• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İlham Əliyev sərt danışdı

  • Digər
  • 16 İyun 2014 23:11
  • 1 242 Baxış
İlham Əliyev sərt danışdı

Regional təhlükəsizlik üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Afinada Yunanıstan Prezidenti Karolos Papulyasla birgə keçirdiyi mətbuata bəyanatla çıxışında deyib.

İlham Əliyev deyib ki, münaqişənin tezliklə həlli bölgəyə sülh, əməkdaşlıq gətirəcəkdir: "BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ümid edirəm ki, bu münaqişənin həlli yaxın zamanlarda mümkün olacaq və beləliklə, dediyim kimi, bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaq".

Prezident qeyd edib ki, bu, onun Yunanıstana ikinci rəsmi səfəridir: "Prezident Papulyas da üç il bundan əvvəl Azərbaycana rəsmi səfər edib. Bu səfərlər onu göstərir ki, Yunanıstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir və əminəm, mənim səfərim bu əlaqələrə yeni təkan verəcək. Prezident Papulyas qeyd etdiyi kimi, bizim siyasi əlaqələrimiz gündən-günə güclənir və əminəm ki, gələcəkdə daha da güclənəcəkdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Xüsusilə Avropa Şurasında bizim nümayəndə heyətlərimiz çox fəal əməkdaşlıq münasibətləri qurmuşlar. Keçən ay Azərbaycan Avropa Şurasında sədrliyi öz üzərinə götürmüşdür və ilin sonuna qədər bu sədrliyi davam etdirəcək. Yunanıstan isə Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına çox böyük töhfə verib. Avropa İttifaqı-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, strateji xarakter alıbdır. İki gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini bir daha təsdiq edib. Biz Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini də geniş şəkildə müzakirə etdik".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Yunanıstan arasında əlaqələrin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır: "Burada Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən "Şahdəniz", TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcək.

Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcək.


Cənab Prezident, qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, səfərin nəticələri iki ölkəni bir-birinə daha da yaxın edəcəkdir. Sağ olun".

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR