SƏHNƏMİZİN XANIMI (Bir bilsən, bu gün səndən yazmaq nə qədər çətindi...)
Bizi izləyin

Digər

SƏHNƏMİZİN XANIMI (Bir bilsən, bu gün səndən yazmaq nə qədər çətindi...)

...İtirəcəkləri insanın ürəyinə damır elə bil... – Sənə doğma olan kimisə, nəyisə itirəcəksənsə, hiss edirsən, duyursan... Bu gün günortaya yaxın dəyərli sənətçimiz Aybəniz Haşımovaya zəng etdim və “ürəyimdə qəribə bir sancı var, gəl gedək, elə indi Xanıma baş çəkək..!” dedim. Əlavə etdim ki, “...Nəsə içimdə qəribə bir hiss v...ar. Bilirəm özünü yaxşı hiss etmirsən... amma bir bax əgər imkanın varsa, sən də gəl, birlikdə gedək, mən bir azdan çıxacam”. Beş dəqiqə keçmədi, Aybəniz xanım zəng edib, “bacı, gözlə, mən də gəlirəm, gedək” dedi.

Onun dar və kiçik otağına daxil olanda zorla nəfəs alırdı. Çağırdım... hiss edirdi, eşidirdi... amma cavab verə bilmirdi. Hər nəfəs alıb-verəndə “ya Allah” deyirdi. Onun can verdiyini görmək dəhşətli idi!.. amma sanki nədənsə narahat idi və can verə bilmirdi – Allah günaha yazmasın, tapşıra bilmirdi canını... Nəsə demək istəyirdi amma deyə bilmirdi ki, bilmirdi... Mən onun nə demək istədiyini hiss edirdim, nədən bu qədər rahatsız olub da, can verə bilmədiyini bilirdim... – Duyurdum, daha doğrusu... Son nəfəsdə olan bir ana nə demək istərdi!?


...Ailə üzvləri, qohumlar və dostların sakit ağlaşma səslərini Aybəniz xanımın sözləri pozdu: “Xanım, bax, Qənirə xanım da gəldi.” Başını mənə doğru çevirib, sanki bütün gücünü toplayıb, nəsə deməyə can atdı. Ona daha da yaxınlaşıb nə demək istədiyini anlamaq istədim... amma deyə bilmədi... Onun deyə bilmədiklərini mən tamamladım. Türkiyədəki söhbətimizi xatırladım. Türkiyədə xəstəxanada Xanım bacını müayinə edib müalicələrə başlanan gün müayinələrdən sonra fikri dağılsın deyə onu gözəl bir yerdə yemək yeməyə dəvət etdim. Söhbət etdik və qəfildən... “Qənirə bacı, mən ölümdən qorxmuram amma qızım çox balacadır. Onu tək qoymaqdan qorxuram. Kim baxacaq ona?! Anam yaşlı, xəstə qadın, bacımın isə gözləri görmür, mənim himayəmdədir. Mənə bir şey olsa, qızıma kim baxacaq?!” dedi. O qədər yanıqlı dedi ki, bu sözləri... bir neçə saniyə özümü zorla topladım, boğazıma düyünlənən gözyaşlarını udub, gülümsəməyə çalışdım və “...belə bədbin danışma, sağalacaqsan, qızını böyüdəcəksən, toyunda bilikdə oynayacağıq” dedim... Sonra evdə onu ziyarət edəndə də ağıllı və gözəl balaca qızı ilə xeyli söhbət etdik. Yenə fikirli idi Xanım... “Mənə bir şey olsa, bu qızın...” – sözlərini tamamlamağa qoymadım..! “Sən Allah, belə bədbin danışma, hər şey yaxşı olacaq” dedim... amma onun daha yaxşı ola bilməyəcəyini ən yaxşı bilənlərdən biri mən idim.


Türkiyədə həkimlər “artıq çox gecdir, biz sadəcə ağrılarını bir az azalda, ömrünün qalan bölümünü mümkün olduğu qədər daha az ağrı ilə keçirməsinə çalışa billik” sözlərini deyəndə özümü zorla toparlamışdım. Çünki ruhdan düşməməli, mübarizə aparmalı idi... Üç gün öncə telefon söhbətimiz də çox ağrılı olmuşdu. Bir gün özümə gələ bilməmişdim... Yenə qızı və onun gələcəyi qayğısı... Bu gün isə yanımda can verirdi və... illa da ürəyini boşaltmağa – oradakı son sözləri çatdırmağa can atırdı... Deyə bilməsə də, “deyirdi” – can atımı, gözü, dodaqları səssizcə “QIZIM!” deyirdi, “QIZIM AMANATI!” deyirdi... Xanımın baxışları, üzüntülü üzü tam anlamı ilə bu sözləri “pıçıldayırdı”... “hayqırırdı”: “...Qızımı əmanət qoya bilərəmmi?! Nə olacaq balaca qızımın gələcəyi?”

Bütün gücümü toplayıb onunla son söhbətimi etdim. “Balaca qızınla bağlı hər şey yaxşı olacaq. Gör nə qədər dostun, qohumun var, bu otaqda... Qızın bizə əmanətdi.


Üstəlik Mehriban xanım, Heydər Əliyev Fondu onu himayəyə götürdüyünü deyib. O böyüyəcək, oxuyacaq, xoşbəxt olacaq..! Qızın tək qalmayacaq, rahat ol!” dedim və əlini yavaşca sıxdım. Yenə nəsə demək istədi... amma deyə bilmədi və inilti ilə “ya Allah!” deyib gözlərini yumdu – əbədi olaraq..! Sanki qızı ilə bağlı, onun tək qalmayacağı, dəstək göstəriləcəyi ilə bağlı vəd, söz verilməsini gözləyirdi.


Onun Türkiyədə xəstəxanada qaldığı zamanı söhbətləri... zorla apardığım qonaqlıqlarda belə hey qızından danışması... gözümün önündən çəkilmir... O yaxşı sənətçi, yaxşı bir insan idi... Xanımın belə cavan dünyasını dəyişməsi hamımızı üzdü – bütün sənətsevərlərimizi, doğmalarını, tanıyanlarını, sevənlərini... Sənətimiz üçün də, insanlarımız üçün də bir itkidir bu!.. amma o, hər şeydən öncə ana idi, ANA..! Son nəfəsində də özünü yox, balaca qızını düşünən ana!


Bu gün balaca qızı anasını bu durumda görməsin deyə onu qohumlardan birigilə aparmışdılar. Onun gözlərinə baxıb, “anam haradadır?!” suallarına cavab tapmaq çox çətin olacaq, bilirəm... çox çətin!.. “O cənnətdədir” deyəcəyik. Başqa nə deyək, dostlar?..


Türkiyədə ilk dəfə xəstəxanadan çıxanda axşam düşürdü, səssizlik idi. Elə gözəl qar yağırdı ki... Söhbət edə-edə azca yeridik... Havada hüzn qoxusu vardı... birdən dayandı və “...Qənirə xanım, bilirsən, nə qədər xəyallarım, arzularım var, yaşamaq istəyirəm..!” dedi... Sonra bir az xəyallarından danışdı... Xanım, bu gün səni bu dünyadakı darısqal “ev”indən əbədi evinə yola saldıq... Nur içində yat..! Sənə layiq yazmaq istədim... yaza bilmədim, bağışla... Rollarından, söhbətlərindən, insanlığından çox yaza bilərdim... amma daxilən bir bilsən, nə qədər yorğunuq bu gün... O son anların gözlərimin önündən getmir... O çətin günlərdə sənə dayaq duran Mehriban xanıma nə qədər təşəkkür etsəm azdı... İnanıram ki, qızına da hər zaman diqqət və qayğısını əsirgəməyəcək!


İnanıram ki, dövlətimiz dəstək göstərəcək və qızın o balaca... qarajda deyil, qəşəng bir evdə böyüyəcək. Savadlı, ağıllı və xoşbəxt bir qız olacaq və sənin ruhunu hər zaman şad edəcək. Ruhun hər zaman şad olsun! Nə yaxşı ki, vardın. Nə yaxşı ki səni yaxından tanıdıq. Sən hər zaman sevənlərinin könüllərində yaşayacaqsan. Demək ki, hər zaman aramızda olacaqsan..!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm