Azərbaycan kəndində Əhmədlə Merabın davası - FOTOLAR
Bizi izləyin

Digər

Azərbaycan kəndində Əhmədlə Merabın davası - FOTOLAR

“Burda əksəriyyət “5”lərə səs verir”.

“Burda əksəriyyət “5”lərə səs verir”.

Gürcüstanda bu gün keçirilən bələdiyyə seçkilərini izləmək üçün bu ölkəyə ezam olunmuş Publika.Az-ın müxbirinin məlumatına görə, bu barədə Marneuli rayonu Beytarabçı kənd sakini İsmayıl deyir.

Qeyd edək ki, Gürcüstanda “5”lər sabiq prezident Mixeil Saakaşvilinin partiyası Milli Vahid Hərəkat Partiyasına deyilir. Partiyanın Marneuli rayonu üzrə namizədi azərbaycanlı Əhməd İmamquliyevdir.

Beytarabçı kənd sakinlərinin bir çoxu Ə. İmamquliyeva səs verdiklərini bildirirlər. Buna səbəbsə başlıca olaraq yolsuz Beytarabçıya bir gün yolun salınacağı ümididir. “Həm də o qədər problemimiz var ki” deyə sakinlər qeyd edir.

Amma hakim “41”-lərin də tərəfdarları var. Onları namizədi isə gürcü əsilli Merab Topçişvilidir. “41”lərin də öz səbəbləri var. Ən böyük səbəblərsə Saakaşvili əyyamından qalanlardır.

Bütün kəndin səs vermək üçün üz tutduğu 22 saylı seçki məntəqəsi qələbəliyi ilə seçilir. Məntəqə sədrindən seçkilərin vəziyyəti, seçici aktivliyi, problemlərin olub-olmaması barədə soruşmaq istəyirik. Üzünü bizə tutmaq əvəzinə əlini telefona atan məntəqə sədri “qısa müzakirədən” sonra bizdən 5 dəqiqə vaxt istəyir, 5 dəqiqə 10, daha sonra 15 olur və gözlədiyimiz sədr əvəzinə məntəqə kandarında cangüdən kimi dayanan köməkçisi “əliboş” gəlir. “Prezidentlə danışdı, icazə verilmədi” deyə verdiyi cavab isə deyəsən düşdüyümüz vəziyyətlə olduqca uzlaşırdı. “Prezidentlə?” deyərkən üzümüzdəki təəccübü görən köməkçi səhv etdiyini anlamışdı. “Yuxarılarla” deyə səhvini düzəltdi, amma nə qədər yuxarı olduğunu nə billah etsə də izah edə bilmədi.


Elə bu vaxt araya girən səs-küy bizi mənasız sorğu-sualdan, “cangüdəni” kəkələməkdən qurtardı. Bayaqdan başlayan qızğın mübahisə deyəsən söz davasına çevrilmişdi. Əhmədlə Merabın davası, özü də Borçalı elinin kiçik bir kəndində. Amma insanlar haqlı idilər də. Biri yolsuzluqdan bezmiş, biri keçmişin qayıtmasından qorxur, Azərbaycan insanının inandığı uğrunda sonuna qədər döyüşməsi isə Əhmədi də Merabı da unutdururdu.

Lakin o da qeyd edilməlidir ki, bu kiçik kəndə Azərbaycan insanı Merabların rəhbərliyindən daha bezmişdi, onlar öz dillərində danışan, dərdlərini anlayan, özlərindən birini, elə Əhməd də olar bilərdi, istəyirdilər. Hər-halda bunu məntəqə önündə toplaşıb səbirsizliklə axşamı, qutuların açılmasını gözləyən insanlar dilə gətirir, az da olsa tərəfdarları olan “41”ləri dolayısı yolla sığışdırırdılar.

Hər şey bir neçə saatdan sonra bəlli olacaqdı, bizimsə yolumuz uzun, səbrimiz bu kəndin yolları qədər belə deyildi. Getdik, o uzaq Azərbaycan kəndində isə Əhmədlə Merabın mübahisəsi hələ davam edirdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm