• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gövhər Həsənzadə: “Ruhi xəstə idi, amma dəlicəsinə sevirdi”– FOTOLAR - VİDEO

  • Digər
  • 10 İyun 2014 11:49
  • 5 329 Baxış
Gövhər Həsənzadə: “Ruhi xəstə idi, amma dəlicəsinə sevirdi”– FOTOLAR - VİDEO

“Uşaqlıqdan reportaj”da həmsöhbətim tanınmış bəstəkar Gövhər Həsənzadədir. Hər kəlməbaşı özünü bir tərifləyirdi ki, gəl görəsən; ay belə qoçaq idim, fəal idim, gözəl idim, ay üstümdə dava düşürdü… İlk cümlədən məni maraq bürüdü, yəni qabaqcadan sevindim ki, jurnalistlərin təbirincə desəm, yazım quru alınmayacaq. Axı Gövhər xanımın, demək ki, uşaqlığı maraqlı keçib...

Rəis qızı...

“Uşaqlığım yaxşı keçib. Maddi cəhətdən korluq çəkməmişəm heç vaxt. Kasıb olmamışıq. Atam Bakı şəhər seysmoloji stansiyasının rəisidir, neçə illərdir orda çalışır. Anam da filoloqdur. Çox fəal qadın olub, uzun müddət “partkom” vəzifəsini icra edib. İki uşaq olmuşuq, məndən böyük bacım çox xanım-xatın qadındır, özü də həkimdir. Ailənin sevimli uşağı olmuşam”.

“Nəslimiz mənə görə narahatlıq yaşadı”

“Mənə nənəmin adını qoyublar – Gövhər. Bunun da faciəli bir tarixçəsi var. Nənəm anamı dünyaya gətirəndə dünyasını dəyişib, özü də 34 yaşında... Təsadüf elə gətirdi ki, mən də qızım Nilgünü 34 yaşımda dünyaya gətirdim. Ailəmizdə hər kəs həyəcan içində idi. Çünki belə deyirlər ki, kiminsə adını götürəndə onun bəxtini, həyatını da təkrarlayırsan. Buna görə də, bütün nəslimiz mənə görə narahatlıq yaşadı”.

“Çempion, rəssam, balerina”...

“Uşaqlıq həyatımdan çox razıyam. Bəri başdan deyim ki, çox fəal uşaq olmuşam. Evdəkiləri, demək olar ki, bu xasiyyətimlə bezdirmişəm. Hələ uğurlarım da olub e, idmançıydım axı. Dama və bədii gimnastika üzrə Bakı çempionu olmuşam. Yaxşı əl qabiliyyətim vardı, təsəvvür edin, 9 yaşımda rəsmlərimdən ibarət fərdi sərgim təşkil olunub. Səkkiz yaşımdan on bir yaşımadək baletlə məşğul olmuşam. Baletə getməyim ailəmi əməlli-başlı qəzəbləndirmişdi. Deyəndə ki, musiqi məktəbinə getmək istəyirəm, evdə hamı üzünü divara çevirirdi. Deyirdilər ki, sən bizi bezdirib, boğaza yığdın. Anam mənim qarşımda şərt kəsdi; imtahana gedirik, amma orda sənə desələr ki, musiqi duyumun yoxdur, özündən küs, bir də musiqi adı çəkməyəcəksən. Anama söz verdim ki, imtahandan əla qiymət alıb, musiqi məktəbinə qəbul olacağam. Belə də oldu”.

“Təsadüfən çardaqdan o şəkilləri tapıb çıxardım və...”

“Xobbim vardı, uşaqlıqda marka yığırdım, bir də o vaxt saqqızların içindən şəkillər çıxırdı, onları toplayırdım. O saqqızlar nəinki Bakıda, heç Moskvada da yox idi. Xaricdən gətirilirdi. “Zorro” deyilən saqqızlar vardı, “Zorro” filminin qəhrəmanının şərəfinə istehsal olunurdu o saqqızlar. Məndə də o saqqızlardan bir neçəsinin şəkilləri vardı. Özümlə götürüb forslanırdım uşaqların yanında. Hamımız bu saqqız kağızları ilə öyünürdük. Hətta o kağızları elə qoruyurduq ki, birdən əlimizdən alarlar. Təsəvvür edin, uşaqlar o şəkilləri baxmağa belə, ürək edib bir-birinə vermirdilər. O kağızlar indiyədək də durur. Bir il əvvəl təsadüfən çardaqdan o şəkilləri tapıb çıxardım və qızıma göstərdim. Amma qızım üçün onlar qətiyyən maraqlı gəlmədi. Hətta bu, mənim xətrimə də dəydi. O markalar, o şəkillər saralmışdı. Qızım dedi ki, ana, bu şəkillər artıq saralıb”.

“O qədər arıq idim ki, külək vursa, yıxılardım”

“Onu da deyim ki, qəribə qız olmuşam. Elə həm daxili, həm də xarici görünüşümə görə. Qara qız idim, gözlərim iri. İki ”keçi” bağlayırdılar saçımı, o vaxtlar belə saç yığmaq dəbdə idi. Daha doğrusu, məktəbli qızlar saçlarını belə yığırdılar. O qədər arıq idim ki, külək vursa, yıxılardım. Qollarım çöpə bənzəyirdi. Yeriyəndə də mədəmi qabağa verib addımlayırdım. Gimnasitika ilə məşğul olandan sonra belə yeriməyə başlamışdım. Anam hirslənirdi ki, mədəni qabağa vermə. Özü də boyca çox balaca idim, partada oturanda iki gözüm bərələ qalırdı”.

“Qorxudan tir-tir əsirəm ki, görən, anama nə deyəcək”

“Nə isə, anamla musiqi məktəbinə getdik. İmtahandan sonra əlimdən tutub soruşdular ki, bu, kimin qızıdır?Anam təəccübləndi ki, görəsən, nə baş verib. Mənim də saçlarım hərəsi bir tərəfdən çıxıb, antenn kimi, gözlərim bərəlir… Qorxudan tir-tir əsirəm ki, görən, anama nə deyəcək. Gözlədiyimin tam əksinə, müəllim məni təriflədi və anama dedi ki, bu qız istedadlıdır və mütləq bizim məktəbdə təhsil almalıdır. Anam da əlimdən tutub dedi: “Başımın bəlası, gəl gedək, bu, sənin axırıncı dayanacağındır, indən belə daha heç bir sənət arzulamayacaqsan”. O,bu – qaldım musiqidə və anamın dediyi kimi, daha özümə başqa sənət axtarmadım. Elə qismət deyilən də bu imiş, sən demə, musiqi mənim taleyimə yazılıbmış”.

“Oğlanfason qız olmuşam”

“Oğlanfason qız olmuşam, heç vaxt makiyajdan istifadə etməmişəm. Elə bu xasiyyət indi də məndə var. Çünki buna heç ehtiyacım da olmayıb. Uşaqlıqda çoxlu dostlarım olub. Onu da deyim ki, mən nümunəvi dost idim və mərdliyimə görə hamı məni çox istəyirdi. Uşaqları satım, kiməsə xəbərçilik edim – bunlar mənim xasiyyətimə yad idi. Üstəlik, vətənpərvər uşaq idim. Öldür, dərsdən qaçmazdım. Belə şeyləri özümə sığışdırmazdım”.

“Dediklərini əzbərləyib səhəri günü özünə qaytarırdım”

“Orta məktəbdə oxuyanda sən deyən çox kitab oxumazdım. Zehinli uşaq idim, dərsdə müəllimə qulaq asırdım, dediklərini əzbərləyib səhəri günü özünə qaytarırdım. Evə gələndə anam mənə deyirdi ki, ay qız, get, dərslərini oxu, sabah müəllimə səndən dərs soruşacaq. Deyirdim ki, ana, hər şeyi bilirəm”.

“40 gün ona yas saxladım”

“Acı xatirələrim də var. Hər halda, uşaqlıq həyatımdan baxanda bunu acı xatirə kimi yadımda saxlayıram. Mən bir quş saxlayırdım – sərçə. O sərçə bir gün öldü. Bu, mənim həyatımı, balaca dünyamı, demək olar ki, alt-üst etdi. O quşu aparıb basdırdım, ağladım, uzun müddət özümə gələ bilmədim. Mən o quşa insan kimi yas saxladım, özü də 40 gün. Hətta bu hadisəyə görə bir müddət heç kimlə danışmadım, ünsiyyət qurmadım”.

“Naz-qəmzə mənlik deyildi”

“Şıltaq, amma tərbiyəli uşaq olmuşam. Yox, oğlanların diqqət mərkəzində olmamışam. Məndə sevgi hisslərindən çox dostluq münasibətləri olub. Məsələn, oğlanlarla dostluq edirdim, onlar öz sirlərini gəlib mənimlə paylaşırdılar. Tutalım, kimi sevirdilərsə, kimdən xoşları gəlirdisə, mənə deyirdilər və mən onlara məsləhətlər verirdim. Eşq-romantika, incə duyğular, naz-qəmzə – bunlar mənlik deyildi. Utanmaq söhbəti-zadı yox idi məndə. Şükür Allaha, indiyədək də bu davam edir”.

“Sevgi məktubları gizlin-bucaqda olurdu”

“7 saylı orta məktəbi bitirmişəm. Onu da deyim ki, məktəbimizdə ciddi nəzarət vardı. Oxuduğum məktəbdə kapron corab, dikdaban ayaqqabı geyinmək qadağan idi, saçımıza güllü sancaqlar belə taxa bilməzdik. Sevgi məktubları olanda da gizlin-bucaqda olurdu. Birinci sinifdə Ağagül adlı bir sinif yoldaşım Yeni il bayramı münasibəti ilə mənə bir plitka şokolad hədiyyə etmişdi. Yadımdadır ki, bu nəinki sinifdə, hətta məktəbdə də sensasiyaya çevrilmişdi. Necə yəni, parta yoldaşı qıza hədiyyə edib. Qəribə bir xasiyyətim də vardı, qapalılıq. Bu qapalılıq indiyədək də davam edir. Sözün düzü, bu xasiyyətimə görə çox sıxıntı keçirmişəm”.

“Evimizə hər gün naməlum zənglər gəlməyə başladı”

“Yaşım artdıqca tamamən dəyişməyə başladım. Söhbət xarici görünüşümdən gedir. Necə deyərlər, qızlar bulağından su içəndən sonra, 15 yaşımda artıq başqa bir qız oldum. Asəf Zeynallı adına musiqi texnikumuna daxil olanda artıq orta məktəbdə oxuyan o arıq, cılız, gözləri bərələ uşaq deyildim. Qəşəng bir qız olmuşdum, ətrafımda heyranlarım var idi. Demək olar ki, evimizə hər gün naməlum zənglər gəlməyə başladı. Onda da şəhərin küçələrində çoxlu avtomat telefon köşkləri vardı və oğlanlar sevdikləri qızlara çox vaxt bu köşklərdən zəng edirdilər”.

“Sevgi məktubu və qapının ağzına qoyulan qızılgüllər...”

“Bunu da deyim ki, dalımca düşən, mənimlə tanış olmaq istəyən, bir sözlə, mənə vurulan oğlanlarla sərt davranmamışam. Dialoqa gedən adam olmuşam və heç vaxt heç bir oğlanın xətrinə dəyməmişəm. Bir oğlan mənə vurulmuşdu. Ruhi xəstə idi, yeniyetmə vaxtlarında bir qəza keçirmişdi, amma məni dəlicəsinə sevirdi. Həmin oğlan çox imkanlı ailənin övladı idi, xarici görünüşü gözəgəlimli idi. Oğlan, doğrudan da, mənə qəlbdən vurulmuşdu. Onda çox gənc idim və respublika sarayında rejissor işləyirdim. Çox romantik oğlan idi, yəqin ki, mənə olan sevgisi ona bu cür təsir edirdi. Yaşadığım evin qarşısına gəlir, saatlarla durub yolumu gözləyirdi. Həm də evimizin qabağındakı poçt qutusuna qızılgüllər qoyurdu. Bu hal iş yerimdə də təkrarlanırdı. Təsəvvür elə, gətirib iş siyirməmə qızılgüllər qoyurdu. Hətta mənə çox həyəcanlı bir sevgi məktubu da yazmışdı. Oğlanın valideynləri məni tanıyırdılar və bir gün anası xahiş etdi ki, oğlunun xətrinə dəyməyim. Xəstə olduğunu nəzərə alıb onunla çox ehtiyatla davranırdım.

Bu proses tam bir il davam elədi. O gün olmurdu ki, mən o oğlanı evimin, ya işimin qarşısında görməyim. Özü də qəribə oğlan idi, heç vaxt mənə söz deməzdi, elə gözləri ilə mənimlə danışırdı. Artıq buna alışmışdım da. Sonradan o harasa getdi. Demək olar, yoxa çıxdı”.

“Həyatımın ən xoşbəxt anını yadıma sala bilmirəm”

“Bir qəribə şey də var ki, indi məndən soruşsan ki, uşaqlığında ən xoşbəxt hadisə nə vaxt olub, nə olub, cavab verməyə çətinlik çəkərəm. Çünki nə qədər fikirləşsəm də, həyatımın ən xoşbəxt anını yadıma sala bilmirəm. Çox xoşbəxt olduğum vaxtlar yadıma gəlmir. Sevindiyim vaxtlar olub, amma ümumi götürəndə xoşbəxtlik səviyyəsinə çata bilməyib bu sevinc. Bəlkə də, bu mənim hislərimə bağlı olan şeydir”.

“Heç vaxt uşaqlığıma qayıtmaq istəmirəm”

“Yox, heç vaxt uşaqlığıma qayıtmaq istəmirəm. Qətiyyən. Bunun özəl səbəbləri var. Bu barədə heç danışmaq da istəmirəm. Deyim ki, xüsusi bir hadisə də olmayıb e. Sadəcə, çox həssas olmuşam, arzularımın arxasınca getmək üçün çox şey eləmişəm, buna görə də yenidən o əziyyətləri, həmin iztirabları, könül qırıqlıqlarını, həmin haqsızlıqları, ümidsizliyi yenidən yaşamaq və uşaqlığımı geri qaytarmaq istəməmişəm”.

“Məni yaman kövrəltdin”

“Çox dürüst uşaq olmuşam. Allahın altında mənimlə eyni məktəbdə oxuyan sinif, ya məktəb yoldaşlarımdan birini tapıb soruşaydın, inan ki, barəmdə yalnız xoş sözlər deyərdilər. Buna yüz faiz inanıram. Çünki fərqli uşaq olmuşam, dostluqda səmimi, mehriban, bir sözlə mənə başucalığı gətirən uşaqlıq yaşamışam. Amma məni yaman kövrəltdin haa”.

Cəvahir Səlimqızı

Foto:Elnur Muxtar

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR