Digər
Mehriban Əliyeva xərçəng xəstəsi uşaqların assosiasiyasında
Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri
çərçivəsində iyunun 15-də Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların
Dostluq Assosiasiyası ilə tanış olub.
Birinci xanım əvvəlcə burada müalicə olunan uşaqlar və onların
valideynləri ilə görüşüb.
“ELPİDA” Dostluq Assosiasiyası 1990-cı ildə yaradılıb. Yunan
cəmiyyətində böyük nüfuz qazanan bu assosiasiyanı insanlara ən çox
sevdirən məhz xərçəng xəstəliyinə tutulan uşaqlara xüsusi qayğı
göstərməsi olub.
Mərasim “ELPİDA”nın fəaliyyətinə həsr olunan videoçarxın nümayişi
ilə davam etdirildi. Assosiasiyanın prezidenti Marianna
Vardinoyannis çıxış edərək Azərbaycanın birinci xanımı, UNESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanı “ELPİDA”da görməkdən məmnun
olduğunu bildirdi. O, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun Azərbaycanda və dünyada təhsil, səhiyyə, mədəniyyət
və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini
bildirdi.
“ELPİDA”nın layihələrindən danışan Marianna Vardinoyannis
assosiasiyanın ötən dövrdəki fəaliyyətinə nəzər saldı, Heydər
Əliyev Fondu ilə əlaqələrinə toxundu, Bakıda Talassemiya Mərkəzinin
fəaliyyət göstərdiyini bildirdi.
Sonra Marianna Vardinoyannis “ELPİDA” mükafatını Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya təqdim etdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış
edib:
- Hörmətli Marianna.
Əziz uşaqlar, əziz dostlar.
Bu gün sizin gözəl ölkənizdə yenidən olmağıma çox şadam. Biz
ölkələrimiz - Azərbaycan ilə Yunanıstan arasında ildən-ilə
güclənən, qarşılıqlı faydaya, tərəfdaşlığa və hörmətə əsaslanan
əlaqələrdən fərəh hissi duyuruq. Bu cür sıx münasibətlər bir çox
sahələri - siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə
edir. Ümidvaram ki, Azərbaycan Prezidentinin səfəri əməkdaşlığımızı
dərinləşdirəcək və genişləndirəcəkdir.
Mən “ELPİDA” Assosiasiyasına ilk dəfə 5 il öncə səfər etdim. Həmin
vaxt əldə etdiyiniz bütün nailiyyətlər mənə böyük təəssürat
bağışladı. Həyata keçirdiyiniz bu nəcib missiyanızda sizə
minnətdarlığımı bildirmək istərdim.
Əziz dostum Marianna ilə ilk dəfə UNESCO-ya xoşməramlı səfir təyin
edildikdən sonra tanış oldum. Həmin vaxtdan etibarən biz yaxın
dostlara çevrildik. Onu da deyim ki, bizi yalnız dostluq deyil, həm
də ideallar birləşdirir. Təşkilatlarımız – “ELPİDA” və Heydər
Əliyev Fondu ehtiyacı olan insanlara yardımı prioritet hesab
edirlər.
Mariannanın qeyd etdiyi kimi, Heydər Əliyev Fondu da sosial, mədəni
və təhsil sahələrində bir çox layihələr həyata keçirir.
Yunanca “ELPİDA” “ümid” deməkdir. Bütün bu binaları – xərçəngdən
əziyyət çəkən uşaqlar üçün çox müasir xəstəxana, onların
valideynləri üçün qonaq evi və ən yaxşı avadanlıqla təchiz edilmiş,
olduqca peşəkar həkimlərdən ibarət bölməni gördükdən sonra deyə
bilərik ki, bu məkan uşaqlar və onların valideynləri üçün əsl ümid
yeridir.
Həyatının bir hissəsini xəstəxanada keçirmək məcburiyyətində olan
uşaqlara qayğı göstərmək çox xeyirxah işdir. Burada siz nəinki
yüksək texnologiya əsasında tibbi müalicə aparırsınız, o cümlədən
xüsusi mühit yaradırsınız. Bu, böyük qayğı, məhəbbət və dəstək
mühitidir. Uşaqları qəlbinizdə saxlayırsınız. Bu uşaqlar hər hansı
digər uşaqlar kimi oynamağı, gəzməyi və dostları ilə birgə olmağı
sevirlər. Siz isə onları heç zaman təklikdə qoymayan insanlarsınız.
Fəaliyyətiniz böyük təşəkkürlərə layiqdir. Çox sağ olun.
Sonda mən hörmətli Mariannaya, “ELPİDA” Assosiasiyasının bütün
üzvlərinə bu mükafata görə təşəkkürümü bildirirəm. Bu mükafatı
Heydər Əliyev Fondunun səhiyyə sahəsində apardığı fəaliyyətin
yüksək qiymətləndirilməsi kimi qəbul edirəm. Məqsədlərimiz eyni
olaraq qalır: ehtiyacı olan insanlara hər zaman kömək etmək.
Əminəm ki, biz bu məramı uşaqlarımız üçün davam etdirəcəyik. Çünki
insanlar gələcəyə ümidlə yaşayır. Gələcək isə uşaqlarsız mümkün
deyildir.
Mən bir daha göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm.
Bütün gələcək təşəbbüslərinizdə sizə uğurlar arzulamaq istəyirəm.
Sizə ən böyük uğurlar diləyirəm. Çox sağ olun.
Sizin hamınızı 2015-ci ildə paytaxt şəhərimiz Bakıya - ilk Avropa
Oyunlarına dəvət edirəm.
Daha sonra Mehriban Əliyeva öz adı yazılmış ulduzu “ELPİDA”nı
ziyarət edən görkəmli şəxslərin adları olan lövhəyə vurdu. Sonra
Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun hədiyyələrini
uşaqlara təqdim etdi.
Ötən dövrdə bir çox uğurlu layihələr həyata keçirən “ELPİDA” bu
sahədə model tibb bölməsinin yaradılmasına nail olmuş, sümük iliyi
nəqli, uşaqlarda müxtəlif şişlərin, talassemiya və digər irsi
xəstəliklərin müalicəsi istiqamətində mühüm irəliləyişlər əldə
etmiş, ixtisaslaşmış uşaq xəstəxanası açmışdır. Ən əsası isə
“ELPİDA” ölkədə və dünyada xərçəng xəstəsi olan uşaqların
cəmiyyətdə sosial təcridinin ardan qaldırılması kimi mühüm
problemin həllinə güclü dəstək vermişdir. Hazırda “ELPİDA” xərçəng
xəstəliyinə tutulan uşaqlara diqqət və qayğını beynəlxalq səviyyədə
təbliğ edir, bununla bağlı simpozium və konfranslar keçirir. Bundan
əlavə, “ELPİDA”nın xətti ilə müxtəlif vaxtlarda dünyanın bir çox
bölgələrinə, xüsusilə də Balkan regionuna humanitar yardımlar
göstərilib.
Sonra Akropol Muzeyinə gələn Mehriban Əliyeva və Marianna
Vardinoyannis burada nümayiş etdirilən tarixi eksponatlara
baxdılar.
Məlumat verildi ki, Akropol ətrafında aparılan arxeoloji qazıntılar
zamanı aşkar olunan eksponatların nümayiş etdirildiyi muzey dünya
memarlığının və incəsənətinin nadir inciləri ilə zəngindir və bura
turistlərin ən çox sevdiyi yerdir.
Daha sonra UNESCO-nun xoşməramlı səfirləri Mehriban Əliyeva və
Marianna Vardinoyannis birlikdə nahar etdilər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!