Azərbaycanlı məşhur: “Oğlanlar üstümdə dava salırdı”
Bizi izləyin

Digər

Azərbaycanlı məşhur: “Oğlanlar üstümdə dava salırdı”

Azərbaycanlı məşhur: “Oğlanlar üstümdə dava salırdı”

“Uşaqlıqdan reportaj”da həmsöhbətim hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğludur. Dediyinə görə, uşaq vaxtı hədsiz gözəl olub, hətta oğlanlar üstündə dava salırmış…

“Uşaqlıq illərimə elə qayıtmaq istəyirəm ki… Çünki çox sevilən uşaq olmuşam, maraqlı və xoşbəxt uşaqlıq həyatı yaşamışam. Birinci sinfə doğulduğum Naxçıvanda getmişəm, atamın işi ilə bağlı ikinci-üçüncü sinfi isə Moskvada oxumuşam. O illərdə atam Moskvada Partiya məktəbində oxuyurdu, bizi də özüylə aparmışdı. Dördüncü sinifdə isə yenidən Naxçıvana qayıtdım. Çünki artıq biz Vətənə dönmüşdük.

“Ağacların başında böyümüşəm”

“Ailəmiz Naxçıvanda çox məşhur olub, bir tərəfimiz Bəktaşilər, bir tərəfimiz isə Səfəvilər nəslindən olub. Çox dəcəl qız idim, demək olar ki, ağacların başında böyümüşəm, kənd həyatını çox sevirdim. Atam böyük vəzifələrdə işləsə də, bizi heç vaxt istirahət üçün Kislovodska, Soçiyə aparmayıb, yay tətillərini yalnız Naxçıvana göndərərdi. Onuncu sinfədək Naxçıvana gedib-gəlmişəm. Ən gözəl xatirələrim Naxçıvanla bağlıdır. İnək sağmışam, oğlan kimi ata-eşşəyə minmişəm”.

“Azərbaycanda cəmi üç Novella olub”

“Azərbaycanda cəmi üç Novella olub. Adımı anam qoyub – Novella. Dediyinə görə, Mopassanın novellalarını oxumaqdan zövq alarmış, adımı da elə buna görə qoyub. Amma nənəm bu adı heç cür bəyənməyib. Dilinə yatmırmış. Buna görə də mənə Noğul deyirdi. Əslində, nənəm mənə Fatimə adı qoyub və qulağıma da bu adı oxuyub. Amma heç vaxt məni Fatimə deyə çağıran olmayıb”.

“Müəlliməmə etiraz etdim ki, dərsinə gəlməyəcəyəm”

“Nə gizlədim, sakit qız olmamışam, haqsızlığa dözməzdim heç vaxt. Yaxşı oxuyurdum, amma xuliqanlığım vardı. Məktəbdə müəllim haqsızlıq edəndə dərhal etirazımı bildirərdim. Nadincliyimin üstündə bir neçə dəfə valideynlərimi məktəbə də çağırıblar. Məktəbimiz beynəlmiləl idi – erməni, rus, cuhud uşaqlar bir yerdə oxuyurduq. Bir gün Azərbaycan dili müəllimimiz mənə “4” yazdı. Bu məni çox əsəbiləşdirdi. Dedim, necə olur rusa, erməniyə “beş” verirsən, mənə dörd? Cavab verdi ki, sən azərbaycanlısan, onlardan dörd qat yaxşı oxumalısan. Bildirdim ki, sən mənə “dörd” verəndə heç oxumayacağam, ümumiyyətlə, dərsinə də gəlməyəcəyəm. Müəllimə atamla anamı məktəbə çağırdı. Atam da dedi ki, qızım, müəllimə düz deyir. Amma mən yenə də israrla müəllimənin haqsız olduğunu söyləyirdim”.

“Universitetdə jurnalı oğurlayıb dənizə tulladıq”

“Dərsdən o qədər qaçıb kinoya getmişəm ki. həm məktəbdə, həm də universitetdə oxuduğum vaxtlarda. Yadıma düşmüşkən, bir əhvalat da danışım. Universitetin kimya fakültəsində oxuyurdum. Bir gün jurnalı oğurlayıb dənizə tulladıq. Sonradan məsələ açılmasın deyə yeni bir jurnal tapıb ad və soyadlarımızı yazıb yerinə qoyduq. Söz yox ki, müəllimlər bunu bilirdilər, amma bizə gücləri çatmırdı. Artıq iş işdən keçmişdi, nə deyəcəkdilər ki…”

“Oğlanlar mənə yaxın düşə bilmirdilər”

“Hə, çox gözəl qız idim, iki qalın hörüyüm vardı. İncə, gözəl qız idim, məktəbdə, universitetdə hamıdan seçilirdim. İstəyənlərim də hədsiz çox idi. Bütün universitetin oğlanları mənim üstümdə dava salırdılar. Mən də forslanırdım. Amma oğlanlar mənə yaxın düşə bilmirdilər. Çünki çox qaba idim, dalaşırdım, söyüş söyürdüm. Yazıqlar dalımca düşürdülər, amma qorxudan yaxınlaşıb söz deyə bilmirdilər. İdmanla da məşğul olurdum, universitetin voleybol komandasının kapitanı idim. Uzunboylu, incəbelli qız idim, hər kəsin gözü məndə idi”.

Şeirlə yazılan sevgi məktubları

“Oğlanlar mənə çoxlu sevgi məktubları, şeirlər yazırdılar. O məktubları indi də evimdə saxlayıram. Biri vardı, başdan-başa şeirlə yazılmışdı. Adımın baş hərfləri sətrin əvvəllində yazılırdı, sətrin son hərflərini alt-altda oxuyanda belə alınırdı: “Mən səni sevirəm”. O məktublar mənə çox doğmadır”.

“Oğlanın ailəsi məni almaq istəmirdi”

“Hamı kimi mən də sevmişəm, dəlicəsinə bir sevgi yaşamışam. 25 yaşımda yaxalandım o sevgiyə. Çox güclü bir sevgi olsa da, ayrılmalı olduq. Günah məndə olmadı. Oğlanın ailəsi məni almaq istəmirdi və onu evləndirmək üçün professor qızı tapmışdılar. Onlar “həri”yə getməyə hazırlaşanda oğlan mənə dedi ki, gəl “zaks”a gedək. Gizlincə evlənmək istəyirdi mənimlə. Mənim də valideynlərinin ona başqa qız almaq istədiklərindən heç xəbərim də yox idi. Sonradan bildim. Getdik “zaks”a, oğlana dedim ki, sənə ərə gəlməyəcəm. Çünki bir ortaq dostumuz mənə söyləmişdi ki, onun valideynləri haqqımda xoşagəlməz söz deyiblər”.

“Bir il dalımca gəlib-getdi, barışmadım”

“Demişdilər ki, nə var e, yetim qızdır də, biz onu sənə almayacağıq. Oğlan da həmin məqamda onlara bir söz deməyib. Bununla da ona sevgimə nöqtə qoydum və aralandım. Bir il dalımca gəlib-getdi, barışmadım. Sonradan həmin qızla evləndi. Onda o, universtetdə dərs deyirdi, indi də sağdır. Layiq olmadı sevgimə, amma mən onu, doğrudan da, çox sevirdim. Sonradan sildim ürəyimdən onu”.

“Xəsis oğlanlardan zəhləm gedirdi”

“İdealım atam olub həmişə. Oğlanlarda da ən birinci təəssübkeşliyi qiymətləndirirdim. Elə oğlan istəyirdim ki, arxamda durmağı bacarsın. Bir də xəsis adamlardan zəhləm gedirdi. Elə indi də beləyəm. Demirəm e, milyonlar xərcləsin. Özüm də əliaçıq olmuşam. “Mimino”da bir epizod var e, iyirmi qəpiyə çay alır, qalığını istəmir”.

Kitab xəstəsi

“Hobbim vardı, kitablar yığırdım. Müxtəlif mövzulu kitablardan ibarət böyük bir kitabxanam vardı. Evi satmalı olduq, həmin kitabları qadın həbsxanasına və uşaq evinə bağışladım”.

“Novella nə istəsə, onu da eləməlidir”

“Əmimlərim, bibilərim və nənəmlə birgə yaşamaqdan ötrü ölürdüm, dəlicəsinə bağlılığım vardı onlara. Naxçıvanda evimiz-eşiyim olsa da, orda az yaşamışıq. Çoxlu xatirələrim var Naxçıvanla bağlı. Yadımdadır ki, əmimgil gecə taxılı əzməyə gedirdilər. Yalvarırdım ki, məni də aparsınlar. Əmim aparmaq istəmirdi. Atam məni çox əzizləyərdi və deyirdi ki, Novella nə istəyirsə, onu da eləməlidir.
Gecələr qurdların səsi eşidilirdi. Əmim məni qorxudurdu ki, qurdlar gəlib səni yeyəcək. Mən də deyirdim ki, qurd səni yeyəcək, məni yox, çünki mənim ətim azdır, səninki çox”.

Göldə çimən qızlar və rus əsgəri

“Biz uşaq olanda İranla həmsərhəd ərazidə bir göl vardı, orda çimirdik. Orda da əsgərlər keşik çəkirdilər. Bir gün yenə qız-gəlin yığışıb xəlvəti sərhədi keçdik və göldə çimdik. Təsəvvür edin, hamı göldə lüm-lüt çimir. Bu məqamda qızlardan kimsə əsgəri görüb qışqırdı ki, vay, əsgər bizi gördü. Bir qadın da qayıtdı ki, o, rus əsgəridir, kişi deyil. O vaxtdan biz rus əsgərini kişi saymazdıq”.

“Atam məktəbə kapron corab geyinməyə qoymazdı”

“Atam vəzifədə idi, Naxçıvanda katib işləyirdi. Onuncu sinfədək bizi məktəbə kapron corab geyinməyə qoymazdı. Deyirdi ki, sizinlə fəhlə qızları da oxuyur, onların yanında seçilməyin. Atam qudurğan böyütməyib bizi. Ailədə dörd uşaq idik, bir də, bibimlə qızı da bizimlə qalırdı. Ailədə azadlıq vardı. Bununla belə, evdə qayda-qanun da çox güclü idi. Heyf ki, atam çox tez dünyasını dəyişdi. Rəhmdil və səxavətli kişi idi. Biz Bakıda yaşayanda atam bütün dostlarımı evimizə yığıb qonaqlıq verərdi. Anam böyük qazanda şorba və peraşki bişirərdi. Bax, belə bir ziyalı ailənin övladı olmuşam. Bugün də o uşaqlarla dostluq edirik”.

“Ağ paltarda eşşəyə minməzlər”

“Hərdən dostlarımızla yığışıb, o günləri yadımıza salıb nostalji duyğulara qapılırıq. Bir əhvalat danışım sizə. Orta məktəbi qurtarmışdıq, uşaqlarla gəzintiyə çıxdıq. Ağ paltar geymişdim. Qəfildən qarşımıza bir eşşək çıxdı və maraq mənə necə güc gəldisə, mindim eşşəyin belinə. Bir qadın qışqırdı ki, tez ol, düş aşağı, ağ paltarda eşşəyə minməzlər. Sən demə, gəlini geri qaytaranda eşşəyə mindirərmişlər. Mənim də bu adətdən heç xəbərim yox idi”.

Ən sonuncu arzu

“Yadımdadır ki, kəndə gələn kimi nənəm hərəmizə bir səhəng verərdi, su gətirərdik. Bunun ayrı ləzzəti vardı. O günlər üçün çox darıxıram. Bir də bilirsiniz, məni ən çox darıxdıran nədir? Kaş ki Naxçıvana əvvəlki kimi qatarla gedib-gələ biləydik. Mənim həyatda ən çox istədiyim şey budur. Bəlkə də, bu, mənim həyatda ən sonuncu arzumdur. Kaş bu arzum çin olaydı. Naxçıvana getdiyim vaxtlarda qatarda o qədər xəyallar qururdum ki…”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm