154 niderlandlı
Bizi izləyin

Digər

154 niderlandlı

"Qəzaya uğrayan "Boeing-777"də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib"

ŞƏRH

Qərb və Rusiyanın Ukrayna uğrunda mübarizəsi növbəti qanlı mərhələyə qədəm qoydu. Ötən ilin dekabrından başlanan hadisələrin fonunda iki gün öncə 300-ə yaxın insan həlak oldu. Üstəlik, bu insanların nə Rusiyaya, nə də Ukraynaya aiddiyyatı yox idi. Niderlanddan Malayziyaya uçan təyyarənin bütün üzvləri bu münaqişənin tərəfsiz qurbanları oldu.

Hadisə elə yerdə törədildi ki, həm Ukrayna, həm də Rusiya yaxasını kənara çəkə biləcək. Separatçıların nəzarətində olan ərazidə təyyarənin ilkin ehtimallara görə vurulması Ukrayna münaqişəsinin hələ çox uzanacağını göstərir.

Təbii ki, artıq Qərb yolunu seçən Ukraynanın yeni hökuməti nə təyyarə vurmağı gözə alacaq, nə də ki bu ağır məsuliyyətin altına girəcək halda deyil. Ukrayna münaqişənin daha da alovlanmasının deyil, əksinə səngiməsinin, ərazilərinin separatçılardan təmizlənməsinin marağındadır. Bu məqsədlə də Poroşenko hakimiyyətə gələndən sonra antiterror əməliyyatına start verilib və hazırda separatçıların nəzarətində olan Ukrayna şəhərləri azad edilməkdədir. Qərbin də burada hər hansı marağının olması mümkünsüzdür. Çünki Krımın itirilməsi hesabına Ukraynanı qazanan Qərb də tezliklə münaqişənin bitməsində, Ukrayna ilə yeni mərhələyə qədəm qoymağın marağındadır.

Ona görə də bütün iddialar Rusiya və separatçıların üzərindədir. Əgər hadisədən bir gün öncə Rusiyaya qarşı növbəti sanksiyaların tətbiq edilməsi ilə bağlı qərarın açıqlanmasını nəzərə alsaq, haqlı şübhələrin boşuna yaranmadığını görə bilərik. Amma ard-arda sanksiyalara məruz qalan Rusiyanın bu cür hadisəyə əl atacağı da müəyyən qədər riskli görünür.

Amma bütün hallarda raketi tuşlayan bəllidir. Ukrayna ərazilərini işğal edən separatçılar onlara verilmiş raketlərlə sərnişin təyyarəsini vurublar. Ola bilsin ki, onlar hər hansı bir Ukrayna təyyarəsini nişan almışdılar, hadisə "səhvən" baş verib. Lakin ortada acı bir həqiqət var. 295 günahsız, bu regionda yaşamayan insanların ölümü.

Bu hadisə yəqin ki, Qərb və Rusiya arasında gedən Ukrayna savaşında yeni mərhələni gətirəcək. Qərb və Rusiyanın açıq şəkildə Ukrayna uğrunda bir-birinə savaş elan etməyəcəyini nəzərə alsaq, çox güman ki Ukrayna ərazisində bir neçə "Qarabağ münaqişəsi" yaranacaq və münaqişə ocaqları uzun illər həll edilməmiş qalacaq. Necə ki, 22 il öncə biz belə bir hadisəni yaşadıq.

Dünya siyasətçiləri isə iri kürsülərdən hadisələri qınayacaq, ittihamlar səslənəcək, bəyanatlar veriləcək, ölənlər isə yenə də sadə insanlar olacaq. Necə ki Qəzzada da hər gün ölürlər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm