• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

  • Digər
  • 2 İyun 2014 20:20
  • 801 Baxış
“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

"Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Bu da müxtəlif sahələrdə olan əlaqələrimizə müsbət təsir göstərir. Bu yaxınlarda Bern şəhərində birgə iqtisadi komissiyanın iclası, İsveçrə-Azərbaycan biznes forumu keçirilib. Beləliklə, ölkələrimizin biznes qruplarının işbirliyi qurmaq üçün marağı vardır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra mətbuata bəyanatlarla çıxışında bildirib.

Dövlət başçısı deyib:

"Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməkdən şadam. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətləri gücləndirəcəkdir. Qeyd etmək istəyirəm ki, bu, İsveçrə Prezidentinin Azərbaycana son 6 ildə üçüncü rəsmi səfəridir. Mən də İsveçrəyə rəsmi səfər etmişəm. Bu da bizim əlaqələrimizin yüksək səviyyədə olmasını göstərir".

Azərbaycan Prezidenti vurğulayıb ki, iki ölkənin iqtisadi münasibətləri də uğurla inkişaf edir: "Əminəm ki, yaxın illərdə biz daha güclü tərəfdaşlıq quracağıq. Biz, həmçinin çox şadıq ki, İsveçrədən Azərbaycana və Azərbaycandan İsveçrəyə yatırılan investisiyalar əlaqələrimizi gücləndirir və bunlar bizim yüksək qiymətləndirdiyimiz iqtisadiyyat sahələrinə yatırılan sərmayələrdir. Beləliklə, İsveçrə sənayenin inkişafına, xüsusilə tikinti sektoruna sərmayə yatırır, Azərbaycan isə enerji sektoruna sərmayə qoyur. Əminəm ki, yaxın illərdə ölkələrimizə, ola bilsin regiona, yəni, üçüncü ölkələrə müştərək investisiyaların yatırılmasının əlavə formaları haqqında düşünə bilərik".

Prezident İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi münasibətlərin bir hissədir və bu sahədə iki ölkə çox yüksək səviyyədə əməkdaşlıq aparır: "Azərbaycan İsveçrənin enerji bazarında təmsil olunur, orada pay sahibidir. Qaz nəqli sahəsində son zamanlarda baş verən proseslər ikitərəfli münasibətlərimizi gücləndirəcəkdir. Bildiyiniz kimi, ötən ilin sonunda "Şahdəniz-2", o cümlədən Trans-Anadolu və Trans-Adriatik boru kəməri kimi nəhəng layihələrə imza atdıq. Bunlar birlikdə Avropada ən böyük infrastruktur layihəsidir. Bu da Azərbaycana öz enerji ehtiyatlarını müxtəlif bazarlarda tam realizə etmək imkanı verəcəkdir. Mən şadam ki, İsveçrə bizim tərəfdaşımızdır. Əlbəttə ki, gələcəkdə uzunmüddətli enerji tərəfdaşlığı bizim münasibətləri daha da gücləndirəcəkdir. Ona görə də ikitərəfli çərçivəyə gəldikdə, biz əməkdaşlığın hazırkı səviyyəsindən razıyıq və onu davam etdirəcəyik".

Dövlət başçısı bildirib ki, İsveçrə Prezidenti ilə regional təhlükəsizlik məsələlərini də müzakirə edib. Çünki İsveçrə ATƏT-in sədridir: "Sözsüz ki, müzakirəmizdə əsas diqqəti regional təhlükəsizlik üçün ən vacib olan məsələyə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdik. Mən danışıqların hazırkı vəziyyəti, perspektivləri və münaqişənin tarixi barədə cənab Prezidentə məlumat verdim. Dağlıq Qarabağ Azərbaycanın tarixi və ayrılmaz ərazisidir. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır və Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaqdır. Tarixi nöqteyi-nəzərdən Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub, hüquqi nöqteyi-nəzərdən bu, bizim ərazimizdir və BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İyirmi ildən artıqdır ki, işğal davam edir. Təkcə Dağlıq Qarabağ yox, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonumuz Ermənistanın işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal edilib və xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasətinin qurbanı olub. Bu sıraya 600-dən çox adamın, o cümlədən 100-dən artıq qadın, 60-dan çox uşağın ölümü ilə nəticələnən Xocalı soyqırımı da daxildir. Bu, Ermənistan dövləti tərəfindən törədilmiş hərbi cinayətdir".

Prezident İlham Əliyev xatırladıb ki, münaqişənin həll olunması ilə bağlı ATƏT qərar və qətnamələr qəbul edib. İki dəfə ATƏT işğal olunmuş ərazilərə faktaraşdırma və qiymətləndirmə missiyaları göndərib: "Hesabatda hər şey açıq-aydın göstərilib, hər bir şey məhv edilib, bizim tarixi binalarımız, məscidlərimiz, abidələrimiz, əcdadlarımızın məzarları, hər şey dağıdılıb. Ona görə də münaqişənin həllinə mümkün qədər tez nail olmaq lazımdır. Çünki bu, regional təhlükəsizlik üçün ən böyük təhlükədir. Bunu etmək üçün beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizik Şurasının qətnamələrinə, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına əməl olunmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və danışıqlar prosesinin süni yolla uzadılması siyasətini davam etdirir. Çünki onlar münaqişənin həllini, sülhü istəmirlər və vəziyyətin olduğu kimi qalmasını istəyirlər. ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrin prezidentlərinin dəfələrlə status-kvonun qəbuledilməz olduğunu bəyan etməsinə baxmayaraq, onlar status-kvonun saxlanılmasını istəyirlər".

Azərbaycan Prezidenti qeyd edib ki, status-kvonu dəyişmək üçün Ermənistan öz ordusunun geri çəkilməsi prosesinə başlamalıdır: "Ümid edirəm, beynəlxalq ictimaiyyət, ATƏT bu məsələdə daha fəal olacaq ki, beynəlxalq hüquq normaları və tarixi ədalət bərpa olunsun və Azərbaycan işğal altındakı ərazilər azad edildikdən sonra yenidənqurma işlərinə başlaya bilsin.

Cənab Prezident, bizə təşrif buyurduğunuz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Biz bu gün regional, münaqişələrin həlli məsələləri, ikitərəfli münasibətlər üzrə geniş müzakirələr apardıq. Əminəm ki, səfəriniz bizim gələcək münasibətlərə yaxşı töhfə verəcəkdir".

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR