• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“AŞPA-dakı aksiyaçıları “SMS”lə idarə edirdilər” – MÜSAHİBƏ (FOTOLAR)

  • Digər
  • 3 İyul 2014 10:54
  • 765 Baxış
“AŞPA-dakı aksiyaçıları “SMS”lə idarə edirdilər” – MÜSAHİBƏ (FOTOLAR)

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin Publika.az-a müsahibəsi:

“Cənab Prezidentə bir neçə təxribat xarakterli suallar da verilirdi”

–İyunun 24-də Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında geniş çıxış edib. Həmin çıxış zamanı bir sıra təxribatlara cəhdlər olsa da, ancaq bu, Azərbaycan Prezidentinin çıxışına əngəl ola bilmədi. Həmin sessiyada siz də iştirak edirdiniz. Orada nə baş verirdi?

–Bildiyiniz kimi, Avropa Şurasının Nazirlər Kabinetinə növbəti 6 ayda Azərbaycan rəhbərlik edəcək. Qaydalara görə də rəhbərliyi təhvil alan dövlətin başçısı AŞPA-da çıxış edir. Cənab Prezident İlham Əliyev də ötən həftə Avropa Şurası parlamentariləri qarşısında çox gözəl çıxış etdi. Cənab Prezident həmin çıxışı zamanı ona ünvanlanan sualları da ətraflı cavablandırdı.

Mən bu barədə fikirlərimi söyləmişəm və bir daha təkrarlamaq istəyirəm ki, cənab Prezident orada olduqca məğrur və qürurlu mövqe nümayiş etdirdi. Yəni, burada söhbət onun təkcə natiq çıxışından getmir. Ölkə başçısının bu möhtəşəm davranışı və çıxışı bir Azərbaycan vətəndaşı olaraq bizdə də qürur hissi yaratdı. Cənab Prezident çıxışında Azərbaycanda iqtisadi, mədəni, siyasi, demokratiya və söz azadlığının inkişafından danışdı.

Eyni zamanda dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllinin yubandırılmasından da danışdı və buna görə beynəlxalq təşkilatları qınadı.

Cənab Prezident həmin sessiyada Avropaya da mesaj göndərdi ki, Qərb bir az dərindən düşünsün. Yəni, bu gün Avropa Azərbaycana elə də çox lazım deyil, lakin Azərbaycan Avropaya çox lazımdır. Dövlət başçımız buna misal olaraq TAP (Trans Adriatic Pipeline) və TANAP (Trans Anatolian Natural Gas Pipeline Project) layihələrini qeyd etdi.

Suallar mərhələsində isə Avropa Şurasına üzv dövlətlərin parlamentariləri tərəfindən cənab Prezidentə bir neçə təxribat xarakterli suallar da verildi. Ancaq dövlət başçımız təxribat xarakteri daşıyan həmin suallara birbaşa cavabında da bəyan etdi ki, siz yenə də yalan danışırsınız və sizin bu mövqeyiniz tam qərəzlidir. Prezident İlham Əliyev bəzi parlamentarilərin qərəzli mənbələrdən informasiyalar aldıqlarını da onların nəzərinə çatdırdı.

Həmin sessiyada cənab Prezident Böyük Britaniyadan olan parlamentarinin bir gün öncə Azərbaycanla bağlı qərəzli sənədin qəbulunda göstərdiyi cəhdi də vurğuladı və onları qınadı. Cənab Prezident bildirdi ki, mən burada olmasam belə, burada baş verən prosesləri izləyirəm.

Yarım saat ərzində prezidentimizə kifayət qədər suallar ünvanlandı. Cənab İlham Əliyev isə bu suallara hərtərəfli və dolğun şəkildə cavab verdi. Sual verən parlamentarilərin əksəriyyəti ölkəmizin inkişafını xüsusi qeyd etdilər.

Ölkə başçısının həmin sessiyada çıxışı və suallara cavabı orada olan parlamentarilərin böyük əksəriyyəti tərəfindən dəfələrlə alqışlarla qarşılandı.

Belə hesab edirəm ki, cənab Prezidentin AŞPA-nın sessiyasında çıxışı və Avropaya mesajı avropalıları bir daha düşünməyə vadar edəcək və onlar bundan sonra Azərbaycana münasibətdə mövqelərini ölçüb-biçməli olacaqlar.

“Bu adamlara kimsə pul vermişdi ki, içəridə Azərbaycanın dövlət başçısına qarşı təxribat etsinlər”

–İyunun 24-də AŞPA-nın sessiya zalında Sərhədsiz Reportyorlar təşkilatının 4-5 nəfərlik üzvü Azərbaycan əleyhinə aksiya keçirməyə cəhd etmişdi. Həmin şəxslərlə sonradan söhbətiniz oldumu, onları bu hərəkətlərinə görə qınadınızmı?

–O hadisə baş verən vaxtı mən AŞPA-da İnsan Hüquqları Üzrə Monitorinq Qrupunun üzvləri olaraq Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı ilə bir yerdə ekspert kimi iştirak edirdik. Biz oturan sıranın qarşısında 4-5 nəfər adam aksiya keçirməyə cəhd etdi. Mən onların heç birini tanımırdım. Sonradan məlum oldu ki, bu adamlar Azərbaycanla bağlı ora toplaşıb. Onların bəziləri də Avropada yaşayan gənclər idi. Onlar öyrədilmişdi və bizdən solda oturan qadın onları telefonda “SMS”lə idarə edirdi. Həmin qadın Səadət Bənənyarlının solunda əyləşmişdi. Bunu sonradan bildik ki, o qadın həmin adamları idarə edir. Mənim qarşımda oturan adamlar isə bir-birinin foto və videosunu çəkirdi. O zaman bildim ki, bu adamlar himayədarlarına hesabat vermək üçün bu çəkilişləri aparırlar. Eyni zamanda da ermənilər bu adamları çəkirdi. Bu adamlara kimsə pul vermişdi ki, içəridə Azərbaycanın dövlət başçısına qarşı təxribat etsinlər. Təbii ki, biz arxadan bu adamlara öz etirazımızı bildirdik ki, ayıbdır, özünüzü ermənilərə göstərməyin.

Ancaq onların planlaşdırdığı aksiya baş tutmadı və onlara əhəmiyyət verən olmadı. Onların bu hərəkətinin cənab Prezidentin çıxışına zərrə qədər təsiri olmadı. Onlar özlərini çox gülünc vəziyyətə qoydular və bir-birinin şəkillərini çəkməklə bir daha göstərdilər ki, onlar xaricdən qrantlar alır. Xaricin verdiyi qrantlar və pulların hesabına bu cür hərəkət edən adamlar isə təbii ki, azərbaycançılıq ideyalarını daşıya bilməzlər.

“Qərbdən təklif olunan bütün layihələrdən imtina etmişəm”

–Yeri gəlmişkən, bu yaxınlarda “Qrant haqqında” Qanunda dəyişiklik edilib və bunun müəllifi də sizsiniz. Necə düşünürsünüz, sizcə bundan sonra xaricdən alınan qrant vəsaitlərinə şəffaf nəzarət etmək mümkün olacaqmı?

–Bəli, bu qanunda dəyişiklik olundu və müəllifi də mənəm. Yəni, bu dəyişiklikləri Milli Məclisə mən təqdim etmişəm. Çünki mənim də qeyri-hökumət təşkilatım (QHT) var. Demokratiya və İnsan Hüquqları təşkilatı olaraq 2007-ci ildən bəri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından 2 dəfə çox az həcmdə maliyyə vəsaiti almışam. Ümumiyyətlə, mən Qərbdən təklif olunan bütün layihələrdən imtina etmişəm və heç vaxt da almayacağam. Çünki belə bir deyim var, “Kim sifariş edirsə, hesabı da o verir”. Bu baxımdan da pulu kim verirsə, hansı hərəkətləri etməyi də onlar tapşırıq verir. Yəni, AŞPA-nın sessiyasında da 3-4 nəfər adamın təxribata cəhd etməsi və bir-birini telefonla çəkməsi xarici qrant vəsaitlərinin nəticəsini ortaya qoydu. Ona görə də hesab edirəm ki, QHT-lərin fəaliyyətində mütləq aşkarlıq, hesabatlıq olmalıdır.

Azərbaycanlı deputatlar AŞPA-nın sessiyasından qayıtdı

–AŞPA-da kimlərlə görüşlər keçirdiniz?

–İnsan Hüquqları Üzrə Monitorinq Qrupunun üzvləri olaraq AŞPA-da çoxsaylı görüşlər keçirdik. Cənab Prezidentin çıxışından bir gün sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Torbyorn Yaqland və AŞPA-nın sədri xanım Anne Brassörlə görüşümüz oldu.

Bundan əlavə, Avropa Şurasının Siyasi Məsələlər üzrə Departamentinin rəhbəri Aleksandr Gessel, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debona Qrexlə, həmçinin AŞPA-nın İnsan Hüquqları Komissarlığında da görüşlər keçirdik. Görüşlər zamanı Azərbaycanda insan hüquqları və ictimai-siyasi vəziyyət, bəzi təşkilatlar tərəfindən Avropa Şurasına təqdim olunan “siyasi məhbus” siyahıları, tolerantlığın hökm sürdüyü Azərbaycanda yaşayan azsaylı xalqların vəziyyəti, müxtəlif təşkilatlar və ölkələr tərəfindən maliyyələşən radikal dini qrupların Azərbaycanda fəallaşması və s. digər məsələlər müzakirə edildi.

Torbyorn Yaqland və Anne Brasseurlə görüşümüz zamanı biz, məhbus problemləri ilə məşğul olan İşçi Qrupunun yaradılmasının tərəfdarı olduğumuzu da bildirdik.

Hesab edirəm ki, bütövlükdə bu səfər və keçirilən görüşlər çox uğurlu və faydalı oldu.

“Rusiya ilə dostluq əlaqələrini daha da möhkəmləndirməliyik”

–Avropa Birliyinin rəsmi saytı olan “euobserver.com”da Azərbaycan tənqid edilib, sözügedən qurumun Azərbaycanla əməkdaşlığının yanlış siyasət olduğu qeyd olunub. Bunu Avropa Birliyinin Azərbaycanı növbəti şantajı saymaq olarmı?

–Hər birimiz cənab Prezidentin apardığı siyasəti izləyirik, görürük. Mən tam məsuliyyətimlə deyirəm ki, bu siyasət çox uğurlu siyasətdir.

Cənab Prezident heç bir siyasi bloka qoşulmamaq siyasətini qəbul edib. Çünki Azərbaycan Qərbə əks olan Rusiya və İran kimi dövlətlərlə qonşudur. Amma çox təəssüf ki, bəzən bu dövlətlərdən də Azərbaycana qarşı münasibətdə qərəzlər olur. Açıq formada deyə bilərəm ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində marağı olmadığı üçün, bu gün bu problem hələ də qalmaqda davam edir.

İrandan isə Azərbaycana zaman-zaman təxribatçı addımlar, hərəkətlər olub. Belə olan halda da cənab Prezident çox haqlı olaraq qonşu dövlətlərlə sıx əməkdaşlıq və dostluq münasibətlərinin qurulmasında maraqlıdır və heç bir siyasi bloklara qoşulmayan siyasət həyata keçirir.

Rusiya-Azərbaycan münasibətləri ilə bağlı onu da qeyd etmək istəyirəm ki, bizi çox dərin köklər bağlayır. Çünki Azərbaycan 200 ilə yaxın Rusiyanın əsarəti altında olub. Bu da Azərbaycanla Rusiyanı iqtisadi, siyasi və mədəni əlaqələrlə sıx bağlayır.

Bundan əlavə, 1 milyondan çox azərbaycanlı Rusiyada yaşayır. Belə olan halda hesab edirəm ki, biz Rusiya ilə dostluq əlaqələrini daha da möhkəmləndirməliyik.

“Avropa Azərbaycanı Rusiya ilə həm baş-başa qoymaq istəyir”

–Ötən gün ATƏT Parlament Assambleyasının 23-cü yay sessiyası çərçivəsində Bakıda Rusiya əleyhinə qətnamə qəbul edilib. Sizə elə gəlmirmi ki, Qərb Azərbaycanı Rusiya ilə baş-başa qoymağa çalışır?

–Bəli, elədir. Avropa Azərbaycanı Rusiya ilə həm baş-başa qoymaq istəyir, həm də burada başqa məqamlar var. Rusiya tarixi faktlara əsaslanaraq Krımı işğal etdi. Çünki Krım SSRİ lideri Nikita Xruşovun vaxtında Ukraynaya pay verilmiş ərazi idi və orada Rusiyanın hərbi dəniz donanması vardı. İndi bu hadisə baş verdi və fakt odur ki, Ukraynanın sərhədləri pozuldu və bugünkü ərazisinin bir hissəsi Rusiyaya birləşdirildi. Ancaq bu gün ATƏT bu məsələ ilə bağlı Bakıda oturub Krıma görə Rusiya əleyhinə hər hansı qərar qəbul edirsə, o zaman nə üçün Dağlıq Qarabağ problemini unudub bu qətnaməyə salmır. Nə üçün ATƏT belə bir sənədi qəbul edərkən ikili standartı ortaya qoyur? 20 ildən çoxdur ki, Azərbaycanın ərazi bütövlüyü pozulub və torpaqlarımızın 20 faizi işğal olunub. Ancaq ATƏT-in özü bu problemin həllində nizamlayıcı beynəlxalq qurum ola-ola, indiyədək heç bir səmərəli addım atmayıb. Üstəlik də bu gün ATƏT Qarabağı kənara qoyub Bakıda keçirilən iclasında Krımla bağlı qərar qəbul edir. Əgər ATƏT bu cür qərarlara Dağlıq Qarabağın da adını salsaydı, o zaman Azərbaycan bu sənədə imza ata bilərdi.

Vasif Həsənli

Fotolar müsahibə və Elnur Muxtara məxsusdur.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR