• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycan banklarının gizlinləri: pulları kim sayır? - Araşdırma

  • Digər
  • 13 İyun 2014 15:40
  • 4 116 Baxış
Azərbaycan banklarının gizlinləri: pulları kim sayır? - Araşdırma

Artıq ölkədə böyükdən-kiçiyə hər kəs 2014-cü ilin kommersiya bankları üçün sınaq ili olduğunu bilir. İlin əvvəlindən istehlak kreditləri şərtlərinin ağırlaşdırılması, eləcə də avtomobil krediti verilişinin qeyri-rəsmi qadağan olunması ilə başlayan proseslə sonrakı mərhələdə istehlak kreditləşməsi sahəsində lider sayılan “Bank of Baku”, eləcə də 15-liyə daxil “Bank of Azerbaijan”da əldəyişməsi ilə bu bir daha təsdiqləndi. Qısası, məcmu kapitala qoyulan tələbin müddətini uzadan Mərkəzi Bank zarafat etmir. Xüsusilə, nəzərə alsaq ki, zərərlə işləyən bankların sayı 11-ə çatıb (halbuki ilin əvvəlində bu rəqəm 4 bank idi), qarşıda sürprizlər çoxdur. Sadəcə, bir məqam var, o da bank sektorunda problemin təkcə zərərlə, məcmu kapitalla bağlı olmamasıdır. Bəzi banklar qanunun tələblərinə belə cavab vermirlər. Bunun üçün səhmdarların nizamnamə kapitalındakı iştirak paylarına nəzər yetirmək kifayətdir.

Publika.az kommersiya hüquqi və fiziki şəxslərin səhmlərinin nizamnamə kapitalında iştirak payı ilə bağlı araşdırmasını təqdim edir.

İki bank QSC kimi gəaliyyət göstərir

Başlayaq, QSC kimi fəaliyyət göstərən banklardan. Hansı ki, qanunla bu qadağandır. Yəni “Banklar Haqqında” Azərbaycan Respublikası Qanununun bankların təşkili ilə bağlı 19 maddəsinin 19.1. bəndinə görə, “bank ən azı, üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti şəklində yaradılır”. Hazırda 2 bank QSC kimi fəaliyyət göstərir. Bunlar “AccessBank” və “Bank Standard”dır.

Xatırladaq ki, “AccessBank” əvvəllər “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” (AMMB) QSC kimi yaradılıb. Sonradan adı dəyişdirilsə də, QSC kimi saxlanılıb. Bankın səhmdar portfelinə gəlincə, kommersiya bankının altı səhmdarı var. Bunlar: Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniya Hökuməti nəzdində Alman İnkişaf Bankı KfW (20%), Access Microfinance Holdinqi (16.53%) və Bankın idarəedilməsinə görə cavabdeh olan LFS Financial Systems GmbH alman konsaltinq şirkətidir (3.47%).

Bildirdiyimiz kimi, “Bank Standard” da QSC-dir. Bankın səhmdarlarının nizamnamə kapitalında payından isə danışmağa dəyməz. "AB Standard" QSC 100% payla bankın səhmdarıdır. Məlumat üçün bildirək ki, “Bank Standard”ın rəsmi internet ünvanında "AB Standard" QSC bank, sığorta biznesində, tikinti, digər sahələrdə maraqları olan iri maliyyə-sənaye holdinqlərindən biri kimi göstərilir. Şirkətin prezidenti sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Oruc Heydərovdur. Sözümüz bunda deyil. Qanuna görə, bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya əlavə vəzifələr daşıya bilməzlər. Bundan başqa, qanunun bankın nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması ilə bağlı 22-ci maddəsinin 22.1. bəndinə görə, nizamnamə kapitalında mühüm iştirak payını nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankın həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payı qanunla müəyyən edilmiş qaydada əldə edə bilər.

Araşdırmalar göstərir ki, ölkədə barmaqla sayılacaq qədər bankda səhmdarların payı ilə bağlı xaos yoxdur. Məsələn, “Əmrah bank”da səhmdar payı fiziki şəxslər üzrə 51.00%, Beynəlxalq İnvestisiya Bankı 49.00%-dir. “Azərsun” Holdinqə yaxınlığı ilə tanınan “Azərbaycan Sənaye Bankı" ASC-nin səhmdarları “Anadolu İnvestment Kompani” MMC (94,2517 %), “Azərbaycan Sənaye Sığorta” ASC (5,1735 %), “Azərbaycan Sənaye Lizinq” MMC-dir ( 0,5748 %).

“Atabank”ın da səhmdarlarının payı diqqət çəkir. “AtaHolding” ASC bankda 76%, fiziki şəxslər 24% səhmə sahibdirlər. "Azər-Türk Bank"da səhmlərin 46%-i T.C.Ziraat Bankası A.Ş.-yə, 46%-i "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına, 4%-i Ziraat Bank İnternational AG-yə və 4%-i "Turanbank" ASC-yə məxsusdur. “Bank Respublika”nın səhmdar kapitalının tərkibi yerli səhmdarlar - 75,0%, DEG İnvestisiya Şirkəti - 16,7%, Sparkassen International Development Trust - 8,3% paya sahibdir. “Bank Technique” ASC-nin səhmdarları 2 hüquqi (“Beaford İnvestissements”, Löksemburq – 75% və “Kazimir Caspian Fund Limited”, Kayman, Böyük Britaniya - 10%) və 3 yerli fiziki şəxsdir (Əlihüseyn Əsgərov, Habil Cavadov və Kamran Axundov - 15%). Xatırladaq ki, ötən il “Texnika Bank” ASC iki əsas səhmdarını - “World Wines” MMC və Etibar Əliyevi (keçmiş Müşahidə Şurasının sədri) dəyişib. Onların 75% və 15% payı vardı.

“Bank VTB” ASC-nin törəmə bankı “Bank VTB”nin (Azərbaycan) səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Göründüyü kimi, cəmi 2 səhmdar. Səhmdar kapitalında Rusiya tərəfinin payı 51%, “AtaHoldinq”in payı isə 48.99%-dir. 0.01% faiz pay fiziki şəxslər arasında bölüşdürülüb. "Gəncəbank" Açıq Səhmdar Cəmiyyətinin səhmdar kapitalı - Novruzova Pərvanə Cəmil qızı - 76,80%, Həsənov Anar Bilal oğlu - 4,55%, Qurbanov Qənbər Şəmşir oğlu - 18,66%, Musayev Fuad Azad oğlu - 0,0075% payla təmsil olunur.

“MuğanBank” ASC-nin səhmdar kapitalı Elmir Mehtiyev - 63 50%, Maqbet Mehtiyev 13.10, Vəfa Vəliyeva 12.05, Fəridə Mehtiyeva 11.35 %-dir.

“NİKOIL BANK” ın səhmdar kapitalının tərkibi isə xüsusilə maraqlıdır. Belə ki, səhmdarlar arasında otellər kralı İsgəndər Xəlilov da var. Belə ki, bankda "ISR Holding" - 1.00 % paya sahibdir. "Topaz İnvestments" MMC - 56,38 %, "NİKOIL" QSC - 33,57%, MMC "Uralsib-İnvest" - 9,05% payla təmsil olunur.

Ölkənin ən iri banklarından sayılan "Xalq" Bank”da EuroStandard" MMC 62 174 345,20 (33,85 %),"İdeal Business Ko"MMC 91 846 590,00 (50,00 %),"Avanqard-1" MMC 29 672 244,80 (16,15 %) payla iştirak edir.

Banklar səhmdarlarının adlarını gizlədir

Ölkədə faəliyyət göztərən banklar arasında səhmdarlarının adlarını açıqlamayanlar da var. Onlar buna əsas kimi “Kommersiya sirri haqqında” Azərbaycan Respiblikasının qanununun 4.1.2-ci bəndini gətirirlər. Bildirirlər ki, belə məlumatlar kommersiya sirri hesab olunur və bankın səhmdarlarının tərkibi ancaq "Konfidensiallıq razılaşması" imzalandıqdan sonra açıqlana bilər. Lakin Qiymətli Kağızlar üzrə Dövlət Komissiyası tərəfindən təsdiqlənmiş 11 may 2012-ci il tarixli investisiya qiymətli kağızlar emissiyası qaydalarının 4.4.6-cı bəndinə görə, emissiya prospektində 10% və daha aksiyaya sahib şəxslər haqqında məlumat əksini tapmalıdır.

Səhmdarlarının kimliyini gizlədən bankların siyahısına gəlincə, bu sırada öndə “Qafqaz İnkişaf Bankı" ASC gəlir. Qurumun səhmdar kapitalında fiziki şəxslərin payı 99,85 %, hüquqi şəxslərin payı isə 0,15 %-dir. “Naxçıvanbank" ASC isə ümumiyyətlə, səhmdar kapitalı anlayışının nə olduğunu bilmir. Rəsmi internet ünvanında sadəcə, “Naxçıvanbank” ASC-nin səhmadar kapitalı yerli səhmdarlardan ibarətdir. Bankın Səhmdarları 3 nəfər fiziki şəxsdir” qeyd etməklə hər kəsi rəsmən yola verib. “Zaminbank ASC” də bu məsələdə “Naxçıvanbank”dan geridə qalmır. Səhmdarlarının payını açıqlamadan sadəcə adlarını göstərir. Qeyd edir ki, səhmdarları İsmayılov Nadir Əmir oğlu,İsmayılov Mahir Əmir oğlu, Mileşkina Yelizaveta Viktorovnadır. “Nurgün Qrup” MMM-nin təsisçi olduğu “NBCBank” nə az, nə çox 8 səhmdarını gizli saxlayır. Sadəcə, deyir ki, onlardan 6-sı fiziki, 2-si hüquqi şəxsdir.

“Bank of Baku” müəmması

Əldəyişən banklarda da bu sahədə qeyri-müəyyən vəziyyətdir. Konkretləşdirsək, əvvəllər “Bank of Baku” nun səhmdar kapitalında 40 faiz payla “NAB Holdinq” şirkəti, 28,89 faiz payla “Azpetrol” neft şirkəti, 11,22 faiz payla Rafiq Əliyev, 10 faiz payla Bankın Müşahidə Şurasınn sədri Elçin Isayev və 9, 89 faiz payla “AZİNVEST” MMC təmsil olunurdu. Bankın rəhbərliyinin dəyişməsindən sonra tərkib məlum deyil. Onu da qeyd edək ki, “NAB Holding”ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh Oromi tərəfindən nəzarət edilir. “Azpertol” şirkətinin son səhmdarı isə Məmmədov İbrahim göstərilib. “Azinvest” MMC-nin isə rəhbəri sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyevdir.

“Bank of Azerbaijan” da vəziyyət fərqli deyil. Əvvəllər bankın səhmlərinin böyük hissəsi “Bağlan Group”un rəhbəri "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsus idi. Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%), Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%), Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%), NEM Holdinq 335.000 AZN(0.67%) paya sahib idi. Onların səhmdarlar arasında qalıb qalmadığını bir Mərkəzi Bank bilir, bir də özləri.

Davamı olacaq.

Leyla Əliyeva

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR