Strasburqda möhtəşəm çıxış
Bizi izləyin

Digər

Strasburqda möhtəşəm çıxış

“Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb”

İlham Əliyev: “Ölkəmizdə siyasi məhbus yoxdur”

Prezident İlham Əliyev iyunun 23-də Fransaya işgüzar səfər edib. Səfərin əsas məqsədi Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış etməkdən ibarət olub.

Strasburqa gəliş

Dünən səhər saatlarında Azərbaycan prezidenti Avropa Şurasının binasının yerləşdiyi Strasburq şəhərinə gəlib. İlham Əliyev burada Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör ilə görüşüb. Azərbaycan dövlətinin başçısı Avropa Şurasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Görüşdə Azərbaycanla AŞ PA arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər, o cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Baş katiblə görüş

Daha sonra Azərbaycan prezidenti Avropa Şurasının baş katibi Torbörn Yaqlandla görüşüb. Görüşdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə prioritet təşkil edən məsələlər müzakirə olunub. Prezident İlham Əliyev son illərdə Azərbaycanda gedən demokratik inkişaf prosesləri və bu sahədə aparılan islahatlar barədə məlumat verib. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İlham Əliyevin növbəti görüşü İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanla keçirilib. Görüşdə Azərbaycanın hüquq-mühafizə orqanları ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev: “Azərbaycanda bütün fundamental azadlıqlara riayət olunur”

AŞ PA-nın yay sessiyasının plenar iclasının ikinci günündə, yəni dünən yerli vaxtla saat 12:00-da İlham Əliyev AŞ PA deputatları önündə çıxış edib. Prezident çıxış etməzdən öncə AŞ PA-nın sədri Ann Brasör təmsil etdiyi qurumun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təkrar edib. A.Brasör daha sonra “ümid edirəm ki, ölkənizin sədrliyi islahatların sürətləndirilməsinə təkan verəcək” deyərək sözü İlham Əliyevə verib. İlham Əliyev Azərbaycanda iqtisadi və siyasi islahatların eyni anda həyata keçirildiyini bildirib: “Avropa Şurasına daxil olarkən öhdəliklərin olacağını bilirdik və buna hazır idik. Bunun üçün də, qanunvericiliyimizi yenilədik. Azərbaycanda vicdan azadlığı yüksək səviyyədədir”. Dövlət başçısı bildirib ki, Azərbaycanda indi yüksək templə inkişaf gedir və ölkədə islahatlar aparılır: “Bu islahatlar 90-cı illərin ortalarından, təxminən elə bizim ölkənin müstəqilliyindən sonra başlayıb. Müstəqilliyimizin ilk illəri bizim xalqımız üçün faciəyə çevrildi. İqtisadi çətinliklər var idi, siyasi və iqtisadi böhran yaranmışdı, Azərbaycandakı ilk hakimiyyətin ölkəni qeyri-effektiv idarə etməsi çox ciddi vəziyyətə gətirib çıxarmışdı. Ümumiyyətlə, əsas məsələ bizim dövlətimizin mövcudluğu idi. 90-cı illərin ortalarında Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul olundu. Ölkədə sosial və iqtisadi inkişaf dövrü başladı. Biz fəal şəkildə Avropa Şurasına üzv olduq. Bizim öz istəyimizlə bu təşkilatın üzvü olmaq və ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, Avropa Şurasının üzvlüklə bizim üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq. Biz indi də üzərimizə düşən öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik. Bir daha təkrar etmək istəyirəm, mətbuat azadlığı tam şəkildə təmin olunub. Eyni zamanda sərbəst toplaşmaq azadlığı da tam təmin olunub. Və bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir.

Prioritetlərimiz sadalandı

Prezident Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin prioritetləri barədə danışıb. İlham Əliyev deyib ki, Azərbaycanın sədrliyi multikulturalizmin inkişafını prioritet kimi seçib: “Prioritetlərimiz sırasında beynəlxalq təşkilatların qəbul etdiyi qərarların implemetasiyası da durur. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərarlar qəbul edib. Təəssüf ki, bunların heç biri tətbiq olunmur”. Prezident deyib ki, korrupsiyaya qarşı mübarizə də ölkəmizin prioritetlərinə daxildir: “Korrupsiya ölkəmizin uğurlu inkişafına mane olur. İnstitusional islahatlar korrupsiya ilə mübarizəyə yönəlib. Gənclər və təhsil də bizim prioritetlərə daxildir. Bu, radikalizmə qarşı ən yaxşı vasitədir. Azərbaycanda təhsilin səviyyəsi yaxşılaşdırılır”.

Erməni liderlərinin arqumentləri darmadağın edildi

Daha sonra Ermənistanın Azərbaycana təcavüzü barədə danışan prezident Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmasının regional sülhə təhlükə olduğunu vurğulayıb: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan mədəniyyət abidələri orada dağıdılmaqdadır. Dağlıq Qarabağ iyirmi ildən çoxdur ki, erməni ordusu, erməni dəstələri tərəfindən işğal altındadır. Bu, böyük ədalətsizlikdir. Bəzən BMT Təhlükəsizlik Şurası qətnamələrinin bir neçə saat ərzində yerinə yetirildiyini görürük. Bizim halda isə iyirmi ildir ki, qətnamələr yerinə yetirilmir. Azərbaycan iyirmi ildir ki, danışıqlar yolunu tutub. Amma bu, daimi olaraq belə davam edə bilməz. Ermənistanın keçmiş prezidenti ermənilərlə azərbaycanlıların uyğunsuzluğunu deyir. İndiki prezident isə bu münaqişəni dini münaqişə kimi qələmə verir. Azərbaycanlıların heç bir millətlə uyğunsuzluğu yoxdur”.

“Beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilməlidir”

Prezident həmçinin bildirib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların həyata keçirilməsidir. Dövlət başçısı qeyd edib ki, Azərbaycanla bağlı da bir neçə qətnamə və qərarlar var: “Bunlardan əsası BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrdir. Lakin praktikada bunların heç birisi həyata keçirilmədi. Buna görə də, fikrimcə, beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması olduqca vacib məsələdir. Belə bir mexanizmi biz hamımız birlikdə tərtib etməliyik. Yoxsa bu qətnamələr öz mövcudluğunu və əhəmiyyətini itirəcək. Biz tövsiyə edərdik ki, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilsin. Bu, çox əhəmiyyətli məsələdir”. İlham Əliyev deyib ki, ermənilər bir dəfə öz müqəddəratlarını həll edərək dövlət yaradıblar: “Özü də bu dövlət tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ermənistan nümayəndə heyəti də bunu bilir. 1918-ci ildə yaradılmış Azərbaycan dövlətinin ilk qərarlarından biri İrəvanı Ermənistana vermək olub. Ermənilər neçə erməni dövləti yaratmağı düşünürlər?” Dövlət başçısı AŞPA sədri, xanım Ann Brasörə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyi üçün təşəkkür edib: “Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipi hesab olunur”. Daha sonra prezident İlham Əliyev AŞ PA deputatlarının suallarını cavablandırıb. Siyasi məhbuslarla bağlı suala cavab verərkən Prezident bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur. O qeyd edib ki, Azərbaycan siyasi təxribatlarla üz-üzədir. Prezident sualı verən deputat MakNamaraya “Əgər müzakirələr aparmaq istəyirsinizsə, başqa yerdə müzakirə edə bilərik” deyə təklif edib. Dağlıq Qarabağla bağlı suala cavab verərkən prezident İlham Əliyev Ermənistanın qeyri-konstruktiv mövqeyinin irəliləyişlərə mane olduğunu bildirib. İlham Əliyevin sözlərinə görə, beynəlxalq təşkilatlar təsir göstərmədikcə inkişafa nail olmaq çətindir. Bundan əlavə, Ermənistan liderləri ATƏT Minsk qrupu formatı ilə kifayətlənirlər və status-kvonu saxlamağa çalışırlar. Prezidentə ünvanlanan daha bir sual Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindən snayperlərin yığışdırılması ilə bağlı olub. Ölkə başçısının cavabına əsasən, ən yaxşı həll yolu erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır. O, mümkün hərbi həmlələrdən qorunmaq üçün qoşunların təmas xəttində olmasının vacibliyini vurğulayıb: “Bəzən əsgərlər arasında məsafə təxminən 50 metr olur. Odur ki, ziyanlı hərəkətlər üçün snayperə gərək olmur”.

"Dedikləriniz yalan və əsassız məlumatlar üzərində qurulub"

“Bizim ölkəmizdə siyasi məhbus yoxdur. Sizin dedikləriniz yalan və əsassız məlumatlar üzərində qurulub, ya da bizim ölkəmizə qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Siz yenə də Azərbaycanı təhqir etmək niyyətindəsiniz, amma bu, uğursuz cəhddir. Əminəm ki, sizin bu yöndə dünənki uğursuz təşəbbüsünüz də iki il əvvəlki təşəbbüs kimi eyni nəticələrlə sona çatacaq. 2013-cü ildə Kristofer Ştrasserin də bu istiqamətdəki təşəbbüsü tam uğursuzluqla nəticələnmişdi”. Prezident İlham Əliyev AŞPA-da çıxışından sonra irlandiyalı deputat Mikael Maknamaranın Azərbaycanda siyasi məhbusların olması barədə sualına cavabında deyib. Dövlət başçısı Azərbaycanın qəsdən ortaya atılmış təxribatın qurbanına çevrildiyindən təəssüfünü ifadə edib: “Biz dəqiq bilirik ki, bunun səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Sizin qəzetlərdə oxuduqlarınız Azərbaycana hücum etməkdə maraqlı qüvvələr tərəfindən təqdim edilib. Bir də deyirəm, Azərbaycanda siyasi məhbus yoxdur. O vaxt cənab Ştrasserin hazırladığı hesabat elə burdaca, bu zalda süquta uğramışdı. Çünki o hesabat böhtan xarakterli, yalan məlumatlar üzərində qurulmuşdu, siz indi eyni şeyi etmək istəyirsiniz. Siz Assambleyanın mövqeyini dəyişmək istəyirsiniz, amma yenə təkrar edirəm ki, bizdə siyasi məhbus yoxdur. Bundan başqa, Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyasına qoşulub, Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüdür və bütün belə məsələləri bu məhkəmədə qaldırmaq olar. Biz bu Məhkəmənin qərarlarına hörmətlə yanaşırıq. Bir daha təkrar edirəm, bizim ölkəmizə qarşı yönəlmiş həmlələr heç bir nəticə verməyəcək”.

Səxavət HƏMİD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm