Ərdoğanın düşməni, Türkiyənin media baronu Aydın Doğan kimin oğludur?
Bizi izləyin

Digər

Ərdoğanın düşməni, Türkiyənin media baronu Aydın Doğan kimin oğludur?

O, Türkiyənin media baronu hesab edilir. Halbuki 1970-ci illərdə çoxlarından fərqlənməyən sadə bir iş adamı idi. Ölkəsində onu sevənlər də var, sevməyənlər də. Doğrusu, say etibarilə ikincilər daha çoxdur.

Söhbət Aydın Doğandan gedir.

Publika.az "Milyonçu” layihəsi çərçivəsində "Doğan Holding”in sahibi A.Doğanın milyonlara gedən tarixçəsini təqdim edir.

Ticarətçilikdən holdinq rəhbərliyinə

Aydın Doğan 1936-cı ildə Kelkitdə anadan olub. Bölgənin köklü ailələrindən birinin oğulu olduğu yazılır. İlk və orta təhsilini Kelkitdə, litsey təhsilini Ərzincanda alıb. 1956-60 illər arasında İstanbul Yüksək İqtisad və Ticarət Məktəbində oxuyub. Şagirdlik illərində "Tələbə Cəmiyyəti"nin rəhbəri olub.1958-ci ildə təhsilinə davam edə-edə iş həyatına atılıb. Nəqliyyat, inşaat kimi fərqli sektorlarda ticarətlə başlayıb və 20 min nəfərin çalışdığı holdinq sahibliyinədək gedib çıxıb.

77,8 miylon dollarlıq gəlir

İlk şəxsi şirkətini 1961-ci ildə qurub.1970-ci ilədək bu şirkət əczaçılıq deposu sahəsində fəaliyyət göstərib. 1979-cu ildə "Milliyyet” qəzetini satın alaraq media sektoruna daxil olub. 1980-ci ildə "Doğan Holding”i ("Doğan Şirkətlər Qrupu Holding A.Ş”nı) yaradıb. 2000-ci ildən enerji sektorunda fəaliyyətə başlayıb. Türkiyə və yaxın coğrafiyada sərmayə fürsətlərini izləyərək fəaliyyətini maye yanacaq və LPG paylaması, neft axtarışı, istehsalı, elektrik istehsalı, paylaması sahələrinə də yönəldib. Rəhbərlik etdiyi holdinqə həmçinin Türkiyədəki D&R kitap mağazaları, "Çelik Halat, Tel Sənaye A.Ş”, "Ditaş Doğan Ehtiyat hissə və Emalat A.Ş”, "Doğan Orqanik Məhsullar Sənaye və Ticarət A.Ş” şirkətləri daxildir. Bundan əlavə, “Doğan Holding” - "Milpa"nı, Türkiyənin ilk ipotekaya söykənən əmlak şirkəti “Konut Finansman”ı A.Ş (DD Mortgage), 1982-ci ildə yaradılan "MiltaTurizm İşlətmələri A.Ş”-nı, "Hürriyet”, "Posta”, "Radikal” və "Fanatik” qəzetləri, "Kanal D”, "CNN TÜRK”, "Dream TV”, "Slow Türk”, "Radio D”-ni özündə birləşdirir. 2007-ci ildə fəaliyyətə başlayan dijital platforma d-Smart da "Doğan Holding”in təşəbbüsüdür. Statistikaya görə, hazırda "Doğan Holding”də 20 min nəfər işləyir. Şirkətin xalis gəliri 77,8 milyon dollardır.

Necə yüksəlib?

Əslində, adi bir ticarətçinin media kimi strateji sektorda barona çevrilməsi, sıfırdan enerji, turizm, sənaye, daşınmaz əmlak sahələrində yüksək paya sahiblənməsi beyinlərdə suallar yaradır. İllərdir, Türkiyənin araşdırmaçıları A.Doğanın uğurunun şifrəsi üzərində baş sındırırlar və hər kəs gəzib-dolaşıb Koçların üzərində dayanır. Belə ki, Vehbi Koçun A.Doğan fiqurunu rəqiblərinə qarşı rahatlıqla istifadə etmək və diqqət çəkmədən badalaq gəlmək üçün yaratdığı deyilir. Buna görə də, Koç əvvəlcə Doğanı zənginləşdirib, sonra onu media dünyasına atıb. Bəzi mənbələrdə Aydın Doğanın hətta Vehbi Koçun nigahdankənar oğlu olduğu yazılır. Bildirilir ki, illər əvvəl Vehbi Koç katibəsi ilə sevgili imiş. Qadın hamilə qalanda iş adamı onu Anadoluya göndərib və beləliklə, məsələni ört-basdır edib. Bir müddət sonra uşağı da övladlıq kimi CHP-li zəngin bir ağaya verib. Uzun illər övladını soyadından məhrum etsə də, bir gün onu qəbul etmək məcburiyyətində qalıb. Bununla da, Aydın Doğan üzə çıxıb.

Media baronluğu

Doğanın necə zənginləşdirilməsinə gəlincə, "Tofaş”ın digər dilerlərinə istehsalın məhdud olduğunu bildirən Koçlar onlara gündə 3, Doğanın dilerinə isə 300 avtomobil göndərməklə istəklərini reallaşdırıblar. Çox keçməyib, Doğanın dileri İstanbulda avtomobil tələbatını qarşılamaq gücündə olan yeganə diler kimi tanınıb. Nəticədə, A.Doğan fantastik pullar qazanıb. Bunun ardınca, planın ikinci mərhələsi – medianı ələ keçirmək – işə salınıb. Yazılanlara görə, həmin dövrdə Türkiyə mediasına yalnız bir ailənin üzvləri rəhbərlik edirdi. Qəzet rəhbərliyi atadan oğula keçirdi. "Milliyyet” qəzetinin sahibi Ərcümənt Cüyürün səhhəti ilə bağlı qəzeti satmaq istəməsinə qədər kənar şəxs sektora buraxılmamışdı. Belə bir fürsəti A.Doğan qaçıra bilməzdi. Lakin iş adamının təklifi qəzetin əsas gücü olan Abdi İpəkçi və qrupu tərəfindən rədd edilir. Səbəb də İpəkçinin Doğanın arxasındakı gücdən kimliyini bilməsi olur. A.Doğan yalnız A.İpəkçiyə sui-qəsddən (bir dəlinin boynuna götürdüyü və son dərəcə peşəkarlıqla təşkil olunmuş sui-qəsddən) sonra "Milliyet”i o zamankı məzənnə ilə 120 milyon lirəyə ələ keçirir (2012-ci ildə A.Doğan 120 milyon lirəyə aldığı "Milliyet”i 310 milyon dollara satıb). Bu alqı-satqı müqaviləsini isə, o, belə xatırlayır: "Milliyet”i soyuducu fabriki kimi aldım. Amma qəzet mənə qazandırdı”.

“Milliyet”ə sahib olması medianın qapılarını A.Doğanın üzünə açır. Az sonra iş adamı gözünü "Hürriyet”ə dikir. Bu dəfə də qəzetin koordinatoru Çetin Emeç satışın əleyhinə çıxır. Maraqlıdır ki, Emeç də Abdi İpəkçinin taleyini yaşayır – sui-qəsdin qurbanı olur. Nəticədə, qarşısında maneə qalmayan A.Doğan "Hürriyyet”i də alır.

AKP ilə münasibətlər

Media aid olduğu ölkənin qara qutusudur. O, sahib olduğu qaynaqlar vasitəsi ilə "dərin" məlumatlar əldə edir, eyni zamanda bu məlumatları cəmiyyətə istədiyi kimi ötürür. A.Doğanın "xidmətlərindən" biri də AKP-nin hakimiyyətə gətirilməsidir. Bunun üçün Amerikanın dəstəyi ilə ölkədə iqtisadi böhran yaradılır. Baş nazirin sağlamlıq vəziyyətinə dair təxribatlar yayılır və bununla da, vaxtından əvvəl seçkilərin keçirilməsi məsələsi gündəmə gətirilir.

Süni iqtisadi böhrandan sonra seçkinin iqtidar partiyası üçün fəlakət olacağı aydın idi. Seçkilərdə Doğan mediası əvvəldən hazırlanmış plana uyğun şəkildə AKP xaricində bütün partiyaları tənqid edərək bugünkü hökumətin yolunu açır. Düzdür, sonradan iş adamının Rəcəb Tayyib Ərdoğanla münasibətləri gərginləşir, hətta onlar düşmənə çevrilirlər. Bir zamanlar Ərdoğanı hakimiyyətə gətirən media maqnatına qarşı 4,6 milyard dollar səviyyəsində vergi cəriməsi tətbiq edilməklə aradakı bütün körpülər yandırılır. Çox keçmir, bu qovğanın dərin qatları üzə çıxır. Ərdoğanın Koçlarla savaşı başlayır.

Şirkətlərin satışı

Baş nazirlə qarşıdurma A.Doğan üçün təkcə vergi cəriməsi ilə nəticələnmir. O, son illər bəzi şirkətlərin əlində olan səhmlərini satıb. Buraya Neft Ofisinin 54.14 faizlik hissəsinin Avstriyanın “OMV” şirkətinə , “Ray Sığorta A.Ş” sərmayəsində sahib olduğu hissələrin isə “Vienna Insurance Group AG Wiener Versicherung Gruppe”yə (VIG) və “TBIH Financial Services Group N.V.”a satışı daxildir. Bununla bərabər, iş adamı 2011-ci ildə “Milliyyet” və “Vatan” qəzetlərini, bu qəzetlərin internet portallarını “Demirören&Karacan” nın ortağı olan “DK Gazetecilik”ə satıb.

“Mən gecəqondu iş adamı deyiləm”

Qeyd edək ki, A.Doğan media patronu olsa da, onun haqqında mətbuatda məlumat azdır. Xüsusilə, kompromatlara az rast gəlinir. A.Doğan özü haqqında ittihamlara belə cavab verir: “Hər gün iki milyon qəzet tirajlayıram. İstehsalda emal sənayesi vacibdirsə, bizdə o da var. Gümüşhanədə süd, Niğdedə təhlükəsizlik avadanlıqları, İzmitdə polad boru istehsal edirəm. Bunu dünyanın bir çox ölkəsinə satıram. Belə dəlilik olur? Mən Türkiyənin ən yaxşı televiziyalarına da proqram hazırlatdırıram. Tabeçiliyimdə 24 min nəfər işçi var. Rusiyada, Qazaxıstanda, Ukraynada, Macarıstanda, Polşada, Belarusiyada elan qəzetləri buraxdırıram. Keçən il 1 milyard 275 milyon dollar vergi ödəmişəm. Atamın yanında şagirdlik etdiyim dövrdən sonra öz adıma vergi dairəsində qeydiyyatdan keçməyimdən 50 il ötür. Mən gecəqondu işadamı deyiləm. İndiki mövqeyə 50 ildə gəlmişəm”.

Varidatı

Aydın Doğan hazırda Türkiyənin 22-ci ən zəngin adamıdır. Sərvətinin həcmi 1,3 milyard dollar səviyyəsində qiymətləndirilir. Sahib olduğu holdinq ötən il 1,3 milyard dollar gəlir əldə edib.

Ailəsi

Evli olan Aydın Doğanın 4 qızı, 6 nəvəsi var. İş adamı artıq biznesini qızlarına buraxıb. Hazırda "Doğan Holding”in rəhbəri qızı Begümhan Doğan Faralyalıdır. İş adamı dünyada cəmi 100 ədəd olan “Audi A8 Long” markalı avtomobil idarə edir.

Orucluqda içmir, amma Həccə də getmir

A.Doğan oruc tutmur. Daha doğrusu, səhhəti buna imkan vermir: “Çünki gündə doqquz ədəd dərman qəbul edirəm. Amma Ramazanda evdə hamılıqla dua oxuyuruq. Səma namaz qılır, oruc tutur. Mən də 30 gün içki içmirəm. Digər aylar isə içirəm”.

Milyarder AKP-yə görə həcc ziyarətindən qalıb. Belə ki, özünün dediyinə görə, bacısı Nuranla birlikdə ziyarətə gedirmiş: “AKP iqtidara gəldikdən sonra bacım dedi ki, sən gəlmə. Səbəbini soruşdum, dedi, bunu da problem edəcəklər. Deyəcəklər, AKP iqtidara gəldi deyə həccə getdi. O getdi, mən qaldım. Bac;m nə vaxt gedəcəyəmi də dedi: “Bunlar iqtidardan getdikdən sonra”. Mən də əvəzində bildirdim ki, bunlar uzun müddət iqtidarda qalacaqlar”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm