• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qatilləri necə tapdım?

  • Digər
  • 21 İyul 2014 15:25
  • 970 Baxış
Qatilləri necə tapdım?

I gün. Eyvan. Gecə...

Keçid

Reinkarnasiyadan danışır. Təkcə reinkarnasiyaya deyil, mistik olan hər şeyə inanır. Yetər ki, ayağı torpaqdan üzülmüş olsun. Mənsə real dayaq axtarıram. Əks halda, bu dünyada olmağın, bu günəşin, bu küləyin, bu havanın mənası olmazdı.

Susuram. Kitablarının adına etiraz edirəm, nəsə, bu hind-buddist fəlsəfəsi məndə qıcıq yaradır. Yox bir, mən qarışqa ruhu daşıyıram, keçmiş həyatımda, nə bilim, qurbağa olmuşam. Ya elə adam - başqa cilddə, başqa adda.

Amma mənim dəlillərim yoxdu, çünki mükəmməl biliyim yoxdu, o da dəlilsizdir. Bu inam-iman məsələsidir. O, inamının nə qədər dərin olduğuna uşaqlıqdan gətirdiyi haşiyələrlə inandırmaq istəyir. Mənim uşaqlığımda belə şeylər olmayıb.

O, inam barədə düşünür, mən içimdəki inamsızlığın sərhədləri barədə. Məni nöqtə boyda boşluq da narahat edir, amma bu, izahata gəlmir. Susmaq və aydınlaşdırmaq istəyirəm. Özümü, özümə...

Çoxlu suallarım var. Bilmirəm, bu suallar niyə çıxır, bilmirəm bu suallar məndən nə istəyir. Axı uzun illər onlarsız yaşaya bilmişəm. Rahat və sakit. Bu suallara cavab axtaranları anlamadan. Onların niyə öz həyatlarını çətinləşdirdikləri, bu və ya digər qəlibə saldıqlarını düşünərək...

Bəs nə baş verir? Niyə baş verir? Bilmirəm... Kim olduğumu, nə axtardığımı, niyə axtardığımı, tapıb-tapmayacağımı bilmirəm...

İçimdəki səs danışmağa başlayır. "Sakit ol" deyir, bu sadəcə, illərin gərginliyidir. Sən ondan qurtulmaq istəyirsən. Rahatlıq axtarırsan, amma sənin axtardığın sualların cavabında rahatlıq yoxdur. Əksinə, bu suallar həmişə olacaq. Bu tərəddüdlər artıb-azalacaq, amma heç vaxt yox olmayacaq. "Niyə" soruşuram. Cavab verir ki, tərəddüdsüz inanmağa nə var, amma sən robot deyilsən, sən kiminsə iradəsini həyata keçirə bilməzsən, səni insan olaraq yaradıblar. Əks-arqument gətirirəm: "Axı bu barədə düşünməyən insanlar da var". Cavab verir: "Sən onlara cavabdeh deyilsən"...

Səsi qovuram. Tək qalmaq istəyirəm. Gedir, amma deyir ki...

II gün. Başqa görüş. Kafe. Seçim.

Deyir, hamının seçimi düzdür. Guya, hamı bu dünyaya yaşadığı taleyi seçərək gəlib.

Soruşuram:

- Dəli də, qatil də, qurban da?

- Bəli.

Gülümsəyir. Susuram. Məğlub olduğumu düşünür, səhv eləyir.

Yanımızdakı oğlan söhbətə qarışır:

- İndi göydən vertolyot başıma düşsə, bu mənim seçimimdi?

- Bəli. Təkcə sənin yox, vertolyotu sürənin də.

- Deyirsiz, mən məhz bu cür ölmək istəyirəm?

- Hə, sən yuxarıda bu taleyi seçmisən.

Öz-özümə pıçıldayıram: cəfəngiyatdır. İçimdəki ikinci səs danışır: sənin başqasının düşüncələrinə "cəgəngiyat" deməyə ixtiyarın yoxdu, başqalarınını fikirləri ilə razılaşmaya bilərsən, onları məntiqsiz hesab edə, küfr adlandıra bilərsən, amma sən insanlara hörmət eləməlisən. İçimdəki səsə acığım tutur, yenə öz içimdə - amma orada da sakitliyimi qorumağa çalışaraq - çığırmadan deyirəm: "Axı sən bilirsən ki, o, doğru danışmır, üstəlik, günah eləyir". Səs bir az da əsəbləşir: "Sən günah barədə nə bilirsən?". İstəyirəm deyim ki, bilirəm. Qulaq asmır. Küsüb gedir. Gedir ki, yenə gəlsin. Gözləmədiyim anda məni qəfildən yaxalasın. Nə olsun ki, mən bu səsin haqlı olmadığını bilirəm. O ki məni narahat edir...

Masadakı çay soyuyub. Amma mixəyin dadı rahatlıq gətirir. Özündən əminliklə sual verirəm.

- Yaxşı, tutalım, hamı seçimində haqlıdır. Amma bax, mən indi sizin yanınızda oturmuşam. Tanımadığımız əli avtomatlı bir adam kafeyə girib, gülləni mənə tuşlasa, onda necə, yenəmi o seçimində haqlı olacaq? Yenədəmi bu mənim seçimimdi?

Vəziyyət qəlizləşir. Amma o səmimi olmaq istəyir. Onun səmimiyyətinə inanıram. Amma səsi bir az astadan çıxır, səsində tərəddüdü hiss etməyə bilmirəm:

- O zaman səni müdafiə etməyə çalışacam.

- Niyə? Axı sizin məntiqlə o, seçimində haqlıdır və guya bu ölümü nə zamansa mən özüm seçmişəm.

Susur, qınayıcı təbəssümlə baxır: "Yəni, səninlə xeyri yoxdu da. Həmişə ən zəif məqamı tapırsan". Mən də cavab təbəssümü göndərirəm: "Başqa cür olmaya bilmirəm".

Vəssalam, bundan sonrakı bütün söhbətin əhəmiyyəti yoxdur, qulaq asmıram, arada telefonu qurdalayıram...

III gün. Yenə başqa görüş. Şəhər. Küçə. Sufilik. Yalan.

"Bu, sekta deyil" deyir. Şübhə eləmirəm. Amma məni narahat edən sekta-filan deyil.

- Siz orda neyləyirdiniz? Şeir oxuyurdunuz?

- Yox, zikr edirdik.

- Zikr? Dua yəni?

- Yox.

- Bəs?

- Müəyyən musiqilər var, yalnız onların altında hərəmiz zikr edirik.

- Yəni?

- Bu, meditasiyaya bənzəyir.

Aydındır. Boş şeydir. Yanlışdır, hətta daha artığını deyərdim. Amma demirəm. Anlamayacaq. Anlasa, bu barədə danışmazdı.

Bu sufilik, dərvişlik, şeyx-filan söhbətlərini kənara qoyuram. Bu, diletant səviyyəsində olan məclislərdir. Onların həqiqi sufiliyə yaxın olduqlarını düşünmürəm. Çünki onların kanonları olmalıdır, yoxdursa... Üstəlik, mən sufizmin də həqiqi yoldan sapdığını anlayıram.

İkinci səs gəlir. Deyir ki, son vaxtlar yaman aqressiv olmusan. Təsdiqləyirəm. Deyir, tolerant ol. İnsanların inamlarına toxunma. Deyirəm, bacarmıram, deyirəm, onlar səhv edirlər. Yenə hər günkü söhbət... Yenə qovuram onu, deyirəm əl çək, imkan ver düşünüm. İmkan ver cavab tapım, imkan ver, çıxış yolu tapım... Gedir.

Çoxdandır görmədiyim rəfiqəmlə də söhbətin yönünü dəyişirəm. Nəsə məni darıxdırır. Bir cümlədən adamları tanımaq bacarığım məni incidir. Üstəlik, qızdakı pafos... Eyni ixtisası seçmişik, onun dərəcəsi var, amma ədəbiyyatdan danışır və ilk cümlədən baxıram ki o, ədəbiyyat barədə nə qədər oxusa da, çox az şeyi bilir. Bu, bilik məsələsi deyil təkcə. Ədəbiyyatı bilmək azdır, onu dərində, iliyində hiss etmək lazımdır...

Amma özümə "gəl, yoxlayaq" deyirəm, onu insan kimi yoxlayaq. Bayaqdan - hələ onunla görüşə gəlməmişdən fikrimdə dolaşan sualı verirəm. Bu cavabı - günah barədə bir etirafı mənə 12-13 il əvvəl etmişdi. "Yox" deyir, "elə bir şey olmamışdı" deyir, o zamankı əhvalata tamam başqa don geyindirir. Üzünə, gözlərinin içinə baxıram. O zaman "bunu təkcə sənə etibar edə bilərəm", deyə mənə danışdığı hekayətdən daha çox həmin vaxtlardakı davranışını xatırlayıram. O, yalan deməmişdi. Amma indi yalan danışır. Və qalan hər şey mənə maraqsızdır...

İçimdəki səs gəlir: "Sən özünü kim hesab edirsən axı? Bəlkə, qız o əhvalatı xatırlamaq istəmir, bəlkə, bu onun üçün əzablıdır, bəlkə, o bunu yadından çıxarıb, sənsə onun yadına salırsan. Bu o yana sən ona açıq sual verirsən, sən onu yalan danışmağa vadar edirsən, bəlkə, o dəyişib"...

İnsanlarla münasibətimdə çatlar yaranır. Allahla münasibətimdə qorxu yaranır. Özümətənqid artıq ən sonuncu həddinə çatır. İçimdəki səs susur. Susur və gedir. Bilirəm ki, gələcək. Heç gözləmədiyim anda gələcək.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR