Elxan Süleymanov AŞPA rəsmilərinə müraciət edib
Bizi izləyin

Digər

Elxan Süleymanov AŞPA rəsmilərinə müraciət edib

Elxan Süleymanov AŞPA prezidenti, AŞ baş katibi və AŞ PA baş katibinə müraciət edib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov AŞPA prezidenti Ann Brössor, Avropa Şurasın;n baş katibi Tyorbörn Yaqland, AŞPA-nın baş katibi Voytsex Savitski, Avropa Şurası Sədarət Komitəsinin üzvləri, Avropa Şurası Büro üzvlərinə müraciət edib.


Modern.az saytı xəbər verir ki, E.Süleymanovun müraciətində deyilir:

"Hörmətli xanımlar və cənablar,

Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayon daxil olmaqla 20% ərazisi işğal edilmiş, bu ərazilərdə Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkünə çevrilmişdir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qeyri-qanuni xarakteri BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatların qətnamə və sənədlərində təsdiq edilmiş, dərhal qeyd-şərtsiz işğala son qoyulması tələb edilmişdir.

AŞPA 1416 (2005) qətnaməsində “üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu” xatırlatmış və işğal edilmiş ərazilərin qeyd-şərtsiz azad edilməsini tələb etmişdir.

Lakin Ermənistan beynəlxalq təşkilatların qətnamə və sənədlərində, o cümlədən AŞPA qətnaməsində Azərbaycan ərazilərinin qeyd-şərtsiz olaraq işğaldan azad edilməsi tələblərinə məhəl qoymamış və qonşu dövlət olan Azərbaycanın ərazilərini işğal altında saxlamaqda israrlı olduğunu sübuta yetirmişdir.

Odur ki, mən Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı AŞPA-da sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi hazırladım. Qətnamə layihəsində Ukraynada baş verən hadisələrlə bağlı AŞPA-nın 10 aprel 2014-cü ildə qəbul etdiyi 1990 (2014) saylı Qətnaməsi ilə Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsi sitat gətirilmiş, AŞPA-da eyni standarta hörmət edərək Azərbaycan ərazilərinin silahlı işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə eyni sanksiyaları tətbiq etməyə çağırış edilmişdir.

Qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalanmış və 7 iyun tarixində elektron formada AŞPA Katibliyinə göndərilmişdir. İyun ayının 10-da Katiblik həmin imzaların elektron versiyalarını aldığını təsdiq etmişdir. Prosedur Qaydalarına əsasən 17 iyun tarixində qətnamə layihəsi 58 deputatın orijinal imzası ilə Katibliyə təqdim ediləcək.

Qeyd edilənlərlə yanaşı əminəm ki, AŞPA-nın baş katibi cənab Savitski qurum çərçivəsində Azərbaycan torpaqlarının işğalı ilə bağlı müzakirəyə çıxarılan bu məsələdə ayrıseçkiliyə yol verməyəcəkdir. Ümid edirəm ki, AŞPA rəhbərliyi, o cümlədən cənab Savitski Azərbaycan torpaqlarının 22 il ərzində işğal altında olduğunu, bununla əlaqədar beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, eləcə də Krımın ilhaq olunması səbəbindən AŞPA-da Rusiya nümayəndə heyətinə sanksiya tətbiq edilməsi faktını nəzərə alaraq 14 ölkəni təmsil edən 58 AŞPA üzvünün imzası ilə təqdim olunmuş Qətnamə layihəsi ilə bağlı obyektivlik nümayiş etdirəcəkdir.

Prosedur Qaydalarına əsasən təqdim olunmuş qətnamə layihəsi Sədarət Komitəsi və Büro iclaslarında müzakirə olunduqdan sonra məruzəçi təyin olunması üçün Siyasi Komitəyə və ya Monitorinq Komitəsinə göndərilir. Hesab edirəm ki, cənab Savitski 58 deputatın imzaladığı bu sənədin Sədarət Komitəsi və Büro iclaslarına çıxarılmasının vacibliyini dərk edərək mövcud prosedurların əməl olunmasına AŞPA rəhbərliyinin diqqətini artıracaqdır.

Fürsətdən istifadə edərək mənim müəllifliyimlə təqdim edilmiş qətnamə layihəsini imzalamış AŞPA üzvlərinə dərin minnətdarlığımı bildirirəm.

Bununla bərabər hamınızı Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsinin ümumiyyətlə müzakirələrdən kənarlaşdırılması istiqamətində ədalətsizliyin və ayrı-ayrı qüvvələrin korporativ maraqlarının Avropa Şurasının prinsiplərindən üstün tutulmasının qarşısını almağa çağırıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm