Xalq artistindən şok etiraf: “Məni aldadıb videoya çəkdilər” – Video, Fotolar
Bizi izləyin

Digər

Xalq artistindən şok etiraf: “Məni aldadıb videoya çəkdilər” – Video, Fotolar

Xalq artistindən şok etiraf: “Məni aldadıb videoya çəkdilər” –Video, Fotolar

“Ulduzlu axşam”da Xalq artisti xanəndə Zabit Nəbizadədir. Onunla çalışdığı Asəf Zeynallı adına Musiqi Kollecində görüşdük. Elə tələbələrinin əhatəsində. Əvvəlcə kənarda oturub dərs prosesini izlədim. Mənə çox maraqlı idi hər zaman səhnədə gördüyüm bir xanəndənin tələbələri ilə münasibəti…

Zabit Nəbizadə tələbələri ilə çox sərbəst davranırdı. Bu da gənclərə öz səs və ifalarının sərbət şəkildə ortaya qoymalarına şərait yaradırdı. Dərs saatı bitdi, sözün açığı, zamanın necə keçdiyini heç duymadım da. Muğamın ali mərtəbələrinə qalxa-qalxa beynimdə nədən, necə başlayacağımı götür-qoy etdim. Söhbət əsnasında xanəndə bir çox məqamlara da aydınlıq gətirdi. Sən demə, onun sənət dostları arasında inciklik yaşadığı həmkarları da varmış.

“O mahnını istəsələr də, oxumaram”

Zabit müəllim, bu şou əhlinin qazancı toylardan çıxır, sizdə vəziyyət necədir?

Vaxt vardı, məndə təqvimdə boş yer yox idi, ayın 30 gününü Abşeron toylarına oxumağa gedirdim. Özünü öymək kimi çıxmasın, məni tanıyanlar bunu gözəl bilir. Amma indi dövr dəyişdi, toylara az-az gedirəm.

Bəlkə toy bazarınızı şou-biznes öldürdü?

Yox, inanmıram şou-biznesdəkilər Abşeron toylarına ayaq açsın. Bu, mümkün deyil.

Maraqlıdır, niyə?

Çünki şou-biznesdə olan müğənnilərin yarım saatı 3-5 min manatdır. Amma mən gedib bütün toyu oxuyuram, 3000 nədir, heç 1500 manat da vermirlər. Çünki camaatın elə imkanı yoxdur. İndi həm də vəziyyət dəyişib. Əvvəllər deyirdilər filan muğamı oxu, içində də filan qəzəl. Amma indi gəlib deyirlər, qardaş, bir az muğamı qısa elə, camaat qaçmasın. Belə şeyləri görəndə adam ruhdan düşür.

“Ay canı yanmış” istəyənlər də olur, yəqin?

Yox Abşeron toylarında heç vaxt “Ay canı yanmış” istəməzlər, heç istəsələr də, mən oxumaram.

Olubmu hansısa toyda nəsə sifariş edələr, amma oxumayasınız?

Olub. Məsələn məndən muğam istəyiblər, yorğun olduğumdan oxumamışam. Elə qoy açıq deyim, Nardaranda bir-iki dəfə Şur muğamı istəyiblər, demişəm qalsın başqa vaxta. Çünki əhvalım o əhval olmayıb.

“Elza Seyidcahanın xətrinə dəymədim, yoxsa…”

Vaxtilə Elza Seyidcahanla duet oxumusunuz, maraqlıdır, təklif ondan gəlmişdi, yoxsa?

Hə, çoxdan olub bu. “Sizə güvəndiyim dağlar” mahnısını birgə oxuduq. Amma mən əvvəlcə tərəddüd etdim, dedim ki, estrada janrına girişmək istəmirəm. Hətta mən Elza xanımı Alim Qasımovla tanış etdim və məsləhət gördüm ki, onunla oxusun. Amma Elza xanım əl çəkmədi, mənimlə oxumaq istəyini bildirdi. Xanım idi deyə xətrinə dəymək istəmədim, oxudum.

Estrada müğənnilərindən kimlərin ifasını bəyənirsiniz?

Röyanın oxumağını çox xoşlayıram. Səsinə düşən mahnıları oxuyur, nə oxuyursa da, tutur. Tünzalə Ağayevanın özünəməxsus ifası və gözəl səsi var. Bir-iki mahnısı var ki, çox sevirəm.

Hansı?

Vallah, indi yadıma sala bilmirəm.

“Məni aldadıb maşına mindirdilər”

Şou-biznesi kənardan izləyirsiniz, yəqin, nə xoşunuza gəlir, nəyi bəyənmirsiniz?

Reklam olunmaq naminə bir-birlərini qırırlar, bu yaxşı şey deyil.

Heç sizi reklam xatirinə qalmaqala çəkmək istəyənlər olubmu?

Bir dəfə televiziyadan gəldilər ki, eviniz plana düşüb, sökmək istəyirlər. Mən də qayıtdım ki, Bakının mərkəzində camaatın villalarını sökürlər, şəhərdən 20 kilometr kənarda bir qəsəbədə yerləşən evimin sökülməsi nə böyük hadisədir ki? Həm də axı heç bu söhbət doğru da deyildi. Dirəşdilər ki, yox , gedək, evi öz gözümüzlə görək. Məni məcbur dərsdən çıxarıb apardılar ki, evə baxsınlar. Mən də Asəf Zeynallı adına Kollecdə dərsdə idim. Yolda da maşının təkəri buraxdı, mən təkəri dəyişən vaxtı bunu çəkib efirə vermişdilər. Zəng elədim ki, ə, ayıb deyil sizə, mən boyda el ağsaqqalını niyə təkər dəyişən yerdə çəkib camaata göstərirsiniz. Dedilər ki, istəmirsiniz reklam olunasınız? Dedim ki, mənə belə reklam lazım deyil.

“Bu sözə görə, Aygün Bəylərlə on il küsülü qaldım”

Sənətçilər arasında küsülü olduğunuz həmkarlarınız var?

İndi yoxdur. Nə vaxtsa olmuşdu, amma günah məndə deyildi. Bəlkə də, məni orbitimdən çıxarmışdılar, mən də bir balaca siyasi səhvə yol vermişdim.

Nə məsələ idi ki?

Mənə şair Vüqar Əhməd zəng etdi ki, Aygün Bəylərlə efirə çıxıb duet oxuyacaqsan. Mən də etiraz etmədim, gedib oxudum. Üstündən xeyli vaxt keçmişdi. Qış idi, qar-boran, Şamaxıda toyda idim, Aygünün prodüseri rəhmətlik Bəylər zəng vurdu ki, bəs bir veriliş var, ikiniz oxumalısınız. Dedim səsim yorğun olacaq, ola bilsin alınmasın. Arxayın etdi ki, fonoqram oxuyacaqsınız. Səhəri gün verilişə gedəndə gördüm ki, Musiqili meydan verilişinə çağırıblarmış. Əsəbiləşdim ki, qardaş, bunu qabaqcadan deyərdiniz, mən də bir-iki tamaşaçı çağırardım, güldən-zaddan mənə verəydilər. Verilişdə iştirak etmədim, çıxıb getdim İsrailə konsertə. Sən demə, yerimə boş kürsü qoyublar. İsraildən qayıdanda mənə aeroportda dedilər ki, bəs verilişdə Aygün Bəylər papağını fırladıb belə deyib: “Bakıda bir başıpapaqlı tapılmadı ki, mənimlə rinqə çıxsın”. Səhəri gün məni Az.TV-yə çağırmışdılar, aparıcı bununla bağlı mənə sual verdi. Mən də özümə və xanıma layiq olmayan bir ifadə işlətdim. Bunu da Aygünə çatdırdılar, aramız dəydi, on ilə yaxın küsülü qaldıq.

“Buna görə, Canəli Əkbərovla aramızda narazılıq yarandı”

Sonradan barışmadınız bəs?

Xeyli vaxtdan sonra rəhmətlik qarmonçalan Ədalət Vəzirovun bacısının toyunda Aygün özü mənə salam verdi, barışdıq. Hansı ki, əvvəllər mən ona bir neçə dəfə salam vermişdim, o isə məni lağa qoyub gülmüşdü.

Xalq artisti Canəli Əkbərovla da, deyəsən, aranız dəymişdi?

Yox, münasibətimiz yaxşıdır.

Zabit müəllim, gizlətməyin, onsuz da Canəli müəllim özü mənə demişdi bunu…

Hə, inciklik olmuşdu aramızda. Əslində, mənim müəllimim Hacıbaba Hüseynov olub. O rəhmətə gedəndən sonra bizi Canəli müəllimə verdilər.

İndi siz onu özünüzə müəllim saymırsınız ki?

Allah eləməsin, mən kasetdən dinləyib öyrəndiyim sənətkarları da özümə müəllim sayıram.

Bəs incikliyin səbəbi nə idi onda?

Ola bilsin, mən haradasa demişəm Alim Qasımovun tələbəsiyəm, Canəli müəllimin adını çəkməmişəm. Buna görə də məndən inciyib.

“Məndə kasıb malıdır Mersedes”

Baxıram başınızda buxara papaq, əyninizdə kostyum… Həmişə belə geyinirsiniz?

Dərsə gələndə belə geyinirəm. Amma başqa vaxtlar cins şalvar da geyinirəm, cəmiyyət içərisində isə belə geyimdə çox görünmək istəmirəm. Oxuduğum musiqilərə, mənə olan hörmət-izzətə uyğun geyinirəm.

Avtomobillərə münasibətiniz necədir? Sənət adamları tez-tez avtomobil dəyişməyi çox xoşlayır…

Hər kəs istəyər bahalı maşın sürsün. Məndə kasıb malıdır Mersedes. Xarab olanda da ehtiyat hissələri asan tapılır.

Təsbeh çevirirsiniz, hobbinizdir?

Hə, xoşlayıram. Bunu oğlumun sinif yoldaşının atası Məkkədən gətirib. 1994-cü ildə Kərbəla ziyarətində olandan bu təsbehi alıb gətirmişəm. Elə o vaxtdan təsbeh çevirməyi xoşlayıram. Bir növ məşğuliyyət sayıram bunu. Gümüş təsbehim də vardı, qırıldı, evdə təsbehlərim çoxdur.

Cəvahir Səlimqızı

Foto:Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm