Evakuatorların insanları soyaraq qazandığı milyonlar - Reportaj
Bizi izləyin

Digər

Evakuatorların insanları soyaraq qazandığı milyonlar - Reportaj

Məlum olduğuna görə, bir sıra Avropa ölkələrində nəinki evakuasiya xidməti, ümumiyyətlə, yol polisi yoxdur. Dövlətin polisi hər işə baxır, o cümlədən yolda hərəkətin təhlükəsizliyinə, qəzalara, filana.

nsanlardan yüz minlərlə manat pul qopardılır

Əgər bu sətirlərin müəllifi iki günün içində iki dəfə yox, bir dəfə bu cür qanunsuzluq və özbaşınalıqla üzləşsəydi, bu yazı yazılmayacaqdı. Ancaq iş elə gətirdi ki, Dövlət Yol Polisinin nəzdində fəaliyyət göstərən evakuasiya xidməti bu yazının müəllifinin avtomobilini ard-arda iki gün cərimə meydançasına apardı.

Bu cür hallar bir jurnalistin öz başına gələndə, prosesdə özü iştirak edəndə müvafiq material hazırlamaq daha asan olur. Sadəcə, gördüklərini, müşahidə etdiklərini yazırsan, kiminsə əlavə şahidlik etməsinə, ifadə verməsinə ehtiyac qalmır.

Birinci hadisə

Birinci dəfə avtomobilimi həftənin ikinci günü Bakı Dövlət Universiteti ilə Memarlıq və İnşaat Universitetinin arasındakı küçədən götürdülər. Bu, birtərəfli küçədir və mənim maşını saxladığım yerdə heç bir qadağan (dayanma, durma) işarəsi, yasaqlayıcı xətt yoxdur. Bundan başqa, orada sırayla 30-40 maşın dayanmışd və beş-altı dəqiqəlik işim olduğuna görə, belə bir iş baş verəcəyini təxmin etmədim. Maşından 15-20 metr aralıda söhbət edirdim. İki dəqiqə əvvəl saxladığım avtomobilin kiməsə maneçilik törədib-törətmədiyini yoxlamaq üçün dönüb baxmışdım. Bir də onu gördüm ki, şəxsi əmlakım artıq evakuator maşınının banında cərimə meydançasına aparılır.

Yol polisinin və evakuasiya işini həyata keçirən mülki geyimli şəxslərin çevikliyinə heyrət etməmək mümkün deyildi. Onlar o boyda maşını 15-20 metr geri tərəfimdən evakuator maşınına necə sürətlə və sinsiyə-sinsiyə yükləmişdilər, hələ də təsəvvür edə bilmirəm.

Qanun pozuntusu göz önündəydi. Yol polisləri səsgücləndirici vasitəsi ilə təxliyyə olunası maşının nömrəsini səsləndirməli, onun sahibini çağırmalı idilər. Əgər maşının sahibi gəlmirsə, o zaman onlar maşını cərimə meydançasına apara bilərlər. Sözü gedən halda isə səsgücləndirici ilə anons edən olmadı. Onlar adicə “bu maşın kimindir” desəydilər də eşidəcəkdim. Hətta təxliyyəçilər işlərini bu qədər gecə qaranlığında oğurluğa gedənlər kimi barmaqlarının ucunda görməsəydilər, xəfifcə bir səs-küy etsəydilər, yenə dönüb onları görəcəkdim.

Fəqət, bunların heç biri olmadı və bir də təsadüfən yola baxanda avtomobilimi yolun hərəkət istiqamətinin əksinə irəliləyən evakuator maşınının yük yerində gördüm. Artıq gec idi, cərimə meydançasına getməli oldum.

Taksi sürücüsünün hekayəti

Təcili olaraq cərimə meydançasına gedəcəyimizi dediyim taksi sürücüsü yaşlı adam idi və məsələni dərhal anladı, söhbətinə “deyəsən, maşınını aparıblar, bunlar da lap ağ eləyiblər” deyə başladı:

- Beş-on gün qabaq sənin kimi bir adamın maşınını da “ştrafnoy”a aparmışdılar. Onu da maşınının dalınca mən apardım. O, səndən də bərk əsəbiləşmişdi. Demə, kişinin azyaşlı övladını da maşının içində evakuatora yükləyiblər, uşaq da möhkəm qorxub. Kişi də qorxurdu ki, birdən uşaq qapını açıb özünü yerə atar, əzilər. Çatdıq, “ştrafnoy”da bir qırğın saldı ki. Qohumları da gəldilər. Maşını götürənləri öldürürdülər, polislər köməkləşib birtəhər əllərindən aldılar. Olmaz axı. Tamam qanunsuzluqdur. Hər şey ola bilərdi. Görürsən, maşında uşaq var, hara aparırsan...

Cərimə meydançasında

Avtomobilimi daşıyan evakuator maşını ilə məni aparan taksi Badamdardakı cərimə meydançasına eyni vaxtda çatdı.

Yastı-yapalaq, köhnə kolxoz kontoruna oxşayan tikilidə məni iki mundirli YPX işçisi və bir mülki şəxs qarşıladı. Daha bir mülki şəxs darvazanı açıb-bağlamaq işinə baxırdı.

Öncə maşınımı gətirənlərə iradımı bildirdim, “nə haqla maşınımı saxladığım yerdən götürmüsünüz” dedim. Çavuş rütbəli polis əməkdaşı utanıb-qızarmadan mənə “sənin maşınını biz gətirməmişik” dedi. Mən dedim: “Necə siz gətirməmisiniz ki, maşınım hələ də sənin oturduğun evakuatorun üstündədir”.

Onlar əlavə heç bir izahat vermədən, tez-tələsik maşını endirdilər və sürətlə sürərək cərimə meydançasını tərk etdilər.

Qəzavü-qədər minnəti

Kontordakı YPX işçiləri və mülki şəxs guya ki, mənə, peşəmə hörmət etdiklərini bildirdilər və 20 manat cərimə ödəyərək avtomobilimi götürə biləcəyimi söylədilər. “10 ildə bir dəfə olan işdir, eybi yox”, - deyə düşünərək cəriməni ödədim. YPX işçiləri hələ mənə minnət də qoydular: “Yerdə qalan cəriməni özümüz ödəyərik”. Başqa biri isə məsələyə qəzavü-qədər prizmasından yanaşdı: “Bəlkə də xeyir bundaymış, müəllim. Hərəkətdə olardın, nəsə bir şey baş verərdi”.

Cərimə meydançasının həyətində olarkən fikir verdim ki, hər iki dəqiqədən bir darvaza açılır, hansısa avtomobil yüklənmiş evakuator maşını daxil olur, yükünü boşaldıb gedir. Daha sonra maşının sahibi gəlir, cəriməsini nağd şəkildə ödəyir və maşınını götürür. Bu zaman nə bir qəbz yazılır, nə bir əlavə sənədləşmə aparılır. Hamı yalnız sancaqla bərkidilmiş protokollar qalağının üstündəki bir sənədə avtomobili təhvil almasına dair qrafaya qol çəkib çıxır.

Sağollaşıb çıxanda yol polisləri məni əmin etdilər ki, avtomobilimi bir daha buraya gətirməyəcəklər, dedilər, tapşırdıq, nömrəni verdik, dedik, bu, bizim maşındır, ona dəyməyin.

Yenə də o fikirdəydim ki, olan şeydir, onların da işi budur, ta bu məsələni açıb bükməyim. Amma ertəsi gün ikinci bənzər hadisə baş verdi.

İkinci olay

Bu dəfə avtomobilimi “28 May” metrostansiyasının üzbəüzündə, hər tərəfi dayanacaq olan meydanın ən künc yerlərindən birində saxlamışdım. Mənimkindən başqa bu ətrafda azı 150 avtomobil vardı. Yenə də maşını saxladığım yerdə qadağan işarələri, xətt-filan yox idi. Hətta həmin yer həyət sayıla biləcək, geniş yer idi, nə piyadaların gəliş-gedişinə, nə də avtomobillərin manevrinə mane olmurdu.

Almalı olduğum şeyləri alıb avtomobilimin yanına qayıdanda gendən gördüm ki, qara maşınım ağarıb. Yaxınlaşıb diqqət elədim ki, bu mənimki deyil, sadəcə, mənim avtomobilimi götürüb aparıblar və yerində başqa bir maşın dayanıb. Soruşdum, öyrəndim və maşınımın aparıldığı cərimə meydançasına getdim.

Yenə cərimə, yeni minnət

Bir kəmfürsət taksi sürücüsünün ən çoxu 40 qəpiklik benzin işlədəcəyi məsafəyə 5 manat tələb etməsinə də hiddətlənmədən, Qaqarin körpüsünün altındakı cərimə meydançasına getdim.

Burda da eyni vəziyyət idi. Darvazanın ağzında mülki geyimli cavan oğlan girib-çıxan maşınlara qapı açırdı, daha bir mülki geyimli gənc isə əlində dəftər daxil olan maşınların nömrəsini yazırdı.

Yenə kolxoz kontoruna oxşayan tikilidə bir neçə yol polisi və mülki geyimli şəxslə söhbətləşəsi oldum. Onlara da təxliyyənin qanunsuz həyata keçirildiyini söylədim. Onlar da əksini dedilər, masanın üzərindəki kitabdan sitatlar gətirdilər.

Axırda yenə nağd olaraq 20 manatımı aldılar, yenə minnət qoydular. Belə çıxdı ki, mən daha artıq cərimələnməliymişəm, cərimənin yerdə qalanını Elmir Hüseynov özü ödəyəcək.

Əcəb işdir. Vətəndaşın avtomobilini haradan gəldi, götür apar, cibindəki pulu son manatına qədər al, özünə də minnət qoy. Bu hansı dəftərə-kitaba sığa bilər?

Soyğun intervalı - 1 dəqiqə

Bu cərimə meydançasının Badamdardakı müvafiq qarətxanadan fərqi ondaydı ki, burada “klient”lər çox idi. Demək olar ki, hər dəqiqə meydançanın darvazası açılır, içəriyə yeni avtomobillər gətirilirdi. Onlardan dərhal sonra maşın sahibləri gəlir, bir neçə dəqiqənin içində pullarını verir, başlarını bulaya-bulaya, söylənə-söylənə gedirdilər.

Meydançaya gətirilmiş və gətirilən maşınların markası, vəziyyətləri də demək olar ki, eyni idi. Yalnız bir-iki bahalı maşın vardı. Qalanları 10-15 min manatlıq maşınlar idi. Sanki onları buraya seçib gətirmişdilər. Mən cərimə meydançasında apardığım ayırdetmə prosesi zamanı qarətxanaya 15 maşın gətirldi və təxminən 10 sürücü kontora baş çəkib nağd ödəniş etdi.

Təxliyə nə dərəcədə qanunidir?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bu yaxınlarda “Trend” agentliyinə təxliyyələr barədə danışaraq deyib ki, İnzibati Xətalar Məcəlləsinin 407-ci və “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər.

Onun dediyinə görə, yolayrıcından 5 m-dən az kənarda, piyada keçidlərinin üzərində və digər yerlərdə nəqliyyat vasitəsinin dayanma və durmasını qadağan edən hallar olduqda, sürücü həmin nəqliyyat vasitələrinin yanında olmayanda avtomobillər evakuatorlar vasitəsilə təxliyyə olunurlar".

Öz nümunəmdə deyə bilərəm ki, iş gerçəkdən də belədirsə, hər iki halda avtomobilimin təxliyyəsi qanunsuz olub. K.Əliyev də deyir ki, yollarda quraşdırılmış qadağan nişanlarının qüvvədə olduğu ərazi var: “Heç kəs yol nişanlarının qüvvədə olmadığı ərazidən avtomobili təxliyyə edə, götürüb "cərimə meydançası"na apara bilməz".

Amma onlar maşınımı aparmışdılar. Apardılar və bu yazının yazılmasına səbəb oldular.

Marka ayrı-seçkiliyi

Heç kəs demir və deyə bilməz ki, yol polisləri öz vəzifələrini icra etməsinlər, nəqliyyatın intensiv hərəkətinə mane olan, parkinq qaydalarını pozan avtomobilləri cərimə meydançasına aparmasınlar. Əksinə, onlar bu işi vicdanla, səylə yerinə yetirməlidirlər ki, şəhərdə hərkət etmək asan olsun.

Söhbət sui-istifadə hallarından, neqativ əməllərdən gedir. Hər gün bu soyğun aparatından keçən onlarla insanın şahidliyinə görə, evakuasiya işinə baxan DYP işçiləri bahalı maşınları, eləcə də tanıdıqları, vəzifəli şəxslərin avtomobillərini harada saxlamalarından asılı olmayaraq, heç vaxt cərimə meydançasına aparmırlar. Bu xüsusda onlar açıq-aşkar ayrı-seçkilik edirlər, gücləri vəzifəsiz, adamsız sürücülərə çatır, hər gün onları ovlayırlar.

İkincisi, araşdırınca bəlli olur ki, evakuasiya məmurları anons etmədən, sahibini arayıb-axtarmadan, sadəcə, avtomobilləri səssiz-səmirsiz oğurlayıb aparırlar.

Üçüncüsü, özüm də şahid olduğum kimi, cərimələnən sürücülərdən alınan pullar sənədləşdirilmir, nağd şəkildə cibdən-cibə keçirilir.

Maşınları yol kənarlarından, səkilərdən yığışdırıb aparanların məntiqinə görə, bu şəhərin heç bir yerində avtomobil saxlamaq olmaz, hər yer qadağandır. İstisna hal kimi parkinqləri nəzərdə tuturlar, amma onların avtomobil tutumu heç 10 min civarında deyil. Belə olan halda hər gün işə gedən yüz minlərlə insan öz avtomobilini harada saxlamalıdır ki, evakuatorlar gəlib onları aparmasınlar.

Belə çıxır ki, hər gün evakuatorların hesabına yüz minlərlə manat civarında pul toplanır. Yəqin ki, bu puldan dövlət büdcəsinə də keçirilir. Nəticədə minlərlə insan dövlətdən, onun bu sayaq qanun-qaydalarından, onlardakı boşluqlardan narazı qalır.

Bəs xaricdə necədir?

Məlum olduğuna görə, bir sıra Avropa ölkələrində nəinki evakuasiya xidməti, ümumiyyətlə, yol polisi yoxdur. Dövlətin polisi hər işə baxır, o cümlədən yolda hərəkətin təhlükəsizliyinə, qəzalara, filana.

Qaydaya uyğun olmayan parkinqlər zamanı isə əksər mədəni ölkələrdə avtomobili evakuator maşınının belinə şələləyib cərimə meydançasına aparmırlar, cəriməni yazıb avtomobilin ön şüşəsinə yapışdırırlar, sürücü də gedib bankda cəriməsini ödəyir.

Bu baxımdan bizim ölkəmizdə də bənzər standartlar tətbiq edilməlidir. Yalnız o hallarda evakuasiyaya ehtiyac var ki, sürücü avtomobilini yolun ortasında qaba şəkildə saxlayaraq yolu kəsib, yaxud elə daraldıb ki, tıxac əmələ gəlib. Yoxsa dalanlardan, həyətlərdən, enli səkilərdən avtomobilləri yığışdırıb aparmağın xalqın malının qəsdinə durmaqdan, soyğunçuluqdan başqa adı yoxdur. Müsavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm