• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dünya ulduzundan gözlənilməz etiraflar: “Velosipedimi oğurladılar, mən də oğru oldum” - FOTO

  • Digər
  • 25 Yanvar 2014 13:56
  • 5 730 Baxış
Dünya ulduzundan gözlənilməz etiraflar: “Velosipedimi oğurladılar, mən də oğru oldum” - FOTO

Zlatan İbrahimoviç Bosniya-Herseqovina əslli isveçli futbolçudur. Hazırda İsveç milli komandasının kapitanıdır. Müsəlman əsilli futbolçunun illik maaşı 14 milyon avro, ümumi qiyməti isə 30 milyon avrodur.

Publika.Az “II taym” layihəsi çərçivəsində bu dəfə küçələrdə oğurluq etməyi öyrənmiş, müharibənin içində yaşamış Zlatan İbrahimoviç haqqında məlumat verəcək.

Bu günə qədər 8 fərqli klubda forma geyinən futbolçu ilk böyük uğurunu 2004-cü ildə transfer olduğu “Yuventus”da qazanıb. O, 5 dildə - isveç, xorvat, boşnak, ingilis və italyan dillərində mükəmməl danışır. Helena Seqerlə uzun müddət birlikdə olan İbrahimoviçin ondan iki uşağı var. (Maksimilian - 22 Sentyabr 2006-ci il, Vinsent 6 Mart 2008-ci il). Yay fəsillərində Malmödəki evini ziyarət edən İbrahimoviç Milanda yaşayır. O, həyat yoldaşına sadiq insan kimi tanınır.

Ailədə heç vaxt din basqısı olmayıb

Zlatanın atası Şefik İbrahimoviç 1977-ci il də Bosniya-Hersoqovinadan İsveçə köç edərkən xorvatiyalı Yurka Qraviç ilə tanış olub və evlənib.

İbra 1981-ci ilin 3 oktyabrında İsveçin Malmö şəhərində anadan olub. Ailədə 6 uşaq olublar. Bu uşaqlardan sadəcə ikisi Zlatanla doğma idi. o biriləri isə atasının digər evliliyindən dünyaya gəlib.

Zlatan Rosenqsradda böyüyüb. Atası müsəlman, anası isə xristian idi. Ancaq onlar din mövzusunda çox sərt olmayıblar. İbraya atası ilk dəfə 6 yaşında futbol butsisi alır. O vaxtdan da futbolla məşğul olmağa başlayır. İlk klubu "Malmö BI" olur. Komandası 4-0-la məğlub olarkən dövrə arasında oyuna girir və səkkiz qol vuraraq qalibiyyəti təmin edir. Erkən yaşlarda "Malmö FF"də nizamlı olaraq forma geyməyə başlayıb (1999-2001-ci illər). Növbəti müqaviləsi isə “Ayaks”la (2001-2004) olub.

Futbola erkən vida

15 yaşında futbolu buraxaraq ailəsinə maddi cəhətdən yardım etmək üçün dəniz sahilində işləməyə başlayıb. Amma baş məşqçi onu futbola davam etməsi üçün razı salıb. İbrahimoviç məktəbi uğurla başa vurub.

Universteti buraxdı, yenidən qayıtdı-16 milyonluq razılaşma

Universitetə daxil olsa da, futbol oynamaq üçün ali təhsilini yarımçıq buraxmalı olub. 2004-cü ildə, 16 milyon avro qarşılığında "Yuventus"a transfer olunub. A seriyasında məşhurluq qazanıb və David Trezeqe ilə komandada yaxşı cütlük yaradıblar. 2006-cı ildə "Yuventus"un əzəli rəqibi "İnter"ə transfer olunur. 2007 və 2009-cu illərdə Avropada ilin komandasına seçilib.

“Qol kralı” İbra

2008-2009 mövsümündə “qol kralı” adı alıb. 2009-cu ilin yayında "Barselona"ya transfer olunan İbrahimoviç, sonrakı mövsüm "Milan"a keçid edib.

İbrahimoviçin transferi böhranı aradan qaldırır

"Milan"ın iqtisadi böhran səbəbiylə transferə çıxardığı İbrahimoviç, 2012-ci ilin yay transfer dövründə PSJ-yə keçir. PSJ ilə illik 14 milyon avroluq müqavilə bağlayır. "Milan" bu transferdən 20 milyon avro gəlir əldə edir.

Tarixin 2-ci ən bahalı futbolçusu

İbra "Barselona"ya “tarixin ən bahalı ikinci futbolçusu” olaraq 69 milyon avroya transfer olunub. Həmçinin ən çox qazanan 8-ci futbolçu olub. Onun qazancı haqqında məşhur “Forbes” jurnalı da yazıb. 2012-ci ildə "The Guardia"nın “Ən yaxşı 100 futbolçu” siyahısında 5-ci sırada yer alıb.

Milli komandadakı karyerası

İbrahimoviçin Bosniya-Herseqovina və Xorvatiya milli komandasını seçmə haqqı olsa da, o, doğulduğu yerin millisini seçib. İbra İsveç formasıyla çıxdığı ilk matçda (İsveç- Farer Adaları görüşündə) 0-0 bərabərə qalıb.

2004-cü ildə keçirilən Avropa çempionatı İbrahimoviç üçün bir başlanğıc olub. Bolqarıstanla oyunda qol vurub və İtalyanın qatı müdafiəsi qarşısında yaxşı performans göstərərək son dəqiqələrdə bərabərlik qolunu atıb. Ancaq Hollandiya ilə oyunda penaltini reallaşdıra bilməyib.

Gecə klubuna getdiyi üçün heyətə alınmadı

2008-ci il Avropa çempionatının seçmə oyunları zamanı Lixtenşteynlə qarşılaşmaya çağırılıb, amma matçdan əvvəl Kristian Vilhelmsson və Olof Mellberqlə birgə oteli tərk edərək gecə klubuna gediblər. Oyunçuların heç biri spirtli işki qəbul etməsə də, cəza olaraq heyətdən çıxarılıblar. Mellberq və Vilhelmsson bu qərara etiraz etməsə də, İbrahimoviç bunun ədalətsiz olduğunu bildirdib. Bu səbəbdən o, etiraz əlaməti olaraq İslandiya və İspaniya matçlarına çıxmayıb. Həmçinin Misirlə keçirilən oyuna da çıxmamaq qərarı verib. Amma bir ay sonra özünə tətbiq etdiyi bu qadağaya son qoyub və Şimal İrlandiya ilə qarşılaşmada yenidən millinin formasını geyinib.

“Qızıl Top”a sahib olur, ilin futbolçusu seçilir

Bütün bu yaramazlıqlarına baxmayaraq o, 2007- ci ildə İsveçdə “Qızıl Top” mükafatını alır və ölkədə “ilin futbolçusu” seçilir.

Qolsuz keçən iki il

İbrahimoviç iki il boyunca milli komandada qol vura bilmir. Bu isə onun karyerasına mənfi təsir edən amillərdən idi. Qol “oruc”una iki il sonra 2008-ci ildə, Avropa çempionatında Yunanıstan və İspaniyaya qarşı oyunlarda son qoyub. Həmin çempionatda Rusiyaya məğlub olan İsveç qrupda qaldı.

Tekvandoda qara kəmər sahibi

İbrahimoviç 17 yaşında tekvandoda qara kəmər sahibi olub. Futbol meydanında da bu bacarığından istifadə edir.

Zlatan İbrahimovic müsahibələrinin birində deyir:

"Atam müsəlman, anam katolikdir. Döyüş idmanlarına marağım həmişə olub. Uşaqlıqdan bəri bu davam edir. Bu döyüşü atamın sayəsində öyrəndim. Yaxşı bir futbolçu niyə döyüş idmanlarına maraq duyar? Futbolu daha yaxşı oynamaq üçün".

Butsilərində oğullarının adı yazılıb - Lüğətə yeni söz əlavə edilib

“Nike” ilə müqaviləsi olan İbra, bu səbəbdən tez-tez reklam kliplərində də çəkilir. Geydiyi “Mercurial” butsilərinin üstündə oğullarının adı yazılıb.

Zlatan İbrahimoviçin şərəfinə İsveç dilində lüğətə yeni fel əlavə olunub. Bu söz "zlatanera"dir.
Tərcümədə "zlatanera" "dominantlıq etmək", "digərlərini ötmək" mənasını verir. Bu ideya "Canal+"in əməkdaşına məxsusdur. Z.İbrahimoviç özü isə bəyan edib ki, bu fel fransız dilinə də əlavə olunsaydı, o, şərəf duyardı.

Uşaqlar üçün klublar açdırıb

2007-ci ilin payızında İbrahimoviç “Nike”nin köməyi ilə, Rosenqardda futbol meydanı inşa etdirib. 2008-ci ildə yenə "Nike"nin köməyi ilə uşaqlar üçün klub açıb ("FBK Balkan").

Yardım dərnəyinə hədiyyəsi

İsveç millisinin İngiltərəni məğlub etdiyi matçda rəqib qapısına 4 dəfə yol tapa bilmişdi (4:2). Bu oyunun şərəfinə isə onun butsiləri auksiona çıxarılır. Əldə olunan gəliri yarımçıq doğulan körpələr üçün hədiyyə yığan “Vinnikott” dərnəyinə verir.

Şəxsi həyatını qələmə alıb

İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviç şəxsi həyatı haqda kitab yazıb. “Mən Zlatanam" adlı kitabında təcrübəli futbolçu "Barselona"da keçirdiyi illərdən və Qvardiolanın ona olan münasibətindən bəhs edib.

Kitabda bu zirvəyə gələnə qədər başının hansı bəlalar çəkdiyi haqda yazıb.

“Mən Zlatanam”- kitabından qısa xülasələr:

“Velosipedimi oğurladılar, mən də oğru oldum”

Uşaq olanda qardaşım mənə BMX velosiped hədiyyə etmişdi. Ona “Fido Dido” adı vermişdim. “Fido Dido” həyəcanlı oyuncaq idi. Onu qəhrəman hesab edirdim. Amma velosipedi Malme şəhərinin yaxınlığında yerləşən Rusenqordda oğurladılar və atam qollarını sıvayaraq onlara “Heç kim mənim övladlarıma toxuna, onların hər hansı əşyalarını oğurlaya bilməz” - dedi. Amma onun kimi qəhrəman belə bu vəziyyətdə heç nə edə bilmədi. “Fido Dido” tapılmadı. Bu hadisə mənə çox təsir etmişdi. Bundan sonra mən velosiped oğurlamağa, qıfılları sındırmağa başladım. Bu işdə çoxlu təcrübə topladım. Bam, bam, bam və velosipedlər artıq mənimdir. Velosiped oğurluğu edirdim. Bu mənim ilk və məsum “işim” idi. Amma bəzən işlər idarəmdən çıxırdı. Bir dəfə Rembo kimi tamamilə qara rəngdə geyindim və küçəyə çıxdım. Yolda hərbi motosiklet oğurladım. Əlbəttə, bu mənim üçün çox böyük idi. Amma xoşuma gəlirdi. Əslində mənim üçün prosesin özü velosipeddən daha çox maraqlı idi. Çox nadir hallarda işlərimin üstü açılırdı”.

“Anam əsil döyüşçü idi”

“Anam xadimə işləyirdi və hər vasitə ilə pul qazanmağa çalışırdı. Əsl döyüşçü idi. Başqa işlərlə məşğul olmağa sadəcə vaxtı olmurdu. Digər İsveç ailələrindən fərqli olaraq, bizim ailədə söhbət etmirdik, xarakterlərimiz çox fərqli idi. Anam çox vaxt ağlayırdı, həyatı çox ağır idi. Gün ərzində 14 saat işləyirdi. Bəzən də zibilləri toplamaq üçün biz ona köməyə gedirdik. Bu yolla cib xərcliyi alırdıq, bəzən isə anam əsəbləşirdi və pul vermirdi. Valideynlərim boşananda mənim 2 yaşım var idi. Buna görə də bu haqda heç nə xatırlamıram. Ola bilsin ki, belə olması yaxşı oldu. Deyilənlərə görə əla nikah olmayıb. Onlar həmişə dava ediblər və sadəcə atam evli olduğunu deyə bilsin deyə evləniblər. Əlbəttə, biz anamızla qaldıq. Amma atam üçün darıxıram. Onunla əyləncəli idi. Biz onunla hər həftəsonu görüşürdük”.

“Anamı oğurlanmış zinət əşyalarında günahkar kimi həbs etdilər”

1990-cı ilin payızı idi, onlar mənə heç nə demirdilər. Amma mənim öz müşahidələrim var idi. Evimiz çox dağınıq idi. Əmimqızlarından biri narkotik maddələrdən istifadə edirdi və onu evdə gizlədirdi. Onun ətrafında həmişə söz-söhbət olurdu, tanımadığımız insanlar ona zəng edirdilər. Növbəti dəfə anamı oğurlanmış zinət əşyalarında günahkar kimi həbs etdilər. Bir neçə dostu ona demişdi ki, bu əşyaları götür, o da, onlara qulaq asmışdı. Anam heç nəyi anlamırdı. Bunlar oğurluq əşyalar idi və tezliklə polislər gəldi. Mən hələ də o qeyri-müəyyənlik hissini yaxşı xatırlayıram.

Olanlardan sonra Sanela ağlayırdı, mən isə oradan qaçdım. Küçələrdə dolanır, futbol oynayırdım. Başqalarından daha perspektivli və ya yaxşı olduğumu deyə bilmərəm. Mən sadəcə top arxasınca qaçan oğlanlardan biri idim. Komandadakı uşaqlara kəllə atmağı daha yaxşı bacarırdım. Amma futbol mənim idi.

1990-cı ilin Noyabr ayında sosial xidmətin əməkdaşları gəldilər və atam Sanela və mənim rəsmi himayədarı oldu. Anamla yaşadığımız yer bizim üçün düzgün yer hesab edilmədi. Anam tamamilə boşluqda idi. O, bizi itirdi? Bu əsl faciə idi. O, dayanmadan ağlayırdı. Düzdü, bizi qaşıqlarla döyürdü, dinləmirdi, kişilərlə bəxti gətirmirdi, heç vaxt pulu olmurdu, amma övladlarını çox sevirdi. O, sadəcə ağır şərtlərdə tərbiyə olunmuşdu və atam da bunu anlayırdı. Həmin gün atam ona yaxınlaşdı və dedi:- İstəmirəm ki, sən onları itirəsən, Yurka”.

“Bazar günlərinin atası”

1991-ci ilin Mart ayında Sanelanın qəyyumluğunu anama, mənimkini isə atama verdilər. Yeganə doğma bacımla məni ayırdılar, amma biz həmişə bir yerdə idik. İndi Sanela gözəllik salonunda işləyir Sanela güclüdür. İkimizdən heç birimizin asan həyatı olmayıb. Atam bizə yaxın olmaq üçün evini də dəyişdi. Amma heç də hər şey mən gözlədiyim kimi deyildi. Mən onu sadəcə “Bazar günlərinin atası” kimi tanıyırdım.

“Dərdlərini unutmaq üçün içir”

“Qardaşım bir dəfə dedi ki, atamız kədərini unutmaq üçün içir. Ola bilsin ki, o həqiqəti söyləyirdi.

Müharibə - qəribə bir şeydir. Onun haqqında heç vaxt heç nə bilməmişəm çünki həmişə müdafiə edənim var idi. Hamı özünə əzab verirdi, mən isə nəyə görə anamın və bacımın qara paltar geydiklərini anlamırdım belə. Bunlar mənə hər hansı dəb qaydasını xatırladırdı. Nənəm Xorvatiyada bomba partlaması nəticəsində vəfat etdi. Hamı hüzün içində idi. Məndən başqa, hamı. Heç vaxt anlamırdım ki, kim serbdir, kim bosniyalı. Amma atam üçün bu dözülməz idi.

O Bosniyanın Bielina şəhərindən gəlib. Onun bütün dostları orada yaşayır. Və qəflətən şəhər cəhənnəmə çevrildi. Bielina tamamilə dəyişdi, onun özünü müsəlman adlandırması da insanları heyrətləndirdi. Serblər şəhərə girib yüzlərlə müsəlmanı öldürdülər. Mənə elə gəlir ki, atam ölənlərin çoxunu tanıyırdı, onun ailəsi də qaçmaq məcburiyyətində idi. Bielinanın bütün əhalisi evakuasiya edildi və serblər boş şəhərə daxil oldular. İndi mən anlayıram ki, onun mənim üçün niyə zamanı olmurdu, əsasən də gecələr. O televiziya xəbərlərini gözləməklə keçirirdi zamanını, tək oturur, içir, Yuqoya qulaq asır, kədərlənirdi. Mən isə küçədə olmağa çalışırdım, ya da anamın yanına gedirdim. Bu tam başqa bir dünya idi. Bu dünyada sadəcə mən və atam var idi. Anamın həyatı isə sirkə bənzəyirdi”.

Narkoman xalaqızı

Anamın evində baş verən şeylər çox pis idi. Narkotiklər xalam qızına çox pis təsir edirdi və onu öz bataqlığında batırmağa başlamışdı. Hər dəfə də kim isə gələndə anam tutulacağından qorxaraq çox narahat olurdu.

Həyatımızda kifayət qədər bədbəxt hadisələr var idi. Indi nə olacaqdı? Anam vaxtından əvvəl qocaldı. Narkotikləri görəndə indi də pis vəziyyətə düşür. Bir neçə müddət əvvəl o, mənə əsəbi zəng etdi və “Narkotiklər soyuducudadırlar! Aman Allah, narkotiklər!” - dedi. Mən də əsəbləşdim. Kekini çağırdım və sadəcə “Narkotiklərin anamın soyuducusunda nə işi var?” - sualını verdim. Mənim nədən danışdığım barədə heç bir məlumatı yox idi. Sonradan biz hamımız təəccübləndik, məlum oldu ki, anam İsveç siqarını narkotik hesab edib.

“Sakit ol, ana, bu sadəcə siqardır”.

“Olsun, eyni zibildir”, - deyə cavab verdi.

Həmin illər biz hamımız çalışırdıq ki, anamın yanında olaq və onu narkotik vasitələrdən uzaq tutaq. Amma bilmirdik necə. Sonda bir çarə tapdıq. Xalamqızını bütün narkotikləri ilə bərabər reabilitasiya mərkəzinə yola salsaq da, anamla ünsiyyətdə olduğu üçün yenə də stress yaşayırdı və biz onu tamamilə xalam qızından uzaqlaşdırdıq.

Mənim öz əşyalarım, velosipedim, futbolum, Brus Li və Məhəmməd Əli ilə bağlı xəyallarım var idi. Onlar kimi olmaq istəyirdim.

İlk dəfə İsveç filminə baxanda mənim 20 yaşım var idi. O vaxtlar mən İsveç aktyorları və ya idmançıları haqqında heç nə bilmirdim. Amma Əlini tanıyırdım, axı o əfsanə idi. İctimaiyyətin fikrinə önəm vermədən həmişə öz yolu ilə gedirdi və heç vaxt heç kimdən üzr istəmirdi, bunu mən ondan öyrənmişəm. Öz işi ilə məşğul idi sadəcə. Düşünürəm hamı onun kimi olmalıdır. Buna görə də onun kimi olmağa çalışırdım”.

Aygün İlqarqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR