“Gədəbəy – gədədən bəy olmaz!”
Bizi izləyin

Digər

“Gədəbəy – gədədən bəy olmaz!”

“Gədəbəy - Gədədən bəy olmaz!”

Bu günlərdə dostlarla Gədəbəyə yaxın bir qohumumun yas mərasiminə gedirdik. Dostlardan biri yolüstü Sumqayıta daha bir yas mərasiminə dəyməmizi və onunla birgə mərhumun yaxınlarına başsağlığı verməyimizi xahiş etdi.

Birlikdə Sumqayıta yas mərasiminə yollandıq. Mərhumun yaxınları bizi tanımasa da çox ehtiramla qarşıladılar, ayrılarkən çox-çox razılıqlarını bildirdilər. Bu zaman təkcə qarnı bütün vücudundan böyük olan, qırmızısifət, uzunburun, tösmərək bir kişi qəfil peyda oldu və əvvəlcə dostumuzla mehriban görüşdü, sonra bizə də əl uzadıb, “xoşgəldin” elədi. Niyə belə tez getdiyimizin səbəbini soruşanda dostumuz Gədəbəyə başqa bir yas mərasiminə də gedəcəyimizi bildirdi. Bu an tösmərək kişi çox həyasızlıqla irişdi və dedi: “A kişi, gədədən bəy olaaar?”

Dostumuz onun bu sözlərindən tutuldu və xəcalət çəkmiş halda üzümə utanc dolu hisslərlə baxdı və susdu. Tösmərək, deyəsən böyük səhvə yol verdiyini anladı və bir az da qızardı, udqundu, səsi içində qaldı, günahkarcasına dostumuza baxdı, sanki düşdüyü axmaq durumdan xilas olması üçün lal baxışlarla ondan imdad diləyirdi...

Adın insan həyatında önəmi olduqca böyükdür. Bəllidir, adı Kolxoz, Təşkilat, Sovet, Durmuş,.. olan insanlar ömürlərinin sonunacan hansı ironiyalarla, tənələrlə üzləşir, əzab çəkir, adlarını soruşanda sıxıla-sıxıla, utana-utana deyirlər. Bu, sadəcə bir insanın yaşadıqları, çəkdikləridir. Bir də var, bütöv bir elin adamlarını bu ad altında damğalaya, daim alçaltmağa, aşağılamağa cəhd edəsən. Və mən bir gədəbəyli olaraq, o gözəl yurdda, gözəl insanlar əhatəsində doğulub, böyüyən biri kimi, illərlə bu xoşagəlməz münasibətin şahidi oldum, bu aşağılayıcı kəlmələrin əzabına, sarsıntısına dözdüm: “Gədədən bəy olmaz!” Ən dəhşətlisi də o idi ki, bu sözləri söyləyən adamların gədalığına(gədə yox aa) tam əmin idim və bundan da başqa onlardan yaxşı heç nə gözləyə bilməzdim.

Ümumiyyətlə, “gədə” sözü rayonlarda, kəndlərdə insanların dilində çox tez-tez səslənir və kiçik və ya uşaq, oğul anlamına gəlir: “Ədə, bu kimin gədəsidir?” “A bala, sən filankəsinmi gədəsisən?” Və “gədə” sözünü “gəda” anlamı daşıyırmış kimi işlədərək, hər hansı bir gədəbəylini aşağılamağa, onların heysiyyətinə toxunmağa, bilərəkdən və ya bilməyərəkdən cəhd edənlər, sadəcə bir həqiqəti, gədəbəylilərin nə qədər ürəyigeniş, mərd, cəsur, qonaqpərvər, saf, sədaqətli olmalarını unudurlar.

“Gədədən bəy olmaz” ifadəsinə görə güdaza gedənlər də olub, təəssüf ki! Yəni bu təhqiramiz ifadənin qarşılığında bəzən əsəbləri tarıma çəkilən, heysiyyətinin tapdanmasına dözməyənlər də olur və nə yazıq ki, qarşı tərəf öz acı dilinin, tikanlı sözlərinin qurbanına çevrilir. Niyə bu qədər aqressivik və biri-birimizi daim aşağılamağa, gözdən salmağa çalışırıq, görəsən? Şüurumuzda, qəlbimizdə şeytan kimi yuvalanan bu xoşagəlməzliklər hardan, nədən qaynaqlanır.

Universitetdə oxuduğum illərdə çox sarsıdıcı bir olayla baş-başa qalmışdım. Bizə yeni bir fənndən, yeni, tanımadığımız, amma haqqında eşitdiyimiz bir müəllim mühazirə oxuyacaqdı. Deyirdilər ki, o, çox əzazil adamdır, iki yazdığı tələbənin Universitetə bərpa olunması qeyri-mümkündür. Belə deyirdilər, amma mənim beynimə batmırdı belə şeylər. Onunçün ki, hər zaman, atamın diqtəsinə, təlqininə əsasən nümunəvi şagird, tələbə olmağa can atmışdım.

Bir neçə qrupu birləşdirərək, həmin müəllim bizə mühazirə oxumağa başladı. Mən ön sırada əyləşmişdim. Yadımdadır, birinci kursda oxuyurdum. Birinci dərsimiz zamanı diyircəkli qələmimin rəngi qurtarsa da, cibimdə ehtiyat pasta olduğundan qələm üçün kimsəyə ağız açmağı şənimə sığışdırmadım və pastanı qələmqabına yerləşdirməyə cəhd etdim. Təəssüf ki, bu pasta qələmqabına uyğun gəlmədi və çətinliklə də olsa, mühazirəni pastayla yazmağa başladım. Arabir başımı qaldırıb müəllimə baxırdım. Birdən onun məni çox diqqətlə izlədiyinin şahidi oldum. Üzündən zəhərmar yağırdı. Özümü çox narahat hiss etdim. Elə bu an o, mənə dedi: “Qalx ayağa!.. Keç tribunaya!”

Keçdim. O, bir qədər qəzəblə məni başdan-ayağa süzüb soruşdu: “Hardan gəlmisən?”

Onun nə demək istədiyini anlasam da özümü o yerə qoymadım və dedim: “Evimizdən”

Yenə qəzəblə dedi:

-Səndən soruşuram ki, hardan gəlmisən? Yəni hansı rayondan gəlmisən?

-Gədəbəydən, - şəstlə dedim.

-Həəə!.. Gədəbəydə qırmızı qalstukdan və qırmızı kartofdan başqa bir şey olmur?

Mən nazık, qırmızı bir qalstuk taxmışdım.

Müəllimin sözlərindən sonra yetmiş nəfərlik auditoriyadan gülüş səsləri ucaldı. Yaxşı oxuduğum üçün məni gözü götürməyənlərin gülüş səsləri idi. Məni sevənlər isə susub, kədərli halda nələr baş verəcəyini gözləyirdilər.

-Sizi anlamadım, müəllim, bu nə deməkdir?!-cəsarətlə dedim.

Müəllim mənim sarsıldığımı görüb dedi:

-O nədir əlində, yazırsan?

-Bu, pastadır,-dedim

-Hanı qələmin?.. Görürəm, yaxşı oğlansan, amma sənə yaraşmır pastayla yazmaq... Keç otur.

Çox sarsılmış, alçaldılmış, yetmiş nəfər tələbənin gözü qarşısında təhqir olunmuşdum. Buna görə də auditoriyanı acıqla tərk edib çıxmaq istəsəm də son anda atamı düşündüm. Onun boynumdakı haqqı, zəhməti məni bu fikirdən daşındırdı və partaya əyləşib, başımı qollarım arasına aldım. Bu an göz yaşları boğdu məni. Bu, bir kövrəkliyin, kimsəsizliyin yox, sarsıntının, təhqirin doğurduğu göz yaşları idi. Bədənim əsir-titrəyirdi və ölə bilmək həddinə gəlib çatmışdım. Başımı qaldırmırdım, qollarımdan ki, birdən göz yaşlarımı kimsə görər, yazıq olaram...

Zəng çalınınca özümü bayıra atdım. Müəllim arxadan səsləndi. Hiss etdim ki, məni çağırır, əhəmiyyət vermədim. Tələbələrdən kiməsə dedi: “O oğlanı çağırın, yanıma gəlsin” Yenə də məhəl qoymadım. Nəhayət o, özü bayıra çıxdı və əlini çiynimə qoyub dedi: “Görürəm, sən yaxşı oğlansan, bağışla məni! Mənim Gədəbəydən çox gözəl alim dostlarım var!.. Bu gündən sən də mənim dostumsan!..”

Səhəri gün həmin müəllim yenidən yetmiş nəfər tələbəyə məni tərifləyirdi...

İllərdir, nankorlar tərəfindən vaxtaşırı yaddaşımız yaralanır, heysiyyətimiz təhqirə, alçalmaya məruz qalır. “Gədəbəy” deyincə “Gədədən bəy olmaz” kimi sarsıdıcı sözlər səslənir. Amma unutmaq olmaz ki, Gədəbəyin qızıl kimi insanları, füsunkar təbiəti, qızıl sərvəti vardır. Doğulan bir uşaq öz ata-anasına, doğmalarına bənzədiyi kimi, Gədəbəydə dünyaya göz açan hər kəs öz saflığı, vüqarı, əzəmətilə, məhz o ulu yurdun özünə bənzəyir. Onlarla görkəmli alim, ziyalı, istedadlı adamlar yetişdirmiş, tarix boyu bircə qarış da olsun torpağından düşmənə verməyən gədəbəyliləri bu cür aşağılamaq ixtiyarı kimsəyə verilməyib. Gədəbəylilər, Gədəbəy dağları kimi əzəmətli, vüqarlı və ucadırlar. Bəlkə də bu ucalığı, saflığı, əzəməti gözü götürməməkdən qaynaqlanır “Gədədən bəy olmaz” ifadəsi. Hər halda çox istərdim, bir gədəbəyli olaraq ki, bir çox rayonlarımızın adları dəyişdirildiyi kimi Gədəbəy rayonunun da adı dəyişdirilərək, “Qızıltorpaq” rayonu qoyulsun. Baxmayaraq ki, Gədəbəydə eyniadda kənd də var. Və sonda üzümü tuturam xırda hisslərlə yaşayan və danışdığı, söylədiyi sözün, ifadənin nələri ehtiva etdiyini anlayan və ya anlamayan kəslərə; “Gədədən bəy olmaz” deməklə, sadəcə siz özününzün əsl kimliyinizi bəlli edirsiniz...


Oxumağa davam et
Reklam
Reklam

Gündəm