Cazibədar aparıcı Nurlana: “Bu sual məni tərlətdi”
Bizi izləyin

Digər

Cazibədar aparıcı Nurlana: “Bu sual məni tərlətdi”

Adı nə səs-küylü qalmaqallarda çəkilir, nə də ki, şəxsi həyatı ilə gündəmi zəbt etməyə çalışır. Məhz bu xüsusiyyəti onu başqa apaıcılardan fərqləndirir. O, özünəməxsus tərzi ilə sözün əsl mənasında tamaşaçıların da zövqünü oxşaya bilir. Beləliklə, Publika.Az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı 106 Fm-in proqram direktoru və Azad Azərbaycan televizisiyasının bir çox verilişlərinin aparıcısı olmuş Nurlana Cəfərovadır. Gənc yaşda bu qədər uğura kim nail olmaq istəməz ki? Sadə ailənin qızı olan aparıcı bütün bunlara güclü aparıcılıq qabiliyyəti və zəhməti nəticəsində nail olub.

Nurlana gənclər arasında daha çox DJ kimi tanınır. Ola bilməz ki, onun səsini ilk dəfə eşidəndə diqqət kəsilib bu xanımın kimliyi ilə maraqlanmayasınız və daimi dinləyicisinə çevrilməyəsiniz. Siması qədər səsində də insanı özünə cəzb edən gözəllik var.

“Bütün aparıcıların ən yaralı yeridir”

- Yazarlıq, musiqi, foto və başqa bu kimi sahələrə marağınız varmı? Hansı sizə daha yaxındır?

- Mən uşaqlıqdan şeir yazıram. İlk şeirimi 2-ci sinifdə oxuyarkən, Şəhidlər Xiyabanına birinci dəfə getdikdən sonra, 20 Yanvar faciəsinə aid yazmışdım. Yadıma gəlir, bu hadisə ailə üzvlərimi çox təəccübləndirmişdi. İndi də şeir yazıram. Bunu sevərək edirəm. Hətta bir neçə sevimli ifaçı (Natavan Həbibi, Elçin Cəfərov, Zamiq) mənim sözlərimə mahnılar oxuyub.

Musiqi mənim həyatımdır. Hər anım musiqi ilə bağlıdır. Gecə yatanda, səhər oyananda musiqi dinləyirəm. Bu həm işimlə bağlıdır, həm də həyat tərzimdir.

Fotoya olan həvəsim sonsuzdur. Onu deyə bilərəm ki, müasir dövrün ən böyük maraq sahələrindən biridir. Elə buna görədir ki, hamı “Facebook” profilində, “Instagram”da gözəl şəkillərin olması üçün çalışır. Saatlarla xarici və yerli fotoqrafların işlərinə baxıb heyranlıq hissi keçirə bilərəm. Bu iş böyük zövq və fantaziya tələb edir. Yeri gəlmişkən, mənim də professional fotoaparatım var, hərdən maraqlı mənzərələri çəkmək üçün məkan axtarışlarına çıxıram.

1 (1).jpg

- Çəkilişlərdə ağır makiyaj etməli olursunuz. Amma dəriniz və saçınız hər zaman gözəl görünür. Bu gözəlliyinin qalıcı olması üçün nələr edirsiniz?

- Gündəlik televiziya efirlərinə çıxan bütün aparıcıların ən yaralı yeridir. Saçımın korlanmaması üçün mütəmadi olaraq, müxtəlif maskalar etməli oluram. Hazırda televiziyadakı işimə radio ilə bağlı olaraq ara verdiyimdən, imkan daxilində saçlarıma və dərimə mümkün qədər çox vaxt ayırıram.Dərinin gözəl və təmiz qalması üçün qidaya da fikir vermək çox önəmlidir. Mümkün qədər düzgün qidalanmağa çalışıram və hamıya bunu məsləhət görürəm.

- Onsuz yaşaya bilmədiyiniz kosmetik məhsulları nələrdir?

- “Guerlain” dodaq parıltısı və “Yves Saint Laurent” göz sürməsi.

“1-2 dəqiqə qalmış, göz yaşlarımızı silib, efirə davam edirik”

- Efirdə tamaşaçını əyləndirmək və onun zövqünü oxşamağa məcbursunuz. Yəni, bu birbaşa işinizdir. Bəs həyatda rola girmək məcburiyyətində qalırsınız?

- Efirdə bəzən rolda olmaq məcburiyyətində oluruq. Çünki tamaşaçı və ya dinləyicini bizim problemlərimiz maraqlandırmır.Bəzən yayıma 1-2 dəqiqə qalmış, göz yaşlarımızı silib, efirdə bunu hiss etdirmədən verilişə davam edirik.

Həyata onsuz da hamımız bir aktyor kimi gəlmişik. Hərə bir rolun ifaçısıdır. Ətrafımızda süni davranış nümayiş etdirərək, yaşamaqdansa, daha sağlam ətraf seçməyi tərcih edirəm.

1 (2).jpg

- Sizcə, hansı daha çətindir: tamaşaçı qarşısında, yoxsa real həyatda oynamaq?

- Rol oynayanlar üçün, yəqin ki, hər 2-si çətindir.

- Qadınlar bahalı hədiyyələri xoşlayır. Bunu sizə də aid etmək olar?

- Təbii ki, hədiyyə bahalı olanda insan özünü xüsusi hiss edir. Amma istənilən hədiyyə mənim üçün diqqətdir və bir şeyi də deyim ki, mən hədiyyə etməyi hədiyyə almaqdan daha çox sevirəm.

- Duyğularınızı gizlədə bilirsiniz, yoxsa göz yaşlarınızı saxlamaq üçün ətrafda olan hər kəs sizi sakitləşdirməklə məşğul olmalıdır?

- Mən həyatda heç vaxt emosiyalarımı gizlətmirəm. Ağlamaq istəyəndə ağlayıram, içimdən gülmək gələndə, gülürəm. Məni sakitləşdirə biləcək adamlar çox azdır. Ona görə, çox vaxt özüm sakitləşirəm.

- Gənc yaşda bu qədər uğur əldə etmisiniz. Başqalarının həsəd aparacağı həyat yaşayırsınız, demək olar?

- Əlbəttə olar. Bəlkə də bir çox gənc mənim yerimdə olmaq istəyərdi.8 ildir ki, televiziya və radio sahəsində çalışıram. Ölkənin ən çox sevilən kanalı ATV-də 4 televiziya verilişim və ən çox dinlənilən radio 106 FM-də 10-larla efirim olub. Uşaqlıqdan sevdiyim radionun proqram direktoru vəzifəsində çalışıram. Dünya ulduzları ilə saysız müsahibələrim olub. Bütün bunlara görə, Allaha çox şükür edirəm. Və bir şeyi dəqiq bilirəm ki, insan məqsədlərinə çatmaq üçün özünə inanmalıdır.

- Sizə cəsarətli xanım demək olar? Ümumiyyətlə cəsarət sizin üçün nə ifadə edir?

- Bəli özümü cəsarətli hesab edirəm. Hətta o qədər cəsarətli və özümə əmin birisiyəm ki, buradan başqa ölkəyə konsertə də gedə bilirəm. (Gülür)

- Asan görünsə də, yaxşı və düzgün geyinmək çətin işdir. Stil sahibi olmaq üçün çoxlu pul lazımdırmı?

- İmkan olduğunda hər kəs istənilən geyimi özünə ala bilər. Bəziləri sırf bahalı geyindiklərinə görə özlərini zövqlü hesab edir. Amma gözəl stilə sahib olmaq üçün zövqlü doğulmaq lazımdır. Bunun üçün düşünürəm ki, bahalı olmayan amma düzgün seçilmiş geyimlər istənilən xanımı gözəl göstərə bilər.

1 (7).jpg

“Mən sadə bir ailənin qızıyam”

- Zəngin həyatı sevirsiniz, yoxsa bir müddətdən sonra zəngin insanların həyatının sıxıcı olduğunu düşünürsünüz?

- Mən sadə bir ailənin qızıyam. Özümü yalnız əsl dostlarımın varlığı, ağlım və mənəvi üstünlüklərimə görə, zəngin hesab edirəm.O ki qaldı zəngin həyatın sıxıcı olmasına, hər kəs öz həyatını rəngli edə bilər. Zəngin olduqda, xüsusilə.

- Heç kaş ki, kişi olsaydım, dediyin anlar olubmu?

- O qədər... Ümumiyyətlə, mənə belə gəlir ki, kişi olmaq daha asandır.

“Bunu hələ alimlər müəyyən etməyib”

- Aparıcılığın ən çətin tərəfi nədir?

- Ən çətin tərəfi hər sözünü düşünüb ifadə etmək, bu sənətin ciddiliyini dərk etmək və daim səliqəli görünməkdədir.

- Elə bir səhv yoxdur ki, onu ancaq bir nəfər etsin. Sizcə, bağışlanmaz səhvlər var?

- Bu həyatda bağışlanmaz səhv yoxdur. Sadəcə həmişə seçim insanın özündən asılı olur. Bağışlamaq, yoxsa bağışlamamaq bu artıq hər kəsin individual istəyidir.

- Qadınlar niyə tuşu ağzını açmadan çəkə bilmir?

- Bunu hələ alimlər müəyyən etməyib. (Gülür)

- Qadınlar niyə qaşlarını alır, sonra onları yenə qələmlə düzəldir. Və niyə qadınların çoxu gözəl görünsə də, xarici görkəmindən yenə də narazı qalır? Biz həqiqətəndə nə istədiyimizi bilmirik?

- Mən qaş qələmindən istifadə etmirəm, bunun cavabını verə bilməyəcəm. (Gülürük) Amma mən nə istədiyimi dəqiq bilən xanımlardanam. Xarici görünüşündən narazı olanlar isə bu komplekslərdən artıq çox asanlıqla plastik əməliyyatlar yolu ilə azad ola bilər. Düşünürəm ki, narazı olmaları, psixoloji səbəbdir.

1 (8).jpg

- Uşaqlıqda itməkdən çox qorxurduq. Böyüyəndən sonra isə itmək və mümkün qədər uzağa getmək istəyirik. Niyə illər keçdikcə arzularımız bir-birini inkar edir?

- İllər keçdikcə arzularımız dəyişir. Müasir həyatda stress və dinamika yüksək olduğundan bəzən tək qalmağa ehtiyac duyuruq. Gərək nə olursa olsun, fikirlərimizlə yalnız qalmağa da vaxt tapaq.

“Ana olduqdan sonra ünsiyyətimiz tamamilə azaldı”

- Aysel Teymurzadə uşaqlıq dostunuzdur, lakin sirr deyil ki, ana olduqdan sonra rəfiqələrin münasibətlərində soyuqluq yaranır. Münasibətləriniz necədir və Aysel necə anadır?

- Aysel Teymurzadə ilə 12 il yaxın dost olmuşuq. Onu hər addımında dəstəkləmişəm. Uşaqlığımız bir keçib, amma ailə qurduqdan sonra bir çox insanlardan uzaqlaşıb. Ana olduqdan sonra ünsiyyətimiz tamamilə azaldı və bunun səbəbkarı o özüdür. Ümid edirəm ki, yaxşı anadır.

- Ailə qurmaq və ana olmaq üçün özünü hazır hiss etməlisən, ya dəlicəsinə vurulmalısan?

- Məncə, hər 2 amil çox önəmlidir. Amma əsl sevgini tapanda yanında olan insanla hər şeyə hazır olursan.

- Sevgisiz yaşamaq qadın üçün nə dərəcədə çətindir?

- Hər bir insanın istər qadın, istərsə də kişinin daim sevgiyə ehtiyacı var. Vacib deyil ki, bu əks cinsin nümayəndəsindən duyulan sevgi olsun. Ümumiyyətlə, həyat 2 nəfər üçün hazırlanan maraqlı oyundur. Sevgi isə bu oyunun mükafatıdır. Hər həs bu mükafatı əldə etmək üçün çalışmalıdır. Əldə etdikdə isə, qoruyub saxlamağı bacarmalıdır.

- Hansı sualımız sizi tərlətdi?

- Elə bu sualınız. (Gülürük)

Çəkilişdə göstərdiyi köməyə görə, Monroe kafeyə təşəkkürümüzü bildiririk. Ünvan: Badamdar şosesi 112A. Əlaqə nömrələri: 055-208-04-04

AYTƏN

FOTO: NURON

Oxumağa davam et
Reklam
Reklam

Gündəm