Ehtirasın qurbanı olan gənclərə...
Bizi izləyin

Digər

Ehtirasın qurbanı olan gənclərə...

Ehtirasın qurbanı olan gənclərə...

İndi bu yazacaqlarım ömrünün laçın vaxtlarından qulağı “bəy tərifi”nə öyrəşən dostlarımızın qulaqlarından iraq düşsün. Onlar bir onu bilməsinlər ki, insan olan hər kəs (onlar da bu siyahıdadılar) bir gün ölüm şərabından dadacaq. Bu şərabın yiyəsi nə bəy oğluna, nə də kasıb balasına fərq qoymayacaq. Vaxtı gələndə o canın sahibi əli ilə burun dəliyimizi tutub ağzımızdan aşağı həmin şərabı tökməyə başlayacaq. Elə həmin an göz bəbəyimiz böyüyəcək və sinəyə dolan sonuncu nəfəsimiz qulaq batıran küləyin səsi kimi elə oradanca bədənimizdən çölə çıxacaq.

Bax belə... İnsanın ölümü bir göz qırpımında olacaq. Nə qazandığın status, nə cibindəki pul, nə də ki həyatda güc sahibi olmaq üçün çıxdığı hoqqalar karına çatmayacaq ki, çatmayacaq.

Amma bu prosesə qədər baş verənlər artıq dövrün dəyişdiyini göstərir. İndi dövr elə bir dövr olub ki, insanlar həyatla höcətləşməkdən vaz keçib, ölümə getmək üçün daha tez əl-ayağa düşürlər. Artıq insanlar “sonuncu çıxış yolu” adlandırdıqları yolu daha rahat, daha konfortlu görürlər. Artıq insanlar əzrayılın gəlişini gözləməyib, öz boyunlarını qara kəndirlərə qurban verirlər.

İntiharların sayının hər gün durmadan artması adamı nə qədər məyus edirsə, özünə qəsd edənlərin arasında gənclərin çoxluğunu görmək adamı ondan da çox məyus edir. Mətbuatı izləyən hər kəs, hər gün Azərbaycan mətbuatının intihar xəbərləri ilə dolduğunun şahidi ola bilər.

Nə az, nə çox... Hər gün bu tipli hadisələr baş verir və heç kəs çıxıb intiharların kütləvi hala çevrilməsinin səbəbini faş edə bilmir.

Sonuncu dəfə baş verən intihar hadisəsi isə, mənim üçün ölümün ən acı üzünü bir daha ifşa etdi. İki gəncin mahiyyətinə belə bələd olmadıqları, ancaq seriallardan, müxtəlif tanışlıq saytlarından duyduqları ehtiras hissinə verdikləri - “sevgi” sözünə görə intihar etmələri məni həm hiddətləndirdi, həm də ümidsiz bir şəkildə məyus etdi.

11-ci sinif şagirdi olan Nərgiz və Vasifin məktəbin həyətində əl-ələ tutaraq boyunlarını “qara kəndir”ə qurban verməsi həmin gün gündəmin ən əsas xəbəri oldu. Bəzi saytlar bu xəbəri “sevgi dastanı”, “sevgi hekayəsi” adlandırdılar. Amma məncə bu bir “sevgi dastanı” deyil, gənclərin düşdüyü bataqlığın nə qədər dərin olduğunu bir daha sübutudur.

Ona görə ki, bığı hələ təzə tərləyən oğlanlarla, qaşlarının arasındakı tüklərin varlığından yavaş-yavaş narahatçılıq keçirməyə başlayan qızların bir-birlərinə “sevgi” adı ilə bağlanmaları, bəsit ehtirasdan başqa bir şey ola bilməz.

Axı nədə olmasa, hamımız sevginin varlığına ən çox sevdiyimiz anda belə şüphə edirik. Axı hamımız sevginin ehtiraslı məqamlarını sevirik. Bəs görəsən nəyə görə bizim mətbuat bu “sevgi dastanı”nı bu qədər ilahiləşdirib, digər gəncləri intihara stimullaşdırır?

Ona görə ki, artıq vəziyyətimiz ruscadan, türkcəyə çevrilib. Artıq Azərbaycan gəncliyi vəziyyətimizi romantikləşdirən serialların aludəçisinə çevrilib. Bu da bir reallıqdır ki, orta yaşlı tamaşaçılarla bərabər onların yanına qıvrılıb dəqiqəbədəqiqə serialın başlanmasını gözləyən azyaşlılarımız, yeniyetmələrimiz də az deyil.

Elə bu seriallara baxa-baxa qaşının arasındakı tükün varlığından ilk dəfə narahatçılıq keçirməyə başlayan yeniyetmə qızların ilk ağlına gələn bu xoşagəlməz tüklərdən qurtulub “Bihtər-Bəhlul”, “Dila xanım-Rıza”, “Yılmaz-Filiz”, “Şəhrazat-Onur” kimi böyük “sevgi dastan”larına bənzər bir sevginin əsas iştirakçılarından biri olmaq keçir.

Bığı yeni tərləyən oğlanlar isə, bu seriallara baxa-baxa səslərinin qalınlaşdığını hiss edir, bədənlərində gəzişən xırda “qurdlar”ın bədənlərindəki təsirindən həzz alır və həmin ərəfələrdə saçlarına “jele” ilə qulluq etməyə başlayırlar. Bir müddət sonra onlar da eyni qayda ilə ehtiraslarını öldürəcək qarşı cinsdən bir “şikar” axtarışına çıxırlar.

Nəticədə isə, ehtirasın baladığı “sevgi” və bu “sevgi”yə görə artan intiharlar ortaya çıxır.

Valideynin bir anlıq nəzarətsizliyinin acı nəticəsi isə, gənclərin öz istəkləri ilə torpağa qovuşmalarına gətirib çıxardır.

Bu da bir gerçəklikdir ki, biz dərslərimizi elə əzəldən oxumayan xalq olmuşuq. Bəlkə də ona görədir ki, hansısa bir faciədən dərs çıxarda bilmirik. Və ya dərs çıxartmaqda çətinlik çəkirik. Amma unutmaq lazım deyil ki, Vasif və Nərgizin başına gələnlər digələrinə bir dərs olmalı və gələcəyimizin böyük bir təhlükə altına düşəcəyinə işarə olmalıdır.

O zaman bizə bir yol qalır. Çalışmaq... Çalışaq dostlar. Mavi ekrandakı gözəlçələrin bizim yeniyetmələri məhv etmələrinə imkan verməmək üçün çalışaq. Porno saytların, erotik filmlərin bığı yeni-yeni tərləyən yeniyetmələrimizi seks aludəçisinə çevirməməsi üçün çalışaq. Çalışaq ki, bizim xalq “sevgi dastan”ları ilə cihana səs salan cütlükləri ilə deyil, cihana səs salan alimləri, həkimləri, siyasətçiləri ilə tanınsın. Məncə o zaman boynumuzu heç bir kəndir özündən asılı vəziyyətə sala bilməyəcək.

Çalışaq... Nə də olmasa bizim bizdən başqa heç kəsimiz yoxdur. Arada bunu anlamağa da çalışaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm