Mənsum İbrahimov: “Ortada sevgi-məhəbbət var”- FOTO, VIDEO
Bizi izləyin

Digər

Mənsum İbrahimov: “Ortada sevgi-məhəbbət var”- FOTO, VIDEO

Mənsum İbrahimov: “Ortada sevgi-məhəbbət var”- FOTO, VIDEO

“Ulduzlu axşam”da xalq artisti, “Şöhrət” ordenli xanəndə Mənsum İbrahimovdur. Sənəti və şəxsiyyəti vəhdət təşkil edən xanəndəylə bu dəfə ifaçılığından danışmadıq. Belə də ki, görünən dağa nə bələdçi...

Mənsum müəllimi daha yaxından tanımağa və tanıtmağa çalışdıq…

“Evdə uşaqlar harasa gedəndə ürəyim partlayır”

- Həmişə sadəliyinizlə fərqlənmisiniz. Amma biz “Ulduzlu axşam”da söhbətləşirik. Özünüzü ulduz kimi hiss edirsiniz?

- Ümumimiyyətlə, sənətkarın özünə ad verməsinin əleyhinəyəm. Özümü də bundan kənar tuturam. Həmişə tələbələrimə deyirəm ki, çalışın sənətinizə, şəxsiyyətinizə görə sizə xalq qiymət versin. Heç vaxt özünüz haqda danışmayın. Ulduzdur, aydır – bunları öz aləmimdə lazımsız söz kimi qəbul edirəm.

- Xasiyyətcə beləsiniz, yoxsa, müəyyən məqamlarda özünüzə yasaqların olur?

- Əsas xarakterdir. İnsanın özünə nəzarəti müəyyən müddət çərçivəsində ola bilər. Hansısa bir an yetişər və özünə nəzarəti itirə bilərsən. Bu mənə əvvəlcə Allahın verdiyi, sonra da ailədən, məktəbdən əxz etdiyim xarakterdir. Xaraktercə beləyəm, tək olanda da dəyişmirəm.

- Təkliyi xoşlayırsınız?

- Qətiyyən. Heç cür qəbul edə bilmirəm. Hətta tək olan insanlara acıyıram ki, onlar necə yaşaya bilirlər. Bəzən evdən uşaqlar harasa gedirlər, ürəyim partlayır. Mən bu gün niyə müəllim işləyirəm, cəmiyyətin, tələbələrin içindəyəm? Çünki təkliyi sevmirəm. Mənim anlamımda insanı yaşadan ünsiyyətdir. İnsan ünsiyyətsiz yaşaya bilməz. Təklik həmişə insanı zəiflədir, xəstələndirir, ruh düşkünlüyünə salır. Ünsiyyətdə olan insan həm də baxımlı olur. Cəmiyyətin içində olursan axı.

“Deyingən insanları sevmirəm”

- Amma bəzən adamların içində də özünü tənha hiss edirsən. Elə bil, qeyri-səmimi atmosferdə boğulursan…

- Çox olur elə hallar. Həmişə elə mühitdən qaçıram. Bəzən insanın aurası səni sıxır. Daim deyinən, həyatından gileylənən insanları sevmirəm. Kimin həyatında problem yoxdur ki? Ölkə prezidentindən tutmuş sıravi fəhləyə qədər. İnsan deyinməyi ilə mənfi enerjisini başqasına yükləyir. Sadəcə, naşükür olmaq lazım deyil. Adam qəza da keçirə bilər, xəstələnə də. Mən naşükürlükdən uzaq adamam. Həmişə Allahın verdiyinə şükür eləmişəm. Hər zaman yaxşı şeylər barədə düşünürəm. Bəzən hansısa işim heç cür alınmır. Allahın işidir də. Mən Allaha çox bağlı adamam və düşünürəm ki, hər qaranlıq gecənin bir işıqlı səhəri var.

“Həyatımı sizə danışsam, dəhşətə gələrsiniz”

- Deyəsən, taleyə, alın yazısına inanırsınız deyəsən?

- Tale var. Amma mən bununla yaşamıram. Oturub qismətimi gözləyə bilmərəm, Allah insana ağıl verib axı. Adam gözləsə ki, Allah göydən başıma bir torba qızıl atacaq, o insan yarı yolda qalır.

- Adam var, bəxti üzdədir, əziyyətsiz-filansız bütün qapılar üzünə açıqdır. Adam da var, əksinə, şansa yalnız zülm-zillətlə gəlib çatır. Sizdə hansındandır?

- İnanın, elə zülm-zillətlə nail olmuşam hər şeyə. Həyatımı sizə danışsam, dəhşətə gələrsiniz. Bəzən məəttəl qalıram ki, Allah mənə nə boyda səbir, güc verib ki, bu əziyyətlərin öhdəsindən gələ bilmişəm. İllərlə operada oxumuşam. Toylara getməmişəm. Çox ağır maddi sıxıntılar yaşasam da, bir dəfə də olsun, Allahıma şikayət etməmişəm. Heç kimdən, hətta qohumlarımdan da nəsə ummamışam. Demişəm, niyə onlar mənə kömək etməlidir? Bu mənim həyatımdır, çörəkpulumu özüm qazanmalıyam. Şans nəyə deyirsiniz? Səs elə mənim ən böyük şansımdır. Bu səsi Allah verib, amma ondan necə istifadə etmək, uğura necə nail olmaq olar – artıq, bu mənim öz işimdir.

“Bu məni çox qorxudur”

- Maraqlıdır, Mənsum müəllimi həyatda ən çox qorxudan nədir?

- Yalnız dəlilər heç nədən qorxmurlar. İnanın, ən böyük qorxum doğmalarımın itkisiylə bağlıdır. Məsələn, mən bu yaxında anamı itirdim... Bir gün görürsən ki, canın-ciyərin bu həyatdan köçür. Əlbəttə, bilirik, bir gün gələn bir gün gedəcək, amma doğmaların itkisi dəşhətdir. Çox şeylər var e, məsələn ləyaqət hissinin itməsi. Bu da çox dəhşətli qorxularımdandır.

- Bəs, səsinizi itirmək qorxusu necə?

- Olur. Amma deyim ki, bunu özümə dərd edirəm, yox. Allahın verdiyi səs bata da bilər, qırıla da bilər, məsləhət özünündür. Mən reallıqla yaşayan adamam. Təbii, hisslərim də var. Bu yaxınlarda gözəl şairimiz Zəlimxan Yaqub efirdə bir söz dedi, çox kövrəldim. Dedi ki: “Allah mənə hər şey verdi, tanıtdı, sevdirdi. Bu gün də mənə xəstəlik verdi. Bu xəstəliyi də Allahın mükafatı kimi qəbul edirəm”. Görün, bu insan Allaha nə qədər yaxındır ki, onun verdiyi xəstəliyi də mükafat kimi qəbul edir.

“İndiyədək övladlarıma əl qaldırmamışam”

- Çox maraqlıdır, necə atasınız?

- Bunu övladlarımdan soruşmaq lazımdır. Bəzən mənə deyirlər ki, uşaqlarını mühafizəkar böyüdürsən. Cavab verirəm ki, atam məni necə böyüdübsə, mən də uşaqlarımı elə böyüdürəm. Atamın verdiyi tərbiyənin nəticəsidir ki, mən cəmiyyətdə hörmət qazanmışam. Sənətimdə uğurları özüm qazansam da, tərbiyə, əxlaq ailədən gəlir. Övladlarımı həyat tərzimə uyğun böyüdürəm.

- Sərt atasınız?

- Yox, hələ indiyədək övladlarıma əl qaldırmamışam. Amma onlar bir baxışımdan nə demək istədiyimi başa düşüblər. Uşaq valideynin surətidir də. Çox da övladına de: “tərbiyəli ol”, amma özün tərbiyəsizsənsə, övladın da tərbiyəsiz olacaq.

“Uşaqlarıma heç nəyi qadağa qoymamışam”

- Üç qızınız, bir oğlunuz var. Qızlarınıza hansısa qadağanız olubmu?

- Uşaqlarıma heç nəyi qadağan etməmişəm. Onlar üçün nümunə ataları və analarıdır. Onlar özləri nəyi necə etməyi bilirlər, heç bizə qadağa qoymağa ehtiyac qalmayıb. Maraqlıdır ki, övladlarım indiyədək mənim istəklərimdən kənar addım atmayıblar.

- Uşaqlarınıza görə kiməsə ağız açmısınız heç?

- İnan ki, bizi beş manat da olsun, xərcə salmayıblar. Tanınmış ailələrin övladlarını tanıyırıq də, qiymət yazdırılır-filan. Bizim ailədə belə şey olmayıb. Hərdən deyirəm ki, bəlkə, çətin müəllimdir, gedib tapşırım səni. Uşaq qəti etiraz edir ki, ata, mən razı olmaram kiməsə ağız açasan, elə özüm zəhmət çəkib hazırlaşmışam da.

“Gözəl valideyndir, amma övladı pis yola düşüb”

- Deyirsiniz ki, atanız sizi necə tərbiyə edibsə, həmin tərbiyəni övladlarınıza tətbiq etmisiniz. Heç etiraz etməyiblər ki, ata, indi müasir dövrdür, biz də modern həyat yaşamaq istəyirik?

- Müasirlik övladlarımın içindədir. Bəzən deyirəm ki, övladlarımız görün nə qədər özümüzə bənzəyir, xasiyyəti, hətta geyim tərzi, insanlarla ünsiyyəti də. Övladın tərbiyəli olması valideynin ömrünü uzadır. Bu bir faktdır. Bəzən görürsən, gözəl valideyndir, amma övladı pis yola düşür, ata-ana çərləyib ölür. Xüsusən də tanınmış insanların ailəsində belə şey çox olur. Bunun da günahı valideyndədir. Ata-ana hər zaman uşaqlarına nəzarət etməlidir. Əvvəldən evdə bir qayda-qanunumuz olur: harda olmuşuqsa, uşaqlarımız da yanımızda olub. Uşaqlar var ki, günlərlə qohum evində qalır, bizdə belə şey olmayıb. Mən evə bağlı adamam, vaxtımı ailəmə sərf edirəm. Gedim ora-bura, yeyim-içim, yox! Bir-iki saat boş vaxtım varsa, evə qaçıram. Hər kəs bunu bilir. Rahatlıq tapdığım yer ailəm, evimdir.

“Valideynin bir əli həmişə qızının üstündə olur”

- Qızlarınız ailə quranda seçimlərinə qarışdınızmı?

- Araşdırdıq əlbəttə. Bura Avropa deyil ki… Şeçim özlərinin oldu, amma araşdırdıq. Heç vaxt arzulamamışam ki, qızlarım imkanlı ailənin gəlini olsunlar. Hər ikisi sadə müəllim ailəsinə düşüblər.

- Maraqlanırsınızmı, necə yola gedirlər, ailədə söz-söhbət olurmu?

- Azərbaycanlı ailəsiyik də. Həmişə gözümüzün qabağındadırlar. Valideynin bir əli həmişə qızının üstündə olur. Elə qız uşağının gözü də həmişə atasının evində olur.

- Uşaqların tərbiyəsi ilə daha çox kim məşğul olur - siz, yoxsa xanımınız?

- Təbii ki, ana daha çox məşğul olur, çünki evdə o daha çox olur. Həyat yoldaşım müəllimədir. Övladlarım gözəl təhsil alıblar. İkisi Bakı Dövlət Universitetini qırmızı diplomla bitirib. Biri diplomatdır, biri dövlət qulluqçusudur. O biri qızım 664 balla Tibb Universitetinə qəbul olunub. Oğlum balacadır, amma təbii ki, o da pis oxuya bilməz. Müəllim ailəsiyik də...

“Ortada sevgi-məhəbbət var”

- Həyat yoldaşı kimi sərtsiniz?

- Yox. Həyat yoldaşın səni başa düşürsə, savadlı, tərbiyəlidirsə, problem yaranmayacaq. Biz bir kənddə böyümüşük. Bir məktəbdə oxumuşuq. Uşaqlıqdan bir-birimizin xarakterini gözəl bilirik. Həm də ortada sevgi-məhəbbət var.

- Ən çox güzəştə kim gedir evdə?

- Heç güzəştə getməyə ehtiyac da olmur, çünki hər kəs evdə öz işini gözəl bilir. Bir yerdə məsləhətləşirik, bir yerdə qərar veririk.

- Oğlunuz təkdir, Allah saxlasın, gələcəkdə, yəqin istərdin ki, qohum qızla evlənsin?

- Yox, amma qismətə bağlıdır. Bir də görürsən, qardaş övladına qardaşının qızını alır, sonradan aralarında soyuqluq yaranır. Amma çalışaram, yaxşı qızla evlənsin. İnanıram ki, belə də olacaq. Hər halda, araşdıracağıq.

“Demişəm ki, inciməyin, mən duet oxumuram”

- Uşaqlarınızın sənətçi olmasını istəmisinizmi?

- İstəməmişəm və heç buna heç şərait də yaratmamışam. Bəlkə də, bu əziyyətli sənətdir, ona görə. Amma heç özləri də istəməyiblər.

- Estrada müğənnilərindən sizə duet oxumaq təklifində bulunanlar olub?

- Çox olub, amma qəbul etməmişəm. Bir şərtlə qəbul edərəm: Vətən, torpaqla bağlı bir layihə olsa, o layihədə qrupla birgə iştirak edə bilərəm. Amma sevgi-məhəbbət mövzusunda heç kimlə duet oxumaram. Demişəm ki, inciməyin, mən duet oxumuram.

Cəvahir Səlimqızı

Foto: Elçin Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm