Nisə Qasımova Zeynəb Xanlarova ilə bağlı gizlinləri açıb-tökdü – VİDEO, FOTOLAR
Bizi izləyin

Digər

Nisə Qasımova Zeynəb Xanlarova ilə bağlı gizlinləri açıb-tökdü – VİDEO, FOTOLAR

Nisə Qasımova Zeynəb Xanlarova ilə bağlı gizlinləri açıb-tökdü – VİDEO, FOTOLAR

Xalq artisti, sevilən sənətkarımız Nisə Qasımovanı “Uşaqlıqdan reportaj”a dəvət edəndə o qədər də sevinmədi. Hətta uşaqlıq illəri barədə danışmaqda o qədər də həvəsli olmadığını bildirdi. Hiss etdim ki, söhbətə xətrimə dəyməmək üçün razılıq verdi.

Səbəbini soruşunca, bunu keçmişə, uşaqlıq illərinə geri dönmək istəməməsi ilə izah etdi. Hətta açıq şəkildə və israrla bir söz dedi: "Bir də uşaqlıq illərimə geri dönmək istəməzdim, heç vaxt!" Bu israr məni daha da maraqlandırdı. Əcəba, Nisə xanımın uşaqlıq illəri ilə bağlı hansı acıları var ki, bu gün ömrün ən gözəl illərinə qaytımaq, o illəri vərəqləmək istəmir. Amma zamanın maşını geri dönsəydi, o maşına minib Nisə xanım keçmişə, uşaqlıq illərinə geri qayıdardı. Bir şərtlə, bir missiyasını yerinə yetirmək üçün. Bax onu qoyun sevilən sənətkarımız özü desin. Hə, lap yadımdan çıxmışdı, Nisə xanın bir dənə də olsun uşaqlıq fotosunun qalmadığını, hamısını cırıb tulladığını söylədi. Niyə, nə səbəbə? Sarı simə toxunub, sənətkarımızı incitməmək üçün çox dərinə getmədik.

“Ata-anamın müştərək adıNisə”

“Əvvəlcə adımdan başlamaq istəyirəm. Adımı atamla-anam müştərək qərar verərək qoyublar. Nisə mənim ana nənəmin adıdır. Bu dini bir addır. Hər kəs bilir ki, Nisə Qurani-Kərimdə dördüncü surədir. (Nədənsə, əksər uşaqlar balaca olanda adlarını bəyənmirlər. Sən demə, Nisə xanım da uşaq vaxtı adını bəyənməyib – C.S)

Nə gizlədim, uşaq vaxtı mən bu adı xoşlamırdım, amma sonralar tamamən fikrim dəyişdi. Başa düşdüm ki, Nisə gözəl və xanımlığa layiq bir addır. Bu ada hər zaman layiq olmaq lazımdır deyə özümə söz verdim. İndi adımı çox sevirəm və hər zaman çalışıam ki, gözəl adıma layiq olum”.

“Mənə “alman kuklası” deyə çağırırdılar”

“Uşaq vaxtı hər zaman xarici görünüşümlə diqqət çəkmişəm. Məni tanıyanlar da bunu bilir ki, mən azərbaycanlı qızlara heç bənzəmirdim. Sarışın saçlarım, mavi gözlərim hər kəsdə təəccüb doğururdu. Hətta o zamanlar yeni-yeni televiziyaya, səhnəyə çıxdığım zamanlarda da məni alman qızlarına bənzədirdilər. Təsəvvür edin, Bakının Dağlı məhəlləsindən keçəndə mənə hər kəs “alman kuklası” deyə müraciət edirdilər. Bir də görürdün məhəlləmizdən keçirəm, qadınlar mənə "ay “alman kuklası”, haradan gəlirsən" deyə soruşurdular. Hətta elə insanlar olurdu ki, mənə yaxınlaşıb hansı millətdən olduğuma dair sual da verirdilər. Təbii ki, məhəllədə yox, kənarda, məni tanımayan insanlar”.

“Şayiələr gəzirdi ki, Nisə Qasımovanın anası ya ukraynalıdır, ya alman”

“Əlbəttə, vizual görüntüm sarışın olduğundan alman kuklası deyə çağırılırdım. Baxmayaraq ki, o vaxtlar Azərbaycan gəncləri və digər nüfuzlu qəzetlərdə mənim haqqımda yetərincə məlumatlar yazılırdı. Yazırdılar ki, Bakının Dağlı məhəlləsində Nisə adlı bir gənc qız müğənni kimi fəaliyyət göstərir, atasının adı Fətulla, anasının adı Xalidədir. Buna baxmayaraq, şayiələr gəzirdi ki, Nisə Qasımovanın anası ya ukraynalıdır, ya alman qızıdır. Bir sözlə, bu qızın bir tərəfi əcnəbidir”.

“Sakit Nisə dərhal üsyankar Nisəyə çevrilirdi”

“Xaraktercə məni sakit qız kimi tanıyırdılar. Əslində, mən elə sakit idim. Amma bu sakitliyin arxasında bir çılğınlıq da gizlənmişdi. Bəzən elə məqamlar olurdu ki, hadisələrə çox çılğıncasına reaksiya verirdim. O zaman hər kəs mənim kimi sakit bir qızın belə çılğın olmasını görüncə çaşıb qalırdılar. Bunun da təbii ki, səbəbi vardı. Uşaq vaxtımdan mən haqsızlığı, ədalətsizliyi hec cürə qəbul edə bilmirdim. Haqsızlıq olan yerdə sakit Nisə dərhal üsyankar Nisəyə çevrilirdi”.

“Müəllimlər qəlbimi qıran kimi direktora şikayət edirdim”

“Orta məktəbdə oxuyarkən həssaslığımla, duyğusal olmağımla fərqlənirdim. Mənim xətrimə dəymək çox asan idi. Amma bununla barışmırdım. Təbii ki, məktəb illərində müəllim şagirdin qəlbinə dəyə, onu danlaya bilər. Amma mənim qəlbimi qıran kimi bunu üsyankar şəkildə hətta müdiriyyətə belə bildirirdim. Belə ərköyün olmağımın da səbəbi vardı. Mən orta məktəbdə özfəaliyyət dərnəyinə üzv idim və gözəl mahnılar oxuyub hər kəsi feyziyyab edirdim. Elə buna görə də ayağım yer almışdı və bu üstünlüyümdən sui-istifadə edirdim. Elə ki xətrimə dəyirdilər, dərhal deyirdim ki, məni bəyənirsinizsə, niyə xətrimə dəyirsiniz? Müdiriyyətin yanına da gedirdim, şikayətə, o da mənim başımı sığallayıb, arxayın edirdi ki, bir də bu hal baş verməyəcək.

Ərköyün idim və məni valideynlərim çox ərköyün böyütmüşdülər. Mənə güldən ağır söz deyən yox idi”.

“ Yaşıl yarpaqları qurudub kolleksiya yığırdım”

“Bilmirəm buna hobbi demək olar, ya yox, mən canlı yarpaqları yığıb qurutmağı çox sevirdim. Müxtəlif ağacların, güllərin yarpaqlarını yığıb, qurudub onları bir kolleksiya kimi saxlayırdım. Hətta indi də o kolleksiyamdan evdə bəzi yarpaqlar durur”. “Ümumiyyətlə, yarpaq obrazı mənim üçün hər zaman sirli bir aləm olub. Belə bir hekayə də eşitmişdim ki, xəstə bir qızın rəssam dostu olur. O bir ağac rəsmi çəkir və hər gün o ağacdan bir yarpaq düşür. Qız fikirləşir ki, əgər axırıncı yarpaq ağacdan düşməsə, deməli, o sağalacaq. Yəni ümid yarpağı idi o qız üçün həmin yarpaq. O qız həmin yarpağa görə yaşamaq eşqi qazanır və ölmür. Bu günə qədər o ümid yarpağı mənim üçün bir simvol olaraq qalır. Mənim üçün yarpaq bir rəmzdir və mənim üçün öz missiyası, öz mənası var”.

“Özümü Zeynəb Xanlarovaya oxşadırdım”

“Müğənniliyə ilk həvəsim olandan hamı kimi mən də özümü ona bənzədirdim. Bu da təbii idi. Bunu ilk dəfədir ki, sizə deyirəm. Yadımdadır ki, uşaq olanda mən hər zaman güzgü qarşısında xalq artisti Zeynəb Xanlarovanın musiqilərini oxuyub, özümü ona oxşadırdım. Yəni ifa və oxu tərzinə görə. Zeynəb xanımı uşaq vaxtı çox sevirdim, elə indi də onu çox sevirəm və o xanıma böyük hörmətim var”.

“Qız uşağının müğənni olmasına çox pis baxırdılar”

“Baxmayaraq ki, Dağlı məhəlləsində böyüyürdüm, amma atamın mənə heç bir qadağası yox idi. Hər kəs bilir ki, Dağlı məhəlləsində o vaxt qız uşaqlarına qarşı xüsusi mühafizəkarlıq vardı, qız uşağının müğənni olmasına çox pis baxırdılar. Mən isə ailənin ərköyün, sevilən övladı olduğum üçün bəxtigətirmişlərdən idim. Mənə qarşı təpki, qadağa, yasaqlar yox idi. Xüsusən də atam tərəfindən”.

“Gözəl qız idim, amma…”

“Gözəl qız idim, amma məktəb illərimdə sevgi-filan yaşamamışam. Ümumiyyətlə, bizim vaxtlarımızda belə şeylər qadağan idi. Onda hər kəs kitab oxuyar, kənar duyğulara yer ayırmazdı. Bu, aldığımız tərbiyə ilə bağlı idi. Bəlkə də, mühafizəkar yerdə doğulmağımla, bilmirəm. Hər halda, orta məktəb illərində sevgi yaşamamışam”.

“Atam bütün gəlinciklərimi sobada yandırdı”

“Yadımdadır ki, mən gəlincikləri çox sevirdim və orta məktəbə gedənə qədər xeyli gəlinciyim vardı. Hamısı da bir-birindən fərqlənirdi. Mənim işim-gücüm o gəlinciklərlə oynamaq idi. Hətta bu, orta məktəb illərində də davam etdi. Vaxtımı gəlinciklərə həsr etdiyimdən dərslərimi oxumağa tənbəllik edirdim. Bu isə atamın heç xoşuna gəlmirdi. Baxmayaraq ki, o, məni hədsiz dərəcədə sevirdi, amma bir gün çox əsəbiləşdi və mənim bütün gəlinciklərimi toplayıb yandırdı. O vaxt Dağlı məhəlləsində bizim bir divar sobamız vardı, o gəlinciklərin orda necə yanmasını görəndə atam özü də mənimlə bərabər çox pis oldu. Hərəkətindən peşman oldu. Qızının sevimli gəlinciklərini yandırmaq ona ürək ağrısı ilə başa gəldi. Amma elə düz elədi də”.

“Oğlanlarla futbol oynayırdım”

“Mənim uşaqlıqda futbola böyük həvəsim vardı. Bu da təsadüfi deyildi, bibim oğlu futolu çox sevirdi və futbolçu olmaq arzusunda idi. Uşaq vaxtı biz yaxın qohum uşaqları yığışıb futbol oynayardıq, həmişə də mən qapıçı olardım. Özləri məni qapıçı təyin edirdilər. Qapıçı kimi öz qaydalarım vardı. Məsələn, hansı oğlandan xoşum gəlirdisə, onun topunu qapıdan buraxırdım. Xoşuma gəlməyən bir oğlan olurdusa, özümü öldürürdüm ki, onun qapıdan top keçirməsinə imkan verməyim. Bax belə qəribə xüsusiyyətlərim vardı. Mən oğlansayağı idim və oğlanlarla futbol oynamağı xoşlayırdım. Bu isə anamı əsəbiləşdirirdi. Anam məni söyüş söyən oğlanların yanında görəndə danlayır və kötəkləyirdi”.

“Anam məni buna görə çox danlayırdı”

“Atam yox, anam məni tez-tez danlayırdı. Anam Dağlı məhəlləsində yaşadığımızın fərqində idi və hər zaman mənə məsləhətlər verirdi, danlayırdı ki, evə tez gəlim, axşam evə gec gəlmək olmaz və s. Anamın qorxusundan dərsdən çıxan kimi evə gəlirdim. Anam, ümumiyyətlə, ağırtəbiətli, ciddi qadın idi və hər hərəkətimə nəzarət edirdi. İndi hərdən oturub fikirləşirəm və keçmişi yadıma salıb deyirəm ki, elə yaxşı da edib məni danlayırdı. Çünki ana tərbiyəsi hər zaman öz sözünü deyir”.

“Bəzənib-düzənməyi xoşlamasaydım…”

“Bəzək-düzəyi çox xoşlayırdım uşaq vaxtı. Geyinib-kecinməyi sevirdim və özümə fikir verirdim. Dağlı məhəlləsində yaşadığımız üçün qonum-qonşu qınağı vardı. Məsələn, bizi evdə belə öyrətmişdilər ki, yolda oğlan-kişi görəndə üzünə gülmək, gözünün içinə baxmaq, qısa geyinmək qadağandır. Mən də bu qaydalara əməl edirdim, amma qəşəng geyinmək üçün əldən-ayaqdan gedirdim. Bu da içimdəki musiqiyə olan həvəslə bağlı idi. Yox, yox, sevgi məsələsi ilə bunun heç bir əlaqəsi yox idi. Mən müğənni olmaq istəyirdim və bilirdim ki, müğənni xanımlar gözəl libaslar geyinir, saç düzümləri edirlər. Bəzənib-düzənməyi xoşlamasaydım, heç indi müğənni olardım? (gülür) Anam-atam da mənim əvvəl gündən müğənni olmaq arzumdan xəbərdar idilər. Bilirdilər ki, musiqini dəhşət dərəcədə sevirəm”.

“Qəhvəyi rəngdə olan şal donum və qırmızı qalstuk”

“İndi sən soruşursan, hamısı bir-bir yadıma düşür. Yoxsa ki, belə məxsusi olaraq xatirimdə ilişib qalan xatirələr yoxdur. Olsa da, çox azdır. Orta məktəb illərində geyindiyim məktəbli paltarımı çox sevərdim. Onda bütün məktəblərdə birmənalı şəkildə hamı Rusiyadan gətirilən məktəbli paltarları geyinirdi – qəhvəyi rəngdə şal don, üstündən də ağ və qara fartuklar. Mənim üçün də məktəbli geyimini Moskvadan alıb gətirmişdilər. Hər həftənin sonunda o fartukumuzu, qollarımızın ağ rəngli manşetini yuyub, ütüləyər və həvəslə həftənin birinci günü – dərsə gedəcəyimiz vaxtı gözləyərdik. Qırmızı qalstukumuzu xüsusilə sevərdik”.

“Oğlanlar qızlarla xəbər yollayırdı ki…”

“Oğlanlarla ünsiyyət, sevgi-filan, bunlar mənlik deyildi. Söz yox ki, kimlərinsə xoşuna gəlirdim. Məsələn, bir də görürdün sinif yoldaşlarımdan kimsə xəbər gətirir ki, səni filankəs istəyir. Dərhal hücuma keçərdim və "qələt eləyir, mənə xəbər yollayır" deyib sözlərini ağızlarında qoyardım. Belə sərt xarakterli olduğumdan oğlanlar mənə yaxın düşə bilməzdilər. Ehtiyat edərdilər ürəklərini açmağa. Hər halda, indi oturub fikirləşirəm ki, görüm mənə sevgi etirafları edən oğlanlar olubmu? Heç cürə yadıma sala bilmirəm. Qorxusundan mənə yaxınlaşıb sevgi etirafları edən cəsarətli oğlan olmayıb. Bəlkə də, olub , yadıma sala bilmirəm”.

“Zaman maşını olsaydı, minib keçmişə qayıdardım və…”

“Qətiyyən uşaqlıq illərimə qaytımaq istəmirəm. Hec vaxt bu istəkdə ola bilmərəm. Əgər zaman maşını olsa və zamanı geri qaytmarmaq mümkün olsaydı, mən bir çox işləri görərdim, hansı ki onu zamanında edə bilməmişəm. Nədir onlar? Atamın, anamın, eləcə də özümün xətrimə dəyənləri, incidənləri boğardım və yenidən zaman maşınında da geriyə – indiki həyatıma qayıdardım. Bəlkə də, bu, sizə qəribə gələcək, amma mən bunu çox istərdim”.

Cəvahir Səlimqızı

Foto:Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm