Rus polisinin axtardığı canilər: “Yerini de, 3 milyon qazan”
Bizi izləyin

Digər

Rus polisinin axtardığı canilər: “Yerini de, 3 milyon qazan”

Rusiya polisi axtarışa verdiyi ən təhlükəli cinayətkarların siyahısını dərc edib.

Rusiya polisi axtarışa verdiyi ən təhlükəli cinayətkarların siyahısını dərc edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu cinayətkarlardan hər hansı biri ilə bağlı məlumat verən, onların zərərsizləşdirilməsinə kömək edən şəxsə böyük mükafat vəd olunub. Mükafatın məbləği 3 milyon rubldur (təxminən 67 min manat).

Siyahıda ilk yeri 1974-cü il təvəllüdlü Andrey Drünin tutur.”Drunya” ləqəbli bu cinayətkar Zabaykalye vilayətindəki bandalardan birinin başçısı olub. Drüninin adı 14 qətl, 4 sui-qəsd epizodlarında keçir. Həmçinin o, quldurluq və dələduzluq maddələri ilə ittiham olunur.

Siyahıda ikinci yeri tutan 1967-ci il təvəllüdlü Oleq Timoşenko Moldova vətəndaşıdır. Timoşenko Rusiya ərazisində qətl törətməkdə, banditizmdə şübhəli bilinir. Ukraynada isə onu dələduzluq faktı ilə bağlı axtarışa veriblər.

İlk “üçlüyü” 1987-ci il təvəllüdlü Semyon Yermolinski qapayır. Leninqrad vilayətində doğulmuş Yermolinski vəkil Fedoroviçin neonasist qruplaşmasının fəal üzvüdür. Qruplaşma insan oğurluğu ilə məşğul olub. Dəstə üzvləri arasında polis zabiti də varmış. Cinayətkarlar oğurladıqları girovları işgəncəyə məruz qoymaqla onların qohumlarından daha çox pul almağa nail olublar. Qurbanlar arasında bir ABŞ vətəndaşı da olub.

Konkret Yermolinskinin əməllərinə gəlincə, o, 13 qətldə şübhəli bilinir. Yermolinski həm idmançı, həm də istedadlı blogger kimi tanınır.

Siyahıda 4-cü yeri tutan Sergey Kuznetsov Kareliya sakinidir. Polis onun hansı səbəbdən axtarışa verildiyini açıqlamayıb.

1981-ci il doğumlu Dmitri Mamonov Murmansk polisi tərəfindən qonşusunu bıçaqla doğrayıb öldürdüyünə görə axtarışa verilib. Onun adı siyahıda 5-ci yerdədir.

Çelyabinsk polisi isə Andrey Samoylovu axtarır. Bu şəxs 1991-ci ildə Çelyabinskin Qaqarin küçəsindəki yaşayış evlərinin birində yaşayan ər-arvadı öldürüb. Üstəlik, onların üç qohumunu bıçaqla yaralayıb. Hadisədən sonra Samoylov uzun müddət gizlənib. 1995-ci ildə isə Surqutda peyda olub, bir nəfəri “TT” markalı tapançadan güllələyib. Tibbi ekspertiza qurbanın bədənində 9 güllə tapıb. Hələlik polisin axtarışları nəticəsiz qaldığından Samoylov siyahıdakı 6-cı yerin sahibidir.

Siyahıda 7-ci yerdə qərarlaşan Yuri Çekin 1990-cı illərdə Rusiya Maliyyə Nazirliyində yüksək post tutan məmurlardan olub. 1995-ci ildə Yekaterinburq prokurorluğu ona qarşı “vəzifədən sui-istifadə” maddəsi ilə cinayət işi qaldırıb. Bundan sonra Çekin prokurorun qətlini sifariş verib. Sui-qəsdi Viktor Zmanovski hazırlayıb, Rabadanov və Kozin adlı şəxslər isə həyata keçiriblər. Qətldən sonra, 2001-ci ildə Zmanovski, Rabadanov və Kozin həbs edilib. Sifarişçi Yuriy Çekin isə aradan çıxa bilib.

Astemir Berxamovun adı siyahıda 8-ci yerdədir. O, Baksansk Su Elektrik Stansiyasında diversiya törətməkdə, polis əməkdaşlarına çoxsaylı hücumlarda günahlandırılır. Ancaq onun həyatda olması ilə bağlı şübhələr var. Polis ehtimal edir ki, o, 2014-cü ildə, Baksankda keçirilən xüsusi əməliyyat zamanı öldürülüb. Hələlik, meyit tapılmadığından Berxamovun adı siyahıda qalmaqdadır.

Yük maşınının sürücüsü Valeri Andreyev siyahıda 9-cu yerdədir. Orenburq polisi Andreyevi çoxsaylı zorlamalarda və qətldə şübhəli bilir. İstintaq müəyyən edib ki, Andreyev yollarda sərnişin kimi maşına mindirdiyi qadınları meşəyə apararaq zorlayır, sonra öldürürmüş. Seksual manyakın adı, ən azı, beş epizodda keçir.

Siyahı quldurluq maddəsilə Moskvada axtarışa verilən Aleksandr Şarapovla yekunlaşır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm