• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Arif Əmrahoğlu işığı

  • Digər
  • 21 İyul 2014 14:44
  • 651 Baxış
Arif Əmrahoğlu işığı

Bakı Dövlət Universitetinin 2-ci kursunda oxuyurdum. 2009-cu il idi. Türk xalqları ədəbiyyatı kafedrası yanında müəllimim Arif Əmrahoğlu ilə necə söhbət etməyimiz olduğu kimi yadımdadır. Qapının arxasında siqaret çəkmək üçün xüsusi yer vardı. Ürəyimdən keçdi ki, siqaret çəkim. Amma universitet dəhlizində tələbənin öz müəllimi ilə deyib gülə-gülə siqaret çəkməyi kənardan bir az yaxşı görünməzdi deyə, hissimi içimdə boğdum. Amma Arif müəllim məni, deyəsən, o saniyə başa düşdü. Bir də gördüm cibindən bir siqaret çıxarıb mənə uzatdı, sonra siqaretimi yandırdı da. Qayıtdım, bir zarafat da elədim: "Özü də deyirlər, AYB gənclərə diqqət-qayğı göstərmir. Görən yoxdur ki, bu katib Arif Əmrahoğlu Kəramət Böyükçölün siqaretini yandıdır".

Dostlarım bilirdi ki, Arif Əmrahoğlunu müəllim-tələbə münasibətlərindən başqa, həm də ədəbi mühitdən yaxşı tanıyıram. O, Yazıçılar Birliyinin katibi idi. Amma həmişə mənasız söz-söhbətlərdən uzaq gəzib-dolanırdı. Özü də hiss edirdim ki, belə şeylər Arif müəllimin xarakterindən irəli gəlir, yəni özünü qalmaqallardan uzaq tutmaq üçün zorlamırdı, içrən belə idi. Arif müəllim imtahan vərəqimi oxumamış qiymət yazdı. Yəni mənə bu qədər inanırdı, hörmət edirdi.

Mən də onu çox istəyirdim. Çox istiqanlı insan idi. Bizə dərs deyəndə tez-tez bu sözü işlədirdi: "Hamı cənnətə getmək istəyir, amma heç kim ölmək istəmir". Arif müəllim, bəs siz niyə öldünüz?

Yadıma gəlir, tələbə vaxtı hər gün Arif müəllimə beş dəfə salam vermək istəyirdim. O qədər çox istəyirdim ki... Hər gün onunla üz-üzə gəlmək, qarşılaşmaq, hal-əhval tutmaq keçirdi içimdən. Mənim kimi avara bir tələbə, Allah haqqı, bir dəfə də olsun Arif müəllimin dərsinə gecikməmişəm. Bütün dərslərində iştirak etmişəm. Qrup yoldaşlarımın da onu necə çox istədiyini hiss edirdim, yaxşı bilirdim.

Deyirlər, Allah yaxşı insanları tez öldürür, aparır yanına. Bütün yaxşılar öləcəksə, hamısı Allahın yanına gedəcəksə, bəs bu dünyanın axırı necə olacaq? Ay Allah, nə olardı Arif müəllim bir az çox yaşayaydı. Universitetin ikinci mərtəbəsində, pilləkənlərin yanında, həmin o siqaret çəkdiyimiz yerdə Arif müəllimi görən kimi yanına gedirdim. Xeyli söhbət edirdik. Tez-tez deyirdi ki, belim ağrıyır. Əlini də düz ağrıyan yerin üstünə qoyurdu. Elə bil o ağrıyla yaşayırdı.

Dünən biz yazar dostumuzla gecə saat 2-yə qədər çay içmişik. Oturub taksiyə gəldim evə, yıxılb yatdım. Yuxudan çox gec oyandım, təxminən saat 3-4 olardı mən yuxudan duranda. Saytı açan kimi elə bil alnıma daş dəydi: “Arif Əmrahoğlu vəfat edib”.

Bir neçə gün qabaq xəstəxanaya getmişdim, dedilər, evə aparıblar. Telefonuna zəng elədim, xanımı ilə danışdım. Dedi, yatıb. Danışb, yanına gedəcəkdik Cavanşir Yusifli ilə bu gün-sabah. Amma... Heç dəfninə də gedə bilmədim. O öləndə də, dəfn olunanda da mən yuxuda idim.

Deyəsən, xərçəng olduğunu da bilmirmiş Arif müəllim. Amma inanmıram bilməsin. Uşaq deyildi ki... Dünyagörmüş adamı necə aldatmaq olardı ki? Məncə, bilirdi. Sadəcə, boynuna almırdı.

Diplom işimin rəhbəri idi Arif müəllim. Ölüm xəbərini eşidən kimi e-ünvanıma göndərdiyi materiallara baxdım, inboksda yazışmalarımızı təkrar-təkrar oxudum. Hər şey canlıdır, hər şey hələ istidir, heç nə soyumayıb hələ. Bircə facebook profilində yaşıl işıq yanmır...

Ay Allah, Arif müəllim necə ümidli idi, yaşayacağına necə inanırdı. Bəlkə də, özü öldü, amma ümidləri hələ də yaşayır...

Arif müəllim, Arif müəllim, Arif müəllim...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR