• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kəbənin Qara daşını parçalamaq

  • Digər
  • 1 İyul 2014 12:59
  • 1 076 Baxış
Kəbənin Qara daşını parçalamaq

Müsəlmanların Ramazan ayı gəldi, orucluq başladı. Vaizlər "nəfs üzərində qələbə ayı"nın min illərdir təkrarlanan və çağdaş insanın həyat və düşüncə tərzinə zidd olan tezislərini xırdalamağa macal tapmamış "İraq Şam İslam Dövləti" adlanan terror örgütü bir bəyanat yaydı.

TWİTTER sosial şəbəkəsi vasitəsilə yayılan açıqlamaya görə, İŞİD tezliklə Səudiyyə Ərəbistanını çökdürəcək, Məkkəni fəth edəcək, Kəbəni yıxacaq, Həcər-ül-Əsvada sitayiş edənləri öldürəcək, Allahdan başqa kimsəyə, nəsnəyə ibadət edilməsinə izn verməyəcək. Mən bütün varlığımla sekulyaram, dini öyüdləri qəbul etmirəm, 7-ci əsrdəki post-quldar ərəblərin ehkamlarını həyatımdan maksimum uzaq tutmağa çalışıram və bu düşüncələrimi gizlətmirəm.

Azərbaycanda bunca sosial problemlər ola-ola vətəndaşlarımızın "Hacı" titulu dalınca Məkkəyə üz tutmasını, yanındakı, yaxınındakı insanlara əl tutmaq əvəzinə gedib Mina dağında şeytan daşlamasını yanlış sayıram.

Amma və lakin İŞİD-in, İŞİD kimi təşkilatların Məkkəni dağıtmaq həvəsini və niyyətini də əsla bölüşmürəm. Mən inanmasam da, inananların nəzərində Məkkə qutsaldır. Qutsallıqdan, ziyarətgahlıqdan, məbəddən əlavə, eyni zamanda, tarixi bir məkandır, qorunulması gərəkən abidədir. Bir abidəni dağıtmaq, min illərlə yaşı olan bir məkanı Yer üzündən silmək, bircə nəfər olsa belə, insanın qut saydığı, qiblə saydığı məbədi yerlə yeksan etmək bəşəriyyətə qarşı ən böyük və bağışlanmaz suçdur. Axı əqidə müfəttişliyinə, ən doğru inanc və ibadət formasını tətbiq etmək yetkisini kim verib İŞİD-ə?

7-ci əsrdə Kəbədən bütlərin yığışdırılmasını, Məkkə uğrunda qanlı savaşlar getməsini sırf tarixi nöqteyi-nəzərdən anlayışla qarşılamaq mümkündür, biz enində-sonunda post-quldar bir cəmiyyətdən danışırıq, demokratik və multikultural dəyərlərdən, tolerantlıq və konsensus kimi məfhumlardan xəbərsiz qəbilələrdən söz açırıq. Amma indi 21-ci yüzildir.

Dünyanın inkişaf etmiş xalqları, tərəqqiyə yön verən cəmiyyətləri dini siyasətdən, inancı dövlətdən, ehkamları mədəniyyətdən uzaqda saxlayır. Belə bir çağda cəmiyyəti hərəkətə gətirmə vasitəsi zor deyil, silah deyil, inandırmadır. Məzhəbindən, təriqətindən, camaatından asılı olmayaraq, İslamın 21-cü yüzildə qarşılaşdığı ən böyük sorun məhz inandırma ilə bağlıdır. Söhbət Allahın birliyinə, axirətin və qiyamətin olacağına, namaz, oruc, həcc kimi ziyarətlərin savabına yönəlik təbliğatdan və milyardlar yatırılan bu propaqanda vasitəsi ilə islamın kütləviləşdirilməsindən getmir.

21-ci əsrin adamları üçün islam heç bir ölkənin, heç bir xalqın, heç bir cəmiyyətin timsalında örnək model ortaya qoya bilməyib, Avropa isə xristianlığı fərdi inanc müstəvisindən kənara çıxmağa qoymadan insan hüquq və azadlıqlarına söykənən bəşər tarixinin ən mütərəqqi və ədalətli cəmiyyətlərini qurub. Bu gün ağlı başında olan hansı adam Danimarkanı, İsveçi, Finlandiyanı qoyub teokratik ərəb ölkələrində yaşamaq istər?

Bu gün ağlı başında olan hansı adam Praqanı, Vilnüsü, Anversi qoyub canlı bombaların və pintiliyin tüğyan elədiyi Orta Şərqə üz tutar? Bu gün ağlı başında olan hansı adam deyə bilər ki, elmi-texniki tərəqqiyə, universitetlərin inkişafına böyük pullar yatıran ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya kimi dövlətlər yox, mücahid yetişdirən ərəb dövlətləri təkan verir rifaha? 9-cu yüzilin sonlarına doğru elə bu günkü İraq sınırları daxilində Qərmətilər adlanan bir dövlət qurulmuşdu. "İsmayılı" etiqadının daşıyıcısı olanların qurduğu bu dövlətin paytaxtı Ahsa şəhəri idi.

Tarixdə məşhur olaydır, 929-cu ildə Qərmətilər Məkkəni tutdular, 20 mindən çox Hacını qətl etdilər, cəsədlərini Zəmzəm quyusuna atdılar, Kəbədəki qara daşı- Həcər-ül Əsvadı isə götürüb öz paytaxtlarına apardılar.

Qərmətilərin paytaxtında namaz qılınmaz, oruc tutulmazdı, kişilərlə qadınların bərabərliyi elan edilmiş, içki və donuz ətinin satışı yasallaşmışdı, dinləri və peyğəmbərləri tənqid edən, lağa qoyan fikirlər səsləndirmək sərbəst idi, Tanrının var olub-olmadığı açıqca müzakirə edilə bilirdi.

Amma buna rəğmən, bir müddət sonra - 950-ci ildə Qara Daş- Həcər-ül Əsvad Kəbəyə qaytarıldı.

İŞİD-lə tutuşdursaq, İsmayılılar qat-qat mütərəqqi cərəyan kimi görünür, amma onların uzaq vədədə Qara Daşa uduzmasının mühüm bir səbəbi vardı. Bu da ondan ibarət idi ki, onların sistemi də AZADLIQ yox, BASQI üzərində qurulmuşdu.

Deyilənə görə, Xəlifə Ömər bir ziyarəti zamanı Kəbədə Qara Daşı öpmüş və belə söyləmişdi: "Çox yaxşı bilirəm ki, Sən zərəri və faydası olmayan bir daş parçasısan..." Bəli, Həcər-ül Əsvad zərəri və faydası olmayan bir daş parçasıdır, onu tərpətməklə, parçalamaqla, yox etməklə yox, insanları elmə və tərəqqiyə səsləməklə, azadlıqlarına və hüquqlarına sayğı göstərməklə yaxşı cəmiyyət qurmaq mümkündür.

Odur ki, İŞİD-in KƏBƏYƏ BASQINI Şərq xalqlarına xeyir gətirməyəcək.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR