Leyla Əliyeva: “Onları həyatımdan silmişəm” - Fotolar
Bizi izləyin

Digər

Leyla Əliyeva: “Onları həyatımdan silmişəm” - Fotolar

“Ulduzlu axşam”da Leyla Əliyevadır. Televiziyamızın zərif, eleqant, səmimi, gülərüz aparıcısı. Çoxdandır görünməsə də, biz onu tapdıq. Sən demə, başı qarşıqmış.

“Olduğumdan 8 kilo artıq görünmək mənim üçün faciədir”

- Leyla haralardasan, çoxdandır görünmürsən?

- Analıq məzuniyyətinə çıxmışam. Bir müddətdir ki, televiziyada da yoxam, ana olduğuma görə üçillik məzuniyyət verilib. Amma kənardan da olsa televiziya proqramlarını izləyirəm. Bilmək istəyirəm ki, indi tendensiya nədir, insanlar hansı verilişlərə baxmaq istəyir və s. Bu müddətdən çalışıb istifadə edəcəyəm ki, görünəndə də hansısa bir yeniliklə görünüm.

- Hansı telekanalda görə biləcəyik sizi?

- Mən İctima Televiziyanın əməkdaşıyam, amma hər şeyi zaman göstərəcək. Harda olmağım məsləhət olacaqsa, harda münbit şərait olacaqsa, orda da olacağam. Bəlkə elə İctimai Televiziyanın özündə münbit bir şərait olacaq, istədiyim verilişlə izləyicilərimin qarşısına çıxacağam. Zaman göstərəcək.

- Uşaq neçə aylıqdır, maşallah, heç çəki almamısan…

- Dördaylıqdır oğlum. Amma yox, çəki almışam. Siz indi yəqin mənə kompliment etmək istəyirsiniz. Əslində mənim dostlarım və ailəm də bilir ki, mən bu məsələyə necə həssas yanaşıram. Qızım olanda da mənə deyirdilər ki, çəki almısan. Mən tez bir zamanda əvvəlki formama qayıtdım. Hər kəs bilir ki, kameralar insanı olduğundan 8 kilo artıq göstərir, indiki halda, olduğumdan 8 kilo artıq görünmək mənim üçün faciədir. Mən özümdə bu artıq çəkini hiss etdiyimdəndir, ya nədənsə həmişə özümə qarşı tələbkar olmağımdan özümü diskamfortda hiss edirəm.

- Çəkini hansı yolla atırsan?

- Diyetoloqum var, onun məsləhətinə qulaq asıram. Mən “Eurovisiona” hazırlaşanda da onun mənə çox köməyi olmuşdu. Düzgün, sağlam qidalanma lazımdır.

“Ətlə, qızardılmış kartofun dadını artıq unutmuşam”

- Bəs idmanla necə, məşğul olursan?

- Sözün düzü, mən idmana getmirəm, çünki arada getməsən, yenə də çəki alacaqsan. Bu mənim həyat rejimimlə üst-üstə düşmədiyindən idmana getmirəm.

- Nələri qida rasionundan tamamən çıxarmısan?

-Yağlı qidalardan uzağam. Ətlə, qızardılmış kartofun dadını artıq unutmuşam. Çünki bundan dəhşət çəki alıram. Amma çayla bir şokolad mütləq içirəm. Yəni şirniyyatdan büsbütün imtina edə bilmirəm. Axşamlar yemirəm. Nəsə istəsəm, məsələn, qatıq içirəm.

- Meyvələrlə aran necədir?

- Aram yoxdur, amma arıqlamaq istəyənlər qreyfrut şirəsi içə bilər. Mənim səhərim yalnız qreyfrut şirəsi ilə açılır. Vəssalam.

- Günortalar bəs?

- Daha çox tərəvəzlər yeyirəm. Məsələn közdə bişirilmiş pomidor, badımcan...

- Çətindir bu təamlardan özünü saxlamaq?

- Artıq vərdiş elədim. Məsələn, evə gedirəm dadlı yeməklərin ətri məni çəkmir. İlk vaxtlar olurdu ki, yeməyin iyi məni cəlb edirdi. Hətta mənə elə gəlirdi ki, yeməyin qoxusundan belə çəki ala bilərəm. Bir də ki, çoxlu su içmək lazımdır. Zəncəfili dəmləyib suya əlavə etsəz, insan orqanizmi təmizlənər. Bu gün çoxları zəncəfilli sudan istifadə edir.

“Ehtiras, hiss zamanla, məişətlə sönür”

- Mətbəxlə, ev işləri ilə aran necədir?

- Əla. Statusundan asılı olmayaraq hər bir qadın bu işləri bacarmalıdır. Amma deyim ki bütün günü mətbəxdən çıxmıram, doğru olmaz. Şükürlər olsun ki, anam, qaynanam bu işin öhdəsindən özləri gözəl gəlir.

- Uşaqların tərbiyəsində başqa analardan nə ilə fərqlənirsən? Xüsusi tərbiyə metodun varmı?

- Uşaq elədir ki, onu necə proqramlaşdırırsansa, elə də olacaq. Deyə bilmərəm ki, uşağı büsbütün azad buraxıram. Qızımın dörd yaşı hələ indi olur. Olmaz nə olduğunu indi-indi anlayır. Mən uşağı lazım gələndə danlayıram, ya da ona başa salıram.

- Daha çox uşaqların tərbiyəsi ilə kim məşğul olur?

- Atası da, mən də…

- Həyat yoldaşınla bir yerdə işləyirsiniz, bu hardasa, yeknəsəklik yaratmır ki?

- Deyirlər ki, əgər işdə də işdən, evdə də işdən danışırsansa, adam yorulur. Amma biz tutalım, hansısa layihə üzərində işləyiriksə, yemək stolu arxasında, yaxud, dincələndə, televizora baxanda fikirlərimizi bölüşürük və burdan yeni bir layihə yaranır.

- Bax maraqlıdır, adiləşməmək üçün neynəyirsiz?

- Bu doğrudan da çox çətindir. Ailə yalnız sevgi və duyğu üzərində qurulursa, təbii ki, ehtiras, hiss zamanla, məişətlə sönür, azalır. Artıq o birinci həyəcan qalmır. Əgər insanların bir-birinə hörməti varsa, inanmıram o ailə dağılsın.

- Birinci həyəcanın qalıcı olmasında yük daha çox kişiyə düşür, yoxsa qadına?

“Mənim üçün həyatda ən dəyərlisi ailəmdir”

- Ailədə “kim” deyə bir şey yoxdur. Bu yük iki nəfərin üzərinə düşür.

- Eyni kollektivdə işləmək, hər zaman bir yerdə olmaq, qısqanclıqlar olurmu?

- Təbii ki, mütləq olmalıdır. Əsas odur ki, qarşı tərəfi başa düşəsən, onu tanıyasan.

- Qısqanclıq sevgidən yaranır, yoxsa, inamsızlıqdan?

- Tutalım, sizin bir qələminiz var, kimsə onu sizdən almaq istəyir. Siz ona demirsiniz ki, al apar. Bu sizin hər zaman öyrəşdiyiniz, istifadə etdiyiniz bir əşyadır. Mən hələ primitiv bir misal çəkdim. Hər halda insanla qələm eyni deyil. Bu insan sənin xanımın, bəyəfəndindirsə, istəməzsən ona yad bir nəfəs toxunsun, yad baxış baxsın. Onu paylaşmaq istəməzsən. Ən azı hələ paylaşa bilmək potensialın səndə bir qıcıq yaradır.

- Xüsusən də sizin üzdə olan bir xanım olmağınız bu qısqanclığı yəqin birəbeş artırar…

- Hər halda o, kiminlə evləndiyini qabaqcadan bilirdi.

- Ailənin uzunömürlü olması üçün sizcə, bir resept varmı?

- İnsan münasibətlərininin bir resepti yoxdur. Çünki insan hisləri o qədər fərdi və çərçivəsizdir ki, bunu hər hansı bir reseptə sığışdırmaq mümkün deyil. Stuasiyaya bağlıdır. Mənim üçün həyatda ən dəyərlisi ailəmdir. Həyatda ən çox qorxduğum şey itkidir. Deyirlər e, dilemma qarşısında qalsan, karyeranı, işini, yoxsa ailəni tutarsan? Təbii ki, mən ailəmi seçərdim. Bu həyatda sevdiklərini itirməkdən qorxulu heç nə yoxdur.

“Efirdən hətta özümə baxıb deyirdim ki, ay Allah belə də burun olar?”

- Depressiyaya tez-tez düşürsən?

- Depressiya aludəçisi deyiləm. Məsələn, mən öz xarici görünüşümdən narazı olanda bu baş verə bilər. Bu mənim ən həssas nöqtəmdir, buna görə də çalışıram həmişə formada olum. Təbii ki, mən anayam, mənim də anam, doğmalarım var. Yaxınlarımın dərdi-səri, problemləri də məni depressiyaya sala bilər.

- Xarici görününüzün həssas nöqtəniz olduğunu dediniz. Həqiqətən Allah nəzərdən saxlasın, çox qəşəng bir xanımsınız. Plastik əməliyyata ehtiyacınız olmasa belə, münasibətinizi bilmək maraqlı olardı.

- Mən televiziyaya gələndən həmişə mənə deyirdilər ki, bəlkə bir əməliyyat barəsində fikirləşəsən. Burnumu nəzərdə tuturdular. Efirdən hətta özümə baxıb deyirdim ki, ay Allah belə də burun olar? (gülür) Amma sonradan öyrəşdim buna. Baxmayaraq ki, əvvəl bunu istəyirdim, hətta güzgü qarşısında oturub deyirdim ki, görəsən, burnum düz olsa, necə olar? Bu indi məndə kompleks yaratmır. Mən Allahdan qorxan insanam. Allah hərəni bircür yaradıb, hərənin özünəməxsus cizgiləri, qaşı-gözü var. Mən də gedib əməliyyat etdirsəm, Allahın yaratdığına birnöv müdaxilə etmiş olaram. Bu haqqın sahibi deyiləm. Ona görə qorxuram əməliyyat etdirməkdən.

“Onları həyatımdan silmişəm”

- Rəfiqələrin çoxdur?

- Rəfiqə deməzdim, amma xoş ünsiyyətdə olduğum insanlar var. Televiziya belədir ki, rəqabətdə olduğun insanlar var, mümkün deyil onlarla tam dostluq etmək.

- Paxıllığını çəkən həmkarların çoxdur?

- Təbii ki…

- Elələrinə qarşı reaksiyan necə olur?

- Allah onlara kömək olsun, çünki paxıllıq insana Allahın bəlkə də istəmədən bəxş etdiyi bir xüsusiyyətdir. Mən bugün o pislikləri xatırlamaq istəmirəm, çünki qorxuram xatırladıqca onlara nifrət hissim oyanar. Çox xoşagəlməzdir belə şeyləri xatırlamaq, mən onları həyatımdan silmişəm.

“Olduğundan səmimi görünməyə çalışanları da dərhal hiss edirəm”

- Sözün hər mənasında bəyəndiyin aparıcı varmı?

- Bəli, o Nərgiz Cəlilovadır. Aparıcıya məxsus kriteriyaları sadalasaq, xarici görünüşdən tutmuş intellektə qədər hər şey bu xanımda cəmlənib. Yaşına baxmayaraq onunla hər hansı indiki aparıcını yanaşı qoysaq, minəmin Nərgiz Cəlilova onu üstələyəcək.

- Aparıcı özünü sevdirmək üçün neyləməlidir?

- Səmimiyyət olmalıdır. Çünki izləyicini aldatmaq mümkünsüzdür.

- Yəqin efirə baxanda qıcıq doğuran aparıcıları da görürsən?

- İnsanların hissləri ilə oynayan, zəif nöqtəsinə təcavüz edənləri sevmirəm. Olduğundan səmimi görünməyə çalışanları da dərhal hiss edirəm. Bir də görürsən mövzunu bilmir, özünü hər şeyi bilən kimi göstərir. Baxırsan ki, insanlara həyat dərsi keçir, hansı ki, onun özü hələ həyat dərsi almayıb. Hərənin öz həyat kredosu var, onlara müdaxilə etmək olmaz. Mənim özümdən götürək, 27 yaşım var, amma heç kimə həyat dərsi keçə bilmərəm. Mən bu dərsi yalnız övladlarıma keçə bilərəm.

Cəvahir Səlimqızı

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm