk qrupunun 20
ildən artıq fəaliyyətinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş
olmamışdır. Ona görə ki, Ermənistan tərəfi bunu istəmir. Artıq heç
kimə sirr deyil ki, məsələnin həll olunmaması Ermənistanın
qeyri-konstruktiv mövqeyindən asılıdır. Ermənistan status-kvonu
saxlamaq istəyir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən
ölkələrin dövlət başçıları status-kvonun qəbuledilməz olduğunu
dəfələrlə demişlər, Ermənistan isə buna məhəl qoymur. Bu səbəbdən
də məsələ öz həllini tapmır. Ancaq mən hesab edirəm ki, artıq
münaqişənin həlli üçün bütün lazımi diplomatik və hüquqi əsaslar
qoyulubdur və bu əsasları biz qoymuşuq. Çünki münaqişə ancaq
beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa
bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi dəstəkləyir və
müdafiə edir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o
cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir.
Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti
olmamışdır və olmayacaqdır. Münaqişə BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı
yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni
dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə,
qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur.
İkinci erməni dövləti olmayacaqdır. Heç vaxt qondarma Dağlıq
Qarabağa heç bir hüquqi status verilməyəcəkdir. Beləliklə,
məsələnin həlli üçün hüquqi və diplomatik əsaslar vardır. Bu
əsaslar kifayət edirmi ki, məsələ öz həllini tapsın? Yox! Əgər
kifayət etsəydi, məsələ öz həllini tapardı. Əlavə nə edilməlidir
ki, məsələ öz həllini tapsın?! Biz bunu da çox yaxşı bilirik.
Əlavə, iqtisadiyyat daha da güclü olmalıdır. Biz Ermənistanı bundan
sonra da mümkün qədər təcrid vəziyyətində saxlamalıyıq. Halbuki
indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları açıqdır.
Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və
bunun nəticəsində Ermənistandan kütləvi köç müşahidə olunur.
Onların statistik məlumatlarına əsasən ölkədən hər il 80-90 min
insan həmişəlik gedir və gedəcəkdir. Nə qədər ki, Ermənistanın
rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o
qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaqdır. Ona
görə, əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq
istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina
etməlidir, onları tarixin arxivinə göndərməlidir. Ermənistan işğal
edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks
təqdirdə bu ölkənin taleyi çox qaranlıq olacaqdır.
Biz isə öz səylərimizi davam etdirəcəyik. Biz heç vaxt indiki
vəziyyətlə barışmayacağıq. Orduya daha da böyük dəstək
veriləcəkdir, daha da böyük vəsait ayrılacaqdır. Bu gün dünyada və
bölgədə gedən proseslər bir daha onu göstərir ki, ordu quruculuğuna
ayrılan böyük diqqət müstəqilliyimizin əsasıdır.
Biz gələcək illərdə hərbi potensialımızın gücləndirilməsi üçün nə
qədər lazımsa, o qədər vəsait ayıracağıq, ən müasir texnika alınır
və alınacaqdır. Azərbaycan Ordusu dünya miqyasında texniki təchizat
baxımından güclü ordular sırasındadır. Ordu quruculuğunda, orduda
gedən islahatlar bizim döyüş qabiliyyətimizi artırır, orduda
nizam-intizam möhkəmlənir, struktur islahatları aparılır, təmas
xəttində əlavə işlər görülür və görüləcəkdir.
Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə
eşidirik. Ən gözəl etimad tədbiri erməni işğalçı qüvvələrinin
Azərbaycan torpaqlarından çıxarılmasıdır. Başqa etimad tədbiri ola
bilməz. Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə
bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam
edir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Əgər Ermənistan
istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın,
işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt
gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki bu
gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz. Bir sözlə, biz
bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həlli işində prinsipial mövqeyimizdən dönməyəcəyik və bütün
imkanlardan istifadə edib Ermənistanı işğalçı, kriminal ölkə kimi
ifşa edəcəyik.
İqtisadi siyasətimizlə bağlı proqramlar dərc edilib. “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dərc edilibdir. Bu
barədə çox danışmaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki,
2020-ci ilə qədər və bəlkə də ondan da tez ölkəmizdə mövcud olan
bütün əsas infrastruktur layihələri başa çatmalıdır. Proqramlar
var, büdcədə vəsait var və biz bunu edəcəyik.
Qeyri-neft sektorunun inkişafı bizim diqqətimizi daha çox cəlb
edir. Bu istiqamətdə də bizim verdiyimiz bütün tapşırıqlar yerinə
yetirilir. Qeyri-neft sektorumuz hər il təxminən 10 faiz artır.
Əgər bu, növbəti illərdə davam edərsə, - buna mən şübhə etmirəm, -
o zaman iqtisadiyyatımızın şaxələndirilməsi tam təmin
ediləcəkdir.
Nəhayət, enerji təhlükəsizliyi barədə bir-iki kəlmə demək istərdim.
Azərbaycan artıq özü üçün enerji təhlükəsizliyi məsələlərini çoxdan
həll edibdir. Başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Bu gün bizim qarşımızda duran əsas layihə TANAP layihəsidir. Bu
layihənin də təşəbbüskarı biz olmuşuq. 2012-ci ildə Türkiyə və
Azərbaycan arasında saziş bağlamışıq. Bu da “Cənub” qaz dəhlizinin
yaradılması işində dönüş nöqtəsi olmuşdur. Çünki o vaxta qədər,
təqribən 7-8 il ərzində ancaq danışıqlar gedirdi və “Cənub” qaz
dəhlizinin yaradılması üçün kifayət qədər beynəlxalq səylər
göstərilməyib. Biz vəziyyəti təhlil etdik və gördük ki, belə davam
edərsə, bu danışıqlar hələ bir 10 il də davam edəcək, heç bir fayda
vermədən. Ona görə də məsuliyyəti və təşəbbüsü öz üzərimizə
götürərək çox düşünülmüş addım atdıq. TANAP layihəsi bu gün
bölgənin enerji xəritəsini dəyişdirən bir layihədir. Azərbaycan bu
layihənin əsas səhmdarıdır, əsas təşəbbüskarıdır və əsas
icraçısıdır. Əminəm ki, bu qlobal layihə vaxtında - 2018-ci ilə
qədər icra ediləcəkdir. Bunu etmək üçün bütün imkanlarımız - həm
maliyyə, həm də texniki imkanlarımız vardır. Bizim peşəkar
mütəxəssislərimiz vardır. Bu layihəni icra etmək üçün bizim
siyasətimiz davam etdirilməlidir.
Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz
azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz
müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya
bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük
sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və
qoruyacağıq. Sağ olun!
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi