• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Kasıbların futbolu da kasıb olur!”

  • Digər
  • 2 İyul 2014 16:30
  • 771 Baxış
“Kasıbların futbolu da kasıb olur!”

“Kasıbların futbolu da kasıb olur!”

Yay günlərindən biri idi. On yaşım olardı . Məhəllədə futbol oynayırdım. Zədələndiyimdən evə getməli oldum. Anam dizimin yarasına yod çəkib, məni əzizlədi. Televizorda futbol verirdilər. Atam damağında siqaret, diqqətlə oyuna baxırdı. 2000-ci il Avropa Futbol Çempionatının qrup mərhələsi çərçivəsində Hollandiyayla Yuqoslaviya qarşı-qarşıya oynayırdı.

Atamın səsi gəldi:

- Bax, bu hollandlara azarkeşlik eləmə, Yuqoslaviya komandasına diqqət yetir!

Atamı dinləyir, ekranda ora-bura qaçan futbolçuları izləyirdim. Hesab 4-0 idi: hollandlar artıq qələbəyə doğru irəliləyirdilər.

- Ata, axı Hollandiya güclüdür, niyə Yuqoslaviyaya azarkeşlik edim?

- Hollandiya güclü, inkişaf etmiş bir ölkədir, – atam dedi. Bir çox turnirlərdə də uğur qazanıb. Amma Yuqoslaviya kasıb ölkədir, onun xalqı müharibələr, faciələr görüb. Ona görə də mən kasıb, zəif ölkələrə “balet” edirəm.

Oyunun sonunadək baxdım. Hesab 6-1 Hollandiya millisinin böyük hesablı qələbəsi ilə sona çatdı.

Yadıma düşür, uşaq yaşlarımda futbola baxanda necə güclü həyəcan keçirirdim. Buna görə də, çox vaxt anam oyunları izləməyi mənə qadağan edirdi. Mən də gecələr yata bilmir, matçların nəticəsi haqqında fikirləşirdim.

Bir dəfə Çempionlar Liqasında “Qalatasaray”-“Real” oyununa baxırdıq. İlk hissədə “kral klubu” “cimboma” iki qol vurdu. Anam televizoru söndürmək istəyirdi:

- Söndürün, yataq. Onsuz da uduzduq!

Amma atamın israrı ilə ikinci hissəyə baxa bildik və türk klubu sözün həqiqi mənasında möhtəşəm çevriliş edərək, hesabı 3-2 etdi, tarixi bir qələbə qazandı. Evdə hər kəsin üzü gülürdü.

2002-ci il Dünya Çempionatında Türkiyənin tarix yazması da mənim uşaqlıq illərimin ən gözəl və unudulmayan bir xatirəsidir. Türkiyə-Brazilya oyununda Hasan Şaşın ilk qolu yadınızdadır? Yəqin, o qoldan sonra ekran qarşısında çığır-bağırla sevincinizi bölüşmüşdünüz. Hamımız qələbəyə inanmışdıq. Hətta yazıçı Şərif Ağayar öz dostlarını daha da ruhlandırmışdı: “Mənə elə gəlir, Qarabağı alacağıq!”. Bütün Avropa türklərdən qorxmuşdu, sanki Osmanlı ordusu yenidən bərpa olunurdu. Bu oyunda Türkiyə uduzdu, bu, uşaqlığımın son məğlubiyyəti idi…

Bir dəfə soyuq günlərin birində yenə “Qalatasaray”ın oyununa ailəlikcə baxırdıq. Hesab hələ açılmamışdı, amma oyun olduqca həyəcanlı və maraqlı keçirdi. Sonra evimizdə işqlar zəifləməyə, lampa əsməyə başladı. Atam “zəlzələdir, qaçın” deyə qışqırdı. Televizoru söndürmək o an heç birimizin ağlına gəlmədi. Ev paltarlarımızla özümüzü küçəyə atdıq. Hava olduqca şaxtalı və küləkli idi. Kişilər damaqlarında siqaret püfüldədərək “Qalatasaray”ın oyunundan danışırdı, insanların arasında panika, sanki, yoxa çıxmışdı. Bu oyuna baxmaq eşqi zəlzələ qorxusunu silib aparmışdı. Atamın əllərindən tutmuşdum, həm üşüyürdüm, həm də qorxurdum. Daha sonra gecə saatlarında evə qayıtdıq. Oyundan isə xəbərimiz yox idi…

Atam beynəlxalq futbol çempionatlarına tamaşa edərdi. Həmişə kasıb, iqtisadi cəhətdən zəif ölkələrə daha çox azarkeşlik edərdi və bu sevgini bizə də aşılayardı. Heç unutmaram, daha çox Afrika ölkələrinin tərəfində olardı – Qana, Kamerun, Seneqal, Fil Dişi Sahili, Anqola və s. Bir də, yadımdan çıxmayan bir cümləsi var: “Kasıbların futbolu da kasıb olur!”.

İndi futbol haqqında xatirələrim yaddaşımda rəqs edərkən düşünürəm ki, burjuaziya öz kirli əlləri ilə futbolun həyəcanını pula bulaşdırdı. Mənə elə gəlir, uşaqlığımla bərabər, saf, təmiz, unudulmaz futbol da həyatımdan çıxıb getdi...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR