• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

100 dollarla dünyanı dəyişən adamın təlimi SSRİ-də niyə qadağan edilmişdi? – VİDEO

  • Digər
  • 14 İyun 2014 11:36
  • 9 757 Baxış
100 dollarla dünyanı dəyişən adamın təlimi SSRİ-də niyə qadağan edilmişdi? – VİDEO

Kunq-Fu özünümüdafiə sənəti üzrə idman ustası Brüs Li 1940-cı il, noyabrın 27-də San-Fransiskoda (ABŞ) anadan olub. Əsl adı Brüs Li Can Fan Kantocadır.

Atası Li Hoy Çuen çinli, anası Qreys Li yarıçinli, yarıavropalıdır.

Publika.Az “II taym” layihəsi çərçivəsində bu dəfə yeni müdafiə sənəti yaratmaqla öz ustalığından söz etdirən idman və kino ulduzu Brüs Li haqqında məlumat verəcək.

ABŞ-da dünyaya gələn çinli

Valideynlərinin hər ikisi aktyor olub. Komediya ustası olan atası həmçinin rütbəli əsgər idi. Li doğularkən onlar festivalda iştirak etmək üçün ABŞ-da idilər.

Brüs Li, Çin təqviminə görə, “Əjdaha ili və saatında” dünyaya gəlib.

Kunq-Fu ustası ilə tanışlığı

Brüs Linin sağ ayağı anadangəlmə qısa idi. O, yaşa dolduqca bu problem daha qabarıq nəzərə çarpırdı.

Li 6 yaşından başlayaraq sərt xarakterini bəlli etməyə başlayır. Övladlarının Kunq-Fu döyüş növünə olan istəyini görən ailəsi bu məşğuliyyətin həm də onun ayağındakı qüsuru aradan qaldıracağına ümid edir.

Li on üç yaşında atasından Tay Çi döyüş dərsləri almağa başlayır. Küçə davalarından birində döyüləndən sonra bu idman növüylə ciddi maraqlanmağa başlayır və böyük ustad İp Manla tanış olur. Ailəsi onu Kunq-fu sənətini öyrənməsi üçün bu məşhur idman ustasının məktəbinə yazdırır. Brüs Li burada Ving Çun müdafiə sistemi üzrə təlim keçir.

Ən yaxşı tələbə

İp Man tələbəsinin bacarığını kəşf edir, ona Kunq-Funun ən incə detallarını öyrədir. Li böyük ustanın ən yaxşı tələbəsinə çevrilir. Manın Çindəki ləqəbi “Böyük Əjdaha” idi. O, Brüs Liyə “Kiçik Əjdaha” ləqəbini verir.

Küçə davaları

Li zaman keçdikcə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. Bununla da onun qatıldığı döyüşlərinin sayı artmağa başlayır. Honkonqda təşkil edilən boks çempionatlarında üç dəfə çempion olan Çemsi məğlub edir və boks çempionu adını qazanır. Bununla belə, Linin adı hələ də küçə davalarında çəkilirdi. Həmin il Li Honq Konqda təşkil olunmuş "Çaça" rəqsi üzrə keçirilən yarışda qalib gəlib.

Atası onun ailəyə ləkə gətirməsini istəmirdi

Küçə davaları səbəbindən litseyi atmalı olur. Atası Linin hərəkətləri ilə ailəyə ləkə gətirməsini istəmirdi. Bir döyüşdə rəqibinin qolunu və ayağını qırdıqdan sonra onu ABŞ-a göndərməyi qərara alır.

Amerika günləri

Linin ABŞ-a gedərkən yanında apardığı tək şey 100 dollar və Kunq Fu təlimi idi.
Amerikaya gəldiyi ilk günlərdə Sietl şəhərində ofisiantlıq edir, restoranın çardağında yaşayır. Həmçinin də təhsilini davam etdirir. Orada litseyi bitirib Vaşinqton Universitetinə daxil olur. Universitetdə oxuyarkən gecələr restoranda işləyir. Bir neçə ay sonra bu həyat tərzinin ona görə olmadığını görüb, işdən ayrılaraq kunq fu dərsləri deməyə başlayır. Li 22 yaşındaykən "Chinese Kung Fu" (özünü qoruma Fəlsəfi Sənəti) adlı kitabını dərc etdirir. Burada amerikalılara Çin mədəniyyətinin zənginliyini izah etmək üçün çinlilərdən başqa kiməsə öyrədilməsi qadağan olan Kunq Fu dərslərini verməyə başlayır. Bu məqsədlə yığdığı pulla mənzil kirayə götrür. Öz məktəbini açır. Məktəbinin adı “Jun Fen Kunq Fu School” idi. Yavaş-yavaş şagird toplamağa başlayır. Bir tərəfdən də universitet təhsilinə davam edirdi. Fəlsəfə üzrə diplom müdafiə edir. Li daha sonra Oaklandda ikinci məktəbini açır, burada geniş kütləyə, amerikalılara yad olan bu sənətin nə qədər geniş məzmunlu və dərin fəlsəfəyə sahib olduğunu isbat edir.

Amerika vətəndaşı olan Linda Emeri ilə ailə qurub. 1965-ci ildə oğulu Brandon Li dünyaya gəlib. Bir neçə il sonra qızı Şannon doğulub.


Çinlilər Liyə qarşı

Amerikalılar Kunq Fuyla ilk dəfə Brüs vasitəsi ilə tanış olublar. Tez zamanda məşhurlaşan Kunq Funun inkişafından digər boks və taekvando məktəbləri narahat idilər. Şagirdlərin problem çıxarmasından sonra Brüs bu məktəblərin müəllimləri ilə görüşlər keçirib. Keçirdiyi yarışların heç birində məğlub olmayıb. Artıq döyüş sisteminə yeni elementlər əlavə etməsi lazım olduğuna qərar verdi. Qazandığı qələbələr ona daha da məşhurluq gətirirdi. Digər məktəblərdən olan tələbələr də Brüsün yanına gəlirdilər. Artıq Brüs 3-cü məktəbini da açmışdı. Çinlilər kunq funun başqalarına öyrədilməsinə qarşı idi. Buna görə Brüs Linin amerikanlara Kunq Fu təlimi keçməsinə də qarşı çıxırdılar. Çinlilər az danışır, bildiklərini başqalarına söyləmirdilər. Onlardan fərqli olaraq, Li kunq fu kitabı belə yazmışdı.

Nəhayət, Lini alçaltmaq üçün Çindən seçdikləri döyüşçünü onun qarşısına çıxardırlar.
O, B. Linin qarşısına belə şərt qoyub:

“Sənin burada başqalarına kunq fu öyrətməyini istəmirik. Səninlə döyüşəcəm. Əgər sən qalib gəlsən dərslərinə davam edəcəksən, əks halda, bu məktəb bağlanacaq”.

Brüs rəqibini 3 dəqiqə ərzində məğlub edir: "Kimə istəsəm, ona da öyrədərəm! Necə yəni? Yalnız çinlilərdəmi iradə və qabiliyyət var, digər cəmiyyətlərdə heç bir şey yoxdurmu?”- deyə cavab verib.


Döyüş sənətinə gətirdiyi yeniliklər

Brüs Li Kunq fuda Sisuk 3-cü Grand dövüşçü idi (xəyali yüksək dərəcə). Amma onun fikrincə, bu idman növündə bir çox lazımsız, qarışıq hərəkətlər var idi. Xüsusilə dini elementlər döyüş sənətində lazımsız hərəkətlər meydana gətirirdi. Bu tip hərəkətlərin küçədə heç bir işə yaramadığını iddia edirdi. Artıq yeni bir tərz üzərində dayanmışdı. Tez-tez boks məşqləri edirdi. O, bunun üçün xüsusi müəllimlər tutmuşdu. Taekvandonun atası kimi tanınan Con Rhi B.Liyə taekvandonun, məşhur idmançı Li Jan Jae isə aikidonun bəzi fəndlərini öyrətmişdi. Li Jan Jae ən yüksək dərəcəyə - “Judo Grand Master”a malikdir. Adıçəkilən müəllimlərin heç biri: "Biz ona bunları öyrətdik, biz ondan yaxşıyıq" demədilər. Çünki Brüs Li də onlara böyük usta İp Mandan öyrəndiyi Vinq Çun Kunq Funu başa salmışdı.

Həftədə 6 gün məşq

Brüs Li öyrəndikləri ilə kifayətlənməyib, başqa əlavə idman növlərində də ustalıq səviyəsinə yüksəlmişdi. ABŞ-a getdiyi gündən 8 saat olmaqla, həftədə 6 gün məşq edirdi.

1964-cü ildə təşkil edilən Ed Parker turnirinə şərəf qonağı olaraq çağırılmışdı. Bu turnirdə bütün istedadlarını göstərib, bütün diqqətlər onun üzərində cəmlənib. Çünki onlar əvvəlcə belə bir şeylə qarşılaşmamışdılar. Başda məşhur karate ustadı Ed Parker olmaqla, hər kəs Linin bacarıqlarından təsirlənib.
"Fury İn Red" adlı sənədli filmdə usta karateçi Ed Parkerin oğlu: "Atam deyirdi ki, Brüs həyatımda gördüyüm ən sürətli və ən güclü döyüşçü olub”.

Bu turnir prodüserlər və rejissorların gözlərini qamaşdırmışdı. Ona serial, film təklif edirlər.Bu təklifləri dəyərləndirir, müxtəlif filmlərə çəkilməyə başlayır. Filmlərə çəkilərkən də idmanı heç vaxt atmayıb. Həmçinin filmlərə çəkilərkən bir çox məşhura bu idman növünün sirlərini öyrədib. Bunlar içərisində karate üzrə 7 qat dünya çempionu Çak Norris də var.

Ölümünün səbəbləri

Amerikan filmlərində baş rol oynamağı çox arzulayan, lakin bunu bacara bilməyən Li, dördüncü filmini çəkərkən amerikalı prodüserlərdən baş rol oynayacağı bir film təklifi alıb. Buna görə sənətçi "Ölüm Oyunu" filmini yarıda qoyaraq, Çin - ABŞ ortaq istehsalı olan "Əjdahaya Giriş" filminə çəkilib. Li "Ölüm Oyunu" adlı filmini tamamlamadan vəfat edib.


20 iyul 1973-cü ildə Brüs Linin ölümü müəmmalı olaraq qalıb. Çünki onun fiziki sağlamlığının çox yaxşı olduğu deyilirdi. Brüs Linin öləcəyi heç kimin ağlına belə gəlmirdi. Belə ki, Bettində baş rolda oynayacağı "Ölüm oyunu" adlı filmi bitirirdilər. Raymond günortadan sonra axşam yenidən görüşmək arzusu ilə ondan ayrılır. Kəskin başağrısından şikayət edən Brüsə Betti hər vaxt özünün də istifadə etdiyi bir aspirin qarışığı olan “Equogesic” verib. Ondan sonra Brüs uzanmaq üçün yataq otağına gedib. Raymond axşam nə üçün gəlmədiyini öyrənmək üçün onu axtarır, evinə gedib Brüsü qaldırmağa çalışır, amma mümkün olmur. Onu qurtarmaq üçün etdiyi bir neçə uğursuz cəhddən sonra təcili yardım çağırır.


“Kiçik əjdaha” Brüs xəstəxanaya gedəndə artıq gec idi. Çünki onun beyin ölümü gerçəkləşmişdi. Təcili yardımda ürək və tənəffüsə müdaxilə edildi. Amma həyat əlaməti yox idi. Brüsün necə öldüyü, əslində, müzakirə mövzusu olub.Onun ölümünün beynindəki şişdən ola biləcəyi deyilib.
Linin dəfn mərasimində insanlar küçələrə çıxıb, son səfərində onu tək buraxmayıblar. Kütləni dayandırmaq üçün polis barrikadalar belə qurulub.

Onun oğlu Brendon Li 31 mart 1993-cü ildə Amerikanın Şimali Karolina əyalətində "Qarğa" adlı filmin çəkilişləri zamanı faciəli şəkildə dünyasını dəyişib.

Brendon Li də atasının yanında, Amerikanın Sietl ştatındakı Lake Viv qəbiristanlığında dəfn olunub. Hər gün onların məzarlarını dünyanın dörd bir tərəfindən gələn insanlar ziyarət edirlər.


Sovet İttifaqında qadağa

Brus Linin filmlərindən sonra Sovet İttifaqında gizli klublarda Şərq döyüş növləri geniş yayılmışdı. Kunq funun o dövrdə SSRİ-də yayılması qadağan edilmişdi. Bu səbəbdən də bu cür döyüşlər gizli şəkildə, klublarda keçirilirdi.

Aygün İlqarqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR