Tale Heydərovdan Qarabağla bağlı iki MÖHTƏŞƏM KİTAB – FOTOLAR
Bizi izləyin

Digər

Tale Heydərovdan Qarabağla bağlı iki MÖHTƏŞƏM KİTAB – FOTOLAR

Bu gün Bakıda Avropa-Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən nəşr olunmuş “Khojaly Witness of a war crime – Armenia in the Dock" (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) və “Карабах. История в контексте конфликта" (Qarabağ. Konfl

Bu gün Bakıda Avropa-Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən nəşr olunmuş “Khojaly Witness of a war crime – Armenia in the Dock" (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) və “Карабах. История в контексте конфликта" (Qarabağ. Konflikt kontekstində tarix) adlı kitabların təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, sözügedən kitablar Azərbaycan həqiqətlərindən bəhs edir.

Tədbirdə çıxış edən Avropa-Azərbaycan Cəmiyyətinin sədri və layihənin rəhbəri Tale Heydərov bildirib ki, son illər Azərbaycan dövləti sürətlə inkişaf edir.

Azərbaycanın bütün sahələrində, o cümlədən diaspora quruculuğu işində bir sıra nailiyyətlər qazandığını vurğulayan T.Heydərov təəssüflə qeyd edib ki, Ermənistan işğalçılıq siyasətini hələ də davam etdirir. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına da ciddi maneə yaradır.

Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdüri Novruz Məmmədov kitabın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində böyük əhəmiyyət kəsb etdiyini söyləyib:

"Mən bu kitabın ərsəyə gəlmsində zəhməti keçən hər kəsə, eləcə də Tale Heydərova öz təşəkkürümü bildirirəm. Avropa Azərbaycan Cəmiyyətinin indiyədək gördüyü işlər Azərbaycanın 20 ildən bəri keçdiyi yolu, Azərbaycan tarixini və həqiqətlərini tərənnüm edir. Bu cəmiyyət Azərbaycanın torpaq bütövlüyünün və haqq-ədalətin bərpa olunması üçün əlindən gələn addımları atır. Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edir".

N.Məmmədov həmçinin qeyd edib ki, beynəlxalq münasibətlədə ədalətin qorunması vacib məsələdir:

"Azərbaycanın 22 ildir ki, ərazi bütövlüyü pozulub, işğala məruz qalıb, ədalət pozulub. Ancaq bu 22 ildə dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı konkret əməli addımlarını görmək olmur. Ancaq gec-tez Ermənistanın ışğalçılıq siyasətinə son qoyulacaq".

Daha sonra qeyd olunub ki, “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabı Londonun “Garnet” nəşriyyatında (tərtibçilər: İen Pört, Fiona Maklaxlan) çap edilib.

Bu kitab 1992-ci il 26 fevral Xocalı hadisələrini ilkin mənbələrə əsasən sənədləşdirilən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur.

Kitabda Qərb və Rusiya mediasında Xocalı hadisəsi ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer alıb. Xocalı qətliamına dair beynəlxalq insan hüquqları təşkilatlarının (Memorial və Human Rights Watch/Helsinki ) hesabatları topluda tam şəkildə çap olunub.

Xarici foto müxbirlərin (Viktoriya İvleva, Frederik Lenqaiqn, David Brauxli, Klaus Reysinger, Lin Heng Shing və George de Kerl) lentə aldıqları nadir fotolar kitabda xüsusi yer tutur.

Topluya beynəlxalq mediadan (The Washington Post, Le Monde, The Times, Труд, Комсомольская правда və s.) daxil edilmiş materiallar və fotoşəkillər Avropa- Azərbaycan Cəmiyyəti tərəfindən eksklüziv anlaşma nəticəsində əldə edilmişdir və ilk dəfədir ki, işıq üzü görür.

Tədbirdə o da vurğulanıb ki, “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabı Xocalı qətliamına dair obyektiv vəziyyəti əks etdirən bir hesabat olub, beynəlxalq ictimaiyyəti onun haqqında hərtərəfli şəkildə məlumatlandıran nadir nəşrlərdən biridir.

Çıxış edən natiqlər təqdim olunan digər kitab – “Карабах. История в контексте конфликта" (Qarabağ. Konflikt kontekstində tarix) adlı məqalələr toplusunun Sankt-Peterburqda, “Вестник” nəşriyyatında çap olunduğunu bildirib.

Qarabağşünaslıq üçün böyük əhəmiyyəti olan bu toplu ön söz, on səkkiz məqalə, müəlliflər haqqında məlumat, coğrafi, siyasi və inzibati adlar göstəricisindən ibarətdir.

Avropa- Azərbaycan Cəmiyyətinin sədri və layihənin rəhbəri Tale Heydərovun yazdığı ön sözdə məqalələr toplusunun nəşrini zəruri edən səbəblər hərtərəfli təhlil edilib və əhəmiyyəti göstərilib.

Ön sözdə qeyd edilir ki, qloballaşan dünyanın müasir siyasi leksikonunda Azərbaycan Respublikasının Qarabağ bölgəsi, xüsusilə onun bir hissəsini əhatə edən Dağlıq Qarabağ adı tez- tez çəkilən coğrafi ərazilərdəndir:

"Ermənistanın Azərbaycanın bu tarixi-coğrafi ərazisinə iddialarının 1980-ci illərin sonlarından başlanan yeni mərhələsi ilə hazırda dünyada mövcud olan münaqişələrdən birinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin əsası qoyuldu. Bu konfliktin genişlənməsilə Ermənistanın Azərbaycana qarşı irimiqyaslı müharibəyə başlaması nəticəsində həmin konflikt beynəlxalq xarakter aldı. Buna baxmayaraq, hələlik bütövlükdə Qarabağ tarixi, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin tarixi haqqında həm Azərbaycan, həm də bu problem üzrə dünyanın tanınmış alimlərinin baxışlarını bir araya gətirən nəşrlər azdır.

“Qarabağ. Konflikt kontekstində tarix” adlı məqalələr toplusu bu sahədə mühüm yenilik hesab edilə bilər. Kitaba məqalələri daxil edilmiş həm Azərbaycan, həm də ABŞ, Böyük Britaniya və Yunanıstandan olan tədqiqatçılar öz sahələri üzrə tanınmış mütəxəssislərdir.

Toplu professor Süleyman Əliyarlının bütövlükdə tarixi Azərbaycanın, o cümlədən onun bir hissəsini təşkil edən müasir Azərbaycan Respublikasının ərazi və sərhəd tarixinə dair məqaləsi ilə başlayır.

Müəllif Qarabağın siyasi-coğrafi mənsubiyyəti üzərində də dayanır və faktlarla Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu sübut edir.

Sonrakı məqalələr hadisələri daha çox xronoloji-problem baxımından tədqiq edir.

Akademik İqrar Əliyevin “Qarabağ qədim dövrdə” məqaləsində Qarabağın tarixi ilk insanlardan, xüsusilə ilkin etno-siyasi mənzərənin təşəkkül tapdığı dövrdən başlayaraq araşdırılır.

Qarabağ tarixinin bir sıra fundamental problemləri Albaniya tarixi ilə bağlı olduğuna görə bu məsələ görkəmli albanşünas alim, AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın “Qarabağ probleminin alban kökləri” məqaləsində nəzərdən keçirilir.

Azərbaycanın tanınmış tarixçisi, akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasından təqdim olunan parça Qarabağ tarixinin ən fundamental məsələlərindən biri, bölgənin dağlıq hissəsində məskunlaşan və etnik cəhətdən alban əhalinin erməni-qriqorian kilsəsinin fəaliyyəti nəticəsində qriqorianlaşdırılması haqqındadır.

Bünyadovun konsepsiyası Qarabağ tarixinin obyektiv dərk edilməsi üçün mühüm zəmin təşkil edir.

Tədbirdə qeyd olunub ki, Qarabağın tədricən qriqorianlaşdırılan əhalisi, xüsusilə 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə köçürülməsi nəticəsində erməniləşdirilməyə də məruz qalıb.

Azərbaycan tarixçilərinin (AMEA-nın müxbir üzvləri Mahmud İsmayıl, Oqtay Əfəndiyev, Məşədixanım Nemət, professorlar Fuad Əliyev, Eldar İsmayılov, Kərim Şükürov və tarix üzrə fəlsəfə doktoru Gövhər Məmmədova) topluda verilmiş digər məqalələrində Qarabağ tarixinin müasir dövrədək olan mərhələləri ardıcıl şəkildə şərh edilir.

Xarici müəlliflərin (Odri Alştadt, Tomas Qolts (ABŞ), Blanka Xançilova, Rik Foun (Böyük Britaniya) və Tim Potye (Yunanıstan) məqalələrində daha çox Qarabağ tarixinin və konfliktin müasir mərhələsinə dair problemlər nəzərdən keçirilib.

“Qarabağ. Konflikt kontekstində tarix” adlı məqalələr toplusu Qarabağşünaslıq sahəsinə mühüm elmi töhfə olub, rusdilli elmi ədəbiyyat arasında bu sahədə olan boşluğun aradan qaldırılması istiqamətində ciddi nailiyyətdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm