Mehriban Əliyeva Kannda mükafat verdi (FOTO)
Bizi izləyin

Digər

Mehriban Əliyeva Kannda mükafat verdi (FOTO)

Bu gün Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində "Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunan yürüş keçirilib.

ANS PRESS-in məlumatına görə, Kann şəhərinin məşhur Kruazet bulvarında təşkil olunan yürüşə hazırlıq səhər saatlarında iştirakçıların siyahıya alınması və onlara üzərində "Bakı-2015 - ilk Avropa Oyunları" sözləri yazılmış idman formalarının paylanması ilə başlayıb. Onlarla şəhər sakininin, turistlərin qatıldığı yürüşdə iştirak etmək üçün təxminən 100-dən çox şəxs qeydiyyatdan keçib.

Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının ölkəmizdən kənarda baş tutan ilk təqdimatının uğurlu olduğunu diqqətə çatdırıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi və Kruazet bulvarı boyunca davam edən yürüşə start verilib.

Azərbaycan 2015-ci ildə daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. İlk Avropa Oyunları Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin təzahürüdür. Digər tərəfdən, Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da artıq təsdiqləyib. Bunu şərtləndirən əsas amillər isə ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə, əlverişli coğrafi mövqeyə, güclü idman infrastrukturuna, ən başlıcası beynəlxalq yarışları keçirmək təcrübəsinə malik olmasıdır.

Finiş xəttinə birinci olaraq Kannın gənc sakini Maksons Vadelin çatıb. Yürüşü ikinci başa vuran isə Fransada təhsil alan həmyerlimiz F.Abuzərli olub.

Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Yürüşün qaliblərinə fəxri fərman və gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunub. Birinci yeri tutan Maksons Vadelinə mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib.

Maksons Vadelin deyib: "Çox sevinirəm. Güclü qaçış həvəskarları arasında birinci olmaq həqiqətən də sevindiricidir. İndi bu sevincə gələn il keçiriləcək Avropa Oyunları zamanı sizin ölkənizə gəlmək də əlavə olundu. İnanıram ki, haqqında çox eşitdiyim paytaxtınız Bakı mənim xatirimdə silinməz iz buraxacaq".

Sonda Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibinin lotereya əsasında yürüş iştirakçıları arasından müəyyən olunması ilə bağlı oyun keçirilib. Kann sakini xanım Martin Mağmadanın bəxti üzünə gülmüş və o, maşına sahib olub.

Bu mərasim bir daha təsdiqləyib ki, beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları ölkəmizin yürütdüyü idman siyasətinə dünyada verilən önəmin təzahürüdür. Digər tərəfdən bu, dünya idman aləminə əsas mərkəzlərdən biri kimi daxil olan ölkəmizdə idmana münasibətin hər zaman yüksək səviyyədə olmasına sübutdur.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm