Azərbaycanlı teleaparıcı: "Xoşbəxt olmaq üçün ailə qurmaq şərt deyil" - FOTOSESSİYA
Bizi izləyin

Digər

Azərbaycanlı teleaparıcı: "Xoşbəxt olmaq üçün ailə qurmaq şərt deyil" - FOTOSESSİYA

-​ Nigar xanım, aparıcılığa gedən yolunuz haradan başladı?

-​ Bu ifadəni çoxları işlətsələr də, inanın, məndə də belə olub. Həvəsim uşaqlıqdan yaranıb. Uşaq olarkən saatlarla güzgünün qarşısında dayanıb “çıxışlar” edirdim. Aparıcılara həsəd aparırdım. Düşünürdüm ki, mən də nə vaxtsa televiziya aparıcısı olacam. Şükürlər olsun ki, arzuma çatdım.

-​ Bu yolda ayağınız “daş”a dəydi?

-​ Ümumiyyətlə, mən həyatımda heç nəyi asanlıqla əldə etməmişəm. Hər şey çətinlik bahasına olub. Çox çətin sınaqlardan çıxmışam.

-​ İctimai Televiziyaya gəlişiniz necə oldu?

-​ Əvvəl AZTV-nin radiosunda işləyirdim. Sonra İctimai Televiziyanın radio aparıcılarından biri oldum. Daha sonra isə “Carçı” verilişini aparmağa başladım. Artıq beş ildən çoxdur ki, sözügedən proqramın aparıcılarından biriyəm.

-​ Niyə məhz xəbərləri seçdiniz?

-​ Bilmirəm. Bəlkə də xarakterimə uyğun olan format budur, ona görə.

-​ Xarakteriniz necədir ki?

-​ Qapalı və kifayət qədər ciddi bir insanam.

-​ Bu baxımdan, başqa formatlı verilişlərin aparıcılığını edə bilməyəcəyinizi düşünürsünüz?

-​ Əslində, düşünürəm ki, başqa formatlı veriliş aparsam, məndə bir o qədər də alınmaz. Çünki öz yolumu, demək olar ki, artıq tutmuşam.

-​ Sizin simanızdan çox, səsinizi tanıyırlar... Bu səs radio ve televiziyadan başqa daha haralardan gəlir?

-​ Hələ ki, heç yerdən (gülür). Mən radioda işləyəndə səsyazma studiyalarında mənə deyirdilər ki, sənin yaxşı səsin var. Niyə müğənni olmursan?

-​ Doğrudan, niyə olmadınız?

-​ İstəmədim. Çünki aparıcı olmağı hədəfləmişdim.

-​ Efirdə olduğunuz zaman qeyri-adi hadisələrlə rastlaşmısınız?

-​ Bəli, olub. Ən çox da radioda belə hadisələr baş verib. Elə olub ki, gülməkdən özümü saxlaya bilməmişəm. Amma televiziyada məsuliyyət ikiqat artıq olduğuna görə, çıxılmaz vəziyyətə düşsəm də, bunu tamaşaçıya hiss etdirməmişəm.

-​ Ümumiyyətlə, efirdənkənar çox çıxılmaz vəziyyətə düşmüsünüz?

-​ Çox olub. Başımı “itirdiyim” vaxtlar kifayət qədər olub. Ancaq Allahın köməkliyi ilə belə vəziyyətlərdən çıxmağı bacarmışam.

-​ Həyat sizi nə ilə üz-üzə qoyub ki?

-​ Bax, elə dediyim həmin çətin sınaqlarla. Çox əziyyətlər çəkmişəm.

-​ Ailəlisiniz, yoxsa hələ də “subaylıq sultanlıqdır” deyənlərdənsiniz?

-​ Hələ ki, subayam. Ailə qurmağa bir o qədər də can atmamışam. Ümumiyyətlə, məncə, xoşbəxt olmaq üçün ailə qurmaq şərt deyil.

-​ Efirdə kifayət qədər ciddi geyinməyə məcbursunuz, bəs gündəlik necə geyinirsiniz?

-​ Gündəlik makiyajdan istifadə etmirəm. Geyimə gəldikdə isə, yaraşanı geyinirəm. Nə çox uzun, nə də çox qısa geyinə bilmirəm.

-​ Tamaşaçılar sizinlə bağlı hansı faktı bilmirlər?

-​ Çoxlarına məlum deyil ki, hər dəfə “Carçı”nın əvvəlində səslənən ermənilərin Azərbaycana qarşı olan işğalçı siyasəti haqqındakı mətni mən oxumuşam. O mənim səsimdir. Bilmirəm, bu nə dərəcədə maraqlı olar, amma bir faktı dedim (gülür).

-​ Hansı fikri bitirmək istərdiniz?

-​ Yaşadığım çətinliklərdən sonra həmişə bu fikrə gəlmişəm ki, bütün çətinliklərə baxmayaraq, yaşamağa dəyər. Çünki uğur səni bir gün mütləq tapacaq!

Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm