Digər
Naibə Allahverdiyeva : “Məleykə kimdir ki, icazə verməsin?”
Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artisti Naibə Allahverdiyeva Teleqraf.com-a müsahibəsində son günlər aktyorların bir-birinə qarşı ittihamlarına aydınlıq gətirib.
- Daha bir teatr mövsümü başa çatır. Bu mövsüm sizin
üçün düşərli oldumu?
- Bu teatr mövsümü mənim üçün uğurlu oldu. İngilis rejissorunun
Gənc Tamaşaçılar Teatrında hazırladığı “Konnemarada kəllə”
tamaşasında oynadım. O tamaşada çox fərqli obraz yaratdım və
obrazımı həqiqətən sevdim. Bu yaxınlarda “Sarıköynəklə Valehin
nağılı” tamaşasında bir obraz yaratdım, sabah o tamaşanın
premyerası olacaq. Oradakı obrazım da çox xoşuma gəlir. Bir
mövsümdə tamam fərqli obrazlar yaratdığım üçün çox sevinirəm. Bu,
bir aktrisa üçün çox önəmlidir.
-“Konnemarada bir kəllə”dəki yaşlı qadın obrazınız bizim
tamaşaçılar tərəfindən necə qarşılandı?
-O əsərdə açıq-saçıqlıq daha çoxdur. Şəxsən, mən özüm buna pis
baxmıram. Çünki teatr həyatın güzgüsüdür. Həyatda olan hadisələri
teatrda canlandırırıq. Tamaşaya münasibət artıq insanın
intellektual səviyyəsi, teatra yaxınlığı ilə əlaqədardır. Elə
insanlar var idi ki, bu tamaşanı qəbul etmirdilər, amma əksər
tamaşaçılar “Konnemarada bir kəllə”ni çox yaxşı qarşıladılar.
Bununla tamaşaçılar yeni bir tamaşa gördülər. Bu biz aktyorlar üçün
də fərqli iş biçimi oldu. Çünki ingilis rejissoru ilə çalışmaq
həqiqətən maraqlı idi.
-İngilis rejissorun bizim rejissorlardan fərqli cəhəti
nədən ibarət idi?
-Onun aktyorlara, pyesə öz yanaşma tərzi var idi. Mən deməzdim ki,
bizim rejissorlar həmin rejissordan pisdir. Doğrudur, Azərbaycanda
rejissor problemi var, amma yaxşı rejissorlarımız da az deyil.
Sadəcə olaraq ingilis rejissor daha hövsələli, daha sakit və
soyuqqanlı münasibət bəsləyirdi.
-Çoxdan arzusunda olduğunuz Kleopatra obrazını niyə
yarada bilmədiniz?
-Bütün aktrisalar və aktyorların ürəklərində oynamaq istədikləri
obrazları olur. Kleopatranı oynamaq da mənim arzularımdan biri
olub. Hətta buna görə əməliyyata razılıq verdim. Əməliyyatdan
qorxduğum üçün çox əziyyətlər çəkdim. Bu da onun üçün idi ki,
yubileyimə tamaşaçıların qarşısına həm gözəl, həm də Kleopatra
obrazı ilə çıxım”.
Ondan başqa daha bir neçə obraz var ki, onları səhnədə canlandırmaq istəyirəm. Sözün düzü, teatrda Kleopatranı oynaya bilməməyimin səbəbi işlərin çoxluğu ilə əlaqədardır. Çünki teatrda başqa işlər var idi. Rəhbərlik əvvəlcə bu rolu oynaya biləcəyimi mənə demişdi, amma sonra teatrın işlərinin çoxluğundan bu arzum baş tutmadı. Mənə elə gəlir ki, nə vaxtsa mən Kleopatranı oynayacam.
-Niyə bütün aktrisalar Kleopatranı oynamaq
istəyir?
-Bu obraz tarixi şəxsiyyətdir, zəngin obrazdır: həm yaşadığı
məhəbbət, həm xarakter baxımından bir qadın, bir aktrisa üçün lazım
olan hər bir şey bu obrazda cəmləşib. Həm də Kleopatra gözəlllik
simvoludur. Bütün qadınlar özünü Kleopatraya oxşatmaq istəyir.
Deyirlər ki, Kleopatra o qədər də gözəl olmayıb, amma gözəl bir
qadın görəndə onu Kleopatraya bənzədirlər. Yəqin buna görə hamı bu
obrazı oynamaq istəyir. Və burda pis heç nə yoxdur.
-Son dövr Azərbaycan səhnəsində Kleopatranı Məleykə
Əsədova canlandırıb. Bununla bağlı sizin polemikanız da düşmüşdü.
Sizin belə bir ifadəniz var idi ki, guya Məleykə xanım bu obrazı
oynamağa sizə icazə verməyib. Bu zarafatyanə deyilmiş söz idi,
yoxsa...
-Necə? Kim icazə vermir? Məleykə xanım kimdir ki, icazə verməsin? O
da aktrisadır, aktrisa kimi də bu rolu oynayıb. Məleykə xanımdan
öncə bu rolu Hökumə Qurbanova oynayıb.
-Bu ifadə sizin dilinizdən deyilib axı.
-Axı Məleykə xanım elə bir şey edə bilməz. Mən elə bir söz
deməmişəm ki, Məleykə xanım qoymur. Məleykə xanım rejissor deyil,
teatrın direktoru deyil, nazir deyil, o, aktrisalardan biridir.
Mənə elə gəlir ki, Məleykə xanım heç vaxt belə bir qadağa qoya
bilməz. O düşüncəli və ağıllı bir qadındır. O bu sözü desə çox
gülməli çıxar. Sadəcə olaraq mənə sual vermişdilər ki, Məleykə
xanım bu obrazı oynayıb və siz də oynasanız, qısqanclıqla
yanaşmazmı? Mən də dedim ki, belə çıxır ki, mənim oynadığım rolları
sabah kimsə oynasa, mən də onlara qısqanclıqla yanaşmalıyam.
Məleykə xanım gəlsin mənim “Pəri Cadu”da Şamama rolunu oynasın.
Hansı rolu istəyir, qurbandır ona, gəlsin oynasın. Məncə, o heç
vaxt belə qadağa qoya bilməz və düşünər ki, bunu eləsə, hamı ona
gülər.
-Serialların zəifliyindən söhbət açılanda siz qəti
şəkildə rejissorları və operatorları qınayırsınız.
-Bəli, mən elə düşünürəm. Hesab edirəm ki, rejissorların aktyor
seçimi çox zəifdir. Serialların, kinonun öz dili var. Ləhcələrdən
istifadə etmək mümkündür. Əgər obraz həqiqətən bunu tələb edirsə.
Eşitməmişəm ki, bizim hansısa serialımız insanları cəzb etsin.
Həyatımızda olan hadisələr bizim seriallarda yoxdur. Aktyorlar
seçimi yoxdur, tanınan simalar demək olar ki, azdır. Bizim
dövrümüzdə normal kastinq olurdu. Bu gün isə haradan gəldi, necə
gəldi kastinq edirlər.
-Siz rejissorları qınayırsınız, amma həmkarlarınız
aktyorlarımızın zəif oynamağından şikayətlənir. Məsələn, bu
yaxınlarda aktyor Kamran Yunis belə bir ifadə işlətdi ki,
aktyorlarımızdan naftalin iyi gəlir.
-Saqqallı oğlanı demirsiniz? O ağzına nə gəldi danışır. Mən onun
normal obrazını görməmişəm. Elə özündən naftalin iyi gəlir.
Azərbaycanda çox gözəl aktyorlar var. Sadəcə olaraq bizim əsərlər,
ssenarilər, rejissorlar zəifdir. Serial çəkilişinə az maliyyə
ayrılır. İstedadlı aktyorlarımız var, sadəcə istifadə edə bilmirik.
Serial çəkmək bəyən asandır? Hər yerindən duran serial çəkir.
-Kaprizli aktrisasınız?
-Yox kaprizli deyiləm. Amma getdiyim hər çəkilişə, dəvət aldığım
hər yerdə abu-hava ilə tanış oluram. Son zamanlar bir neçə seriala
dəvət etdilər, razılaşdım, amma sonra yarımçıq qaldı. Bəzi
seriallarda isə elə abu-hava gördüm ki, uzaqlaşdım. Razılıq
verdiklərimin də səbəbi var. Hara gedirəm deyirlər ki, niyə
yoxsunuz, niyə çəkilmirsiniz. Bunu tamaşaçı məndən tələb edir. Bir
də ki, bizim rejissorlarda belə bir fikir var: bu komediya
aktrisasıdırsa ancaq komediya oynamalıdır. Mən belə fikri qəbul
etmirəm. Aktrisa ümumiyyətlə plastilin olmalıdır. Mən ömür boyu
teatrda dramatik rollar ifa etmişəm. Dramatik roluma görə də
Əməkdar artist adına layiq görülmüşəm. Bizdə aktyorları ştamplamaq
doğru deyil. Bunların hamısı savadsızlıqdan irəli gəlir.
-Müğənnilik fəaliyyətinizdə nə yenilik var?
-Deyirəm çəkilmirəm heç olmasa, oxuyum. Məni sevən insanlar öz
məclislərinə çağırırlar. “Əli xınalı gəlin” mahnımı indiki qızlar,
gəlinlər çox bəyənir. İndi bəzi insanlar deyəcək ki, bu da başlayıb
oxumağa. Bunu demək ayıbdır. Çünki mən nə bozbaş bişirəm olmuşam,
nə də saç ustası işləmişəm. Mən incəsənət adamıyam və aktrisayam.
Dünya təcrübəsində də var ki, aktrisalar oxuyur, müğənnilər
filmlərə çəkilir. Amma bizdə birmənalı münasibət yoxdur. Aktrisa
oxumalıdır da, saç ustası oxumayacaq ki? Mən universitetə girəndə
vokaldan imtahan vermişəm, dörd il vokaldan dərs keçmişəm. Amma çox
qəribədir ki, müğənnilərin seriala çəkilməyinə pis baxmırlar.
-İndiyə qədər neçə mahnı yazdırmısınız?
-Yalnız bir mahnı yazdırmışam. O da “Əli xinalı gəlin”dir. Başqa
müğənnilərin də mahnılarını oxuyuram, tez-tez türk mahnılarına
müraciət edirəm.
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi