Jurnalistika fakültəsinə qəbulda hansı dəyişikliklər olacaq?
Bizi izləyin

Digər

Jurnalistika fakültəsinə qəbulda hansı dəyişikliklər olacaq?

Azərbaycan Mətbuat Şurası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ali təhsilin bakalavr səviyyəsi üzrə jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiq olunması ilə bağlı təkliflər təqdim edəcək.

TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı hər iki qurum arasında müzakirələr aparılır:

"Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlamışıq. Ondan xahiş etmişik ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanlarının keçirilməsini hansı formada təsəvvür etmələri barədə bizə məlumat versinlər, öz təkliflərini hazırlasınlar. Onunla bu həftə, yaxud gələn həftə ərzində görüşəcəyik".
M.Abbaszadə hesab edir ki, jurnalistika sahəsində çalışanlar ixtisasından asılı olmayaraq, bakalavr səviyyəsi üzrə ali təhsilli olmalıdırlar. Həmin gənclər magistratura pilləsində mütəxəssis kimi formalaşmalıdırlar.

Magistraturaya qəbulun 2 mərhələdə aparıldığını xatırladan Komissiya sədri əlavə edib ki, qəbul imtahanlarının ikinci mərhələsində jurnalistika ixtisası üzrə təhsil almaq istəyən bakalavrların qabiliyyəti yoxlanılır. Bakalavrlar imtahanın ikinci mərhələsində esse yazırlar.

M.Abbaszadə hesab edir ki, jurnalstikaya qəbulda bakalavr səviyyəsi üzrə qabiliyyət imtahanının tətbiq edilməsi aşağı bal toplayan abituriyentlərin bu ixtisasa daxil olmasına gətirib çıxara bilər: "Qabiliyyət imtahanları verənlərin orta-statistik göstəriciləri ilə tanışsınız. Fikirləşirəm ki, qabiliyyət imtahanı olsa, onda jurnalistikaya təxminən 200-300 bal toplayan uşaqlar qəbul olunacaqlar. Bu, bizə lazımdırmı? Bizə intellektual jurnalist, yoxsa hansısa növ qabiliyyət imtahanı lazımdır? Bizim üçün qabiliyyət imthanını təşkil etmək texniki bir məsələdir və biz buna hazırıq. Amma bu, hansı nəticəni verəcək, nəticəmiz yaxşılacaq, yoxsa bundan sonra pisləşəcək? Əgər bakalavr pilləsi üzrə jurnalistikaya qəbul imtahanı zamanı qabiliyyət imtahanı tətbiq olunsa və bu zaman yazılı iş istənilsə, yəqin ki, birinci il təqdim olunan plan yerləri dola bilməz. Çünki qoyulan tələblərə uyğun esselərin kifayət qədər yazılacağına inanmıram".

M.Abbaszadənin sözlərinə görə, ilk növbədə ali məktəblərin jurnalistika fakültələrində tədris prosesini müasir səviyyəyə qaldırmaq lazımdır./AzVision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm