KQB homoseksuallardan necə istifadə edirdi? - Gizli əməliyyat
Bizi izləyin

Digər

KQB homoseksuallardan necə istifadə edirdi? - Gizli əməliyyat

Soyuq müharibə dövründə dünyanın ən qorxunc təşkilatı - KQB gey və lezbiyanların xidmətindən geninə-boluna istifadə edirdi. Xüsu xidmət orqanlarına homoseksual agentlər vacib idi.

Soyuq müharibə dövründə dünyanın ən qorxunc təşkilatı KQB gey və lezbiyanların xidmətindən geninə-boluna istifadə edirdi. Xüsusi xidmət orqanlarına homoseksual agentlər vacib idi.

O vaxt SSRİ-nin cinayət məcəlləsində 121-ci maddə vardı. Uşaqbazlıq maddəsilə həbs olunanlar 5 ilədək həbs cəzası alırdı. KQB ilə əməkdaşlıq etməyə razı olanlar isə həm həbsdən yaxasını qurtarırdı, həm də istədiyi qədər homoseksual münasibətlərdə ola bilirdi. Belə qüdrətli himayəçi olan yerdə kim onlara toxuna bilərdi? Ancaq agenturaya hər geyi cəlb etmirdilər. Yaraşıqlı xarici görkəm və düşüncə qabiliyyəti başlıca şərt idi.

Gecə əyləncələri

Sovet İttifaqına gələn əcnəbi siyasətçilərin, jurnalistlərin, iş adamlarının arasında xeyli homoseksual olurdu. Onları hər zaman kameraya çəkmək olmur, həm də əcnəbilər sovetlər ölkəsinə gələrkən ehtiyatlı olmaları barədə instruktaj edilirdi.

KQB veteranı, yazıçı Mixail Lyubimov müsahibələrinin birində sovet gey-agenturasının iş metodları barədə danışmışdı: “KQB hətta xaricdə belə geylər üçün xüsusi əyləncə gecələri təşkil edirdi. Belə tədbirlərin keçirilməsi üçün xeyli pul ayrılırdı. Bəs necə, təsəvvür edin, Fransada əyləncə gecələrinin birində agenturamız Britaniya Hərbi Dəniz Qüvvələrinin zabiti Oskar Vasseli əməkdaşlığa cəlb edə bildilər. Əvvəlcə Vassel dirəniş göstərdi. Ancaq ona bizim gey agentimizlə yataq şəkillərini göstərdikdən sonra əməkdaşlığa razılıq verdi. Bilirdi ki, əks təqdirdə bu şəkillər onun komandanlığına, qohumlarına göndəriləcək. Bundan sonra Vassel düz 9 il KQB-yə çox qiymətli məlumatlar göndərdi”.

Digər KQB veteranı isə memuarlarında yazır ki, homoseksual kontakt üçün yalnız gey agenturadan istifadə edilmirdi. KQB məktəblərində gələcəyin kəşfiyyatçılarına öz bədənini idarə etməyi, seksual kontakta girməyi, izlənilən, maraq doğuran əcnəbiləri necə seks-tələyə salmağın yolları öyrədilirdi. Bu o demək deyildi ki, zabitlərdən öz seksual oriyentasiyasını dəyişmək tələb olunur. Sadəcə, real iş zamanı kəşfiyyatçı istənilən situasiyaya hazır olmalı idi. Lazım gəlsə, vətən üçün homoseksual kontakta da getmək olardı.

Leyborist əməliyyatı

Tom Drayberq Böyük Britaniya Parlamentinin leyboristlər partiyasının 1949-cu ildən 1974-ci ilədək üzvü, tanınmış jurnalist idi. Ölkəsində çox məşhur olan bu şəxsin “zəif damar”ı haqda ətraflı məlumatlar vardı. Qalırdı bircə onu “verbovka” etmək. 1956-cı ildə Drayberq növbəti dəfə Moskvaya simpoziuma gəlir. Axşam vaxtı şəhərə gəzməyə çıxan Tom “Metropol” mehmanxanasının arxasındakı küçədə gəzişir. Bu vaxt onun nəzərini küçədəki ictimai ayaqyolu cəlb edir. Ayaqyoluna girəndə Drayberq tualetdə sevişən mavi cütlükləri görür. Çox keçmədən ingilis yaraşıqlı bir mavi ilə tanış olur. Bir neçə gün dalbadal bu gənclə “unudulmaz gecə” keçirən Tom Britaniyaya qayıtdıqda sovet KQB-si tərəfindən şantaj olunur. Ona sevişdiyi gənclə yataq fotolarını göstərirlər. Beləliklə, Drayberq əməkdaşlıq etməyə razı olur. Ona “Lepaj” kod adı verilir.

Məhz bundan sonra Drayberq Britaniya Parlamentində atom silahının yayılmaması, ləğv edilməsi istiqaməntində çıxışlar edir. “Bütün dünyada sülhün qoruması” ideyasını dəstəkləyən ən fəal siyasətçilərdən olur. Əlbəttə ki, KQB-nin təlimatı ilə.

Abşeron mehmanxanasında kef məclisi

Əcnəbiləri homoseksual kontakt vasitəsilə əməkdaşlığa cəlb etmək əməliyyatları Bakıda da keçirilirdi. 80-ci illərdə Azərbaycan paytaxtına neft sahəsində ixtisaslaşmış xeyli əcnəbi mütəxəssis gəlirdi. Onlardan biri, amerikalı gənc alim kəşfiyyatçıların diqqətini cəlb etmişdi. Azərbaycan KQB-si amerikalını tovlamaq üçin “İrakli” kod adlı agenti təlimatlandırır. Bulvarda tanış olan cütlük “dincəlmək” üçün “Abşeron” mehmanxanasına gəlir. Burada “İrakli” amerikalını Şamaxı çaxırına qonaq edir. Yaxşıca şənlənirlər. Səhər tezdən ayılan amerikalı “İraklini” yatağında tapmır. Br az keçmiş KQB əməliyyatçıları nömrəyə daxil olur və onunla “söhbət” aparırlar. Amerikalıya yataq fotoşəkilləri, həmçinin video çəkiliş göstərilir. Razılaşmaqdan başqa əlacı olmayan amerikalı 90-cı illərin əvvəlləri, yəni SSRİ dağılanadək sovet kəşfiyyatı ilə əməkdaşlıq edir.

Mavi desant

KQB mavilərlə əməliyyatı təkcə SSRİ ərazisində keçirmirdi. Kubadan keçməklə Amerikaya yüzlərlə gey-agent göndərilirdi. Agentlər Amerikada “Venseromos” adlı sol təmayüllü təşkilat yaratmışdılar. Kuba prezidenti Fidel Kastro çıxışlarında daim “Venseromos” təşkilatını dəstəkləyir, onları Amerikada sülhün dayaqları adlandırırdı. Ancaq Sovet rəhbərliyi ilə şəxsi söhbətlərdə şikayətlənirdi ki, ABŞ-dakı solçu qrupların üzvlərinin əksəriyyəti ya narkomandı, ya mavi. Normal adam yoxdu. Fidel anlamamışdı ki, Amerika cəmiyyətini içəridən çürütmək istəyən KQB düşmən dövlət ərazisində mavilərin, lezbiyanların, narkomanların çoxalmasında maraqlıdır. Odur ki ABŞ-a göndərilən “mavi desant”ın ardı- arası kəsilmirdi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm