Sərhədlərdə bitməyənlər...
Bizi izləyin

Digər

Sərhədlərdə bitməyənlər...

Sərhədlər

Sən bilirsən də, hər şey sərhədlərdən başlamaya da bilər. Məsələn, qarışıqlıq. Ölkənin göbəyindən başlayır, ya böyüyür, bütün ölkəni sarır, ya da yarıdaca dayanır. Dayandırırlar, fərqi yoxdu...

Sən bilirsən də, hər şey sərhədlərdə bitməyə də bilər. Məsələn, qarışıqlıq. Ölkənin bir ucundan başlayıb, qonşu dövlətlərə keçə bilər.

Amma sərhədlərdə mütləq tıxanma olur. Nəyəsə - elə tikanlı məftil olsun - dəyirsən, dayanırsan, əzilirsən, ağrıyırsan. Sürətin azalır...

Sərhədlər həmişə sənə bəlli olmaya da bilər. Amma sən irəliləyirsənsə, mütləq onlarla qarşılaşacaqsan...

Sər + hədd. Yəni baş hədd, əsas hədd. Onu keçmək məsləhət deyil. O biri tərəfdə qardaşın da ola blər, bacın da, sevgilin də. Amma keçmək üçün mütləq icazə almalısan. Təbii, qaçaqmalçı deyilsənsə...

Mənə heç vaxt əyani şəkildə sərhədləri göstərməyiblər, kitablardan oxumuşam, hansısa hissəsini təsadüfən həmin yola yaxın hissədən keçəndə görmüşəm, xəritədən öyrənmişəm. Fərqi yoxdu, bilmişəm...

Bilmirəm, bu yaxşıdı, ya pis, amma heç vaxt sərhədləri özüm üçün genişləndirmək fikrim olmayıb. Düşünmüşəm ki, başının üstündə səni yağışdan qoruyan tavan, dörd tərəfdən küləyin qarşısını alan divarlar varsa, kifayətdir. Əlbəttə, divarlar arasındakı məsafə azdırsa, hərəkət etmək imkanlarım məhdudlaşacaq. Amma eyni bir xörəklə uzun illər yaşaya bilirsə insan, deməli, ən pis halda, 3 metr eni, 3 metr uzunluğu olan koma da kifayətdir. Təxminən 3 dedim, 3 olmasın, 5 olsun. Adambaşı 5 metr...

Dünya sənin evindirsə, nə fərqi harada yaşayırsan. Bildiyin, tanıdığın qədər sənindir hər şey. Bu da sərhəddir. Ürəyin tutumunda, beynin həcmində. Onsuz da hər görmək istədiyin şəhər sənin üçün təxəyyül məhsulundan başqa bir şey deyil. Şəkillər, söhbətlər yalnız yön verə bilər, qalanını özün uydurursan...

Bəzən hər istədiyin şəhərə gedə bilmirsən. Motivlər fərqli ola bilər. Amma nəticə sənin imkanlarının sərhədindən o yanda olan məsələdir...

İmkanlarımın hüdudlarında gəzməkdən yoruldum. Mənə sərhədini göstər. Dayanmaq istəyirəm...

Mənə sərhədimi göstər. Ən yaxın məsafədəki ağaca söykənib, nəfəsimi dərmək istəyirəm...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm