Vəsiyyətnamə
Bizi izləyin

Digər

Vəsiyyətnamə

Vəsiyyətnamə

Kürəyini dənizə söykəmiş uçuq komanın qapısının it kimi zingildədiyi gecələrin birində qəfil ağlıma gələn fikir yuxumu qaçırdı. Nəm yorğanı üstümdən atanda soyuq ilikləriməcən işlədi, soba yanmırdı, sonuncu odun parçasının da canı çıxmaq üzrəydi. Sobanı yandırmaq üçün həyətdən odun, qam-qalaq gətirmək lazım idi.

Həyətə isə çıxmaq mümkün deyildi, axşamdan yağan qar dizəcən qalxmışdı. Kibriti çəkib ətrafa göz gəzdirdim, köhnə paltar dolabının altında Leninin qalın kitabları gözümə dəydi. Soyuqdan donmamaq üçün bu kitabları yandırmalıydım...

Həmin gecə məni Leninin kitabları xilas elədi.

Həyətdə yandırmağa odun qalmamışdı, qışınsa üzü yaman dönmüşdü, şaxta, sazaq amanımı qırmışdı. Bir gün də əlacım kəsildi, taxta nərdivanı doğrayıb sobada yandırdım. Həyətin yiyəsi bundan xəbər tutunca mənim kitablarımı, pal-paltarımı çölə atdı və dedi ki, cəhənnəm ol burdan, avaranın biri avara! Ona başa sala bilmədim ki, soyuqdan donmamaq üçün nərdivanı yandırmışam. Məni eşitmək belə istəmirdi. Dedi hələ çox sağ ol de ki, bu daxmada qalmağına razı olmuşam, indi get özünə yer tap! Dedi və maşınına oturub getdi.

Həyətin hasarı yox idi, hasar əvəzi dövrələmə çaylaq daşı düzülmüşdü. Həyətin küncündə hamam üçün nəzərdə tutulmuş, üstü şiferlə örtülü bir tikili vardı, heç qapısı da yox idi. Həmin gün qapısı belə olmayan o tikilidə gecələyəsi oldum, kitabları döşək əvəzi yerə düzdüm ki, soyuq canıma işləməsin. Elə bil öz əlimlə özümü kəfənləyib qəbrə qoyurdum.

Qəza-qədərin soyuq silahını alnıma dirədiyi günlər idi.

Səhər həyət yiyəsi gəlib gördü ki, hamamfason yerdə kitabların üstündə yatmışam. Səsini başına atdı:

-Alə, sən nətər adamsan?! Burda soyuqdan ölərsən ki?

Sonra da deyəsən ürəyinə rəhm gəldi. Dur keç öz otağıva, dedi, ay Allahın bədbəxt bəndəsi!.. Dedi və yenə maşınına oturub getdi.

Həmin gecə sağ böyrümdən qəfil ağrı qopdu, tərslikdən dərman da yoxudu... Səsim çıxmırdı, amma elə hey kimisə köməyə çağırırdım. Sancıdan qovrula-qovrula səhəri dirigözlü açdım. Həmin gecə düşündüm ki, başıma bir iş gəlsə, əlyazmalarım, kitablarım necə olacaq? Vallah, adam belə yerdə ölməyə də utanır. Şkafdakı qovluqlara yazılarım çap olunmuş qəzetləri, jurnalları, şəkilləri yığmışdım. Bir gün ölsəm, bəlkə heç gözümü sığayan da olmadı, amma o şəkillər gözlərimi həmişə açıq saxlayacaq, o yazılar sözlərimi diri saxlayacaqdı.

Yəqin ki, həyətin yiyəsi onların hamısını atacaq... Ağlıma gələn bu fikirdən az qala dəli olacaqdım. Qəhər itin boğazında ilişib qalan sümük kimi məni boğurdu. O gündən ağrı ciyərimi tanıdı...

Həmin gecə ağlıma bir fikir də gəldi – arxivimi kiməsə tapşırmalıyam. Nədənsə ilk ağlıma gələn İlqar Fəhmi oldu. Oturub bir vəsiyyətnamə yazdım. O vəsiyyətnamədə yazmışdım ki, başıma bir iş gəlsə, mənim arxivimi ancaq İlqar Fəhmiyə verə bilərsiz.

Bu günlərdə həmin əlyazmanı nə qədər axtardımsa, tapa bilmədim. Amma o vəsiyyətnaməni yazandan sonra xeyli toxtaqlıq tapdım.

Vəsiyyətnaməni itirmişəm, ağrısa hələ də yaşayır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm