• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Türkmən və xristian qızlarını şəhərin ortasında zorlayırlar ”... Fotolar

  • Digər
  • 8 İyul 2014 10:25
  • 1 707 Baxış
“Türkmən və xristian qızlarını şəhərin ortasında zorlayırlar ”... Fotolar

Bəri başdan sünni və şiə qardaşlarımdan üzr istəyirəm. Çünki bu yazıda istər-istəməz bu ayrıntıları vurğulamaq gərəkdi. Yoxsa mahiyyəti anlamaq zor olar. Onu da vurğulayım ki, bu ayrı-seçkiliyin qəti əleyhinəyəm. Və İslam dünyasını birlik və bərabərlik içində, mədəni və iqtisadi intibah dövründə görmək arzusundayam. Ona da əminəm ki, xalqımız məzhəb savaşının dağıdıcı qasırğa kimi ölkələri necə xaraba qoymasından gərəkən nəticələri çıxarıb. Biz şərin hökmü ilə İslam aləmini qana çalxamış bu yabançı dalğanın təsir dairəsindən kənarda qalmağı bacaracağıq...

Sürixdəki iraqlı qonşularım

Yaşadığım Sürix şəhərində 5-6 qonşum əslən İraqdandır. Bəziləri sünni, bəziləri isə şiədir. Türkmən soylu Əli şiədir. Onun haqqında ötən yazılarımın birində söhbət açmışdım. Bu dəfə isə onun haqqında daha geniş danışmalı olacam. Əli bir müddət Bakıda yaşadığından Azərbaycanı çox sevir. Söhbətimiz zamanı bizim türkcəyə xas olan sözləri həvəslə işlədir. O gün onun qapısını ürək ağrısı ilə döydüm. Qardaşının İraqda şəhid olması xəbərini yenicə duymuşdum. Ağlamaqdan qan çanağına dönmüş gözləri şişmişdi. İçəri keçdim. Elə yenicə oturmuşduq ki, qonşuluqdakı kürd əsilli iraqlı da öz xanımı ilə məclisə buyurdu. Onlar öz aralarında ərəbcə danışırdılar. Arada Əli etdikləri söhbətin məzmunu barədə mənə məlumat verirdi. Dediklərindən bəlli oldu ki, kürd qonşumuz Bağdadda kürdlərə divan tutulmasından bərk narahatdır. Sən demə, peşmərgələr vəziyyətdən istifadə edərək Kərkükü ələ keçirdikdən sonra İraqın mərkəzi hökuməti ilə kürd muxtariyyəti arasında münasibətlər kritik həddə gərginləşib. Belə ki, İŞİD-in terrorçu bölmələri qarşılarına çıxan şiələri qırıb-çatdığı bir vaxtda sünni kürdlərin Kərkükü işğal etməsi vətənə xəyanət kimi dəyərləndirilib. Nəticədə hazırda kürdlər kütləvi şəkildə Bağdadda qətlə yetirilir. Bu işi isə yeni yaranmış “Əsəhülhəqq” adlı partiyanın tərəfdarları həyata keçirirlər. İraqda dəngələr elə pozulub ki, kimin kimlə dost və ya düşmən olması belə bəlli deyil...

Yaxşı ki, kürd qonşum xanımı ilə birlikdə bizlərdən tez ayrıldı. Fürsətdən istifadə edib uzaq İraqda baş verən faciəli olaya aydınlıq gətirməyə çalışdım.

Əlinin anlatdıqlarından...

- Həyatım, (türkmənlər ehtiram bəslədikləri şəxsə belə müraciət edərlər), qardaşım İsam Eyvaz şəhid düşdü. 30 yaşı vardı. 2 yaşında qızı yetim qaldı. Hələ üstəlik xanımı da hamilədir. İsam xəstəxanada erkək xəstə baxıcısı qismində çalışırdı. Xanımına söyləyib ki, bu gecə işdə olmalıyam. Xanımı deyib ki, axı bu gün sənin iş günün deyil. “Arkadaş xəstədir, onu əvəzləməyim gərəkir”, deyib... Sən demə, iyunun 28-də 600 min əhalisi olan Duz Xurmat şəhərindən (bu şəhər həm duzu, həm də xurması ilə məşhur olduğundan belə adlanır) 30 nəfər yaraqlı-yasaqlı toparlanıblar. Təzə Xurmatdan və Kərkükdən də xeyli adam onlara qoşulub.

“Cənazələr 50 dərəcə istidə ortada qalıb”

Bəşir şəhərindən qaçmış şiələr də Təzə Xurmatda bunlara qoşulub. Məqsəd bu imiş ki, Bəşirə hücum etsinlər. Çünki oranı İŞİD işğal edibmiş və yerli şiələrə divan tuturmuşlar. Bu arada isə İraqda dünya şiələrinin mənəvi rəhbəri kimi qəbul olunan Seyid Əli Sistani fətva verdirib ki, bütün şiələr silaha sarılsın və İŞİD-ə qarşı cihada qalxsın. Qardaşım da bir çoxları kimi bu fətfaya cavab olaraq Bəşiri xilas etməyə gedənlərə qoşulub. Müxtəlif yerlərdən şiələri bir yerə Əbu-Eyyub toparlayıb, Abbas Coma isə hərbçi olduğundan onlara rəhbərlik edib. Plan belə olub ki, üç yerə bölünmüş qruplar müxtəlif istiqamətlərdən Bəşir şəhərinə hücum etsinlər. Gecə ilə yola çıxıblar. İsam özündən böyük olan qardaşım Mühənnədə zəng vurub deyib ki, mən savaşa gedirəm. Salamat qalın...

Qardaşımgil Bəşirlə Təzə Xurmatın arasındakı Şəmsə adlı balaca bir kənddən keçiblər. Bir qədər irəlilədikdən sonra Şəmsə tərəfdən onları atəşə tutublar. Sən demə, bu kənd İŞİD tərəfdarları tərəfindən tutulubmuş. Onlar qardaşımgilin dəstəsinə öncə bilərəkdən atəş açmayıblar ki, kənddən topa halında çıxanda gülləbaran eləsinlər. Bəşir tərəfdən də atəş açmağa başlayıblar. Beləliklə, qardaşımgil hər iki tərəfdən atəş altına düşüb. Nə geriyə, nə də irəli yolları olub. Sağdan və soldan irəliləyən qruplarla əlaqə saxlayıblar. Məlum olub ki, hər iki qrup minalanmış sahəyə düşüb və xeyli itki verərək geri çəkilib...

Telefonlarını terrorçular götürdü: “Hamısını qırdıq...”

Qardaşımgilin dəstəsində olan 30 nəfərin mobil telefonuna zəng vururuq. Terrorçular götürür. Onlar da deyirlər ki, hamısını qırmışıq, meyitləri də ortada qalıb. İraqdakı qardaşım Mühənnəd terrorçularla danışıb. Deyib ki, bu, mənim qardaşımın telefonudur. O hardadır? Deyiblər ki, öldürmüşük. «Niyə öldürdüz»,- deyə sual edib. Deyiblər ki, qardaşın Bəşirə hücum edib bizimlə savaşa çıxıb. Biz də öldürmüşük. Hələ öləndən sonra da başına 8 güllə sıxmışıq. Qardaşım deyib ki, axı siz gəlib Bəşiri işğal etmisiz, insanları qırmısız. Hazırda 45-50 dərəcə istidə 400-500 meyit Bəşirin küçələrində qalıb. İydən baş çatlayır. Nə özünüz onları dəfn edirsiz, nə də meyitləri şiələrə verirsiz ki, özümüz basdıraq...

Əli yenidən kövrəlir. Özünü ələ alıb söhbəti davam etdirməyə çalışır...

- Bəşirdə ələ keçən qadınları zorladıqdan sonra asıblar, yaşlı adamları güllələyiblər. Cavanlara isə heç aman verməyiblər. Qardaşım da düşünüb ki, bizim də ana-bacımız var. Nə qədər gəlib Duz Xurmatı tutmayıblar, biz terrorçuları elə kənardaca məhv edək. Amma istəkləri baş tutmayıb. Qardaşım son anlarında Ərcan adlı dostunu arayıb, deyib ki, biz bu savaşdan sağ çıxmarıq, haqqınızı halal edin. Deyim ki, belə savaşlarda qardaşım öncələr də olmuşdu. Ona görə bilib ki, burası sondu, qurtuluş yoxdu...

Yenə fikrə gedir. Qarşısında çoxdan soyumuş çaydan bir qurtum alıb, sanki fikrini toparlamaq istəyir...

- Qardaşımla bir yerdə döyüşmüş Həmdi Çayçıoğlu da Ümid adlı dostunu arayaraq, deyib ki, hər kəs ölüb, biz 3 nəfər qalmışıq. Ancaq güllələri tükənib. Ona görə hərəmiz bir tərəfə tək-tək atəş açırıq. Bizə güllə çatdırın. Ümid də geri dönən ikinci qrupda olub. Deyib ki, biz oradan çox geridəyik, mümkün deyil...

Başqa bir qohumum Adnan - qardaşını aramış və o da deyib ki, canımda 5 güllə var. Məni qan aparır. Haqqınızı halal edin. Bir saata ölərəm. Sonra xanımını arayıb, deyib ki, mən sənə yalan demişdim. Əslində savaşa gedirdim. Uşaqlar sənə əmanət. Haqqını halal et, sonuma bir şey qalmadı...

“İŞİD başını kəsib, videonu youtube-yə qoydu, anası baxdı, havalandı”

Əli İphon-undakı qətlə yetirilmiş insanların fotolarını mənə göstərir: “Abi, bu fotoları terrorçular özləri youtube-yə qoyublar. Bax, bu şəkildəkilər mənim qardaşımla bir dəstədə olublar. Biz də interneti ələk-vələk etmişik, hələ ki İsamın fotosu çıxmayıb. Bu arada isə terrorçular bu fotoları səhifələrindən sildilər. Hələ bu fotolar yaxşıdır. Bizim qonşuluqda bir ailə var. Əri də, xanımı da həkimdir. Çox hörmətli insanlardı. Onların bir oğlu vardı, Murtaza, 20 yaşındaydı. O da Bəşərə yardıma gedənlərə qoşulub. Ömründə silah görməmiş adam. Əsir düşüb və İŞİD terrorçuları onun başını necə kəsdiklərini videoya çəkib internetdə yayıblar. Ata-anası o videonu görüb havalanıb. Bu, deyiləsi dərd deyil. Bir ailə isə İrandan qonaq gəlibmiş. Ata oğluna zəng vurub ki, dərhal ananı, bacılarını maşına qoyub, şəhərdən çıx, terrorçular hər tərəfdən gəlirlər. Gənc də atası deyən kimi edib. Elə maşın yerindən təzə tərpənib ki, terrorçular maşının qabağını kəsiblər. Ananın gözünün önündə 20 yaşlı oğlunu güllələyiblər, 4-5 yaşlı qızları da vurublar. Bu mənzərəni gözü ilə görən şəxs mənə dedi ki, Əli, terrorçular sonra oğlanı da, onun iki bacısını da maşına qoydular. Elə anasının gözünün qarşısında da maşına od vurdular. Dünyada belə müsibət olmayıb. Vallah. olmayıb... ”

“Türkiyə türkmənlərə arxa çevirib və onu düşmənlərin əhatəsində yalnız buraxıb”

- Eşitdim ki, meyitləri döyüş meydanlarından götürmək olmur...

- Kərkükdəki sünni ərəblərlə anlaşıblar ki, onlar İŞİD-lə danışsınlar, şiələr öz meyitlərini götürüb basdıra bilsinlər. Öncə 50 min dollar istəyiblər. İraqda 50 min dollar böyük paradır. Nəsə, onu toplamışıq. Amma Bəşiri tutan İŞİD qüvvələrinin komandiri əslən Əfqanıstandan olan birisidir. O deyib ki, para gərəkməz. Şiələrin meyiti elə çöllərdə də qalmalıdır...

Kürdlər Kərkükü necə tutdular...

- Əli, kürdlərin Kərkükü tutması necə olub?

- Gəlib hökumət nümayəndələrinə deyiblər ki, silahı qoyub gedin, biz sizinlə savaş istəmirik. Buralar bizim torpaqlardı. Hökumətin ordusu da silahı kürdlərə təhvil verib, mülkü paltarda ərazini tərk edib. Topları, tankları, iri çaplı silahları qoyub gediblər. Ailəmizin yaşadığı Duz Xurmatlı da kürdlərin nəzarətinə keçib. Hazırda bizim şəhərdə Bağdad hökumətinin təmsilçisi yoxdur, sadəcə kürdlər var. Kürdlər xalqa deyirlər ki, bizə tabe olmasanız, dərhal geri çəkilərik. İŞİD gəlib kökünüzü kəsər. Sevinin ki, biz sizi öldürmürük. Bilirsən, biz şiəyik, türkmənik, kürdlər bizi heç sevməz. Heç biz də onları sevmərik. Onlar İranın kəndlərindən bizim torpaqlara ayaq açdılar. Gəlib oralarda məskunlaşdılar. Öncə önəm vermədik. Bir də gördük ki, bunlar bizim torpaqlarda ağalıq edirlər...

İraqdakı sünnilər İŞİD-in hücumunu alqışlarla qarşılayırlar

- İŞİD-lə yerli sünni ərəblərin münasibəti necədir?

- İraqdakı sünnilər İŞİD-in hücumunu alqışlarla qarşılayırlar, elə bil ki, xilaskarları gəlib. İŞİD də onlara ciddi dəstək verir. Düzü budur ki, öncə şiələr sünnilərə zülm etdilər. Hökumət sünniləri aşağıladı. Ona görə də sünnilər özlərini haqlı bilirlər. Bizim bir dərdimiz də odur ki, indi sünni ərəblərlə sünni kürdlər arasında mühasirədə qalmışıq. Bu işin axırı necə olacaq, bunu kimsə bilmir. Düzdür, indi türkmənlər silahlanıb. Çünki hər kəs bilir ki, İŞİD hara girirsə oranı xaraba qoyur və insanları zülmlə məhv edir.

Türkiyə arxamızdan çəkildi, bizi tək qoydu

- İraq Türkmən Cəbhəsi nəsə bir iş görə bilirmi?

- Əvvəllər Türkiyə İraq Türkmən Cəbhəsinə ciddi dəstək verirdi. Bizdəki məktəblərdə uşaqlarımız Türkiyə türkcəsində təhsil alardı. Müəllimlərin maaşını Türkiyə verərdi. Çox şeydə Türkiyənin dəstəyi vardı. Amma indi Türkiyə açıq şəkildə bu dəstəkdən imtina edib. Məktəblər qapadılıb. Səbəb də odur ki, Türkiyə İraqdakı kürdlərlə anlaşıb. Onlardan su qiymətinə neft alır. Onlarla biznes qururlar. Yəni bizim şiə olmağımız bu məsələ də bizə problem yaradır. Öncə Türkiyə deyirdi ki, Kərkük qırmızı cizgidir. Onu keçən olsa, biz varıq. Amma indi o vədlər çoxdan yaddan çıxıb. Türkiyə türkmənlərə arxa çevirib və onu düşmənlərin əhatəsində yalnız buraxıb.

Qızları aparıb, zorla yatağa basırlar, sonra da...

- Ərəbcə cihadi-nikah deyilən bir nəsnə ortaya atıblar...

- İŞİD-in İraqda həyata keçirdiyi əməllərdən biri də budur. Gəlirlər, soruşurlar, neçə qızın var, özü də ancaq qız olmalıdır. İkidirsə birini verməlisən. Xoşluqla versən, işləri olmaz. Etiraz etsən, həmən qafana sıxarlar. Apardıqları qızları da zorla yatağa basarlar. 3-4 gündən sonra da gətirib geri verərlər. Bu şərəfsizlər bütün bunları İslam adından yapırlar...

Bütün türbələri, şiələrə aid müqəddəs yerləri yerlə-yeksan etdilər. Xristianlardan heç danışmağa dəyməz. Onların kilsələrini göyə sovurdular. Xristian qızlarını isə elə şəhərin ortasında zorlayırlar. Deyirlər ki, bunların malı da, qadınları da bizə halaldır.

Bir şeyi də deyim. İŞİD xalqın rəğbətini qazanmaq üçün gör nə edir. Kim harada işləyirsə yenidən işini davam etdirməlidir. İnsanlara alacaqları maaşın üç mislində para paylayıblar. Deyiblər ki, bu sizin 3 aylıq paranız, işinizi davam etdirin. Əlbəttə ki, bu paralar Səudiyyədən, Qətərdən gəlir...

İraqdakı evimizin pəncərələri...

- Söhbətlərimizin birində demişdin ki, İraqdakı evinizin pəncərələri ayda heç olmasa 2-3 dəfə partlayışdan sınıb tökülür...

- Hə, düşün ki, elə ay olub ki, bizim ərazidə terrorçular 25 dəfə partlayış törədiblər. Elə yerdə şüşəmi qalar. Həmişə para göndərirdim ki, heç olmasa şüşələri yeniləsinlər. Axırda anam dedi ki, oğul, bu iş düzələn deyil, sənin qazançın elə bu sınan şüşələrə gedir. Daha pəncərələrimiz şüşəsiz qalsa yaxşıdır...

Abi, indi vəziyyət tamam başqa, daha Kərkükdə partlayış yox. Yaşadığımız Duz Xurmatda da partlayışdan əsər-əlamət gözə dəymir. Çünki bu partlayışları kürdlər törədirdi. İndi Kərkükü tutublar, daha partlayış onların işinə yaramaz. Bu iş o qədər aşkar ki, yaşlı anam da bundan danışır...

Seyid Əli Sistaninin fətvası olmasaydı...

- Seyid Əli Sistaninin fətvası nəyi dəyişdi?

- O fətva olmasaydı, Bağdad da əldən getmişdi. O ki insanları cihada səslədi, şiələr ayağa qalxdı. İndi İŞİD İraqda daha irəliləyə bilmir. Çünki müqavimət çox gücləndi. İŞİD-in istəyi o idi ki, İraqı bütövlükdə ələ keçirsinlər. Şiələrin Kərbəla və Nəcəf kimi müqəddəs yerlərini darmadağın etsinlər. Seyid Əli Sistani bir fətva ilə bunun qarşısını aldı...

Elbəyi HƏSƏNLİ, Sürix

Musavat.com

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR