Xanış kişinin “qonaqlığı”
Bizi izləyin

Digər

Xanış kişinin “qonaqlığı”

Xanış kişinin “qonaqlığı”

Zaman ol zaman idi ki, indinin tanınmış, o vaxtınsa hələ tanınmağa macal tapmamış postmodernist şairi Yafəs Türksəslə ayağımıza dəmir çarıq geyib, əlimizə dəmir əsa alıb vətən torpağını qarış-qarış gəzirdik. Şair onda lopa bığ saxlayırdı, ayağına xrom “sapok”, əyninə qalife şalvar geyib, qaragülə papaq da qoysaydı, xalis aşıq idi.

Bilirəm, bu zarafatımdan inciməyəcək. Çünki mən şairi çox istəyirəm. Onun ətini yesəm də, sümüyünü atmaram. Üstümdə haqqı-sayı var. Bilir ki, mən çörək itirən adam deyiləm. Sözün birini qoyub, birini danışım. Sonra mətləb üstünə gələk.

Bir gün Vahid Poeziya Evində Yafəs Türksəslə rastlaşan tanış dostlardan biri onu tək görüb təəccüblənir. Soruşur ki, şair, bəs Kənan haralardadır? Şair gözünə döndüyüm də qayıdasan ki, onu süddən kəsmişəm. Bir dəfə də yenə eyni məkanda ustad Vaqif Nəsiblə rastlaşdım, məni görcək dedi ki, elmi rəhbərin hanı?

Beləcə, məni tək görəndə Yafəsi, Yafəsi tək görəndə məni soruşurdular. İndi şair hər gün efirdədir, məşhurlaşıb deyə, daha bizi saya almır. Ey gidi dünya…

Əlqərəz, söz vaxtına çəkər, ilin-günün elə bu vaxtıydı. İkimizi də Lənkərana, yaxın bir dostun toyuna dəvət etmişdilər. Məndə toya gedəsi hal nə gəzirdi? Şair bikeflədiyimi görüb əlini kürəyimə şappıldatdı:

- Ə, ölməmişəm ki! Yeyib içə-içə gedəcəyik, yeyib içə-içə də qayıdacağıq, üstəlik, nəmərimizi də yazdıracağıq.

Əlüstü anladım ki, şair artıq səfərlə bağlı mükəmməl bir plan hazırlayıb. Nə başınızı ağrıdım, elə axşam dəmiryol vağzalına gedib Bakı- Astara qatarına bilet aldıq. Toya isə hələ iki gün qalırdı. Bu iki gündə başımıza gələn hadisələri danışsam, onda gərək “Yağ kimi” kitabının ikinci cildini yazım. Təkcə onu deyim ki, bir gecə Zahir Əzəmətin Lənkəranın Yuxarı Nüvədi kəndindəki ata evində qaldıq. O gecə yaddan çıxası gecə deyildi. Dostumuz Volodyanın bizə pay verdiyi balığı tavada qızarıb yedik, böyründə də gavalı arağı. Səhər yuxudan oyanıb həyətə düşdük, yaşıllıq şehə bələnmişdi, o səhərin qoxusu hələ də burnumdadı. Biz yuyunmaq üçün həyətə çıxanda Aqşin Yeniseylə Firudin Allahverdi şehli çəmənlikdə uzanıb birgə yaradıcı iş haqda danışırdılar. Onlar da Bakıdan bura toyda iştirak etmək üçün gəlmişdilər.

Gənc dostlar burda qalsın, sizə kimdən deyim, rəhmətlik Xanış kişidən. Şairlə axşamdan qərara gəlmişdik ki, səhər yuxudan oyanan kimi yubanmadan Lerikə baş çəkib axşama toypulu düzəldək. Lerikə çatanda yağışa düşdük, hava da soyuq idi. Özümüzü yaxınlıqdakı yeməkxanaya saldıq ki, yağış kəsənəcən burda vaxt keçirək, həm də samovar çayı içib qızınaq. Üst-başımız palçığa bulaşmışdı. Buraların yolu daşlı-kəsəkli, eniş-yoxuş olduğundan minik vasitəsi kimi “Villis”dən istifadə edirdilər. “Villis” palçıqlı, daşlı-kəsəkli yollardan çətinlik çəkmədən keçir və yolçunu mənzil başına çatdırır. Elə bizi Lənkərandan gətirən “06” da rayonun mərkəzinə qədər gəlmədi, bizi Lerikin girəcəyində düşürüb geri qayıtdı. Xeyli yolu piyada gəldikdən sonra yolüstü rastımıza çıxan “Villis”lərdən biri bizi götürdü və gəlib indi oturduğumuz bu məkana çıxdıq. Çayçı yaşlı, üzü tüklü, qalınqaş bir kişiydi, çayı stəkanla verirdi. Samovar çayı əməlli-başlı yorğunluğumuzu çıxardı.

Kənar masalarda oturanlar bizim şəhər adamı olduğumuzu dərhal hiss etdilər, gözləri Yafəsin çantasına zilləndi. Soba dibində oturan ağsaqqal uzunboğaz çəkmələrini ayağından çıxarıb ayağını sobanın isti yerinə tuturdu. Kişi başından ayağınacan islanmışdı. İndi də anlaya bilmirəm ki, mən o vaxt o kişini niyə tanımadım. Yafəs onu görcək gülümsədi, mənə göz basıb “bunu tanıdın?” dedi, “Xanış kişidi”. Mən “ola bilməz” dedim. Sonra məlum oldu ki, şair yanılmayıbmış.

Şair Xanış kişiylə söhbətə elə ustalıqla körpü saldı ki, bir vaxt gördük ki, ağsaqqal bizim masada əyləşib bizimlə köhnə tanışı kimi şirin-şirin danışır. Çayxanadakılar susub çobanla şairin söhbətinə qulaq kəsilmişdilər. Arada mən də Xanış kişiyə suallar verirdim. Həmin söhbətin detallarını bloknotuma qeyd etmişdim. Bu yazını yazmaq fikrinə düşəndə həmin bloknotu çox axtardım, rastıma çıxmadı. Təəssüf ki, həmin söhbətdən yadımda çox az şeylər qalıb. Aradan on ilə yaxın vaxt keçib, çox şeyi xatırlamıram. Amma yadımdadır ki, Xanış kişi bizim Bakıdan gəldiyimizi biləndə “uzaq yol gəlmisiniz, bir tikə çörək yeyin” deyib bizə ağzımızı açmağa imkan vermədi və ofisiantı çağırıb dedi ki, bunlar çox hörmətli qonaqlardır, iki pors yaxşı piti gətirin. Yafəs də özünü saxlaya bilməyib “bir araq da olsa, yaxşı olar” dedi.

Yeriniz məlum, yaxşıca yeyib-içdik. Xanış kişi də məzəli əhvalatlar danışıb bizi xeyli güldürdü. Ağsaqqal danışır ki, bir gün hirslənib arvada “...tvoy mat!” dedim. O biri gün evə gələndə gördüm nə qabağıma çıxdı, nə çay gətirdi, nə yemək. Çağırdım ki, bəs nə məsələdi? Dedi utanmırsan, o nə söz idi mənə dedin? Dedim ay qız, xalxın arvadlarının ürəyi gedir o sözdən ötrü, kişi bir-iki gün söyməyəndə söyüşdən ötrü darıxırlar. Sən də belə şeydən ötrü məndən küsürsən?!

Sonralar bu əhvalatın başını böyüdüb çox yerdə danışdıq. Amma axırda görün nooldu. Ofisiant süfrəni yığışdıranda Xanış kişi ayağa qalxıb “siz dincəlin” dedi və heç kimlə xudahafizləşmədən çayxanadan çıxdı. Şair bir az narahat oldu. Niyəsini deyim. İki şairin cibində iki piti, bir arağın pulunu ödəməyə pul yox idi. Hələ axşama toy pulu dərdi çəkirdik. Şair də bayaqdan arın-arxayın yeyib-içir, fikirləşir ki, bəd ayaqda Xanış kişi burdadır. Biz yemək sifariş etməmişdik axı. Rəhmətliyin ağlına gəlməz ki, Bakıdan gələn jurnalistin cibində nahar etməyə pul olmaya bilər.

O yeməkxanadan hansı vəziyyətdə çıxdıq, bunu yazmayacam. Arxamızca deyinə-deyinə qaldılar. Amma onu da deyim ki, axşama toy pulunu düzəltdik, toyda iştirak edib nəmər yazdırdıq və elə gecəykən taksiylə Bakıya qayıtdıq.

Allah Xanış kişiyə rəhmət eləsin!..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm