Sevişmək ağır məsələdir
Bizi izləyin

Digər

Sevişmək ağır məsələdir

O mahnı vardı haa… Sənin ən çətin anda köməyinə çatan mahnı… Orada nədən danışırdı, bilirsən? Bilmirsən. Qulaq as, deyim…

Bağışla da, ikinci dilin köməyilə tərcümə edirəm, təbii, rus dilinin…

Orada deyilirdi ki, “Sən olmasan, mən niyə yaşayardım? Sual budur”. Axmaq sualdır, bilirəm, heç kəs heç kəsə görə yaşamır, yaşayır, ona görə doğulub. Heç kəs heç kəs üçün doğulmayıb. Aydındır, bizim nağıl uyduracaq vaxtımız deyil…

Orada deyilirdi, “il-ildən məqsədsiz-filansız sərgərdan gəzərdim - ümidsiz, yuxusuz, xəyalsız”… Hə, iş-peşəmizin adı nədi axı… Məqsəd elə böyükdü ki, ondan əl üzmüşük. Əşşi, sevgini-filanı demirəm, elə adi məişət arzularından danışıram, gəlirli obyektdən, normal sosial şərtlərdən… Nə isə… Obyektimiz yoxdu, əvəzində ümidsizliyimiz var – böyük mənada heç nəyin düzəlməyəcəyini bilirik. Yuxusuzluğumuz var – illərin vərdişi deyək, keçsin. Xəyalsızlıq – bu, bir az qəliz məsələdir, etiraf eləyək, biz xəyalsız qala bilmirik və darıxanda onu istənilən adama proyeksiya eləyirik.

“Sən olmasaydın, ən özümə sevgi uydurardım”. Bilirəm e, bilirəm, nə deyəcəksən. Elə mən də onu deyərdim. Deyərdim ki, nə bilirsən ki, indi hiss elədiyin uydurma sevgi deyil. Bəlkə, elə O – ideal - olmadığı üçün yerinə başqasını – daha realını uydurmusan?…

“Sən olmasaydın, kiminçin yaşardım. Sevmədən sevişmək - məgər bu, həyatımı?”. Kiminçün yaşamaq məsələsinə aydınlıq gətirdim bayaq... Sevişmək… Bu, ağır məsələdir, əzizim, qadın kişiylə belə ağır söhbətlər eləməz. Qurşaqdan aşağı zərbəyə bənzəyir bu söhbət. Eləməyək… Qalsın mətn müəllifinin boynunda…

“Sən olmasaydın,idealıma çatmazdım”. Görəsən, bu müəllif hələ neçə ay bu eyforiyada olub? Bilirik axı, sevgi əbədi hiss deyil. Bilirik axı, ideal yoxdu. Bilirik axı, hər səhər adamlar dişlərini fırçalayırlar ki, ağızlarından pis qoxu gəlməsin… Bilirsən, bir dəfə hansısa qadın demişdi: “Mən o kişini sevirəm, amma onunla bir evdə yaşaya bilmərəm, onun dişlərini necə qurdaladığını görmək istəmirəm”. Gülmüşdüm, mən çox praktikəm axı…

Müğənni deyir: “Bu qədər yolları olan dünyada hər yerdə tənha olardım, hər yerdə sənin izini axtarardım”… Yalansa… Onsuz da adamlar sevgi oldu-olmadı, sevgi uydurdular-uydurmadılar, tənhadırlar da… İz axtardın, axtarmadın, heç nə dəyişmir… Amma qəşəng yalandı, hə? Müqəddəs yalan məsələn… Mən heç bilmirəm, müqəddəs yalan olur, ya yox… Bəlkə də, olur. Amma sən yalan danışanda da müqəddəsini danışa bilmədin… Nəysə…

Deyir: “Sən olmasaydın, qəlbim başqa cür olardı. Sanki səhnədə özünü oynardı, amma özü olmazdı”… Qəlb dəyişirmi? Məncə, dəyişir. Oynamağa gəlincə, hamı oynayır. Əlbəttə, oynayır. Bəzən özü hiss eləməsə də… Məsələn, bu yazı da oyundu. Bax, elə-belə sözlərlə və səninlə oynamaq. Sənə doğru-dürüst nə hiss etdiyimi bilmədən, səni narahat etmək, qıcıqlandırmaq, əsəbiləşdirmək arzusu… Nə gözəldir amma… Özüm ölüm, təkbaşına oynamaq da gözəldi. Altereqo ilə, qəhrəmanının xəyalı ilə…

“Sən olmasaydın, and içirəm, göyün sirrini, sözlərin necə yarandığını çözərdim: yalnız səni yaratmaq üçün və bilmək üçün ki, sən sağsan”... Burada ağını çıxarıb müəllif, pafosamı əl atıb, ya sentimentallıq tutması qüvvətlənib, bilmirəm, amma elə mahnının ən sevmədiyim hissəsi buradır. Qurban olum, hirslənmə, yəni bu dəfə səni hirsləndirmək üçün demirəm, səmimi soruşuram: mənə başa sal axı, göyün-yerin, sözlərin nə dəxli münasibətə? Yəni, konktret desək, bizim münasibətə. Sir-sifət sallama. “Münasibət” pis söz deyil. Pis sənin özünsən ki, ağlına pis-pis şeylər gəlir. Haradan bilirəm? Nə bilim, yəqin, elə mən də sənin qədər “pis”əm…

Həəə, əzizim, düz tapdın. Bu, həmin mahnı idi... Sözlərini bilməsən də… Haradan biləsən axı… Sən fransızca bilmirsən ki...

Vallah, incimə, amma deyəcəm. Sən heç azərbaycanca da bilmirsən, özüm ölüm...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm