Əzrayılın izlədiyi talelər – FOTOLAR
Bizi izləyin

Digər

Əzrayılın izlədiyi talelər – FOTOLAR

Tək həqiqət - ölüm haqqdır. Hər canlının sonu vardır. Bir qanun var - dəyişilməz, gələn gedər, gedən gəlməz.

Ancaq elə ölümlər var ki, insanı düşündürür. Bəlkə, bu dünyada təsadüf deyə bir şey yoxdur. Hər şey əvvəlcədən yazılıb. Yazılmış ssenari üzrə də yaşayıb ölürük. Fakt odur ki, vaxtın tamam deyilsə, ən çətin, çıxılmaz durumlardan belə sağ-salamat çıxacaqsan. Yox, əgər sənə ayrılan vaxt bitibsə…

Vaxtını gözləyən güllə

Henri Ziqland düşünürdü ki, bəxti gətirib.1883-cü ildə o, nişanlısından ayrıldı. Qız depressiyaya düşərək intihar etdi. Bundan qəzəblənən qızın qardaşı Fred onu öldürmək fikrinə düşdü. Tapançadan atəş açdı. Güllə Ziqlanda dəyib onu yıxdı. Fred əmin idi ki, Henri ölüb. Odur ki, qisasını aldığını düşünürdü. Tapançanı beyninə dayayıb atəş açdı. Henri Ziqland isə sağ idi. Güllə onun başını sivirib palıd ağacına dəymişdi. Hadisənin sonu daha maraqlıdı. Artıq nə qız vardı, nə də onun qisasçı qardaşı. Rahat yaşamaq olardı. Bir neçə il sonra Ziqland həyətində dəyişiklik etmək istədi. Bunun üçün həyətdəki qocaman palıdı yox etmək lazım idi. Ziqland ağacı partlatmaq üçün dinamit qoydu. Və nəticədə…

Partlayış zamanı vaxtilə Fredin atdığı, ağaca dəyən güllə sanki tapançadan atılmış kimi açıldı. Güllə Ziqlandın başına dəyib beyninin yarısını göyə sovurdu. Bu da ilahi ədalət…

Eynən kitabdakı kimi

Edqar Allan Po – amerikalı yazıçı, müasir detektiv janrının atası hesab olunur. Onun məşhur əsərlərindən biri də “Artur Qordon Pim haqqında povest” adlanırdı. Bu povestdə gəmi qəzasına uğrayan 4 nəfərdən söhbət açılırdı. Zavallılar neçə müddət ac-susuz açıq dənizdə qalmışdılar. Sonda da əlacsızlıqdan aralarındakı ən cavan dənizçini, Riçard Parkeri yemişdilər. Nə isə… Dəhşətli povestdir.

Maraqlı burasıdır ki, povest çap olunandan bir neçə il sonra “Mignonette” adlı gəmi qəzaya uğrayır. Cəmi 4 nəfər kiçik bir qayıqda xilas olur. Və eynən kitabdakı kimi, aclıqdan ən cavan dənizçini yeyirlər. Sizcə, yeyilən dənizçinin adı nə idi? Əlbəttə ki, Riçard Parker. Çox qəribə və qorxunc bir təsadüf.

Mark Tvenin qəribə taleyi

Dünya şöhrətli yazıçı Mark Tven 1835-ci ildə anadan olub. Həmin il Yer planetinin ətrafından Qalley kometası keçirdi. Bu kometa yer planetinin ətrafından bir də 1910-cu ildə gəlib keçəcəkdi.

Mark Tven özü bu barədə belə deyirdi: ”Mən bu dünyaya Qalley kometası ilə gəlmişəm. Elə onunla da bu dünyadan köçəcəm”.

Qəribə də olsa, yazıçının dediyi kimi olur. 1910-cu ildə Qalley kometası yenə yer planetinin yaxınlığından keçir. Yazıçı da həmin il dünyasını dəyişir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm