Kiçik müstəntiq Rasim Qaraca
Bizi izləyin

Digər

Kiçik müstəntiq Rasim Qaraca

Kiçik müstəntiq Rasim Qaraca

Bizim rayonda Məşədi Bülbül vardı. Allah rəhmət eləsin. “Bülbül” təxəllüsünü ona İranda vermişdilər.

Bütün Şərq ölkələrində tanınmış bir adam idi. Hazırcavablığı və hikmətli sözləri ilə hamını valeh edirdi. Bir gün adını unutduğum ateist professorladan biri 50 ədəd kitabı yığır maşına, düz gedir İmişliyə – Məşədi Bülbülün yanına. Kitabları üst-üstə yığır Məşədinin qabağına və deyir:

- Məşədi Bülbül, mən bu kitablarla sübut eləmişəm ki, Allah yoxdur.

Məşədi Bülbül halını pozmadan cavab verir ki:

- Əgər sən Allahın yoxluğunu sübut eləmək üçün bütün həyatını bu işə həsr eləyib, 50 kitab yazmısansa, deməli, o var.

Alim kor-peşman geri qayıdır.

Bunu ona görə dedim ki, Rasim Qaraca 55 illik ömrünü ancaq Anarı tənqid eləməyə həsr etdi və axırda baxdı ki, heç özü yoxdur. Və nəhayət, gecikdiyi yerinə getdi – dükan açıb, başını saxlamağa getdi.

Anarı müdafiə-zad eləmək fikrində deyiləm, buna heç həvəsim də yoxdur. Məsələ budur ki, Rasimin həyat və yaradıcılığı ancaq Anarı tənqiddən ibarətdir. Harada olubsa, orada ayrıseçkilik salıb, tərəfkeşlik eləyib, adamları bir-birinə qarşı qoyub, fikirləri ilə razılaşmayanları “AYB-çi” adlandırıb, sonra da utanmaz-utanmaz adını demokrat qoyub!

Rasim Qaraca bir ömrü “yenilikçi” görünməkçün bütün mümkün pozalarda şəkil çəkdirməyə həsr elədi. Yenilikçi görünmək xətrinə hətta şeirlərini baş-ayaq da yazdı, anlaqsız da yazdı, köndələn də yazdı, amma şeir yaza bilmədi ki, bilmədi, “yenilikçi” kimi görünmədi ki, görünmədi. Məhz bu görünməzlik onu məhvərindən çıxarmağa başladı, incitdi, əsəbiləşdirdi, hikkələndirdi.

Sonra dərk elədi ki, atdığı boş güllərin hamısı boşa çıxıb. Və ətrafındakı adamlar ondan şeir, ədəbiyyat yox, oyun oynamağı öyrəniblər.

Rasim Qaraca – bu kiçik müstəntiq indi ədəbi aləmdən yoxa çıxıb. Yerinə adını yazanda da istedadsızlığı, primitivliyi o saniyə bilinən, ədəbiyyatdan başı çıxmayan, özü kimi şikəst düşüncəli uşaqları gətirib.

Bir sözlə, özünü Azad Yazarlar Ocağı adlandıran bu qurum uşaq-muşaqların əlində qalıb. Bu təşkilat adındakı “azad” sözünün əksinə gedərək, bir-birini izləmək, xəbərçilik, “bizdən olmayanlara ölüm” prinsiplərini əsas götürərək, dəyərli adamlara böhtan ata-ata heçə çevrildi.

Rasim Qaracanı istedadlı adamlara nifrət məhv elədi.

Rasim Qaraca həm də neçə-neçə gəncin beynini zəhərləyib, onları da sıradan çıxardı.

Bu gün Rasim Qaracanın ətrafındakılar kimdir? Yaşlı nəslin çoxu artıq bu təşkilatı tərk etmişlər. Bir qismi isə adını ev növbəsinə yazdırıb, nəticəni gözləməklə məşğuldur. Yerdə qalanlar isə AYB-yə üzv qəbul ola bilməyənlər və ya AYB-nin tör-töküntüləridir.

Dəqiq bilirəm ki, məkrli ürəkdən yaxşı şeir çıxa bilməz. Rasimdə heç yaxşı şeirin yeri də yoxdur. Onun içində deməyə söz də yoxdur, vallah. Yazdığı bir-iki dənə “bir” də Rasim Qaraca düşüncəsinin məhsulu deyil, çin, türk, yapon şeirinindir. Yalan deyirəmsə, bir il maaşsız işləyim.

Rasimin bütün “uğurlarının” səbəbi də məhz onun uğurlu istedadsızlığıdır. Bu balaca müstəntiq tamamilə özünə uyğun, özünəbab lap balaca müstəntiqlər də böyüdüb. Mən dəqiq bilirəm ki, ancaq istedadsız adamlar uzun müddət təşkilatçılıq məsələlərinə bu cür həvəsli olurlar.

İndi həqiqətlər üzə çıxır. Rasim Qaracalılar bu gün özlərini biabir etməkdədirlər. Deyir, nə tökərsən aşına, o çıxar qaşığına. Rasim Qaraca ədəbiyyata nə vermişdisə, indi də onu alır.

Allah səbr versin!

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm